...Uşaqlıq illərimin ən əziz xatirələri kəndimizlə bağlı idi. Vətənimizin axarlı-baxarlı yerlərindən biri olan bu kənddə camaat nə işıq, nə də su sarıdan əziyyət çəkirdi. Kəndimizin öz iri və yaraşıqlı məktəbi, klubu, mədəniyyət sarayı vardı. Tez-tez Bakıdan müğənnilər və artistlər gəlir, maraqlı konsertlər verirdilər. Klubda, demək olar ki, hər axşam kino göstərilirdi. Hind filmləri nümayiş etdiriləndə isə insan əlindən tərpənməyə yer olmurdu. Kino qurtardıqdan sonra camaat dəstə-dəstə dağılışır, maraqlı süjetləri yol boyu müzakirə edirdilər. Biz uşaqlar əllərindəki yaylıqla gözlərini silə-silə pıçıldaşan qadınlara, gənc qızlara baxıb gülür, onların bu hala düşmələrini lağa qoyurduq.
Qış tətilini kənddə keçirmək mənə ələlxüsus ləzzət edirdi. Gündüzlər həyətdə, təmiz havada əmimin qızı Zülfiyyə ilə oynayır, gecələr isə nənəmin öz əllərilə sırıdığı qu tükü kimi yumşaq yorğanın altında bir-birimizi dümsükləyə-dümsükləyə yuxuya gedirdik.
Zülfiyyə girdə sifətli, qarabəniz bir qız idi. Şirni yeməyi və toyuq-cücə ilə oynamağı çox sevirdi. Ətrafda nə baş verdiyindən asılı olmayaraq, kefı həmişə kök olurdu. Yaşıd olmağımıza baxmayaraq, mənim bir sözümü iki etmir, buyurub-çağıranda sevincindən uçurdu.
Zülfiyyədən fərqli olaraq, mən xəyalpərəst idim. Ən çox kitab oxumağı sevirdim. Bəzən özümü oxuduğum əsərin qəhrэmanına bənzədir, öz aləmimdə orada baş verən hadisələrin cərəyanına qatılırdım. Xasiyyətcə fərqli olsaq da, əmim qızı ilə bir-birimizdən ayrı dura bilmirdik. Zarafatla o mənə Şerlok Holms, mən isə ona Doktor Vatson deyirdik. Birlikdə cürbəcür maraqlı oyunlar fikirləşir, bütün günü həyətdən evə yığılmırdıq. Eşiyin soyuğundan sonra isti otağa girəndə yanaqarımız alışıb-yanırdı. Tez özümüzü sobanın qırağına verir, əllərimizi qızdıra-qızdıra kəkotulu çay içirdik. Oynamaqdan yorulanda mən ona oxuduğum hekayələri, nağılları danışır, o də mənə öz cücələrini tərifləyir, onların necə ağıllı olduqlarını sübut etməyə çalışırdı. Yun xalının üstündə oturaraq gülə-gülə söhbət etməyimiz, nənəmizin bükdüyü içi motal pendirli dürməkləri, qırıb bir-bir ağzımıza qoyduğu qoz ləpələrini necə iştahla yeməyimiz heç unudularmı?
Kəndimizin adamları da bambaşqa idilər. Biz şəhərdə görməmişdik ki, kimsə xəbərdarlıq etmədən başqasının evinə getsin, onun gördüyü işə kömək edə-edə olub keçəndən danışsın. Görməmişdik ki, evdə nə isə olmayanda gedib qonşudan istəyəsən. Yaxud da qonşu əlində təzə bişmiş isti xamıralı və ya bir dəstə fətir, sorğu-sualsız içəri girsin ki, nə var-nə var, uşağın burnuna iy dəymiş olar. Bütün bunlar kənd adamlarında məni valeh edən xüsusiyyətlərdi.
Qapıların həmişə açıq olması da qəribə idi. Yadıma gəlmirdi ki, nənəm bir yerə gedəndə darvazamızın qıfılını bağlayaydı. Qıfıl taxılan yerə taxta və ya dəmir çubuq keçirərdi ki, içəri it-pişik girməsin. Biz yalvarmasaq, gecələr də qapıları kilidləməzdi, amma bilirdi ki, əks halda səhərəcən gözümüzə yuxu getməz.
***
O vaxt uşaqlardan kəndin ən gəzməli və görməli yerini soruşan olsaydı, Muxtarın dükanı deyilən yeri – çox da böyük olmayan qarışıq mallar mağazasını nişan verərdilər. Çünki bizim üçün ondan daha maraqlı yer yox idi. Dükan nənəmgildən iki ev aralı idi. Həm yaxınlığına, həm də Zülfiyyənin Karlsondan iki dəfə çox şirni yediyinə görə bizin yolumuz bura tez-tez düşürdü. İçəridə peçenyedən tutmuş, çaya, qazandan tutmuş “prostoy” coraba qədər – hər şey vardı. Dükanın müdiri və satıcısı Zavmaq Muxtar (hamı onu bu ləqəblə çağırırdı) o tərəfin ən varlı adamlarından biri idi. Onun dükandan bir qədər aralıda, ağ daşdan tikilmiş ikimərtəbəli, qabağı şüşəbəndli evi kəndin hər yerindən görünürdü. Elə toy, elə məclis olmazdı ki, Zavmaq Muxtar başda əyləşməsin. Kənddəki qadınların çoxu onun arvadına həsəd aparırdı; deyilənə görə, “bəxtəvər nə toyuq-cücə saxlayırdı, nə də mal-qara”. Kənd qızlarından hər kəs onun qızı ilə dost olmağa çalışırdı ki, təzə mal gələndə hamıdan tez xəbər tutsun. Dükan, demək olar ki, həmişə müştəri ilə dolu olurdu. Yay aylarında isə şəhərdən gələn adamlara görə müştərilərin sayı birə-beş artırdı.
...On bir-on iki yaşımız olardı. Nənəmlə dükana gəlmişdik. Elə mallara təzəcə göz gəzdirirdik ki, içəri hündürboylu, beli azacıq əyilmiş, yaşlı bir kişi girdi. Seyrəlməyə başlamış çal saçları səliqə ilə daranmışdı. O, piştaxtaya yaxınlaşıb, kənd kişilərinə məxsus olmayan tərzdə, asta səslə dedi:
– Zəhmət olmasa, bir kilo nanəli konfet, iki qutu da Seylon çayı verin.
Zavmaq Muxtar çayı könülsüzcə masanın üstünə qoydu, konfetləri isə xışmalayıb tərəzinin üstünə tökdü:
– Kilodan çox oldu, qalsın?
Kişi:
– Qalsın, – dedi.
– Üç manat.
O, pulu sayıb verdi və yenə də sakit səslə soruşdu:
– Paketə qoyarsınızmı?
– Paket Rusetin dükanlarında olur! Bizdə hərə özüynən gətirir.
Çalsaçlı kişi qıpqırmızı oldu, amma heç nə demədi. Nənəm özü ilə gətirdiyi kiçik paketlərdən birini ona verib dedi:
– Al, qardaş, mən həmişə iki dənə götürürəm.
Kişi utandı və zorla eşidiləcək bir səslə: “Çox sağ olun”, – deyib tez dükandan çıxdı.
Nənəm tutulmuşdu.
– Niyə köntöylədin yazığı, ay Muxtar?
– Yaxşı elədim. Haqq olur ona! Sən də məni bağışla, ay Rözə bacı, köpəkoğlunun biri də budur.
Nənəm başını buladı. Söhbəti dəyişmək üçün yarım kilo salomka, bir kilo da nanəli konfet istədi. Biz də gördük ki, heç kimin hövsələsi yoxdur, daha peçenye-zad istəmədik, sakitcə nənəmin yanına düşüb evə gəldik.
Ürəyimdə o kişiyə həm hirslənirdim, həm də yazığım gəlirdi. Zavmaq Muxtarın hamının içində onu acılaması mənə çox qəribə gəlmişdi. Özü də mən o kişini kəndimizdə birinci dəfə görürdüm. Bəlkə kiməsə qonaq gəlmişdi? Amma belə ola bilməzdi, çünki kənd camaatı, kimin qonağı olur-olsun, ona böyük hörmət göstərirdi. Bəs onda kim idi bu adam?
***
Aydın bir yay gecəsi idi. Hava sərindi, nənəmin dediyinə görə, quyruq doğmuşdu. Çarpayım pəncərənin önündə olduğundan həyət aydın görünürdü. Eşikdəki mənzərəyə baxdıqca doymaq olmurdu. Yumru qoğala bənzəyən ay qaralı-bozlu göy üzünə xüsusi bir yaraşıq verirdi. Arxın sularında oynaşan zəif şualar pəncərədə əks olunaraq komodun güzgüsünə düşürdü. Möhtəşəm qoz ağacının kölgəsi ay işığına qarışıb otağın divarında qəribə bir lövhə yaratmışdı. Təbiət öz canlıları ilə birgə uyuyurdu, cırcıramalardan və arxdakı qurbağalardan başqa. İtimiz Boysar da arabir zəncirlərini cingildədirdi, yəqin ki, ağcaqanadlarını qovurdu.
Gözümə yuxu getmirdi. Yata bilmədiyimi bəhanə edərək qalxıb nənəmin qucağına girdim. O da yatmamışdı.
– Nənə?
– Ay can?
– Niyə yatmamısan?
– Qocalmışam, qurban olum. Qocaların yuxusu olmur. Bəs sən niyə yatmamısan? Bacına bax, gör nə mışıl-mışıl uyuyur...
– Yuxum gəlmir.
Nənəm böyründəki mütəkkəni başımın altına çəkib yorğanının ucu ilə kürəyimi örtdü (kənddə gecələr sərin olduğu üçün biz yayda belə yorğanda yatırdıq).
– Nənə?
– Can!
– O kişi kim idi?
– Hansı kişi, qadan alım?
– O gün dükanda gördüyümüz.
– Paşol Səfəriydi, başıbatan.
– Kim?
– Paşol Səfər.
– O kimdir ki, ay nənə?
Mən kişinin adını ürəyimdə bir neçə dəfə təkrarlayıb bu sualı verənə qədər nənəm artıq yatmışdı.
O gecə ilan vuran yatdı, mən yatmadım. Paşol Səfər sözünü öz-özümə o qədər dedim ki, səhərə artıq bu sözün mənası da itdi, özü də yadımdan çıxdı.
Bu hadisənin üstündən bir həftə keçmişdi. Günəşli bir gün idi. Bağçadakı güllərin ətri adamı bihuş edirdi. Hələ yetişməmiş narlar budaqların üstundə qızarırdılar. Zoğal ağacının budaqları meyvələrin ağırlığından sallanmışdı. Üzüm tənəkləri, cənnət alması, gavalı və qoz ağacları öz kölgələrilə həyətə gözəl bir sərinlik verirdi. Ana ördək körpə balalarıyla birgə cərgə ilə əkilmiş xiyar, pomidor, badımcan və bibər ləklərinin arasında gəzişirdi. Boysar xartutun altına uzanıb quyruğunu bulayırdı.
Mən kölgədə oturub Jül Vernin “On beş yaşlı kapitan” əsərini oxuyurdum, Zülfiyyə isə səhərdən bəri toyuq-cücəyə, bəlkə, onuncu dəfə idi ki, dən verirdi. Tox cücələr dənin yanından şəstlə ötür, heç üzünə də baxmırdılar.
Nənəmlə qonşumuz Nərgiz xala yun çırpırdı. Həyətdə çubuğun vıyıltısından başqa heç bir səs eşidilmirdi. Birdən Boysar astadan hürdü. Başımı qaldıranda darvazamızın açıq qapısından gördüm ki, həmin kişi (adını yadıma sala bilmədim) tələsik addımlarla hara isə gedir. Yazıq başını elə aşağı salmışdı ki, qarşısında dirək olsaydı da, görməzdi, dəyib yıxılardı. Bu, Nərgiz xalanın gözündən yayınmadı. Əlindəki çubuğu yerə qoyub kişinin getdiyi səmtə sarı ikiəlli qaramat atdı:
– Başın batsın, elə yeriyir – guya utanır. Ölüfsən səni!
Nənəm başıyla bizi göstərib göz-qaş oynatdı, yəni ki, yanımızda uşaqlar var, ayıbdır.
Tərifləmək olmasın, amma nənəmin kənddə böyük hörməti vardı. Bir sözü iki olmazdı. Qadınlar cehizlik yorğan-döşək salmaqdan tutmuş, qatıq çalıb pendir tutmağa qədər – bütün şeylərdə onunla məsləhətləşməyə gələrdilər. Nənəmin bəyənmədiyi paltar elə dükanda qalardı, onun aldığı parçadan isə heç bir metr də boşa getməzdi.
Nərgiz xala nənəmi dinləyib susdu, dodağının altında nəsə deyə-deyə yun çırpmağa davam etdi. Mən kitabı yarımçıq qoyub darvazadan eşiyə çıxdım. Kişi artıq gözdən itmişdi. Pəncərəmizin altındakı skamyada yenicə oturmuşdum ki, bir də gördüm qonşularımız – Xədicə xala ilə Güllü arvad dükan tərəfdən danışa-danışa gəlirlər:
– Az, deyirəm, niyə ölmür bu?
– Ağzında Paşol Səfər deyirsən.
– Arsız başına qar yağsın.
– Hımmm...
Artıq səbir kasam dolmuşdu. Özümə söz verdim ki, bu axşam hər şeyi öyrənəcəm, görüm bu yazıq Paşol Səfər camaata nə edib axı!
Qayıdıb həyətə girəndə gördüm ki, əmim qızı qucağında sarı bir ördək balası, qayğısızcasına yelləncəkdə yellənir. Zalım qızının dünyadan xəbəri yox idi. Özümü saxlaya bilməyib:
– Yerinə olaydım, – dedim.
Zülfiyyə bu sözləri nəyə görə dediyimi anlamayıb, gülümsəyərək ördək balasının başından öpdü.
***
Qaş qaralmışdı. Nənəm çimmək üçün su qızdırırdı. Hazır olanda Zülfiyyəyə bir ovuc konfet verib dedim ki, bu gün su tökmək növbəsi mənimdir. Təbii ki, o etiraz etmədi.
İki vedrə verdə isti, bir vedrə soyuq suyu dövrəmə yığıb, əlimdə iri bir bardaq əmrə müntəzir dayanmışdım.
– Nənən qurban, suyu bir az soyuqla.
– İndi necədi, nənə? Çox isti deyil ki?
– Yox, qadan alım, lap yaxşıdır.
– İstəyirsən, bir az da soyuqlayım?
– Yox, anam, yox. (Mənə nənəmin anasının adı qoyulmuşdu deyə, çox vaxt məni “anam” deyə çağırırdı).
Lap ürəkləndim:
– Nənə, Paşol Səfər pis adamdı?
Nənəm, vaxtı ilə topuğuna dəyən, indi isə seyrəlmiş xınalı saçlarını suyun altında hövsələ ilə daraya-daraya:
– Neyləyirsən soruşub, qadan alım? – dedi.
– Elə hamı söyür yazığı...
– Yazıq-zad deyil o!
– Niyə ki?
Nənəm əlindəki darağı bir qırağa qoyub ləyəndə yerini rahatladı. Bildim ki, danışmağa meyli var. Odur ki, nənəmin kisə əvəzinə işlətdiyi tül parçasına var gücümlə sabun çəkdim.
– Niyə ki? – deyə bir də soruşdum.
– Kəndimizin yuxarı başında, kəhrizin yanındakı evdə Həsən kişiylə Nisə arvad yaşayırdı, Allah hər ikisinə rəhmət eləsin! Bax, bu Səfər üzüqara – onların oğludur, – deyə sözünə davam etdi. – Ata-anası onu Mələk adlı gözəl bir qızla evləndirmişdilər. Elə ki bir qızları anadan oldu, Səfər elə deyib durdu ki, mən sizi dolandıra bilmirəm, qazanc dalınca Rusetə gedəcəm. Nə qədər yalvar-yaxar etdilərsə də, heç kimin sözünə qulaq asmadı, getdi. Əvvəl-əvvəl gələndən-gedəndən pul göndərirdi, məktub yazırdı. Sonra məktublarının da ardı kəsildi, pul da göndərmədi. Özün fikirləş, ay bala, iki qoca adam, körpə uşaq, bir də cavan gəlin... kənd yerində pulsuz-parasız neyləyə bilərdilər? Bir az Mələyin anasıgil, bir az da qohum-əqrəba köməklik göstərirdi. Amma nə qədər? Hər kəsin öz dərdi-azarı var. Odur ki, yazıq Mələk sovxoza işə girdi, uşağa isə nənə-baba baxırdı. Bir neçə vaxtdan sonra Həsən kişi nasazlayıb dünyasini dəyişdi. Onun ölümündən sonra Nisə arvad da çox yaşamadı. Səfər nankora xəbər göndərdilər ki, bəs anan-atan rəhmətə gedib. Dedilər, yəqin, gələr. Mələyin də gözləri yolda qalmışdı. Amma gəlmədi. Daha bilmədik, xəbər gedib çatmadı, yoxsa özü gəlmədi. Nə isə, Mələk qızı Bənövşə ilə tək qaldı. Nə qədər ordan-burdan istəyən oldusa da, heç kimə ərə getmədi. Saçlarının birini ağ, birini qara hördü, balasını böyütdü. İşdən çıxa bilməzdi, odur ki, uşağa gah o qonşu, gah bu qonşu göz-qulaq olurdu. Allahın köməkliyi ilə birtəhər böyüdü Bənövşə, ağıllı qız oldu. Müəllimlik oxudu, işə düzəldi. Özü kimi bir müəllim oğlana da ərə getdi. İndi Gəncədə yaşayırlar, iki uşaqları var. Mələyə də nə qədər yalvarırlar ki, ay ana, gələk səni yanımıza gətirək, – razı olmur. Abırlı gəlindir, deyir ki, mən kürəkən yanında yaşaya bilmərəm. Hərdənbir gedir, qızıyla, nəvələriylə görüşür, yenə qayıdır evinə. Bənövşə də, adamın Allahı var, anasını heç unutmur. Vaxt tapan kimi gəlir, pul, paltar, bazarlıq – hər şey gətirir. Bəs necə! Mələk ona həm ana, həm də ata olub axı!
Nənəm sözünü maraqlı yerdə kəsərək ayağa durdu, yaxalanıb qüsl verdi. Bir-iki gün bundan əvvəl aldığı yasəmən rəngli məxmər xalatını geydi. Saçlarını əvvəlcə qırmızı çit yaylıqla çəkib bağladı, üstündən güllü yun şalını örtüb taxtda əyləşdi. Zülfiyyə, bayaqdan bəri sobanın üstündə zümzümə edən qəhvədandan çay süzüb nənəmin qarşısına qoydu. O, bir qurtum alaraq: “Oxxay!” – dedi.
Biz də dırmaşıb taxta çıxdıq.
– Nənə, bəs sonra nə oldu?
– Nənəm nə danışırdı ki? – deyə əmim qızı da söhbətimizə qarışdı.
Gözlərimi ağartdım:
– Sakit otur, qulaq as!
Allah bəndəsi o dəqiqə kiridi.
– Sonra nə oldu, ay nənə? – deyə bir də soruşdum.
Nənəm gülümsəyərək stəkanı nəlbəkiyə qoydu, saçlarımızı sığalladı.
– Sonra da, ay mənim gözəllərim, bir neçə ay bundan əvvəl kəndə səs düşdü ki, bəs deməzsinizmi, Səfər qayıdıb. Nə Səfər, hansı Səfər? – Mələyin əri. Niyə qayıdıb? Sən demə, Səfər kənddən gedəndən sonra, Rusetdə bir zavoda şofer düzəlibmiş. Bir müddət sonra həmin zavodun tibb bacısı ilə tanış olub, başlayıb onun evində yaşamağa. Arvadın iki uşağı da var imiş – bir qız, bir oğlan. Başıbatmış Səfər bu neçə ildə işləyib, çalışıb öz qızını böyütməkdənsə, onları böyüdüb. Son vaxtlarda da görublər ki, Səfər daha qocalıb, əvvəlki kimi qazana bilmir, tez-tez canı ağrıyır, analı-balalı deyiblər: “bolşe tı nam ne nujin, uxadi”. Nə qədər and-aman edib ki, belə etməyin, sizi mən böyütmüşəm... urus arvad camadanını verib qoltuğuna, qapını da bağlayıb üzünə ki, daha dəvəmiz düzə çıxıb, di paşol atsuda. O da fikirləşib ki, nə edim, hara gedim? Durub qayıdıb kəndə. Gələndə görüb ki, yazıq Mələyi nə təhər qoyub gedibsə, eləcə də namusla oturub. Üzr istəyib başıbatan, girib oturub evdə. Bax, ay bala, elə o gündən bəri kənddə bu bədbəxtin adı qalıb Paşol Səfər. Hamı da Mələyi danlayır ki, bu alçağı niyə qoydun evə? Deyir: “Neyləyim, birincisi, öz ata yurdudur, ikincisi də onun elə başıaşağı gedib-gəlməyi mənə bəsdir. Töhmətli olmaq – ölməkdən betərdir”. Bir yana baxanda zavallı düz deyir.
– Bəs nə iş görür kənddə o – Paşol Səfər?
– Yaxşı əl qabiliyyəti var, onun-bunun maşınını təmir edir. Amma Mələk onun bir qəpiyinə də əl vurmur, öz pensiyası ilə dolanır. Qızı da xəbər göndərib ki, mənim o adda atam yoxdur, heç üzünü də görmək istəmirəm. Bizi atıb başqasının uşaqlarını saxlayan, necə yaşamağımızla bir dəfə də olsun maraqlanmayan ata mənə lazım deyil. Deyir ki, uruslar onu qovmasaydılar, yenə də gəlməyəcəkdi. Bəlkə də, haqlıdır, nə bilim...
Biz elə maraqla dinləyirdik, bir də baxdım ki, Zülfiyyənin ağzı açıq qalıb. Əvvəlini dinləmədiyi bu hekayənin sonu onu da təsirləndirmişdi.
Mən o qədər həyəcanlı idim ki! Kişiyə yazığım gəlirdi, yaşlı idi, fağır idi. Ürəyimdə gah Bənövşəyə haqq qazandırır, gah da onu qınayırdım. Fikirləşirdim ki, necə olsa da, atasıdır axı. Sonra da düşünürdüm ki, mənim atam heç zaman belə etməzdi və Paşol Səfərə bərk hirslənirdim.
***
Mən uzun müddət bu əhvalatın təsirindən çıxa bilməmişdim, lakin qayğısız yay günləri başa çatmış və biz Bakıya qayıtmışdıq. Dərslər başımı qatdığı üçün bu yay əhvalatı da zamanla unudulmuşdu...