Qışın gəlişi, şaxtaların düşməyilə məktəbin qarovulçusu Alpaşa kişi başlamışdı gecələr sayıqlamağa. Bu, ailə üzvlərini heyrətə gətirsə də, əslində, sən deyən elə təəccüblü bir şey yox idi, götürsən, bəlkə də qəsəbə sakinlərinin yarıdan çoxu onun halındaydı.
Gecələr yuxuda danışanların sayı mövsümə görə dəyişirdi. Qışın başından ta kiçik çillə çıxanacan bu mərəzə tutulanlar çoxalırdı, sayıqlama mövsümüydü sanki. Yuxudakı söz-söhbətlər insanların sinnindən, gün-güzəranından asılı olaraq seçilirdi: uşaqlar yuxuda şirin çay istəyir, gənclər məhəbbətini izhar edir, yaşlılar isə «it də qocalmasın» deyib can ağrısından gileylənir, zarıyardılar. Odur ki, Alpaşa kişinin də yuxuda danışmağı adi hal idi, amma qəribə olan buydu ki, kişi ana dilində yox, nəsə əndrabadi bir yad dildə sayıqlayırdı. Zövcəsi Sayalı arvad, oğlu Mehrab iki-üç gecə yuxularına haram qatıb qulaq versələr də, bir şey kəsdirə bilməmişdilər, şəkkə düşmüşdülər ki, əlbət, kişiyə Tanrıdan vergi verilib və o, müqəddəs kitabın yazıldığı dildə sayıqlayır, Qurani Kərimdən ayələr, surələr söyləyir. Çox götür-qoydan sonra belə qənaətə gəlmişdilər ki, Molla İbadı çağırsınlar, baş çıxarsa, o çıxarar...
Molla İbad gecə bivaxt gəlib dayandı evin kəllayısındakı daş artırmanın ayağında. Soyuqdan büzüşərək divara qısıldı, başladı gözləməyə ki, Alpaşa kişini nə vaxt yuxu aparacaq. Kişinin gözünə görünməyi məsləhət deyildi, yaşlı adamdı, ağlına hər fikir gələr. Deyər görən ona nə olub ki, Molla İbad gecənin gec vədəsi təşrif gətirib. Molla nə vaxt xeyirə-bərəkətə gəlib? Belə baxanda İbadın savadı, sən deyən elə bir mollalığı da yox idi, necə deyərlər, «əldəqayırma» idi və bəlkə də bu ilətdən idi ki, çoxları onu köhnə peşəsinə görə «Dəllək İbad» çağırırdı. Özündən qat-qat cavan qızla evləndiyindən, bir də simic, zıqqı olduğundan kişiyə «Məşədi İbad» ayaması qoşanlar da vardı.
Ucqar dağ qəsəbəsində kara gələn bir din xadimi olmadığından hüzür məclisləri mollasız keçirdi, ən yaxşı halda, gedib qonşu rayondan bir buxarapaqlı gətirirdilər. Belə bir vəziyyətdə dəllək İbadın birdən-birə çönüb Molla İbad olmağına məhəl qoymasalar da, baxma, camaatın işinə yarayırdı, yalan-gerçək yola verirdi məclisləri. Bir də ərəb dilini bilən vardı ki, görsün o yetim nə höccəliyir, nə oxuyuyur? Dünyanın qəliz işləri çoxdu: yer var molla dəlləklik eliyir, yer də var dəllək mollalıq. Batilən dindən-imandan qıraq olsa da, başındakı buxara papağı, hənalı şəvə saqqalı, tənbəl-tənbəl çevirdiyi kəhrəba təsbehi zahirən İbadı din xadiminə bənzədirdi. Ağzını açıb danışmasa, tanımayan elə bilərdi kişinin oğlu Xorasandan gəlib.
İbad soyuqdan keyimiş ayağının birini qoyub, birini götürür, ürəyində Alpaşa kişini söyüb yamanlayırdı: «Ay nainsaf, qoca kişisən, gir yorğan-döşəyə sümüyün qızışsın. Gecəquşu dəyilsən ha, yıxıl yat dayna...» Hövsələdən olmuşdu. İstəyirdi baş götürüb getsin, pəncərədən işarə elədilər ki, qalxsın yuxarı, kişi yatıb.
Alpaşa kişi otağın ortasında yerdən salınmış qalın döşəyin üstündə, çit üzlü sırıqlı yorğana bürünüb yatmışdı. Yorğan boy vermədiyindən ayaqları qalmışdı çöldə. Mışıl-mışıl şirin yatışı onun bu gecə sayıqlayacağına əl yeri qoymurdu.
-İbad qağa, neçə gecədi kişi başlıyıb yuxuda öz-özünə danışmağa. Nə dildə danışır, nə deyir, onu Allah bilir. Deyəsən, qurbanı olduğum Tanrıdan kişiyə vergi verilib, – Sayalı arvad mollanı işdən hali elədi.
İbad əlini saqqalına çəkib nəsə pıçıldadı, üzünü göyə tutub dua oxudu.
-Vallah, nə deyim, ay Sayalı arvad, - yavaş sələ dedi, - vergi verməyi yaxşıdı, dad o günnən ki, qurban olduğum verməyə, ala... – Molla ibarəli danışığını yersiz bilib, tez də dediklərinin üstünü malalamaq istədi: – Bu yazıq ömründə qarışqa tapdamayıb, heç kəsə də pisliyi kecməyib. Xudavənd-aləm Alpaşa kişiyə də vergi verməyib, kimə verəcək? Qurban olduğum hər şeyi mizan-tərəzidə çəkir, misqalına söz ola bilməz. Özü bilən məsləhətdi…
Alpaşa kişinin astadan, qırıq-qırıq xorna çəkməsi Molla İbadın sözünü ağzında qoydu. Bu xəfif xorultunun dalıncı da kişi başladı qəribə səslər çıxarmağa. Molla İbad bunu sayıqlamağa giriş, hazırlıq əlaməti kimi başa düşdü. Qulaqlarını şəkləyib əcayib səslərdən bir şey hasil eləməyə çalışdı. Kiril əlifbası ilə Quran ayələri yazılmış göy üzlü şagird dəftərini o üzə-bu üzə vərəqləyib höccələdi. Eşitdiyi qarmaqarışıq, fısıltılı səslərdən bir şey anlamadığından təəccüblə çiyinlərini çəkib başını buladı. Sayalı arvad bildirdi ki, hələ tezdi, az sonra kişi «i-i-i» deyib inildəyəcək, sonra dişlərini bir-birinə sürtəcək, yalnız bundan sonra başlayacaq sayıqlamağa. Doğrudan da çox keçmədi Alpaşa kişi yuxuda alça yeyirmiş kimi üz-gözünü turşudub inildədi, bıçaq itiləyirmiş kimi dişlərini bir-birinə sürtdü və başladı yuxuda hətərən-pətərən danışmağa. Molla İbad ərəbcə beş–on kəlmə bilsə də, avazdan Alpaşa kişinin danışdığı, daha doğrusu, sayıqladığı dilin müqəddəs Quranın yazıldığı dillə heç bir uyğunluğu, əlaqəsi olmadığını anladı. Alman dilinə də yaxın gəlmirdi. Almanca bilirdi, müharibə vaxtı əsirlikdə öyrənmişdi. Ancaq bir məsələ vardı: Alpaşa kişi alman dilində sayıqlasaydı belə, Molla İbad bunun üstünü vurmazdı. Nə işinə qalıb? Yaxasından yapışıb çəkərlər dara ki, Hitlerin dilini hardan öyrənmisən? Gəl, canını qurtar görüm, necə qurtarırsan? Qaranlıq keçmişinin üstünü bir təhər - min bir hiylə-kələklə örtüb malalamışdı, ağrımayan başına niyə dəsmal bağlamalıdı?
Alpaşa kişinin yuxuda söylədiklərinə bir də qulaq verəndən sonra Molla İbad belə fikr elədi ki, Alpaşa kişiyə nəinki Tanrıdan vergi verilməyib, hələ üstəlik ağlı da alınıb.
-Ay Sayalı arvad, mən «Tarixi-Nadiri» yarısınacan oxumuşam, bu kişinin danışığınnan bir məna kəsdirirəmsə, atabaanama lənət. Bildiyim budu ki, ərinin danışdıqlarının ərəbcəylə heç bir rabitəsi yoxdu, heç yaxın da gəlmir. Bu binava hansısa kafir dilində sayıqlıyır. İmanımı yandırmayım, Çin, ya da, deyəsən, monqol dilinə oxşuyur az-maz…
-Ay qağa, qurban olduğum, deyirsən yəni yanlış iş tutar? – Sayalı arvad heyrətə gəldi. - Araz boyunda çinli, monqol hardandı? Vergidi verib, qurban olduğum bunu isbatlı-başlı verə bilməzdi ki?
-Nə deyim, məsləhətinə şükür Tanrının. Onun işinə qarışmağa bəndənin nə haqqı?.. Ancaq ağlıma bir fikir gəldi: deyirəm bəlkə, məktəbin xarici dil müəllimini çağırsanız. Əncam çəksə, bəlkə o çəkər…
Ertəsi gecə fransız dili müəllimi, həvəskar şair Valeh Vurğun qoltuğunda bir qalaq lüğət kitabı bivaxt gəlib durdu Molla İbadın dünən durduğu yerdə – daş artırmanın ayağında və başladı yuxarıdan – aynabənddən işarə gözləməyə. O da Alpaşa kişinin gözünə görünə bilməzdi, evdə qonaq ola-ola Alpaşa kişi yatağa yaxın düşməzdi, səhəri kirpiklərilə açardı ki, amma elə hörmətsizlik eləməzdi.
Molla İbaddan fərqli, Valeh müəllimin başında qaragül quzu dərisindən buxara papaq yox, nazik, cəvərən şlyapa vardı. Şlyapanın seyrək məsamələri arasından sazaqlı-şaxtalı külək «vız» deyib vızıldayır, bu yandan vurub o yandan çıxırdı. Belə getsəydi, Valeh müəllim nəinki institutda öyrəndiyi fransızcanı, öz ana dilini də yaddan çıxaracaqdı, beyin ki, dondu, heç nəyə yarayan deyil…
Qəsəbəyə işıq verən elektrik motorunun sönməyilə ətrafa qatı zülmət çökməyi bir oldu. Bu qatı qaranlığa qarşı narazılıqlarını bildirirmiş kimi məhəllə itləri ağız-ağıza verib, başladılar boş-boş hürüb-hafıldamağa.
-Bu yerlərə də Mingəçevir işığı gəlib çıxsaydı canımız qurtarardı, – Valeh müəllim soyuqdan əsə-əsə fikrindən keçirdi.
Mehrabın səsi onu düşüncələrdən ayırdı.
-Valeh müəllim, qalxın yuxarı, dədəm yuxuladı.
İçəri keçdi, yanını döşəkçənin üstünə yıxıb oturdu, mütəkkəyə dirsəklənibmiş kimi sol qolunu üst-üstə qalaqladığı lüğət kitablarına söykədi. Neft lampasının güc-bəla işıqlandırdığı döşəli otaq elə isti olmasa da. havalıydı. Bu ilıqlığı vücudunda hiss etdiyindən Valeh müəllimin gözləri yumulmaq üçün sino gedirdi, elə bil kirpiklərindən daş asılmışdı. Ona elə gəldi ki, birdən-birə bədəninin ağırlığı harasa çəkildi və o, sabun köpüyü olub qalxdı havaya. Gözləri yumuldu və o da başladı Alpaşa kişi kimi nəsə anlaşılmaz səslər çıxartmağa: «Bonjur, madam, bonjur…»
Bu deyilənlərdən nə Sayalı arvad, nə də oğlu bir şey kəsdirməsə də, ancaq təəccüblənmədilər də. Xarici dil müəlliminin əcnəbi dildə sayıqlamasında qəribə heç nə yox idi.
-Özümüzkünün dilinnən-danışığınnan baş çıxarda bilmirik, bu da bir yannan başlıyıb, – Sayalı arvad gileyləndi. Silkələyib oyatmasaydı, kim bilir Valeh müəllim yuxuda nələr izhar edəcəkdi.
Müəllim yuxulu gözlərini döyə-döyə maddım-maddım Sayalı arvadı süzdü. Çaşqın baxışları o qədər küt idi ki, elə bil ilk dəfə görürdü arvadı. Gözünün çimirini aldığı iki-üç dəqiqəlik qış yuxusu, deyəsən, harada olduğunu və bu evə nə illətlə gəldiyini unutdurmuşdu ona.
-Valeh müəllim, başaa dönüm, kişiyə vergi verilib Allahdan, – Sayalı arvad ərinin azarını izhar elədi. – İmansız öz dilində güclə qırıldadır, indi birdən-birə başlayıb özgə dildə danışmağa…
Valeh müəllim şlyapanın üstündən başını qaşıdı. Alnını qırışdırıb gözlərini qıydı.
-Olan işdi, sən Allahdan xeyir istə, Sayalı arvad, - ornac-ornac dedi. – Bu sayaq şeylərin üstündə alimlər baş sındırır, bilmək istəyirlər ki, niyə belə olur, kökü hara gedib çıxır. Hər zadın bir niyəsi olmalıdı axı…
Yaşmağın altından Sayalı arvadın dodaqları tərpəndi, səsi titrədi:
-Bala, başa fırlanım, kişinin sayaqlamağınnan nə kəsdirsən, öz armızda qalsın haa.
Valeh müəllim əlini ağzına tutub əsnədi.
-Ay arvad, yadında qalsın, Valeh Vurğun qara bir daşdı, daş, - öyündü, - sən də məni bağışla, dəvə görmüsən, qığını da görməmişəm.
-Bilirəm, sizin Kalvalı tayfasının hamısı heylədi – ağızdan bərkdi. – Xətrinə dəyməsin… Hə, onu deyəcəydim ki, bəs bizim Alpaşanın babası rəhmətlik Məşədi Salman din-iman yiyəsiydi, özü də varlı-pullu adam olub. Şura hökuməti gələndə qızıllarını hardasa yerə basdırıb, gizlədib. İndi istəməsin Alpaşanın iki gözütək istəyirdi. Ağlıma bu gəldi ki, həlbət, qızılların yerini bizim kişi bilir, yuxuda onu sayaqlıyır.
Valeh müəllim əlini dilinə, sonra da qulaqlarına toxundurub qımışdı.
-Sayalı arvad, belə şeylərdə mən lalam, karam, - bir daha əmin elədi. – Sayaqlasın, biləcəm iş nə yerdədi, nə dildə danışır. Çətini bircə kəlmədən yapışmaqdı, sonrası qolay olacaq, yumaq təki özü çözələnib açılacaq…
Söhbətin bu yerində Alpaşa kişi müəllimi sınayırmış kimi əvvəl inildədi, sanra dişlərini bir-birinə sürtüb xırçıldatdı. Valeh Vurğunun əti ürpəşdi. Yaxşı ki, bu əttökən səs çox sürmədi, çöndü sayıqlamaya. Valeh müəllim fikrini cəmləyib dinlədisə də, Alpaşa kişinin sözlərindən bir mətləb hasil eləyə bilmədi. Təəccüblə çiyinlərini dartı. Eşitdiklərinin onun institutda öyrəndiyi fransızcaya heç bir dəxli yox idi, heç yaxın da gəlmirdi. Odur ki, bərayi-ehtiyat özüylə götürdüyü ingilis, ispan və italyanca lüğətləri bir xeyli vərəqlədi. Bu kitabların da kara yaramadığını görüb, belə qənaətə gəldi ki, Alpaşa kişinin yuxuda danışdığının müasir dilçiliklə heç bir bağlılığı yoxdur və bunun izahını arxaik dillərdə axtarmaq gərəkdi, çox güman ki, kökü gedib çıxır qədim şumerlərə.
Şumer sözünü eşidəndə Sayalı arvad diksindi, içini çəkdi.
-Nə dedin bala, nə dilində danışır dedin? Mürdəşir dilində?.. – heyrətdən çaşıb qaldı.
-Ay arvad! Nə mürdəşir? Gecənin xəfə çağında söz qəhətdi danışmağa? – Valeh Vurğun dilxor halda deyindi. – Yolum uzaqdı, özü də köhnə qəbiristanlığın yanınnan keçir. Nə qədər olmasa, adamı xof basır… Mən şumer dedim, mürdəşir yox. Mürdəşir, yox bir goreşən… Nəsə, ay arvad, bu iş mənlik deyil, belə şeylərin öz bilicisi var, Bakıdan etnoqrafdan-zaddan gəlsə, o baş çıxarar, bəlkə.
-Bıy!.. Deyirsən yəni bu dərdin dərmanı onda olar? – Sayalı arvad çar-naçar soruşdu.
-Nə deyim? Əncam eləsə, alimlər eləyər, eləməsə, əlac qalır o tək Allaha…
Valeh müəllim daha danışmadı, gətirdiyi kitabları qoltuğuna vurub yuxulu gözünü ovuşdura-ovuşdura otaqdan çıxdı.
Sayalı arvad əlləri qoynunda gah sayaqlayan, gah da yuxuda mışldayan ərindən gözlərini çəkmirdi. Mola İbadın dediyi «vay o gündən ki, Allah bəndəsinin ağlını ala» sözlərini yadına saldı, soyuq sızıltı kecdi canından. «Yox, balam, kişinin işi ocaqlıq-pirlikdi» - düşündü.
Bu yanlardakı yeganə pir qəsəbədən xeyli aralıdydı. Deyilənlərə görə, ora dizin-dizin gedən şikəst sağalıb qayıdırdı. Doğrudu, indiyəcən bunu görən olmasa da, adamların içində inam vardı bu pirə.
«Allaha şükür, Alpaşanın əli-ayağı yerindədi, bir-iki dəfə müqəddəs ocağın başına fırlanar, onnan də dərdi çıxar başınnan» - Sayalı arvad özü özünə txtaqlıq verdi. Ağlına gələn bir də bu oldu ki, kəndə sifariş göndərsin, nəvəsi Şirini gətirsinlər. Yolları düşmüşkən, uşağı da aparsınlar pirə, danışanda hərdən kəkələyir. Nəzir-niyaz qoyarlar, onunla da keçib gedər…
Şirinin hər gəlişi şirinlik gətirirdi. Babasının nağıllarına qulaq asmaqdan doymurdu. Nğıllara qulaq asa-asa da yuxuya gedirdi. Bəzən də əksinə olurdu: Alpaşa kişini yuxu aparırdı, nağıl qalırdı yarımçıq…
«Biri vardı, biri yoxdu, bir…» - Alpaşa kişinin səsi yavaş-yavaş əriyb, mışıltıya, sonra da xəfif xorultuya çöndü. Çox çəkmədi, bu xəfif xorultu iniltiylə əvəzləndi. Daha sonra kişi dişlərini xırçldatdı və başladı sayıqlamağa: «Inağroy kəç nımığaya ənütsü, mığaya rüyüşü…»
Balaca Şirini gülmək tutdu. Təzəcə yuxuya getmiş Sayalı arvadı dümsükləyib oyatdı.
-Nənə, ay nənə, eşidirsən? Babam qarğadili danışır! Qulaq as!…
Sayalı arvad dikəlib oturdu, bir şey kəsdirmədiyindən əli üzündə qalmışdı.
-Qadan canıma, nə qarğadili, nə quşdili? – nəvəsindən soruşdu.
-Qarğadili dəə… - Şirin gülə-gülə izah elədi. – Biz kənddə kolxozun alma bağına girəndə öz aramızda qarğadili danışırıq ki, qarovulçu başa düşməsin. Sözləri tərsinə deyəndə olur qarğadili.
«Inağroy kəç nımığaya ənütsü, mığaya rüyüşü…» - Alpaşa kişi sayıqlamağına davam elədi.
-Nənə, babam deyir yorğanı çək ayağımın üstünə, ayağım üşüyür, - Şirin qarğadilindən tərcümə elədi.
Sayalı arvad sırıqlı qalın yorğanı çəkdi büzüşüb yatmış Alpaşa kişinin ayaqlarına. Ayaqlarının isinməyilə kişinin sayıqlamağının kəsməyi bir oldu, ilıq bir təbəssüm qondu yuxulu sifətinə.
"Ulduz" jurnalı № 1, 2013