Güləcək üzümə
Zamanın zülmündən qan ağlayıram,
Azalmır möhnətim, kədərim mənim!
Gedən əzizləri soraqlayıram,
Sanki od ələyir gözlərim mənim!
***
Qəribə təsəlli, xızır kimiyəm,
Dərin dəryalarda tənha gəmiyəm,
Tanrım, ağ gün verə, güləm, yeriyəm,
Başa çatmamışdan səfərim mənim!
***
Özümdən ağırdır mənim dərdlərim,
Kaş, sona yetəydi, qəmim, kədərim,
Sevinsin obalar, əziz ellərim,
Gülsün vərəq-vərəq dəftərim mənim!
***
Dərdimi daşıyan soraqdı ürək,
Allahım,səbrisə bol verə gərək,
Bağın bağbanıyam, min arzu, dilək,
Bol məhsul yetirir hünərim mənim!
***
Anadan olandan simu-zərəm mən,
Bağlı xəzinəyəm, dürr-gövhərəm mən,
Düşmən gözünə ox, bir kəsərəm mən!
Güləcək üzümə zəfərim mənim!
***
Alışıb ürəkdən, yanıb sızlama,
Zərəngiz, dərdini böl, əzizləmə!
Qarlı qış günündən bahar gözləmə,
Qoy, yaza açılsın səhərim mənim!
Getdi
(Bacım Xalidəyə)
Bir elin anası, bir elin piri,
Dünyamın sahibi bir bacım getdi!
Yanıram atəşə mən diri-diri,
Dərmansız dərdimə əlacım getdi!
***
Gülən gözlərinin mehri tükənməz,
Müdrik sözlərinin sehri tükənməz,
Dünyamdı, hikməti səbri tükənməz,
Sərvətim, xəzinəm, xəracım getdi!
***
Kədərdən bağrımı söküb, ağlaram,
Acı göz yaşları töküb, ağlaram,
Adını min dəfə çəkib, ağlaram,
Zərəngiz, başımdan zər tacım getdi!
Nakam getmə
(Əziz bacım Xalidənin vaxtsız ölümünə)
Yanır kürə kimi, ürəyin yanır,
Dağ çayı yanğımı söndürməz mənim!
Tanrı göydən leysan ələdi üç gün,
Axan göz yaşımı heç görməz mənim.
***
Haqdan gələn nurdu, alışdı, yandı,
Elə kömək oldu, arxa dayandı,
Ömrümdə sökülən səhərdi, dandı,
Daha can bağçamda gül gülməz mənim!
***
Qərib durna kimi pərişan ötmə,
Sözümü bir dinlə, can bacım, getmə,
Balaların sınar, pərişan etmə,
Onlara borcumu kim bilməz mənim?
***
Gülərdin yaz kimi, gül, yerində qal,
Qəlbimə ümid tək dol, yerində qal,
Özün hal əhlisən, hal yerində qal,
Muradım şam-çıraq yetirməz mənim.
***
Bu qara yazını fələk yazdımı?
Gözümün yaşını sapa düzdümü?
Neyləyim, bilmirəm dərdim azdımı?
Zərəngiz, haqq səbrim bitirməz mənim?
Oynama, şəhid anası
(Şəhid Elçin Hüseynlinin yasında oynayan anasına)
Oynama, şəhid anası,
Sən dayan, balan oynasın!
Hünəriylə, al qanıyla,
Qələbə çalan oynasın!
***
Oynama, şəhid anası,
Ömrü qırılan oynasın!
“Vətən!” – deyib, öndə gedən,
Torpağı alan oynasın!
***
Oynama, şəhid anası,
Göylərdə tufan oynasın!
İgidləri dərdə salan,
Günahkar zaman oynasın!
***
Oynama şəhid anası,
Ruh oynasın, qan oynasın!
Qəhrəman bir oğul üçün,
Çırpınsın cahan oynasın!
***
Oynama, şəhid anası,
Arzu, diləklər oynasın!
Dağlarım baş-başa versin,
Göydə fələklər oynasın!
***
Oynama, şəhid anası,
Şuşam, Zəngilan oynasın!
Qan boğaza çıxdı daha,
Qoy, qoca Turan oynasın!
***
Oynama, şəhid anası,
Zərəngiz nalan oynasın!
Qəlbi yuxa, ipək xalqım,
Ürəyi sınan oynasın!
***
Oynama, şəhid anası,
Oynama, şəhid anası...