Külək tozu ən acı həqiqət kimi onun üzünə vururdu. Hava elə hey uğuldayırdı. Bəlkə də, bu, içindəki kədərin səsi idi, bu payız bitmək bilmirdi...
“Ana, elə rahat, elə sakitəm ki burada... Yavaş-yavaş böyüdüyümü hiss edirəm. Ürəyimiz bir vurur, bir döyünür. Aldığın nəfəsdə, içdiyin suda mənim də payım var. Sənin bir zərrən olmaq gözəldir, ana”.
Yatağına uzananda elə bildi ki, gecəylə birgə məyusluğu da ötüb keçəcək. Keçmədi. Səhər açılanda ürəyi tutqun hava kimiydi. Yenə sol tərəfi bomboş idi, həyat yoldaşı bu gecə də evə gəlməmişdi.
Boşluqdan boylanan saatda vaxt axırdı. Leylayla Laləni məktəbə yola salmalıydı, Əyninə paltarını, üzünə təbəssümünü geyinib günə başlamalıydı.
Pərvin ilə Sahil bir təsadüf nəticəsində tanış olmuşdular. Halbuki, həyatda bütün təsadüflər zərurətdir. O gün gələn qəfil zəng Pərvini dəli etmişdi. Hövlnak özünü yol qırağında dayanan maşına atmışdı. Hönkürtü içində deyilən ünvanı Sahil ap-aydın necə eşidə bilmişdi görəsən.
– Bacı, taksidəyəm, gəlirəm. Təcili yardım çatıb? Müjgan hanı bəs?
Yol uzunu etdiyi dualar, ömür boyu edilən yalvarışlardan qat-qat çox idi. Sahil bu “çağırılmamış qonağ”a necə təskinlik verəcəyini, nə edəcəyini bilmədən ünvana çatdırmışdı onu. Mühasib Sahil münasib taksiyə çevrilmişdi bir anda.
– Borcum nə qədərdir?
– Borcunuz yoxdur.
– Necə yəni?
– Mən taksi sürücüsü deyiləm...
Pərvin onun sözünü axıra kimi dinləmədən “əzbər bildiyi” yol pulunu oturacağın üstünə atıb maşından düşəndə gördüyü mənzərədən dəhşətə gəlmişdi. Darvaza taybatay açıq idi. Evin sonbeşiyi olan Müjganı qonşu arvadlar sakitləşdirməyə çalışırdı. Gülzar isə don vurmuş bənövşəyə dönmüşdü. Bu üç bacının analarından başqa heç kimi yox idi. Düz üç il idi ki, zəhrimara qalmış xərçənglə güləşirdilər. Sonda yenə o qalib oldu.
Pərvinin ayaqları sözünə baxmadı. Yaxşı ki, Sahil vaxtında onun qolundan tutdu, yıxılmağa qoymadı Pərvini. Nə onda, nə də sonra....
Pərvingilin anası dünyasını dəyişməmişdən bir neçə gün əvvəl qızlarını başına toplayıb öyüd-nəsihət vermişdi. “Sizdən yerdən göyə qədər razıyam, hərənizi yüz oğula dəyişmərəm. Siz mənə həm qız, həm qardaş oldunuz. Atanız oğul arzusu ilə dünyadan köçdü. Nəvəsini görmək də qismət olmadı. Hansınızın oğlu olsa, atanızın adını qoyarsınız”.
Pərvinlə Sahil bu hadisədən düz beş il sonra evləndilər. Amma bu beş il bacılar üçün təlatümlü illər oldu... Yaxşı ki, Sahil vardı. Hər çətin anda köməyə yetirdi. Amma yenə də asan deyildi. "Kaş bir qardaşımız olaydı" – ürəyində deyirdi Pərvin. Bəlkə də, bu qədər sahibsiz hiss etməzdik özümüzü. Əslində, Sahil ona həm də sahib çıxmışdı. Tək ona yox, elə bacılarına da. Amma indi yanında deyildi.
“Ana, elə istəyirəm tezliklə bacılarımın üzünü görüm. Tək onların yox, sənin, atamın... Görəsən,ən çox hansınıza bənzəyirəm?”
Hər dəfə evdə özünə yer tapa bilməyəndə məzarlığa üz tutardı Pərvin. Qoşa qəbri sığallaya-sığallaya göz yaşı tökərdi. Yeganə yer idi ki, Pərvin də, Gülzar da, Müjgan da burda özlərini rahat hiss edirdilər. Bu dəfə bacıları ilə yox, bətnindəki körpəsi ilə gəlmişdi Pərvin.
“Yerim daralır, əlim-ayağım sıxılır. Nə baş verir, ana? Sən yaxşı deyilsən?”
Nə edəcəyimi bilmirəm, istəmirəm mənim qızlarımın taleyi bizimkinə bənzəsin. Ata, sən çıxıb gedəndən sonra bizim üçün çətin oldu. Ən çox da “başsızdılar” kəlməsi toxundu bizə. Əmilərimdən də səs-səmir gəlmədi. O üç qardaşından biri bizi itirib-axtarmadı. Yetən bizə “yiyəsiz” dedi. Evdə nəsə xarab olanda usta çağırmağa da çəkinirdik. “Adımıza söz gələr” qorxusu ilə o qədər çərçivəli yaşadıq ki, gəncliyimizdən xəbərimiz olmadı. Hələ anam nələr çəkdi, bir bilsən? Səni yol qəzası, anamı isə kor qədəri apardı. Məktəbimizin direktor müavini Gülzara tamah salanda yazıq bacımın heç 15 yaşı tamam olmamışdı. İdman zalının geyim otağına çağrılanda Gülzarın ağlına da gəlməzdi ki, bu onun məktəbdə sonuncu günü olacaq. O kirli çaynaqlardan necə qurtula bilmişdi bacım, bir Allah bilir... Məktəbimizi də dəyişdik, səmtimizi də, amma yaddaşımız ki yerində idi, ata. Ürkəkliyimizin üstünə kabus kimi qorxular yüklənmişdi. Daha heç kimə inana bilmirdik. Ən çox onda “Kaş atam sağ olaydı”, – dedim. Bilirsən, ata, Gülzar o hadisədən sonra ağlamaq hissini də itirdi. Anamızın yasında da gözündən bir damla yaş çıxmadı. İndi Gülzarla Müjgan bir-birlərinə həyan olub yaşayırlar. Heç birinin ailə qurmaq fikri yoxdu. Ana, bunu heç sən də bilmirsən. Müjganın sevdiyi biri var idi. Birdən-birə ayrıldılar... Axı Müjgan təhsil alırdı, jurnalsit olmaq istəyirdi. Arzuları ilə sevgisinin arasında seçim etməyə məcbur qalandan sonra həyatı da, fikirləri də dəyişdi. İndi bir məqsədi var, sözü kəsərli, cəsarətli, tanınmış jurnalsit olsun.
İçimizdə bir Müjgan sənin arzunu yerinə yetirə bildi, ata. Mən də ki Gülzarla birgə anamın sənətini davam etdirirəm. Balaca bir atelyemiz var. Hər ölçüyə biçim verməyi bacarıram, bir özümə sığa, sığına bilmirəm.
“Bilirsən, ana, bura çox qaranlıqdır. Amma deyirlər, siz tərəfdə işıq, buludlar, göyqurşağı, yaşıl otlar, dənizlər, çaylar var. Mən də onları görmək, sevmək istəyirəm, ana. Ən çox da köksünə sığınıb qoxunu almaq istəyirəm...”
Xəzərin sahili yerində idi. Pərvin isə yersiz-yurdsuz hiss edirdi özünü. Dünənə nisbətən hava xoş olsa da, əhvalı daha betər idi. Hər keçən dəqiqə Pərvin daha dərin məngənənin içində hiss edirdi özünü. Ayaqları onu İçərişəhərə gətirmişdi. Öz iç dünyasına səyahət idi bu həm də. Sahillə tez-tez gələrdilər bura. Hələ bir dəfə qışın oğlan çağında Pərvin necə yıxılıb özünü əzmişdisə, Sahil maşına qədər Pərvini qucağında aparmışdı. Necə xoş bir duyğu idi o, İlahi? Onun qolları arasında İçərişəhəri dolaşmaq... Canındakı ağrıları da unutmuşdu Pərvin... Sevdiyi adamın qoxusunu, nəfəsini hiss edə-edə Qala divarlarının yanından keçmək onu xoşbəxt edirdi. Bəs indi? İndi isə oturub bir yerdə qalmaq, zamanı dayandırmaq istəyirdi Pərvin.
“Dur gedək gəzək, ana. Mən sakitliyi xoşlamıram. Sən yeriyəndə mən də özümü yaxşı hiss edirəm”. Pərvin bətnini sığallaya-sığallaya xəyallardan ayılıb gözlərini sildi. “Mən bunu etməliyəm”, – deyib qəti addımlarla xatirələrini də, İçərişəhəri də tərk edib taksiyə əyləşdi. Telefonunda kiməsə zəng elədi:
– Həkim, mən qərarımı vermişəm. Danışdığımız saatda ordayam.
Sonra tələsik mesaj yazdı:
“Sahil, bəlkə də, bundan sonra mənim üzümə heç vaxt baxmayacaqsan. Bəlkə də, bu bizim sonumuz olacaq, amma mən buna qərarlıyam – üçüncü bir qız uşağını bu boz dünyaya gətirmək istəmirəm. Başa düş, qorxuram! Sənə bunu deyən gün qapını çırpıb getdin. Mən də belə ana, belə qadınam – aciz, qorxaq, cahil! Səndən də, Leyladan da, Lalədən də üzr istəyirəm”.
Mesaj da, taksi də ünvanına çatmışdı.
“Yox, ana, yox! Mən yaşamaq istəyirəm. Nolar, ana, əlimdən həyatımı alma, yalvarıram. Sənə qız da olaram, oğul da!”
Zaman keçmək bilmirdi. Leyla da, Lalə də o qədər xoşbəxt idilər ki. İndicə qapı açılacaq, neçə gündü həsrət qaldıqları analarını görəcəklər. Sahil isə elə bil göyün yeddinci qatında idi.
“Ata, bax, anam gəlir”, – deyib Leyla anasına tərəf qaçdı. Lalə də ondan geri qalmadı. Pərvinin qucağı bir anda gül-çiçəklə doldu. Sahil isə öz yeni körpəsini əzizləyirdi.
Leyla ilə Lalə ad barəsində çox fikirləşmişdilər. Qardaşları olsaydı,babalarının adını daşıyacaqdı:Yaşar! Amma bacılarına adı çox çətinliklə tapmışdılar.
Pərvin abort masasına hazırlaşdığı vaxt telefonuna gələn zəng onu ləngitmişdi.
– Bəli, Pəri xala, nəsə olub?
– Yox, qızım. Uşaqlar danışmaq istəyir.
– Ana, ana biz bacımıza ad tapmışıq...
– Eşidirsən, ana?
– Hə, qızım.
– Biz istəyirik ki, bacımızın adı Layla olsun. Hər ikimizin adına uyğun.
"ULDUZ" SENTYABR, 2023