BƏDİİ DÜŞÜNCƏ İLƏ ELMİ TƏFƏKKÜRÜN SİNTEZİ
1944-cü ildə Nobel Mükafatları Komitəsinin qərarına əsasən, mükafatların verilməsində İkinci Dünya müharibəsi ilə əlaqədar yaranmış fasilə sona yetdi və həmin il bütün sahələr üzrə mükafatçılar müəyyən edildi. Bəşər salnaməsinə ən qanlı hadisə kimi daxil olmuş bu savaşın antifaşist qüvvələrin qələbəsi ilə başa çatması dünya tarixində, həqiqətən, yeni bir mərhələnin başlanğıcını qoydu. Siyasi və ideoloji mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrin vətəndaşları gələcəyə işıqlı ümidlərlə baxmağa başladılar. Bu faktor dünyanın ən nüfuzlu beynəlxalq mükafatı laureatlarının seçilməsinə də öz təsirini göstərdi. Bundan sonra Nobel Komitəsi mükafatçıların fəaliyyətində humanitar amilin dərəcəsinə daha çox önəm verməyə başladı. Onu da qeyd etmək lazımdır ki, müharibə illərində Nobel mükafatları verilməsə də, namizədlərin adları qəbul edilir və rəsmi siyahı tərtib olunurdu. 1940, 41, 42, 43-cü illərdə ədəiyyat üzrə mükafata namizədlərin sırasında sonrakı illərdə Nobel mükafatına layiq görüləcək H.Hesse, Q.Mistral, K.Sendberq, C.Steynbeq, T.Eliot, B.Pasternak, M.Şoloxov kimi görkəmli yazıçıların adları da vardı.
1944-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı “intellektual biliyə həvəsi və bənzərsiz yaradıcılıq üslubu ilə birləşdirmiş olduğu müstəsna poetik təxəyyülünün gücü və zənginliyinə görə” Danimarka yazıçısı – görkəmli şair, nasir, publisist, təbiətşünas, səyyah Yohannes Yensenə verildi. Danimarka ədəbiyyatı ayrı-ayrı müəlliflərin və əsərlərin ədəbiyyat tarixində müstəsna yer tutması ilə xüsusi fərqlənməsə də, o vaxta qədər ən prestijli mükafata layiq görülmüş yazıçıların sayına görə bir çox “ədəbiyyat ölkələri”ni qabaqlayırdı. Y.Yensen bu siyahıda Danimarkanın üçüncü nümayəndəsi idi. Ədəbi yaradıcılıq sahəsində elə bir fövqəladə nailiyyəti ilə seçilməyən Danimarka ədəbiyyatı üçün bu, çox yüksək göstərici idi. Xüsusi olaraq vurğulamağı lazım bilirik ki, bütün dünyada Skandinaviya ölkələrindən biri sayılan, daha doğrusu, bu cür qələmə verilən Danimarka coğrafi cəhətdən Skandinaviya yarımadasında yox, ona qonşu olan Yutlandiya yarımadasında yerləşir. Onu yalnız tarixi-mədəni (həm də ədəbi) mənada Skandinaviya ölkəsi hesab etmək olar. Qonşu xalqların ədəbi mühitində Y.Yensenin mövqeyini Norveçdə S.İbsenin, İsveçdə S.Lagerlöfün mövqeləri ilə yanaşı qoymaq olar. O, XX əsr Danimarka ədəbiyyatının ən dəyərli nümayəndələrindən biri sayılır və ölkəsində milli ədəbi düşüncənin simvolu kimi qəbul edilir. Bu gün dünya ədəbiyyat aləmində populyar olmasa da, ədəbiyyatın yaddaşında qalan əsərləri ona belə bir məşhurluq haqqını verir.
(Yeri gəlmişkən, belə bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, Y.Yensenin adaşı – görkəmli alman alimi Yohannes Yensen 1963-cü ildə kvant mexanikası sahəsində elmi araşdırmalarına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür).
1944-cü ilin Nobel mükafatlarının təqdimat mərasimi yalnız 1945-ci ildə – Dünya müharibəsi başa çatandan sonra keçirildi. Mərasimdə İsveç Akademiyasının üzvü Andres Esterlinq Y.Yensenin sənətini yüksək qiymətləndirərək onun ədəbi yaradıcılığının “ən müxtəlif epik və lirik, romantik və realistik əsərləri, habelə tarixi və fəlsəfi esseləri ehtiva etdiyini bildirmişdi. Yeni laureatın Nobel nitqi onun yaradıcılığının ümumi ruhu ilə həmahəng səslənirdi. O, çıxışının böyük bir hissəsini Alfred Nobelin və görkəmli Danimarka təbiətşünası, Çarlz Darvinin ən nüfuzlu davamçısı Karl Linneyin elmi fəaliyyətinin dəyərləndirilməsinə həsr etmişdi. Y.Yensenin yaradıcılığının ümumən çox geniş əhatə dairəsinə baxmayaraq, onun ədəbiyyat üzrə mükafata layiq görülməsini Nobel Komitəsinin tələsik qərarı kimi qiymətləndirənlər də vardı. Məsələn, ABŞ jurnallarindan biri Y.Yensenin əsərlərinin böyük ədəbiyyat nümunəsi olmadığını vurğulayaraq onun ən nüfuzlu ədəbi mükafata layiq görülməsini aşağı liqaya məxsus beysbolçunun yüksək liqada çıxış etməsinə bənzətmişdi.
Yohannes Vilhelm Yensen 1873-cü il yanvarın 20-də Danimarkanın şimalında yerləşən Himmerlənd əyalətində, Farsye şəhərində baytar ailəsində doğulmuş, ömrü boyu ölkənin paytaxtı Kopenhagendə yaşamışdı. Atası peşəsinə görə ədəbiyyatdan uzaq adam olmasına baxmayaraq, ciddi şəkildə milli folklorun toplanması və öyrənilməsi ilə də məşğul olurdu. Övladlarında da ədəbi yaradıcılığa maraq oyada bilmişdi. Təsadüfi deyil ki, ailənin on bir uşağından dördü sonralar peşəkar yazıçı olmuşdu. Yohannesin kiçik bacısı Tit Yensen ölkəsində tarixi romanlar müəllifi kimi tanınmışdı, eyni zamanda Danimarka qadın hərəkatının öncüllərindən idi.
İlk təlim pilləsini ev şəraitində keçən Yohannes orta təhsilini dini təmayüllü kafedral məktəbdə almışdı. Kopenhagen Universitetinin tibb və təbiət elmləri fakültəsinin tələbəsi olan Y.Yensen hələ gənclik çağlarından ədəbiyyatla dərindən maraqlanmış, öz ölkəsinin yazıçıları ilə yanaşı, U.Şekspir, H.Heyne, E.Zolya, K.Hamsun, R.Kiplinq kimi görkəmli sənətkarların da yaradıcılığını dərindən öyrənmişdi. Ümumiyyətlə, onun bütün yaradıcılıq fəaliyyətində ən çox heyrət doğuran cəhət mütaliə dairəsinin fantastik dərəcədə geniş olması idi.
Praktik yaradıcılığının ilk dövründə bir neçə detektiv roman yazaraq onları İvar Lvekke imzası ilə nəşr etdirən gənc yazıçı xeyli populyarlıq qazanır və bundan sonra çap etdirdiyi avtobioqrafik xarakterli ”Eynar Elker” və “Danimarkalılar” romanları ilə ciddi yaradıcılıq yoluna qədəm qoyur. Yazıçı “Danimarkalılar” romanının personajları nümunəsində Danimarka gənclərinin qəlb ağrılarını, ümidsizlik, çıxılmazlıq girdabından xilas olaraq həyat eşqi, yaşamaq uğrunda mübarizə əzmi qazanacaqlarına inamını əks etdirməyə çalışır. Hərçənd ki, yazıçı özü gəncliyin qələm təcrübəsi saydığı bu əsərləri yaradıcılıq nailiyyəti saymır və yetkinlik dövründə çap olunan kitablarına daxil etmirdi.
Bu əsərlərin nəşrindən əldə etdiyi qazancla ABŞ-a səyahət edən Yohannes Amerika cəmiyyətinin həyat prinsiplərini ideal nümunə kimi qəbul edir və ömrü boyu bu mövqedə qalır. 1902-1903-cü illərdə bir daha ABŞ-a səfər edən yazıçı bir ildən artıq orada yaşayır. ABŞ səfərindən sonra Y.Yensen universitet təhsilini yarımçıq qoyaraq o vaxta qədər əməkdaşlıq etdiyi “Politika” qəzetində rəsmi işə qəbul edilir. Bir neçə il davam edən müxbirlik fəaliyyəti onun yazı manerasının püxtələşməsinə və bədii yazılarında publisistik motivlərin güclənməsinə səbəb olur. Qəzetin müxbiri kimi bütün Avropa ölkələrində olur, 1901-ci ildə Parisdə keçirilən ümumdünya sərgisinin fəaliyyətini işıqlandırır, İspaniyaya ezamiyyətə göndərilən yazıçı burada cərəyan edən vətəndaş müharibəsinin hadisələrini 1902-1903-cü illərdə “Politika”nın səhifələrində dərc etdirdiyi silsilə məqalələrdə şərh edir. Həmin dövrdə yenidən dünya ölkələrini səyahətə çıxan Y.Yensenin gördüyü yeni ölkələr, müşahidə etdiyi insan xarakterləri onun yaradıcılığına yeni enerji, yeni süjet motivləri verir. Səyahətlər əsasında yazdığı əsərlərdə o, görüb-tanıdığı müxtəlif xalqların həyat tərzini, onları təmsil edən insanların xarakterini, psixoloji özəlliklərini əks etdirməyə çalışır. Gəzdiyi ölkələrin nümunəsində dünyaya yüksək mütərəqqi mövqeli ziyalıların təhlili (analitik) baxışları səviyyəsindən dəyər verir.
Y.Yensen peşəkar ədəbiyyata qədəm qoyanda Danimarka və ümumən Avropa ədəbiyyatında aparıcı mövqe tutan neoromantizm ədəbi cərəyanı gənc yazıçının yaradıcılıq manerasının formalaşmasında həlledici rol oynaya bilmədi. Çünki o, həyat gerçəkliklərinə real, şüurlu yanaşmanın tərəfdarı idi. Hələ yetkinkik yaşlarına çatmazdan əvvəl anlamışdı ki, həyat reallıqlarına qeyri-rasional mövqedən yanaşma insanı və bütövlükdə cəmiyyəti ictimai tərəqqi yolundan uzaqlaşdırır.
Yaradıcılığının həmin dövründə yazdığı hekayələrdə gənc yazıçı mühafizəkar xalq həyatının özəlliklərindən doğan dünyagörüşünün əsrlər boyu yaşatmış olduğu ənənəvi təsəvvürlərin köklərini araşdırmağa çalışırdı. 1898-ci ildə nəşr etdirdiyi “Himmerləndin insanları” kitabı Yutlandiya sakinlərinin adət-ənənələrindən, yaşam tərzindən bəhs edən realist hekayələr toplusu idi. Həmin mövzunu davam etdirən yazıçı 1904-cü ildə “Yeni Himmerlənd əhvalatları”, 1910-cu ildə isə “Himmerlənd tarixçələri” kitablarını oxuculara təqdim edir. Ədəbiyyat dairələri və ədəbi tənqid bu kitabları yüksək qiymətləndirir.
Əsasən bədii təxəyyül məhsulu kimi meydana çıxan bu əsərlərlə paralel olaraq yazıçı Danimarka tarixində önəmli rol oynamış kral II Kristianın həyatından, faciəvi taleyindən bəhs edən və real hadisələrə əsaslanan üç cildlik “Kralın süqutu” tarixi romanını yazır. Əsər hər biri ölkənin tarixində ayrıca mərhələni əhatə edən üç hissədən ibarətdir. “Baharın ölümü” adlı birinci kitabda 1490-cı ildə İsveçə qarşı azadlıq müharibəsinə hazırlıq mərhələsinin hadisələrindən, “Möhtəşəm yay” adlı ikinci kitabda İsveç krallığı üzərində qazanılmış şanlı zəfərdən, “Qış” adlı üçüncü kitabda isə 1523-cü ilin kəndli üsyanı nəticəsində kral II Kristianın hakimiyyətdən salınaraq qətlə yetirilməsindən bəhs olunur. Müəllif baş qəhrəmanını ölkəsini azad, çiçəklənən bir diyara, əhalisini isə xoşbəxt bir xalqa çevirmək istəyən mütərəqqi insan kimi təsvir edir. Fəqət arzuların zamanı gəlməyib və bu şəxsiyyət işıqlı gələcəyi yox, qaranlıq mühiti seçmiş cahil kütlənin əlində məhv olur. Kral tarixi fiqur kimi tənha olsa da, ədəbi qəhrəman kimi tək deyil. Yazıçı Kristianı bütün həyatı boyu xaraktercə onun əksi – antipodu olan əkiz qardaşı Mikkey ilə paralel təqdim edir. Kraldan fərqli olaraq, qardaşı sanki real dünyada yox, uydurma xülyalar aləmində yaşayır. Müəllif Mikkeyi yalan, saxta düşüncələrlə ömür sürən, xəyanət yolu seçərək özünə və ətrafına, son nəticədə bütün xalqına, vətəninə bədbəxtlik gətirən mənfur bir insan kimi təqdim edir. Bədii əsər olaraq, romanın ən əlamətdar və orijinal cəhəti odur ki, bütün süjet boyu qəhrəmanını sanki ikili həyat sürən, xeyirlə şər arasında tərəddüd edən bir insan kimi göstərən müəllif bütün bu fantastik həyat gerçəkliyini – hadisələrin mərkəzində bir yox, iki surətin dayandığını, ziddiyyətli xarakterli bir qəhrəmanın yox, bir-birinə zidd olan iki qəhrəmanın mövcudluğunu oxucuya yalnız əsərin finalında – qəhrəmanın ölüm anında açıb göstərir. Bu trilogiyanı indiyə qədər də Danimarka ədəbiyyatında tarixi mövzuda yazılmış ən dəyərli əsər kimi qiymətləndirirlər. Yeri gəlmişkən, “Kralın süqutu” çap olunduqdan sonra Y.Yensenin əsərlərini bir çox Avropa xalqlarının dillərinə tərcümə etməyə başladılar.
1904-cü il Y.Yensenin şəxsi həyatı üçün də əlamətdar olur. Gənc yazıçı Elza Mariya Ulrik adlı xanımla ailə qurur və yenidən Kopenhagendə yaşamağa başlayır. Bu evlilikdən onların iki oğlu dünyaya gəlir.
Nəsr əsərləri ilə yanaşı, məhsuldar poeziya yaradıcılığını da davam etdirən Y.Yensen 1906-cı ildə “Şeirlər” adlı ilk poetik toplusunu nəşr etdirir. Danimarka ədəbiyyatı mütəxəssisləri onun həm şeir, həm də nəsr əsərlərinin bədii-üslubi xüsusiyyətlərindən bəhs edərkən yazıçının son dərəcə zərif və həssas söz xiridarı olduğunu xüsusi qeyd edərək bu əsərləri dil və ifadə baxımından yüksək sənətkarlıq nümunəsi kimi dəyərləndirirlər.
Y.Yensenin həyat mövqeyindən söz açarkən onu da əlavə etmək lazımdır ki, dərin əqidəli ateist olan yazıçı dini görüşləri xalqın ictimai tərəqqisi üçün maneə sayırdı. Onun fikrincə, ictimai tərəqqinin hərəkətverici qüvvəsi insanı cəhalətdən xilas edib elmi düşüncə yoluna gətirməkdir. Bədii yaradıcılıqla paralel, həm də insanı yalnız ictimai deyil, eyni zamanda bioloji varlıq olaraq götürən təbiət fəlsəfəsinin – natural fəlsəfənin görkəmli nümayəndəsi kimi tanınan Y.Yensenin elmi mülahizələri bu sahədəki həmkarlarından fərqli olaraq, yüksək yaradıcılıq fantaziyası və bədii təxəyyül elementləri ilə zəngindir. Bir təkamülçü kimi o, yalnız bioloji varlıqların deyil, insan cəmiyyətinin də tərəqqisinə inanırdı.
1912-ci ildə Y.Yensen ikinci dəfə böyük səyahətə çıxır. Səyahət zamanı avropalılar üçün əlçatmaz sayılan Monqolustan, Çin, Sinqapur, Seylon kimi ölkələrlə tanış olur. Şərqdən qərbə doğru bütün Rusiya ərazisini qatarla keçir. Bu tanışlıqdan aldığı təəssüratı 1915-ci ildə nəşr etdirdiyi “Zəmanəmizə giriş” adlı publisistik kitabında əks etdirir. Dünya səyahətləri zamanı üzləşdiyi və yaddaşında qoruduğu yaşantıları Y.Yensen 1922-1924-cü illərdə oxuculara təqdim etdiyi altı cildlik “Uzun sürən səyahət” əsərində geniş təfərrüatı ilə əks etdirir. Bu dövrdən başlayaraq ədib qələmə aldığı həm publisistik, həm də bədii əsərlərində obrazlılıqla elmiliyi, bədiyyatla intellektuallığı üzvi şəkildə əlaqələndirməyə, uzlaşdırmağa can atır və çox zaman buna nail olur. Elmi baxışlarında təkamül nəzəriyyəsinin banisi, böyük təbiətşünas və mütəfəkkir Çarlz Darvinin davamçısı kimi çıxış edən Y.Yensen öz əsərlərində bu elmi nəzəriyyənin ideyalarını bədii inikas metodları ilə ifadə edərək göstərir ki, insanı kamil bir varlıq kimi yetişdirən cəmiyyətin ictimai mövcudluq qanunları ilə yanaşı, həm də həyatın təbii inkişaf prinsipləri olmuşdur.
Yazıçının bu problemin konkret elmi və fəlsəfi cəhətlərinin bədii metodlarla şərhinə həsr olunmuş on iki cildlik ayrıca külliyyatı vardır. Onun ali ədəbi mükafata layiq görülməsində bu amil də mühüm rol oynamışdı. Təsadüfi deyil ki, Nobel Komitəsi Y.Yensendən başqa heç bir yazıçının mükafata layiq görülməsi barədə qərarında ədəbi ishtedadla yanaşı, “intellektual bilik” faktorunu xüsusi vurğulamamışdı.
1920-ci illərdə Y.Yensenin yaradıcılığı həmin dövrdə ədəbiyyata gələn gənclərin yaradıcılıq profilinin formalaşmasına güclü təsir göstərir. Əsasən xalq həyatının mənəvi panoramını əks etdirən və xalq ədəbiyyatının üslub-ifadə formalarına əsaslanan bu ədəbiyyat həm də Y.Yensenin bilavasitə təsiri altında Danimarka tarixinin keçdiyi keşməkeşli inkişaf yolunun ən mühüm hadisələrini diqqət mərkəzində saxlamağa və onları müasir dövrün tələb etdiyi yanaşma meyarları baxımından dəyərləndirməyə çalışır. Demək lazımdır ki, yazıçı bu mövzuya və onun ifadə tərzinə bir sıra prinsipial yeniliklər gətirə bilir. Müasiri olan digər qələm adamları əsas diqqəti sosial ədalət məsələlərinə yönəltdikləri halda, Y.Yensen çağdaş insanın itirmiş olduğu mənəvi enerji mənbələrini tapmağın və bərpa etməyin yollarını axtarırdı. Bu zaman yazıçı insanlığın həyat yoluna ədib kimi yox, daha çox mütəfəkkir kimi yanaşırdı.
1925-ci ildə üçüncü dəfə dünya səyahətinə çıxan yazıçı Fələstin, Misir, Şimali Afrikanı gəzdikdən sonra 1927-ci ildə təbiət və insan varlığı haqqında düşüncələrinin yekununa həsr olunmuş “Şüurun əsas cizgiləri” adlı elmi-fəlsəfi kitabını nəşr etdirir. Sonuncu dəfə 1939-cu ildə ABŞ-a səfər edir.
Həyat və yaradıcılıq fəaliyyətinin bütün məqamlarında siyasətdən kənar, daha doğrusu, onun fövqündə durmağa çalışan Y.Yensen zamanın acı rüzgarlarından tam təcrid oluna bilmir. Almanlar Danimarkanı işğal edəndə vətənpərvər yazıçı onlara qarşı mübarizə yolunu seçərək faşist rejiminin və şəxsən A.Hitlerin əleyhinə fikirlərini söyləməkdən çəkinmir. Onun adı Avropada antifaşist müqavimət hərəkatının simvollarından birinə çevrilir. Bəşər sivilizasiyasının qanlı faşizm bəlasına qarşı apardığı əzmkar mübarizənin həlledici məqamında Danimarka yazıçısının ən nüfuzlu beynəlxalq mükafata layq görülməsində, heç şübhəsiz, bu amilin həlledici rolu vardı.
Nobel mükafatından sonra yazıçı əsas diqqətin və yaradıcılıq enerjisini xalqının dünyagörüşün və həyat fəlsəfəsinin əsasını təşkil edən Danimarka mifologiyasının toplanmasına, nəşrinə və araşdırılmasına həsr etmişdir. Bu zaman onun gəldiyi ən maraqlı və orijinal qənaətlərdən biri müasir dünya sivilizasiyasının köklərini Avropanın şimal xalqlarının mədəniyyətində görməsi idi. Bu mövzu daxilində də ilk növbədə yazıçı olaraq qalan Y.Yensen ənənəvi mif mətnlərinin poetikası əsasında yeni miflər yazmağa başlayır. Bu yazıları o, mifoloji təfəkkür məhsulu olan klassik miflərin imitasiyası kimi yox, müasir bədii düşüncəyə əsaslanan yeni ədəbi janr olaraq meydana çıxarırdı. Bu məzmunlu yazı prosesi onun bədiyyatla intellektin sintezindən törəyən yaradıcılıq stixiyasına daha uyğun idi. Buna görə də Nobel mükafatçısı qısa zaman ərzində geniş oxucu kütləsinin diqqəti cəlb edən bu unikal əsərlərin yeddi cildlik külliyyatını nəşr etdirə bildi.
77 illik məhsuldar yazıçı və orijinal tədqiqatçı ömrü sürən Y.Yensen 1950-ci ildə Kopenhagen şəhərində vəfat etdi və burada dəfn olundu. 1991-ci ildə anadan olduğu Farsye şəhərində görkəmli yazıçının ev muzeyi açılıb.
Y.Yensenin aforizmlərindən seçmələr
– Yalnız bəslədiyi köhnə ümidlər puça çıxandan sonra insanın həyatında yeni mərhələ başlayır.
– Ağac torpaqda kök atıb böyüdüyü kimi, xatirələr də ötən günlərin yaddaşında kök atıb yaşayır.
– İnsanları xeyir əməllərə səsləmək mənasında müasir dövrdə kilsəni teatr əvəz edir.
– Sirkdə çıxış edən aslanlara tamaşa etdikcə vəhşiliklə mədəniyyətin kəsişməsinin nəticələrini görürsən.
– İnsanın daxilindəki insanı görmək çox çətindir.
– Mənəvi ucalıq çox zaman insanın başından yuxarı yüksəlmir, əksinə, içinə çökür.
– Həyatda ətrafa baxdıqca üzlərdən daha çox ikiüzlülər görürsən.
– Hamımız günahkarıq, ancaq bunun cəzasını hamı çəkmir.
– Torpağa bircə il qulluq eləməsən, yüz ilin yiyəsizinəçevrilir.
– Hər bir ağ avropalının qanında vəhşi afrikalının qanından damlalar var.
– X.Kolumb dünyadan insanlara bəxş etdiyi böyük kəşfi anlamadan köçdü – budur onun faciəsi.