Əhmədli Mikayıl Vəli oğlu (Mikayıl İlhamlı ),
1989-cu ildə Bakıda Xarici Dillər İnstitutunun fransız dili fakültəsini V. İ. Lenin təqaüdü və fərqlənmə diplomu, 1995-ci ildə isə Moskvada Mülki Aviasiya Ali Kommersiya Mərkəzinin “Xarici ölkələrdə aviaşirkət nümayəndəsi” şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.
İlk şeirləri 1980-ci ildə Tovuz rayonunun “Həqiqət” qəzetində dərc edilmiş və mütəmadi çap olunur.
Mərkəzi mətbuatda fransız dilindən tərcümələri 1987-ci ildə “ Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görmüşdür. Bir cox şeirləri 1987-ci ildə radio və televiziya verilişlərində də səsləndirilmişdir.
2013-cü ildə ,, Şəkər söylə, bal söylə!” , 2016-cı ildə “Dağ çiçəyim, Beyrəyinəm yaralı...”, 2017-ci ildə “Bağda oxuyan bülbül”, “Qələm dostum, kefin-halın necədir?” və rus dilinə tərcümə olunmuş şeirlərindən ibarət “Aromat stradaniy moix” kitabları işıq üzü görmüşdür.
Yaşıl pasport
Əcnəbi ölkənin sərhəd məmuru,
Sən mənim ölkəmə balaca baxma,
Azərbaycan adlı bir ünvanım var,
Azad bir ölkənin vətəndaşıyam.
Əcnəbi ölkənin gömrük məmuru,
O yaşıl pasporta gözucu baxma.
Ağır keçmişim var, ağır çəkim var,
Möminə Xatunum, Şirvanşahım var.
O yaşıl pasportu mənəm daşıyan.
Mənim Qız Qalam var, mənim Bakım var
Yadelli düşmənə sinələr gərdim,
Mənim də yurdumun ağır illəri,
Mənim də tarixdə öz işgəncəm var.
Mənim öz Göygölüm, öz Ceyrançölüm,
Mənim Şamaxım var, mənim Gəncəm var.
Nəsimi soyuldu, doğrandı Babək,
Azadlıq qanınla bir vursun gərək.
Qələm əvəzinə yazan qılıncım,
Hünərim, qeyrətim, adım-sanım var.
O yaşıl pasportu mənəm daşıyan,
Azərbaycan adlı bir ünvanım var.
Bir şanlı tarixəm, şah ölkəsiyəm,
İsmayıl adında şahənşahım var.
O yaşıl pasportu mənəm daşıyan,
O hünər , o mərdlik , qürur qanımda,
Möhtəşəm bir tarix vurur qanımda,
Mən Şah İsmayılın Qızılbaşıyam...
O yaşıl pasportu mənəm daşıyan...
Mənim də pirim var, qibləgahım var.
O yaşıl pasportu mənəm daşıyan...
Mürəkkəb yerinə axan qanım var,
Mənim dərd-davalı öz nağıllarım,
Mənim faciəvi dastanlarım var.
O yaşıl pasportu mənəm daşıyan,
Önündə əcnəbi bir şəxsiyyət var,
Bizim ölkəmizdə sizə hörmət var.
Çaşıb düşünərsən, birdən, naşıyam.
O sənsən, bu mənəm, sözün varsa de!
O yaşıl pasportu mənəm daşıyan.
Möhür vurmamağa üzün varsa, de!
Bu pasportun üzü yaşıl olsa da,
Onun vərəqindən qan iyi gəlir.
Onun yaşıl rəngi mənim dinimdir,
Gördüyün hərflər mənim dilimdir.
Onun dövlət gerbi ürəyimdədir,
Mənim öz ölkəm var, öz torpağım var,
Dünyada ən uca bir Bayrağım var.
Müstəqil ölkədə mənəm yaşayan.
O yaşıl pasportum yaman ağırdır,
O pasport ağırdır əl baqajımdan,
O pasport ağırdır hava yükümdən,
O pasport ağırdır mənim çəkimdəm,
O yaşıl pasportu mənəm daşıyan.
Elə bil, bir dağ var kürəyim ustə,
Onu daşımaqdan çiynim yağırdır...
O, bir parçasıdır Azərbaycanın.
Mən onu itirsəm, demək heç kiməm,
Onu saxlayıram ürəyim üstə
Demək pasportum var,vətənim vardır.
Müstəqil ölkənin azad yarpağı,
Müstəqil ölkənin azad bulağı,
Müstəqil ölkənin azad torpağı,
Müstəqil ölkənin vətəndaşıyam.
O yaşıl pasportun ünvanı, yeri
Sinəmdə döyünən ürək üstədi.
Nə mən günahkaram uca boyluyam,
Nə sən günahkarsan, boyun bəstədi.
Başını qaldırıb mənə baxsana!..
Yaxşı görmürsənsə, eynək taxsana!..
O yaşıl passportu mənəm daşıyan!..
Lüksemburq-Berlin, mart 2016
Bir şair haqqında ballada
Uşaqkən düşünərdim Bayrondan da ucayam
Cavan getdin təəssüf, dahi oldun nə dərdin?
Öz gənclik illərimdə sənə yaşlı deyərdim,
İndi sən qoca gəncsən, mən isə gənc qocayam...
Keçirəm bir körpüdən əməllərim saf çıxır–
Mənim təbibim haqdır, həb nəyimə gərəkdir.
Deyir “Daha qocaldın, təb nəyinə gərəkdir?!”–
İlham pərim də gəlmir, vədinə xilaf çıxır.
Bizdə yola çıxana “Uğur olsun!” deyirlər,
Mən o qədər yoxsulam, əynim-başım yalınca.
Deyir “Qoca, dur gedək!” – mən gedirəm dalınca;
Mənə sahib çıxırlar öz yazdığım şeirlər...
Hayanda durum ki,
görəsən məni?!
(Nəriman Həsənzadəyə)
Dedilər, salam de, Vaqif, Vidadi,
Tanıya bildinmi görən, sən məni?
Səməd var, Şıxlı var, Hüseyn Arif,
Çətin, o dağlardan görəsən məni.
O ellər böyütdü məni mən kimi,
O güllərdən aldım şeirin rəngini...
İhamım qalıbdır orda, səngimir –
Ver, sellər aparsın Kürə, sən məni !..
Dövlətim cavandır- arzusu çoxdur,
Topağım zəngindir- ruzisi çoxdur.
Neyləyim, bu xalqın dahisi çoxdur;
Hayanda durum ki, görəsən məni?!
Dağ çİçəyİm, Beyrəyİnəm yaralı...
Dağ çiçəyim, Beyrəyinəm yaralı,
Məlhəmini di sən yax ki, yaxasan!
Ağuşunda uydum getdim, ay çəmən,
Tər çiçəyi di sən qox ki, qoxasan!
Lalələrin yanağında qan - gilə,
Bülbül oldum, haçan qondum mən gülə?
Dan yerində günəş doğa, dan gülə,
Göz qamaşa, di sən bax ki, baxasan!
İlhamlıyam, sönməz odum-ocağım,
Şeirim, sözüm vətən küncü-bucağı.
Aydan arı, sudan duru bulağım,
Coşub-daşıb, di sən ax ki, axasan!
Dostum, harda qaldın ?..
Dostum, harda qaldın, tufandı, gəl çıx,
Mən dostsuz adam yox, quru taxtayam!..
Bir vaxt Xətainin qızıldan tacı,
İndi muzeylərdə sınmış taxtıyam!...
Azadlıq adında bir ünvanım var,
Əgər dost oldumsa, əhd-peymanım var!
Elmli yerlərdə adım-sanım var,
Elmsiz yerlərdə başaqaxdıyam!..
İlhamlı, gözləmə şeirdən xeyir,
Hətta kağızdan da ucuzdu şeir.
Hamı “ziyalılar bədbəxtdir” deyir,
Bu “bədbəxt dünyanın” ən xoşbəxtiyəm!..
ÇÖRƏK
Bəzən dərd-kədərlə yoğrulmusan sən,
Ununa -urvana axıb göz yaşı.
Nankor da yeyibdir bərəkətindən,
Sınağa çəkmisən dostu, qardaşı.
Bəzən bərəkətin çəkilib göyə,
Sənə milyonçu da qalıb tamarzı.
Ən qara unundan bişən çörəyə
Zaman mötac qoyub gəlini, qızı.
And yeri olmusan Qurana qədər,
Sənə and içiblər Qurandan sonra.
Əgər yerə düşsən, alıb öpürlər
Səndəki o hökmü görəndən sonra.
Səni ən birinci qoyub süfrəyə,
Sufrədən sonuncu yığışdırırlar.
Bəzən haram qatıb mayana niyə,
Sənin un-urvanı qarışdırırlar?
Bir çörək verənə nankor çıxanda
Deyirlər yox imiş çörəyin duzu.
Çörək yerə düşdü bir restoranda,
Məndən əvvəl öpdü bir Şotland qızı.
Özgə çörəyinə bais olana
Deyiblər təndirə kündə yapmasın.
Atanı-ananı atan oğluna
Qarğış da ediblər, çörək tapmasın!
Çörək olan yerdə olmaz dərd-qada,
Çörək tapmayanda sünbül yeyiblər.
Eramızdan əvvəl qədim Romada
Şairlər sünbülə şeir deyiblər.
Çörək itirənlər görmüşəm sonda
Mədəsi ac qalıb, kisəsi yırtıq.
Qoy çörək tapanlar çörək sayanda
Versin çörəkçiyə bir çörək artıq.
Səni yeyən olub gizlicə, oğrun,
Səni yeyən olub bölüb dosla tən.
Nə gözəl deyibdir rəhmətlik Vurğun
“Çörək bol olarsa, basılmaz vətən”.
Bu yer kürəsində bir parçayıq biz,
Göydə azad səma, yerdə yol olsun!
Ağ günlərə qismət qara neftimiz,
Təki vətənimdə çörək bol olsun!
Bağda oxuyan bülbül
Bağda oxuyan bülbülün
Bağı-bağçası yox imiş.
Fələk vurduğu düyünü
Kəsən qayçısı yox imiş.
Dili yoxmuş kar olanın,
Nitqi peşəkar olanın.
Azarı şəkər olanın
Bir turş alçası yox imiş.
Qorxuram göylər yıxılar,
Günəş də yanıb yox olar.
Yalanmış uçduğum yuxular –
Uçan xalçası yox imiş.
Div-Cıtdan dostum, əlbirim,
Suyu saxlamır xəlbirim...
Min cürə gözəl dilbərin
Bir tək vəfası yox imiş...
İlhamlı – özü yalanın,
Ən gerçək sözü yalanın...
Desinlər, sözü qalanın
Bir kitabçası yox imiş!..