***
Bütün ümidlərin kökü kəsilib,
Bütün ümidlərim məzar qoxuyur.
İllərdir qəlbimdə yatan arzular
Sabah oyanmaqçün dua oxuyur.
Yaddaşım köksünü ötürür yenə,
Keçmişin kölgəsi alır başımı.
Dünənlər dağ çəkir qəlbimin üstə,
Sabahlar gənclikdən çalır yaşımı.
Sənsizlik qoynunda quruyur ömrüm,
Ölümlə qalımın savaşındayam.
Həsrət adlı dərddən zarıyır ömrüm,
Həyatın qaranlıq libasındayam.
Bu bəxtin nazıyla çox oynamışam,
Susamış göz yaşım yanaqlarına.
Mən Allah deyiləm, fəqət yenə də
Səni bağışladım günahlarına.
SƏNDƏN UZAQLAR
Səndən uzaqların havası soyuq,
Səndən uzaqların bəxti qaradır.
İtirib yolunu ümidlərim də,
Bilinmir ünvanı nədir, haradır.
Taleyim kədərin toruna düşüb,
Hər bir çırpınışla qəmə bürünür.
Zamanın gözünə dağ bassam belə,
Ötən hər günümdə yerin görünür.
Dolanır aylarım, illərim sənsiz,
Gəncliyim boynunu bükür beləcə.
Mənə unutmağın reseptini yaz,
Ya da ki de, səni unudum necə...
Toz basmış pəncərə şüşələrimdən
Həsrətin boylanır qaranlıq kimi.
Çirkli ovuclarım duaya həsrət,
Ölüm bədənimə çəkir şəklimi.
Nə sən həmin o adam, nə mən həmin qadınam,
Boyn bükük ümidlər ruhunu təslim edib.
Qarşılaşsaq, döyünməz birgə vuran qəlbimiz,
Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.
Yaşadığım ünvan da daha həminki deyil,
Daha xatirələr də canlanmır gözlərimdə.
Varlığınla var olan o qadından əsər yox,
Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.
Bircə-bircə xəyallar uçuruma adlayır,
Zaman da taleyimə kəm biçəcək soydadır.
Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam,
Qaniçən yoxluğunun qaranlığı boydadır.
DAĞILAN ÜMİDLƏR
Dağılıb ümidlərin hərəsi bir köşəyə,
Neyləyim axtarmağa taqətim də qalmayıb.
Mən necə yanılmışam səni belə sevərək,
Sən adlı bir ünvanım heç əzəldən olmayıb.
Tıxanır boğazımda eşqə dair cümlələr,
Lal olur məhəbbətim sevgisizlik dilindən.
Taxtın qurub qəlbimdə, həsrətin padişahı,
Qurtar məni, İlahi, bu qüssənin əlindən.
Üşüyür xatirələr, yaddaşımın evində,
Ruhum soyudur artıq nəfəsimdən özünü.
Yollar uzanıb gedir hicranın qollarına,
Gəl birlikdə kor edək ayrılığın gözünü.
ÇAĞIRIR MƏNİ
Ruhum asılıb göydən,
Ölüm çağırır məni.
Haqqın yolunu kəsən,
Zülüm çağırır məni.
Qəmin gölündə batan,
Dərdinə dərdi qatan,
Ana bətnində yatan
Dölüm çağırır məni.
Qədərə pərçim olan,
Qönçəsin erkən yolan,
Açılmamışkən solan
Gülüm çağırır məni.
Taleyinə qor olan,
Yanıb, yanıb, qovrulan,
Yanmış bəxtdən sovrulan
Külüm çağırır məni.
SƏNDƏN SONRA
Bir quru canım qalıb, səndən sonra özümdən,
Uğursuzluqlar büküb, taleyimin qəddini.
Boş, mənasız bu dünya elə düşüb gözümdən,
Yarıb keçə bilmədim kədərin sərhədini.
Basdırılmış ümidlər üşüyür məzarında,
Çəkdiyim ah-nalələr ərşə qulaq batırır.
Taleyinin önündə diz çökən quzğun kədər
Mənim də gəncliyimi ağuşunda yatırır.
Bax, hələ də qalmışam keçmişin qucağında,
Sönük gəzdirir ruhum bu cansız bədənimi.
Sən indi ailənlə, öz isti ocağında,
Mən hər gün itirirəm yaşamaq "nədən"imi.
ÜMİDSİZ
Nə vaxtdır ki ümidsiz, gümansızam sabaha,
Arzuların canında məndən əsər qalmayıb.
Allahın ümidinə yaşayıram hələ də,
Bu kor qalmış bəxtimin gözləri açılmayıb.
Hey cəm olur sinəmdə, çarpazlaşır dərdlərim,
Hicran hələ zövq alır həsrətinin dadından.
Xəyalının kölgəsi kəsir başım üstünü,
Ümidsizəm, ümidsiz o sevdiyin qadından.
O sevdiyin qadının kədər qırıb belini,
O yuxa ürəyi də Çin Səddinə bürünüb.
O sevdiyin qadının buraxandan əlini
İşıqlı sabahlardan qaranlığa sürünüb.
Yolların sinəsində üşüyür yoxluğunla,
Didərgin bir sevginin nəfəsini daşıyır.
Puç olmuş gəncliyilə bu vəfasız həyatda
Allahın ümidinə yalan-gerçək yaşayır.
SƏNSİZLİYƏ DOĞRU
Üz tutur sənsizliyə saatların əqrəbi,
Hər dəqiqə ömürdən, bir ömürü aparır.
Xatirələr can verir zamanın yaddaşında,
Nə ömür sona yetir, nə sənsizlik qurtarır.
Zaman da öz payından, artıq pay vermir bizə,
Doğan günəş isitmir üşüyən sevgimizi.
Yuxuların çin olma ümidi sona yetib,
Yuxular da birlikdə görmək istəmir bizi.
Döyülür sol yanımda həsrət adında vurğu,
Nəbzim də hey deyinir, yorulur sürətindən.
Kiçicik bir ürəkdə bunca böyük bir sevgi,
Özüm də nigaranam, inan ki, səhhətimdən.
Kədər öz örpəyini atıb başım üstünə,
İtib dodaqlarımda təbəssümün şöləsi.
Yalnızlıq qala qurur, yeni yaşım üstünə,
Havadan da duyulur bir əlvida nəfəsi.
ŞƏN, MAKİYAJLI QADIN...
Can çəkişir ümidlər həsrətinin dizində,
Körpəcə arzuların bükülür bel-buxunu.
Yorğun bir ürək gəzir, sənsizliyin izində,
Ay mənim uzaqdakı ən dəyərli yaxınım.
Xatirənlə baş-başa – dörd divardır, bir də mən,
Saatın əqrəbləri zamanı qabaqlayır.
Sənsizlik payız kimi xəzan tökür üstümə,
Sənsizlik payız təki ömrümü qucaqlayır.
Taqətsizəm, sabaha yalınayaq gedirəm,
Yollar tikan bitirir, ayağımın altında.
Səndən sonra qəhəri çəkirəm üz-gözümə,
Səndən sonra həsrətəm makiyajlı qadına.
KİMSƏSİZ DAXMA KİMİ
Kimsəsiz bir daxmayam,
Qapanmışam özümə.
Xəyalları toz basıb,
Görünmürlər gözümə.
Uçub sevgi çatısı,
Məhəbbəti üşüdür.
Hayqırtımı, sadəcə,
Yalnızlığım eşidir.
Payız keçib üstündən,
Xəzanına bürünüb.
Uçuq-sökük bu daxma,
Hey bahara sürünür.
Bütün yollar qapanıb,
Təklik sarıb dörd yanı.
Bitəcəkmi, görəsən,
Bu daxmanın üsyanı?