İsayeva Güləmayıl Novruzəli qızı Qazax mahalının Ağstafa rayonu Sadıqlı kəndində doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Neft - Kimya institunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft –Mədən fakultəsini) bitirmişdir. Bədii yaradıcılığa məktəb illərindən başlasa da, ilk mətbu şeiri 1969-cu illərin sonlarında Neft-Kimya institunun “Neft kadrı uğrunda” qəzetində dərc olunub. Uzun müddət Bakı Dövlət Neft- Energetika Kollecində mühəndis-müəllim işləmişdir. Ali dərəcəli mühəndis-müəllimdir.
Güləmail Murad ədəbi ictimayyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə”, “Sənli-sənsiz”,, “Gecələr ulduzlar üstümə tökülür”, “Qarabağ harayı”, “Anasızlıq fəryadı”, “Qələmim əlimdə lələkdən idi”, “Yazmadıqlarım qapımı döyür”, “Vətən sağ olsun”,”Balaca müdrik”,”Dağlarda şəhid səsi”, “Günəş qürub edəndə”,”Bir damla yaş”, ”Ruhumun qanadları”, “Qaydış”, ”Aprel döyüşləri”, ”Qəhrəmanlıq yüksəkliyi”, ”Aprel döyüşləri-trilogiya”, ”Yaddaşlardan gələn səslər”, ”Günnüt zəfəri”, ”Canını vətənə sərhəd elədi...”, ”Zəka çırağı”, ”Mən bulud gözlü, sən yağış-hayku və vakalar”, “Döyüş yolları” və “Akula ləqəbli kəşfiyyatçı” kimi şeir, hekayə və esse kitablarının müəllifidir.
Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda ilk və yeganə “Hayku və Vaka” yazan qadın şairədir. “Avirasiya Şairləri” və “Dünya Ədəbiyyatı” antalogiyalarında. “Qarabağ fəryadı” şeiri türk”, “Sevgi dastanı” şeiri fransız, “Dostluq körpüsü” şeiri ingilis və ərəbcə işıq üzü görüb.
BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, sülh səfiridir.
Şeirlərinə mahnılar bəstələnib.
Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri, Respublika Qadınlar və Dünya Türk Qadınlar cəmiyyətinin üzvüdür. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə Heyəti, “Bura vətəndir”, Vətənpərvər Ziyalılar Cəmiyyətinə üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini seçilmişdir.
Türkman Ədəbiyyat və Yazarlar Birliyinin, İraq Türkman Ədəbiyyatçılar Birliyinin və İLESAM-ın (Türkiyə İlim və Edebiyat Eseri Sahipleri Meslek Birligi) üzvüdür.
Ədəbi uğurları və ictimai fəaliyyəti bir çox mükafat, diplom və fəxri fərmanlarla dəyərləndirilib.
“Vətənpərvərlik işində xidmətlərinə görə” medalı; General Əliağa Şıxlinski yubiley medalı və fəxri diplom; Rossiyskaya Fedarasiya Udostoverenie yubiley medalı “75 let pobedı v velikoy oteçestvennoy voyne 1941-1945qq.”
Həsən bəy Zərdabi diplomu; Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin diplomu; Azərbaycan Yazıçılar Birliyinin “Hərbi-vətənpərvərlik mövzusunda yazdığı əsərlərə görə” fəxri fərmanı; “İlin lirika kitabı” fəxri diplomu; İran-Urmiya İkinci Beynəlxalq Poeziya Festivalı laureatı; Məhsəti Gəncəvi mükafatı laureatı; “Oskar-Ozan” mükafatı fəxri diplomu; Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomu; Misir Mədəniyyət Mərkəzinin fəxri fərmanı və təşəkkürnaməsi; Borçalı İctimai Cəmiyyətinin diplomu; Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqədə hekayə üzrə II yer və II dərəcəli diplom; Beynəlxalq dərəcəli Rəsul Rza ədəbi mükafatı; İstanbulda keçirilən “Şiir Fırtınası”nın Türk kültürü və Ədəbiyyatına vermiş olduğu xidmətlərə görə fəxri diplomu
Yeni Azərbaycan Partiyasının üzvü və Prezident təqaüdçüsüdür.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır.
AZƏRBAYCAN RESPUBLIKASININ
QALİB PREZİDENTİ,MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN
İLHAM ƏLİYEV CƏNABLARINA...ZƏFƏRİN MÜBARƏK
Gün kimi doğuldun nurlu səhərdən,
Almısan dərsini Ulu Öndərdən!
Düşməsin qılıncın görüm kəsərdən,
Sənsən qürurumuz, sənsən şanımız,
Müzəffər Ali Baş Komandanımız!
Dünyanı mat qoyub kamalın sənin,
Pozulmaz inşallah, cəlalın sənin!
Olmasın heç zaman məlalın sənin,
Sənlə qoşa olsun Mehribanımız,
Müzəffər Ali Baş Komandanımız!
Zəfər müjdəsi tək çağladın, əsdin,
Düşmənin yolunu hər yandan kəsdin!
Sülhdən başqa yoxdu heç zaman qəsdin,
Bədəndə ruhumuz, təndə canımız,
Müzəffər Ali Baş Komandanımız!
Yurd oldu amalın, haqq oldu andın,
Özünü Vətənə bir oğul sandın!
Haqqın keşiyində ər tək dayandın!
Sənsiz keçmədi heç bircə anımız
Müzəffər Ali Baş Komandanımız!
Bir zəfər müjdəsi gətirdin hər gün,
Sərkərdə borcunu bitirdin hər gün!
Xalqı qələbəyə yetirdin hər gün,
Qalmadı yerlərdə şəhid qanımız,
Müzəffər Ali Baş Komandanımız!
Ey əsgər libaslı, ey boyu çinar,
Nə gözəl yaraşır sənə bu vüqar!
Səni hifz eləsin qoy Pərvərdigar,
Gül-çiçəklər açsın dörd bir yanımız,
Müzəffər Ali Baş Komandanımız!
Sən Allahdan gələn buyruğa döndün,
Düşmənin başında yumruğa döndün!
Yenilməz sərkərdə, başbuğa döndün!
Ey birinci milli qəhrəmanımız,
Müzəffər Ali Baş Komandanımız!
Vətən səmlarda qartal tək süzür,
Baxışı yağının bağrını üzür!
Zəfəri zəfərin üstünə düzür!
Çünki sənsən sahibi-zamanımız
Müzəffər Ali Baş Komandan!
AZƏRBAYCANIM!
Mən sənə can dedim, çünki canda tən
Səninlə canlanır, Azərbaycanım!
Dünyaya gələndən damarımda qan
Eşqinlə dolanır, Azərbaycanım!
Min fitnə sağında, mini solunda,
Aslan qüvvəsi var polad qolunda!
Gör neçə ildir ki, haqqın yolunda
Odlara qalanır Azərbaycanım!
Haqqa söykənibdi kökün, dayağın,
Uzaq ulduzlardan gəlir sorağın.
Harda ədalət var, üçrəng bayrağın
Orda dalğalanır, Azərbaycanım!
Mərmərədən Altay dağlarınacan,
Kazandan Təbrizin bağlarınacan,
Hamı bir ağızdan sənə deyib can,
Səni qardaş sanır, Azərbaycanım!
Adınla qoşadır sevinc, səadət,
İnsana, millətə, haqqa məhəbbət.
Batıdan, Doğudan gör neçə millət
Sənə ünvanlanır, Azərbaycanım!
Güləmail səndən ilhama gəlir,
Pərvanədir, yanan bir şama gəlir.
Qutsal bayrağını salama gəlir,
Quş tək qanadlanır, Azərbaycanım!
PORTRET
Xalq yazıçısı Anarın 80 yaşına
Rəssam, bir portret çək mənim üçün,
Orda Nəsiminin hünəri olsun.
Orda Füzulinin qəmi-kədəri,
Orda Xətayinin zəfəri olsun.
Əgər çəkər olsan o portreti,
Əvvəlcə Qorqudun qopuzun dinlə.
Göygölün suyundan bir ovuc götür,
Rəngləri qarışdır öz əllərinlə.
Əlvan, şux rənglərdən vur kətan üstə,
Rənglər göz yaşı tək dumduru olsun.
Qoy o portretdə min beş yüz illik
Oğuz şeirimizn qüruru olsun.
Qoy o portretdən Nigar xanımın,
Ana laylasının duyulsun səsi.
Baxanı tilsimə salsın bir anda
Cansız bir kətanın canlı nəfəsi.
Sonra da götürüb bir Göyçay narı,
Rənglərin üstünə sıx, sıxa bilsən.
Rənglərin bəminə en Rəsul kimi,
Rənglərin zilinə çıx, çıxa bilsən.
Orda bir millətin ağır yükünü,
Çiynində daşıyan insanı yarat.
Sadəcə portret çəkmə, qardaşım,
İnsan simasında tarixi yarat,
İnsan timsalında zamanı yarat!
Bilirəm çətindir, bunuçün gərək
Keçəsən torpaq, yel, dəniz və oddan.
Amma səksən illik uzun bir ömrün
Əsas akkordların çıxarma yaddan.
Üzeyir dayansın "Üvertüra"sı,
Orda Şopen olsun "Etüdlər"iylə.
Orda ədib olsun şöhrəti-şanı,
Orda insan olsun dərdi-səriylə!
Bir insan ki, bilsin ömrün mənasın,
Qələmdən, yazıdan, ədəbiyyatdan!
Bir ədib ki, qalxıb beşmərtəbəni,
Həyata boylansın altıncı qatdan.
Tənə sellərinə sinə gərsin o,
Dəryada dayansın qoca dağ kimi.
Qalib doğularaq qalib yaşasın,
Qürurla dayansın uca dağ kimi!
Sonra da... ən uca bir zirvədən as,
Odur sözümüzün imanı, dini.
Baxanlar desinlər çəkmisən, qardaş,
Yazıçı Anarın portretini.
ADINLA FƏXR EDİR
AZƏRBAYCANIM
Xalq Yazıçısı Çingiz Abdullayevin 60 yaşına
Sənə Çingiz adı verən kim olub,
Nə bilib dünyaya səs salacaqsan?
Çingiz xan qılıncla tutan dünyanı,
Kağızla, qələmlə sən alacaqsan.
Çox şahlar, xaqanlar gəlib-gedibdir,
Hər kəs qiymətini alır dünyada.
Yazar qələminin qüdrəti ilə
Hökümdar özü də qalır dünyada.
Adınla fəxr edir Azərbaycanım,
Milli detektivin bayraqdarısan!
Uşaq da, böyük də səni oxuyur
Çağdaş sözümüzün iftixarısan!
Qaynar bulaq kimi çağlayır sinən,
Yüzlərlə kitaba imza atmısan.
Xalq Yazarı kimi şərəfli ada,
Lap cavan yaşından gəlib çatmısan.
Hər yetən söyləyir indi yazaram,
İndi şair çoxdur, yazıçı çoxdur.
Amma sənin kimi dünyada məşhur
İkinci yazıçı hazırda yoxdur.
Çoxu deyir filan ödülü aldım
Çoxunun kitabı dünya çapında.
Bir həddi-hesabı olar yalanın,
Bir ölçüsü olar sözün, lafın da.
Sən isə sadəlik etalonusan,
Baxmayıb nə şöhrət, nə də şanına!
Bədii sözümüz səninlə yetib,
Dünyanın bədii söz ümmanına.
Dünya dedektivi səmalarında
Dronqon ulduz tək alışır, yanır!
Şerlok Holms ilə, Puaro ilə
Komissar Meqreylə birgə dayanır!
Yazardır zamanın görən gözləri,
Yazardır millətin danışan dili.
Deputat nişanı taxmadın,
Amma sən oldun birinci millət vəkili.
Dünyada şöhrətdən, ad-sandan qabaq,
Yazıçı taleyin, yazar adındır.
Xalqın məhəbbəti, xalqın sevgisi
Həyatda ən böyük mükafatındır.
Qardaş, sən də çatdın altmış yaşına
“Altımışı aşırdın, yüzə nə qaldı?”
Adına adadım bu üç-dörd bəndi,
Yazmaqdan savayı bizə nə qaldı?
SÖZÜN SENATORU
Xalq Yazıçısı Maqsud İbrahimbəyovun 85 illiyinə
Sən qədim bir ocaqda, güllü bir may səhəri
Dünyaya bahar kimi gəlmisən, Maqsud qağa!
Neçə qarlı könüldən əzabı, iztirabı
Hər yeni kitabınla silmisən, Maqsud qağa!
İnşaat fakültəsin bitirsən də, sözlərdən
Əsərlər inşa edib abidələr qurmusan!
“Mezazoy əhvalatı”n yadımıza salaraq,
Bu yaddaş üzərində nələr, nələr qurmusan!
Qorumusan insanı “Kərgədan buynuzu”ndan,
“Bayquş gəlmişdi” deyə xəbərdarlıq etmisən!
Qələminlə keçərək çaylardan, dənizlərdən,
Sözün ümmanlarına axır gəlib yetmisən!
Neçə-neçə pyesin səhnələrdə dil açıb,
Neçə ekran əsərin dünyanı qoyub heyran!
Luiziana səni fəxri senator seçib,
Səninllə qürur duyub anamız Azərbaycan!
Sən sözün senatoru, sən nəsrin ustasısan,
Maqsud, Rüstəm – zirvədir sənətdə bu qardaşlar!
“Ondan yaxşı qardaş yox” deyən, ey Xalq yazıçım,
Nə səndən yaxşı qardaş, nə də yaxşı nasir var!
“Şərəf”, “Şöhrət”, “İstiqlal”, “Dostluq”, “Roma papası”...
Bu ordenləri almaq deyil asan, qardaşım!
Amma bütün təltiflər, bütün adlardan öncə
Sənə xalqın sevgisini qazanmısan, qardaşım!
Yazda gəlib həyata, yazda da köç etmisən,
Yurdunda Anna kimi yarın qalıbdı, Ustad!
Səksən beş yox, lap min il keçsə belə, əmin ol,
Söz adlı bir tükənməz varın qalıbdı, Ustad!