ŞUŞADA VAQİF POEZİYA GÜNLƏRİ
İyul ayının 10-da tanımadığım nömrədən xəbər verdilər ki, Güləmail xanım,siz də Vaqif Poeziya Günlərinə Şuşaya gedirsiz. Nağıllar aləminə düşdüm elə bil.
.. Axı Qala deyilən Şuşaya qədim şuşalılar Şüşə deyərdilər - təmiz havası, şüşə kimi parlaq səmasına görə. Cıdır düzünə çıxsan, bütün ətraf şüşə kimi görünərdi. Şuşa - dağ başında yerləşən nazlı mələk! Şuşa ətrafında ən yüksək zirvə - Kirs dağı! Gövhər ağa məscidi, Xan sarayının qalıqları, İsa bulağı... Mən bütün bunları ilk dəfə görəcəkdim.
İşğaldan azad olmuş Şuşama çağırırdı tədbirin təşkilatçısı H.Əliyev Fondundan gələn o zəng səsi. Sanki o günləri görürdüm, 40 il əvvəli. Qulağımda Ümummilli liderimiz Heydər Əliyevin səsi, gözlərimdə Şuşada, Cıdır düzündə 14 yanvar 1982-ci ildə Vaqifin məqbərəsinin və Poeziya Evinin açılışı günləri canlanır. Ümummilli liderin məqbərə qarşısındakı çıxışını eşidirdim. Vaqif haqqında dediyi sözlər gəlirdi qulağıma: ”Böyük şairmiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şeirində yeni bir yol açdı... Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şairimizdir.”