Söyləsək, bəlkə də, yüngülləşərik
Bizdən soruşsalar ki günəşə ilk dəfə nə vaxt baxmısız, böyükdən böyük ehtimalla bu sualı cavabsız buraxarıq. Amma ilk dəfə(lər) baxanda əlimizi üzümüzə tutub gözümüzü necə qıydığımızı danışa bilərik. Adamlar var, ömrümüzə günəş qədər səssiz doğurlar, narın yağış kimi təvazöylə səpələnirlər. Rüfət kimi, neçə ildi tanıdığımı bilmirəm, amma bəlkə, naşiri, redaktoru, tərcüməçisi, müəllifi olduğum onlarca kitab onun əlindən gəlib keçib, hər dəfə peşəkar mətbəəçi işini vicdanla, fədakarlıqla görüb və şəxsən mən bu müddət ərzində onun dilindən hər hansı bir şikayət eşitməmişəm. Şeirləri onun xarakterinin və deməli, həyatının güzgüsüdür. Rüfəti tanımasaydım, onun şeirlərini müəllifini tanımadan oxusaydım və məndən müəllifin portretini çəkməyimi, təsvir etməyimi istəsəydilər, həmin adam yenə də həmin o böyük ehtimalla Rüfətə çox oxşayacaqdı. Bu isə, bəlkə də, ən vacib keyfiyyətdir. Sözünün adama, müəllifinə oxşaması.
Səlim BABULLAOĞLU
Rüfət VAHİDOV
QIRXINCI PAYIZ
Qırxıncı payız da ötüşüb keçdi,
Nə dərdim, nə qəmim bəyan olmadı.
Qırx ildə o qədər az yaşadım ki,
Üzümdən-gözümdən duyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Demirəm hər günü qəmlə yaşadım.
Sevincli günlər də ötdü ömrümdən,
Amma tez yox oldu, doyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Üstümə dağ kimi qalandı kədər.
Asıldı üstündən bəyaz buludlar,
Amma yağış olub yuyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Bu tale ömürə həyan olmadı.
Öləndə qədrini bilərlər ancaq,
Rüfət, sağlığında sayan olmadı.
BU QƏDƏR DƏRD YÜKÜ
MƏNƏMİ QALIB?
Bu qədər dərd yükü mənəmi qalıb?
Daha şəllənməkdən yox taqətim də.
Dağ da dilə gələr yerimə olsa,
Dürüst yaşamaqtək var adətim də.
Can deməklə candan can əskik olmaz,
Amma can dediyin canını alır.
Elə bil ömürlük borclusan ona,
Bir dəfə yox denən, qanını alır.
Elə düz deyirlər, dəli olasan,
Yığışıb dərdini ellər çəkələr.
Məndə ki bu bəxt var, nə zaman ölsəm,
Məzarım üstünə dərd-qəm əkərlər.
DEYƏSƏN, SƏNİN DƏ
DƏRDİN AĞIRDIR
Deyəsən, sənin də dərdin ağırdır,
Gəl söylə, mən olum dərdinə şərik.
Görürəm qəlbini yaman ağrıdır,
Söyləsək, bəlkə də, yüngülləşərik.
Onsuz da yüz qəpik bir manat edir,
Nə artıq, nə əskik olmur ki, olmaz.
Nə qədər götür-qoy eləsən də, bil,
Özün yorularsan, dərdin yorulmaz.
Çöhrən də solubdur yuxusuzluqdan,
Ver dərdi mən çəkim, sən də bir az yat.
Gör nələr çəkmisən qayğısızlıqdan,
Özünlə öncəki çöhrəni oyat.
Günəştək otağa yenə işıq saç,
Qoy qalsın dərdlərin yuxularında.
Məni bihuş etsin gözəlliyin də,
Yenə əvvəlkitək qoxularında.
ƏSGƏRİM
Tanrı özü qoy yar olsun sizlərə,
Ox batırın xain baxan gözlərə.
Kəlbəcərdən xəbər verin bizlərə,
Sağ-salamat qayıt, cəsur əsgərim.
Ölümə yox, öldürməyə getmisiz,
Bu torpaqda çinar kimi bitmisiz.
Vətən üçün canı fəda etmisiz,
Sağ-salamat qayıt, cəsur əsgərim.
Azərbaycan gözəl xəbər özləyir,
Şuşa, Laçın yolunuzu gözləyir,
Xankəndi də qulaq səsdə “əz” deyir,
Sağ-salamat qayıt, cəsur əsgərim.
Sevindirir hər alınan dərə, dağ,
Hey ucalır ucaldıqca bu bayraq.
Qarabağdır Azərbaycan, Qarabağ!
Sağ-salamat qayıt, cəsur əsgərim!
DUMAN KEÇİR ÜSTÜNDƏN
“Həyat bir gün, o da bu gün” keçmə deyib üstündən,
Gücün yoxsa acizliyi icmə onun üstündən.
Çərx fırlanır, ömür gedir, ötür qəmli, şən günlər .
Qara saça arxalanma, bax, dən düşür üstündən.
Çox görmüsən sədaqəti vird eləyən xaini,
Bir də gördün, xainlərin o qəm biçir üstündən.
Dövran həmən, insan həmən, Rüfət, dünya köhnədir,
Çox da keçməz, anlayarsan duman keçir üstündən.
SUAL
Olar, Rəbbim, soruşum:
Nədən kasıb, varlı var – Əgər üryan gəlibsə,
Bu cahana adamlar?
Hərə bir yolu tutub
Bayraq edib əlində,
Qoşub, qurub yaradır
Hər adam öz dilində.
–Olmazmı, eyni olsun,
Dili, dini, imanı?
Uşaq, cavan ölməsin,
Ölümün çıxsın canı?!
Bu sadədil suallar
Min illərdi səslənir,
Cavabı elə ver ki,
Sarılım sənə, Rəbbim!