MƏN TƏNHAYAM, SƏN TƏKSƏN
Özümü düşünəndə yadıma Sən düşürsən,
Göyərçin qanadıtək qopur içimdən bir ah.
Mən tənhayam, Sən Təksən, bəlkə, Sən də üşürsən,
Elə isə halımı özün bilirsən, Allah.
Yaralayır dərinə süzülən göz yaşları, –
Heyif ki, qoymaq olmur ürəklərə sarğılar...
Dağıdıb buludları, kəssəm də yağışları,
Qalır gicgahlarımda zoqquldayan ağrılar.
Nə olar hislərimə sevgi göstər, bəd demə,
Çəkdiyimi duy, yetər, başqa heç nə arama.
Sənə sual verməyə qorxuram, nə həddimə,
Amma niyə fələyin duz basır hey yarama?!
Mən yalnız öz oduma pərvanətək yanıram,
Alovumdan cücərir arzuların hər dəni.
Sənin Bir olduğuna ürəkdən inanıram,
Aç, Sənə fəda olum, aç aradan pərdəni.
Bilirəm, hər varlığı sevgilə bəzəmirsən,
Uzağa getməliyəm bu fikir, bu ağılnan.
Mən Sənə bənzəsəm də, Sən mənə bənzəmirsən,
Gücündən pay ver mənə, ey özündən doğulan.
SEVİN İNSANLARI
Təqvimdən qopacaq bir yarpaq yenə,
Gələcək bir azdan axşamın səsi.
Yenə susayacaq qəlb yeni günə,
Susacaq çöldəki at kişnərtisi.
Kimisi üçün gün bir də doğacaq,
Kimisi üçün dan açılmayacaq.
Kimi dünyanı qəmə boğacaq,
Kimi bu dünyadan asılmayacaq...
Dualar axacaq əldən yuxarı,
Amin sədaları səslənəcəkdir.
Qulaqlar yenə də dələcək darı,
Həyat məqsədlərlə süslənəcəkdir.
Davamı gələcək həyatın boş-boş,
Uca dağdan sonra görünər dərə.
Bu sərxoş, o, oyaq, o biri naxoş...
Sevin insanları lap durduq yerə.
GÜNLƏR BELƏCƏ KEÇƏR
Bu günü də asıram
Ömrün dar ağacına.
Sabaha yol açıram –
Həyat ehtiyacına.
Yol gəlirəm yuxuda,
Oyaq olur sözlərim.
Baxıram ki, arxada
Yanır ayaq izlərim.
Yanğılanır nəfəsi
Bu ilahi duyumun.
Yanıqlı bir ney səsi
Oxşayırkən ruhumu.
Bir-bir cırıb atıram
Təqvim səhifələrini.
Təamıma qatıram
Xəyal səfərlərini.
Vücuduma dolanan
Duman çəni izləyir.
Can buluddan boylanan
Günəşini gözləyir.
Yanlışı, doğrusuyla,
Günlər beləcə keçər.
Bir ümid qoxusuyla
Örtər üstümü gecə.
ŞEİR YAZMAQDAN YORULDUM
Mən bu ömrümü dünyada
Nə mala, nə mülkə yordum.
Könül verdim təmiz ada,
Bir dost qəlbi oldu yurdum.
Yol aldım Adəmdən, Nuhdan,
Bədən ağır gəldi ruhdan...
Qaçarkən qaragüruhdan
Qanadlarımdan vuruldum.
Şükür, hələ salamatam,
Düz yol gəlmişəm, rahatam,
Adamam, yolam, saatam,
İlahi, Sənə quruldum.
Ağırdı ömrün şərtləri,
Keçmədim məlum xətləri,
Demədiyim lənətləri
Ahla havaya sovurdum.
Bu necə həyatdır, Aman!
Çox əllər var, bir əl yuyan...
Bircə nəfər adam duyan
Görəm, sanam pirdi, nurdu.
Gözlər azad olmur nəmdən,
Həyat keçir pəncərəmdən.
Əlim üzülüb hər yerdən,
Burulğanında buruldum.
Sınadın, üzüağ idim,
Haqq yolunda sınaq idim,
Bir tumurcuq budaq idim,
Bahar vaxtında qırıldım.
Yamanlar göz açıb gedir,
Yaxşılar intihar edir,
Bilən bilir, bu hal nədir,
Neçə yol ölüb-dirildim.
Xəyalım xoş gün izində,
Küləm bir ümid közündə,
Boğuldum qəm dənizində,
Dalğalandıqca duruldum.
ŞEİR ÜZLÜ DÜNYA
İçimdə min şeir var:
Min-min çiçəyə-gülə,
Min-min dosta-tanışa.
Ürəyimin diliylə
Hər misrası danışan.
Üzləri üzüm kimi,
Gözləri gözüm kimi…
İçimdə min şeir var:
Alovlarla oynayan.
Dənizlərlə qabaran.
Məni mənə gətirən,
Məni məndən aparan.
Mən bu şeirlərimlə
Zamanı unuduram.
Mən bu şeirlərimlə,
Batabatın, Göygölün,
Əlincənin, Kəpəzin
Havasını uduram.
Ayrılır heca-heca,
Ayrılır misra-misra,
Ayrılır ürəyimdən
Ayrılır şeirlərim –
Neçə qola ayrılır,
Neçə cığıra, izə,
Neçə yola ayrılır.
Qalmır məndə mənəmlik
Qopur heçim köçümdən...
Şeirlər qatar kimi
Gəlib keçir içimdən.
Mən öz şeirlərimdə
Büllur buz bulaqları,
Axar çayı sevirəm,
Qarlı qışı sevirəm,
Qızmar yayı sevirəm.
Qızılsaçlı Günəşi
Solğun Ayı sevirəm.
... İçimdəki səmada
Ulduzlar yanır, sönür.
Bu gün də bir şeirlə
dönürəm,
dünya dönür…