QUM SAATI
Həyat – bir qum saatı,
ömür – qum dənələri...
Kimin iradəsilə
bu şüşə kainatın
içindən zərrə-zərrə,
ürkək-ürkək
ələnir?..
Göylərin göy qübbəsi,
yerin öz oxu kimi –
tale də bir həqiqət.
Bəzən yüzündən biri,
bəzən də çoxu kimi
ya xoşbəxtik,
ya bədbəxt.
Kimin əlindədirsə,
qoymaz bir də çevirək
vaxtımız azalanda;
mövsümlər yer dəyişməz
baharlar güz olanda.
Nə yenidən yazılmaz
qədər
biz istəyəntək;
əfsus, nə də bir daha
zaman qayıtmaz geri.
Bu həyatın içindən
qəlbimizi üzərək
axar qum dənələri...
***
Sənli arzularım mənimlə yaşıd,
Bilirəm, bilirəm, hardasa varsan!
Hardasa kiməsə başın qarışıb,
Tələssən, ömrümə gəlib çatarsan.
Saralar sevgimin ağ vərəqləri,
Yazanı dönməsə günün birində.
Üzmüşəm özümü nə vaxtdan bəri
Həyatın çıxılmaz pillələrində.
Heç nə verə bilməz vətən yerini,
Bu çənli yollarda harayıma çat!
Gəl, oxu məhəbbət şeirlərini,
Bəxtimdən yorulub yatsam da, oyat!
Gəlməsən... gəlməsən, sönüb içimdə,
Ögey qismətimi qınayacağam.
Hansı yaşda olsan, hansı biçimdə –
Səni görən kimi tanıyacağam!
***
Şuşada yağış var, Şuşada yağış...
Nur üzlü şəhidə göz yaşı tökür.
Doğulub alqışdan, duadan yağış,
Kürüyüb həsrəti, savaşı tökür.
Yuyulur şəhərdən illərin kiri...
Torpaqlar tərtəmiz qayıdır bizə.
Bu yerlər – ərlərin baş qoyan yeri!
Biz artıq dönmüşük öz elimizə!
Qarabağ bizimdir! – hayqırır hamı,
Müqəddəs payızdan güc toplayır qış.
Göylər də vəsf edir bu izdihamı:
Şuşada bayram var, Şuşada yağış!..
ZƏFƏR MÖVSÜMÜ – PAYIZ!
Səni sevməyirdim, bağışla məni!
Yanılıb çaşmaq da gözəlmiş bəzən.
Elə bir xoşbəxtlik sardı bəxtini –
Zəfər mövsümüsən bundan belə sən!
Vüsal yolu oldu həsrət yolları,
Əsgərim haqq üçün vuruşdu yenə!
Sağ ol, əsirgədin yağışı, qarı,
Xəzəllər döşədin səngərlərinə...
Biz də oyaq qaldıq o gecələri,
İgid qartallara duaçı olduq.
Birləşdik – qaranlıq çəkildi geri!
Savaş sınağında əlaçı olduq!
ÇÖRƏK APARAN OĞLAN
Sənin gülümsər üzün,
O sevincək gözlərin
Yadımızdadır hər an –
Bahar qaranquşutək
Bizə müjdə gətirdin,
Alınmaz qalamıza
Çörək aparan oğlan!
Nə vaxtdır intizarla,
O qürurla andığın
Şuşa adlı qibləyə
Bağlanmışdı ürəklər.
Yaralı könlümüzün
Don vurmuş həsrətini
İsitdi
apardığın
Yurd ətirli çörəklər.
HƏYAT HƏNDƏSƏSİ
Bütün şəhidlərimizə ithaf edirəm!
Bir vətəndə,
Bir şəhərdə,
Bir məhlədə doğulduğum,
Dəcəlliyi ucbatından
Hər gün saçını yolduğum.
Hörüyümü dartdı deyə,
Arxasınca daş atdığım,
Bəlkə, özüm də bilmədən
Acı, şirin xatirələr yaşatdığım;
Dərsdən evə qayıdanda
“Sinfimizin qızlarına baxma” deyə,
Oğlanlarla hey dalaşan,
Gah qızarıb köks ötürən,
Gah da ki həddini aşan
Əski dostum!
Məktəbdə də biz yanaşı otururduq,
Yadımdadır...
Yoxlamadan çox qorxurduq –
Sevmirdik heç həndəsəni.
Evə gələn müəllimlər
Hər gün məni öyrədirdi,
Mən də səni.
Yollar boyu çantamı sən daşıyırdın...
İllər keçdi,
Köçüb getdik,
Heç bilmədim mənsiz necə yaşayırdın...
Dərslərini doğru-dürüst edirdinmi
Mən gedəli?
Gəzirdinmi məhəllədə
Əvvəlkitək dəli-dəli?
İllər sonra
Cəbhə boyu xəbərlərdə gördüm səni –
Qürur duydum, bilirsənmi?
Bir vaxt bizi qoruyantək
Qoruyurdun bu vətəni!
Heyrətləndim!
Necə də tez yaşa doldun?!
Sən nə zaman əsgər oldun?
İndi daha
Əllərində çanta deyil, tüfəng vardı.
Geyiminlə duruşunda
Qəribə bir ahəng vardı...
Qarabağdan duyulurdu indi səsin.
Savaşın haqq savaşıydı,
Fənnin – həyat həndəsəsi.
Sonra isə...
Sonra səni ekranlarda –
Xiyabanda gördüm, dostum.
Bir mərmərə həkk olmuşdun.
Çiçəklərlə bəzənmişdi dörd bir yanın.
İnanmadım
Belə soyuq olduğuna bu dünyanın.
Bu soyuqluq şaxta kimi
Vurdu məktəb illərini.
Göz yaşları arasından baxdım, baxdım...
Mələklərmi oxşayırdı
Mərmər üstə dalğalanan tellərini?!