“100 illik ömrün təntənəsi” adlanan kitabda Azərbaycanın bir qrup alim və yazar qadınlarının tarixi şəxsiyyət, Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətləri olan, dövlətin böyük sərkərdəsi Heydər Əliyevin həyat və fəaliyyətinə dair araşdırmaları yer tutur.
“100 illik ömrün təntənəsi” kitabı bu gün dünyada hər sahədə inkişaf etmiş, dünya dövlətləri arasında öz yeri olan demokratik, qüdrətli, müstəqil Azərbaycan dövlətinin yaranmasında misilsiz xidmətləri olan, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın məsləhətçisi Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, tərtibçi filologiya elmləri doktoru, dosent Gülxani Pənah, elmi redaktorları filologiya elmləri doktoru, professor Jalə Əliyeva və hüquq üzrə fəlsəfə doktoru Rasim Raufoğludur.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömrü boyu fəxr edən, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də XX əsrin sonunda – tarixin keşməkeşli dövründə belə Azərbaycan elminə, ədəbiyyatına, mədəniyyətinə dövlət səviyyəsində qayğısının nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövlətinin mənəvi xəzinəsi olan ədəbiyyatımız, mədəniyyətimiz beynəlxalq aləmdə öz nüfuzunu qoruyub saxlayır.
Ümummilli lider Heydər Əliyev hər sahədə olduğu kimi Azərbaycan ədəbiyyatına və mədəniyyətə hər zaman arxa, dayaq olub. Ulu Öndər böyük hörmət və ehtiram göstərdiyi Azərbaycan qadınının yaddaşında dövlətçiliyə, ədəbiyyata, mədəniyyətə, xalqa göstərdiyi misilsiz xidmətləriylə əbədi qalacaqdır.
Məlahət Qənbərova