Mart ayının 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xanlar Həmidin rus dilindən tərcümə etdiyi “Avesta” (Videvdat) kitabının təqdimat mərasimi keçirilib. Kitabda prof. İ.M.Steblin-Komenski, K.Q.Zelman, A.A.Braqinski, İ.Y.Kryukov, E.Qrantovski və Bəhmənin tərcümələrindən istifadə olunub.
“Apostrof – A” nəşriyyatında işıq üzü görən kitabın redaktoru və ön sözün müəllifi yazıçı dramaturq İlqar Fəhmi, elmi redaktoru və rəyçi fəlsəfə elmləri doktoru, professor Kazım Əzimovdur.
Kitaba ilk dəfə tam şəkildə Azərbaycan dilinə poetik tərcümə olunan “Avesta”nın “Videvdat” hissəsi daxil edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qudsal kitabların araşdırılmasının vacib olduğundan bəhs edib: “Azərbaycan xalqının tarixi qutsal xəzinələrindən biri də zərdüştliyin ana kitabı olan Avestadır ki, onun içindəki hikmətlər illər keçsə də öz əhəmiyyətini itirməyib. Avestanın araşdırılması, tədqiqi ilə ölkəmizin hüdudlarından kənarda da, ölkəmizdə də alimlər məşğul olmuş, bu gizli xəzinəni müasir insanlar üçün açmağa çalışmışlar”.
Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov Avestaşünaslıq şöbəsinin yaradılması, orada dini, fəlsəfi məsələlərin kompleks şəkildə tədqiq olunmasının vacibliyindən söz açıb.
Təbdirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi Çingiz Abdullayev, sədr müavini Rəşad Məcid, katib Elçin Hüseynbəyli, millət vəkili İqbal Məmmədov, filologiya elmləri doktoru, professor Elman Quliyev və başqaları “Avesta” – minillər tarixi olan bu cür dərin məzmunlu, fəlsəfi, sakral əsər haqqında öz fikir və düşüncələrini bölüşüblər, minillik mənəviyyat tariximizin dərinliklərinə baş vurmaq üçün oxuculara yol göstərəcək bir kitabı tərcümə edən Xanlar Həmidə təşəkkür ediblər.
Məlahət Qənbərova