Şairə Bəyaz Əliyevanın “Nisgil, həsrət yolları” şeirlər kitabı Günəş-MMC nəşriyyatında işıq üzü görüb. Kitabın məsləhətçisi xalq yazıçısı Nəriman Həsənzadə, redaktoru yazıçı Firdovsi Heydərlidir. Kitabda müəllifin vətən həsrətli, qaçqınlıq duyğulu şeirləri yer alıb. Şairənin yaradıcılığında doğma yurd-yuvasından didərgin salınan insanların Vətən həsrəti, el-oba nisgili, qəriblik yanğısı daha çox öz ədəbi-bədii əksini tapıb. Müəllifin qələmə aldığı poeziya nümunələri ata-baba yurdundan zorla qovulan gənc qadının arzu və istəkləri, hiss və duyğularını oxucuları ilə bölüşməyə, çəkilməz dərdini onlara söyləməyə imkan verib:
Yolum hara düşdü, taleyə bir bax,
Elimdən, yurdumdan didərgin oldum,
Oxudum tarixi mən varaq-varaq,
Vətən həsrətindən gül kimi soldum...
44 günlük Vətən Müharibəsində Ali Baş Komandanımızın uzaqgörən siyasəti, ordumuzun rəşadəti, döyüş taktikası sayəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasına ürəkdən şad olan bütün yazarlarımız kimi Bəyaz xanım da qələmə sarılaraq yazdığı qələbə müjdəli şeirlərini kitabına daxil edib. Bu şeirlər Azərbaycan vətəndaşlarının ürək sözlərini ifadə edir:
Qarabağın yazılmamış tarixi,
İlham yazdı indi yeni tarixi,
Qəhrəmandır, danmaq olmaz bu adı,
Burda gizli elə bir şey qalmadı –
Ulu öndər – Heydərimin yoludur,
Onun yolu haqq-ədalət yoludur...
Məlahət Qənbərova