Kimisi taksidən düşür payıza,
Kimisi payızda ilişib qalır.
Kimisi eşqini geri istəyir,
Kimi eşq istəyən dilin qoparır.
Dünyanın cürbəcür insanları var,
Biri də düşmüşdü mənim payıma.
Yayın ortasında qəfil yağdı qar,
İndi payıza da yolum bağlanıb,
Ətrafda o əski Taksi də yoxdu.
Eşqi qaytarmağa gücüm qalmayıb,
Son qışım, bəxtimdən, yaman soyuqdu.
***
Elə bil uşağam 50 yaşında
Nə asan aldatdın, ağladıb məni.
Nəyə sevinirsən, nəyə gülürsən,
Axı nə qazandın, aldadıb məni?
Dördyol ayrıcında tənha qalmışam,
Həm də buralarda aysız gecədir.
Söylə, üşüyürmü, halı necədir?
İndi bu dördyolda , bu qaranlıqda
Heç yerə getməyə həvəsim yoxdur.
Baxma ki, durmuşam, ayaq üstəyəm,
Mən də belə öldüm... nəfəsim yoxdur.
Gizlicə ölmüşəm, heç kəs bilməsin,
Sənsizlik yamanca bitirdi məni.
Məni ağlamağa bir kəs gəlməsin,
Mələklər göylərə götürdü məni.
***
Gedirəm..inanan daşa dönməsin,
Gedirəm.. çırağın yansın, sönməsin.
Gedirəm.. sevgimiz dala dönməsin,
Susub daş olmağa gedirəm daha.
Gedirəm.. surətin olmayan yerə,
Gedirəm.. son qoyub xatirələrə,
Gedirəm.. qoy yozsun hərə bir yerə,
Mən çaşbaş olmağa gedirəm daha.
Gedirəm.. geriyə, uşaqlığıma,
Gedirəm.. arxamca baxıb ağlama,
Gedirəm.. şikayət edəm anama,
Gözdə yaş olmağa gedirəm daha.
Gedirəm... öldürdün arzularımı,
Gedirəm… dəfn edəm xəyallarımı.
Gedirəm... bitirib dualarımı
Qəlbi daş olmağa gedirəm daha.
***
Nə qədər yad gəlir bu şəhər mənə,
Onun küçələri, onun havası.
Payız - qəmim üçün gözəl bəhanə,
Köksüm bir viranə bəyquş yuvası..
Sənsiz qapqaradır bu küçə, bu tin,
Gözüm qaranlıqda hey səni gəzir.
Gözümə dəyməyir sənin gözlərin,
Sənsizlik ömrümdən illəri kəsir.
Sənsizlik gözümü kor edəcəkdir,
Qulaq kar olacaq səsin gəlməsə.
Nəfəsim gedəcək, gəlməyəcəkdir,
Yoldan ötən biri sənə bənzəsə.
Elə çaşmışam ki, indi bilmirəm
Ölüyəm, diriyəm, xəstəyəm, nəyəm?
Bu qədər yaxınkən bir birimizə
Nədən indi belə yadam, özgəyəm?
***
"ALLAH" deyim o ki var,
Yorulub əldən düşüm.
SƏNdən başqa kimim var,
Gedim dərdi bölüşüm?
"ALLAH" deyim o ki var,
Dodaqlarım qurusun.
Əssin sərin gilavar,
Yağış üzümə vursun.
"ALLAH" deyim o ki var,
Qəlbimə işləsin söz.
O da desin "Əzizim,
Dünyadır da, bir az döz".
***
Məndən nə qalıb ki, nəyə baxasan,
Bel sınıq, diş mırıq, üzülmüş ürək.
İtmişəm hardasa,.. çətin tapasan.
Tapsan da, ölmüşəm, dəfn etmək gərək.
Tapsan, gizli dəfn et, heç kəs bilməsin,
Nə sinə daşı qoy, nə də başdaşı.
Qəbrimdən şəklim də baxıb gülməsin,
İtsin bu dünyanın mənli yaddaşı.
***
Nə maraqsız oldu bu dünya, qardaş,
Ürəyim darıxır, içim darıxır.
Üfüqdə nə dərddaş, nə də bir sırdaş,
Baxıb mənə demə "neçün darıxır"?
Qapımız açılmır qonaqlar üçün,
Nə bir gələn vardır, nə də bir gedən.
Biz yaxşı olmuşuq, uzaqlar üçün,
Nə qədər yaxınlar – bizi tərk edən.
Qonaqsız yeməklər itirib tamın,
Qonaqsız su belə, su deyil axı.
Əvvəllər başqa cür həyat varıydı,
O vaxtlar gördüyüm bu deyil axı.
Qapı döyülüncə, qaçıb açardım,
Hər qonaq gözümün işığı idi.
O kasıb süfrəmi varlandıran dost
Evimin sevinci, yaraşığıydı.
Bir vaxt xəstələndim, başım qarışdı,
Zəmanə dəyişdi o zaman, o vaxt.
Sonra tənhalığa yaman alışdım,
Yadımdan çıxıbdır sonuncu qonaq.
Hərə özü üçün yaşayır indi,
Dünya cansıxıcı, dünya maraqsız.
Evlər xarabaya dönür əzizim,
Evlər bərbad olur, dostsuz, qonaqsız!
***
Mənə payız demək olar,
Baharımla yayım gedib
Mənə payız demək olar,
Dərdlər məni payız edib.
Mənə payız demək olar.
Gözlərimdən yağış yağır
Baharıma boylananda
Xatirələr mənə baxır.
Qış - bir olüm tənhalıqda
Yaman səmt küləyi əsir.
Mənim payız ayaqlarım
Nədəndir qışa tələsir?
***
Dərdlər var ki, qəlbə girir,
Sonra gözdə yaş olurlar.
Atalar var.. miskin, fağır,
Bir az da külbaş olurlar.
Dağlar-daşlar yatan vaxtı,
Gözlərinə yuxu gəlmir.
Düz-dünya dincəlir axı,
Nədən bu kişi dincəlmir ?
Bütün dünyanın yükünü
Yorulmadan hey daşıyır.
Sağdı desəm... yalan olar.
Ölübdür, amma yaşayır....
***
Gedirəm qapını möhkəm bağlayıb,
Üzümdə təbəssüm, məğrur baxışla..
Gizlində özümü bərk qucaqlayıb
Deyirəm “bağışla”, məni bağışla.
Bağışla.. məndəndir bütün zərbələr,
Bağışla.. ürəyin dərin yaradır.
Bilmirəm sevdiyin o ağ gəmilər
Nə vaxt üzüb getdi, yolu haradır?
Bağışla, qoruya bilmədim səni,
Çox şeyi axtarıb.. səni itirdim.
Sənin iti gözlü bəxtin varıydı,
Kor qoyub gözünü, səni bitirdim.
Öldürən də mənəm, ölən də mənəm,
Bir qatil, şairin yasına gəlir.
Ağlayan da mənəm, gülən də mənəm,
Yaralı hayqırtım göyə yüksəlir.