ƏMİNƏ
hekayə
Qəbiristandan yorğun-arğın, baş soxmağa yer tapmadıqları zəhlətökən yağışdan islanmış halda qayıtdılar. Cavan mollanın ölü duasını uzada-uzada çox ləng oxumasından hirslənmişdilər, bu azmış kimi, ehsan plovunun hələ restorandan gətirilmədiyi məlum olanda Səməd xəcalətindən bilmədi neyləsin. Odur ki, yekə aş qazanları gəlib çıxanacan və plov nimçələrə çəkilib süfrəyə düzülənəcən acqarına xeyli müddət çay içməli oldular.
Yas mərasimini şəhərin müxtəlif məscidlərində keçirmək son illərdə adət halını alsa da, Səməd hansısa məscidə gedib müdiriyyətlə danışmaq halında deyildi, eşidəcəyi xoşagəlməz sözləri təkcə elə təsəvvürünə gətirəndə ürəyi bulanırdı. Odur ki, ehsanı hamının gen-bol yerləşəcəyi öz geniş evində vermək qərarına gəlmişdi. Fikri dağınıq halda nəzərlərini masa arxasında əyləşmiş adamların üzərində dolandırır, ona ünvanlanan sualları yaxşı başa düşmədiyindən candərdi başını tərpədib nəsə mızıldanaraq cavabdan yayınırdı. Başı ağrıyırdı, özünü pis hiss edirdi, yan-yörəsində baş verənlər ona haçansa yaxşı başlanmış bir tamaşanın heç bir məna kəsb etməyən absurd səhnəsi kimi görünürdü.
Arvadıyla iyirmi ilə yaxın birgə ömür sürmüşdü. Daha doğrusu, iyirmi ilin tamamına vur-tut bir neçə ay qalırdı. Amma dəqiq neçə ay? İlk görüşlərini, evləndikləri günü yada salıb hesablamağa, dəqiqləşdirməyə başladı. Əlbəttə ki, axırda hamısını yadına saldı – on doqquz il, dörd ay. Belə şeyi unutmaq olar?! Sadəcə, heç vaxt dəqiq hesablamağa ehtiyac olmamışdı, ona görə də ağlına yuvarlaq iyirmi rəqəmi gəldi. Dəqiq tarixi xatırlayandan sonra isə elə oturduğu yerdəcə qeyri-iradi olaraq qalan şeyləri də xatırlamağa başladı.
Ehsan süfrəsindən sonra mətbəxdə yır-yığış edən qadınlar, səliqə-sahman yaradan qohum-əqrəba arabir onun yuxulu kimi hərəkətsiz oturub qaldığı otağa nəzər salır, öz aralarında pıçıldaşır, kişini yatağa uzatmağa kömək edib-etməməyi götür-qoy edirdilər. “Axı kişiyə dincəlmək lazımdır, arvadının xəstə olduğu son aylar, son günlər yazıq lap yorulub əldən düşüb” – deyirdilər. Sonra da kişinin hərəkətsiz vücuduna tərəf baxmadan böyründən dinməz ötüb keçir, mümkün qədər astadan danışır, səs salmamağa, çəngəl-qaşığı cingildətməməyə çalışaraq qab-qacağı yuyurdular.
Arvadını tamamilə gənc şəkildə xatırladı; indi qadının yoxluğunda bu vaxtadək baş verənləri xatırlamaq xeyli asanlaşmışdı, çünki Əminənin ağır, yorucu xəstəliyi ərzində onun da, özünün də keçmişini düşünmək ağlına belə gəlməmişdi. Bu da onların keçmişi – günü-gündən sozalan, getdikcə ümidləri sönən, çuxura düşmüş gözlərlə yataqda uzanıb. Qəfildən ağladığını, bir damcı göz yaşının əlinin üstünə düşdüyünü hiss elədi. Bərk təəcübləndi: alışmadığı tərzdə təsirlənməsi qətiyyən təbiətinə uyğun deyildi. O, sadəcə yorulmuş, əsəbləri tarıma çəkilmişdi.
Tutqun baxışlarla artıq tam boşalmış adamsız otağa göz gəzdirib düşündü ki, hər halda, özümü ələ almalıyam. Süfrə yığışdırılmışdı, masa tərtəmiz idi, qab-qacaq yuyulub yerinə qoyulmuşdu, bayaqdan səssiz-səmirsiz otaqlara girib-çıxan qadınlar hər yerdə səliqə-sahman yaratmışdılar. Arvadının üzərinə ağ mələfə salınmış televizorun üstündəki portretinə baxdı: çoxdanın şəkli idi, bir çox qadınlardan fərqli olaraq, Əminə heç gəncliyində də şəkil çəkdirməyi xoşlamazdı. Özündən sonra barmaqla sayılacaq qədər şəkil qalıb, onlardan biri də elə budur. Şəkildə iyirmi yaşı ola, ya olmaya...
Başını qaldırıb şəklə diqqətlə baxdı: yox, güman ki, otuz beş olar... son illər çox da yaxın olmamış, tez-tez dalaşıb küsüşmüşdülər. Qadının deyingənliyi axırda kişini bezdirmiş, o da evdən çıxıb sevdiyi qadının yanına getmişdi. Ərinin hara getdiyini bilsə də, ərinin həyatındakı sonuncu qadını tanısa da, arvadı bunu üzə vurmamışdı. O heç nəyi birbaşa söyləməyən, bütün məsələləri dolayı yollarla həll etməyə üstünlük verən riyakar ailədə böyümüşdü. Sadəcə, xırdaçılıq edir, tədricən qalmaqalı elə həddə çatdırırdı ki, axırda kişi az qalırdı onu boğsun. Odur ki, evdən çıxıb qəzəbdən titrəyə-titrəyə, arxadan qovurlarmış kimi tələsə-tələsə qaçırdı. Məhəllədə tanış-biliş çox olduğundan addımlarını yavaşıtmalı olurdu, istəmirdi kimsə onu dayandırıb soruşsun ki, hara qaçırsan belə, hara tələsirsən? Bəhanələr uydurmamaq üçün özünü sakitləşdirməyə çalışır, məcbur qalıb qonşu küçələrlə addımlayırdı. Soruşsalar, deyərəm, elə-belə gəzməyə, hava almağa çıxmışam... Başınıza gəlsin... Nolardı xarabanızda oturub məni bu halda görməyəydiniz, belə vəziyyətdə qarşıma çıxmayaydınız?! Aşna məsələsini başında götür-qoy eləyə-eləyə ürəyinə qulaq asır, bədəninin istəyini dinləyib başa düşürdü ki, belə əsəbi, sarsılmış vəziyyətdə o hayda deyil. Amma o hayda olmasa da, yenə fikirləşdiyi yerə yollandı. Səhər də işə oradan getdi, arvadı heç vecinə deyildi...
Övladları olmamışdı. Evliliklərinin ilk səkkiz ilini gözləyəndən, bütün bu illər ərzində ənənəvi tibbin və türkəçarənin məsləhətlərini yoxlayandan sonra artıq bir-birlərinə öyrəşmişdilər, elə bu səbəbdən ayrılmaq istəmədikləri üçün uşaq evinə müraciət etməyə qərar verib altıaylıq uşaq götürmüşdülər. Qadın tez bir zamanda uşağa alışmışdı. Doğma balası kimi sevdiyi uşağın ağıllı, dərrakəli olmasından, hərəkətindən, davranışından, gözlərindən, gülüşündən saatlarla danışa bilərdi. Bütün günü uşaqdan aralı durmur, hətta arada işi də buraxıb gününü onunla keçirirdi. Amma on yaşına çatan oğlan meningitdən öləndə, fikirləşmişdilər ki, görünür, qismətimizdə uşaq yoxdur. Arvadını beləcə nə qədər sakitləşdirsə də, üzüntüdən, depressiyadan çıxarmaq çətin oldu, çox çətin. Həkim yanına aparmaq, daha doğrusu, xəstəni evdən çıxarmaq mümkün olmadığına görə psixiatrları evə gətirmək... bütün bunlar azından bir il çəkdi. Getdikcə hər şey yoluna düşmüşdü, Əminə yavaş-yavaş özünə gəlmiş, hətta xəstəlik ucbatından tərk etdiyi işinə də qayıtmışdı. Elə Səməd özü də oğlana öz balası kimi öyrəşmişdi, uşağın şəkillərini də, sadəcə, arvadına görə hər yerdən yığışdırdı. O, arvadından daha dözümlü idi, başlarına gələn müsibətə də kişi kimi tab gətirdi. Amma günlərin birində qadın şəkilləri yerində görməyib elə dəhşətli nalə çəkdi ki, insan fəryadına bənzəməyən bu səsə kişi yandakı iş otağından qorxu içində qaçıb gəldi. İsterik halda yerə uzanıb döşəməni yumruqlayan qadını sakitləşdirmək üçün xeyli vaxt və enerji sərf etməli oldu. Axırda şəkilləri qaytarıb yerinə düzdü, bu isə özünə də ağır gəldi. Sanki oğlan yenidən – ikinci dəfə ölmüşdü.
Vaxt keçdikcə, qadın tamamilə özünə gələndən sonra onlar daha çox mehribanlaşdılar – sanki dünyada bir-birindən yaxın kimsələrinin olmadığını başa düşmüşdülər. İndi qadın özünü kişinin sevgisinə tam təslim etmişdi, hətta münasibətləri evliliklərinin ilk günlərində belə bu qədər çılğın olmamışdı. Qadın öz qarşısında qoyduğu yalançı, qeyri-səmimi sevgi qadağalarının üstündən xətt çəkmişdi. Kişi buna görə sözün əsl mənasında şad idi – əvvəlki məcrasına düşən sevgi münasibətlərinin onlara necə kömək etdiyini, normal həyatlarına yenidən qayıtdıqlarını dərk edirdi. Bir zamanlar onlara çox baha oturan hallar – qadının ac-susuz bütün gün divanə kimi susub dinməməsi, ərinin heç bir sözünə münasibət bildirməməsi, yeyib-içməməsi, günlərlə hərəkətsiz şəkildə uzanması – artıq geridə qalmışdı. Hətta bir dəfə qadın özündə güc tapıb birtəhər ayağa qalxmış, paltar dolabından ərinin kəmərini götürüb özünü asmaq istəmişdi... yorğunluqdan yuxuya getmiş baxıcı, təcrübəsiz kənd qızı sahibəni güclə xilas etmiş, təlaş içində Səmədə zəng vurmuşdu, o da vacib toplantını yarıda qoyub başılovlu özünü evə çatdırmışdı... adam xatırlamaq belə istəmir...
Hər ikisi neft şirkətində işləyirdi. Daha dəqiqi, şirkətdə yüksək vəzifə tutan Səməd arvadını burda yaxşı işə düzəltmişdi. Pis qazanmırdı. Amma oğlunun ölümündən sonra pulu hara xərcləyəcəyini bilmirdi. Bədbəxliyə bax, pulun ola-ola heç nə almaq istəmirsən, almalı bir şey də yoxdur.
Qadının çılğın sevgisi özüylə cılğın olduğu qədər də sərt, rüsvayçı münasibət gətirdi: Əminə dəlicəsinə, bəli, məhz dəlicəsinə və heç bir səbəb olmadan ərini qısqanmağa başladı – qonşu qadınlara, yoldan təsadüfən ötən qızların ani baxışına, tez-tez bazarlıq üçün getdiyi mağazadakı qadın satıcılara, işə təzə düzəlmiş cavan xadiməyə... Halbuki kənarda sevgi əlaqələri qurmaq kişinin fikrindən belə keçmirdi, çünki arvadı onu tamamilə qane edirdi. Həm də işi asan iş deyildi – daim gərgin və qayğılı olurdu. Arvadının xırda davalara, yorucu umu-küsülərə gətirib çıxaran əsassız şübhələri axırda onu bezdirməyə, qıcıqlandırmağa, əsəbiləşdirməyə başladı. Əvvəlcə heç nə anlamırdı, fikirləşirdi ki, yəqin, keçmiş depressiyanın təsiridir. Amma atmacalar, ikibaşlı sözlər axırda öz işini gördü. Yeri gəlmişkən, həmin vaxt qadını bürüyən şiddətli, qarşısıalınmaz ehtiras da sönməyə başlamışdı. Özünün uydurduğu cəfəng səbəbə görə əriylə soyuq davranmağa, ondan mümkün qədər uzaqlaşmağa çalışırdı, bununla da ərini aşna tapmaq fikrinə salması kifayət qədər məntiqliydi. Kişi də həmin vaxtdan qadınları tez-tez dəyişməyə başladı, çünki əslində, meyli öz arvadınaydı.
Birgə həyatlarında bu maneəni də aşmalı oldular. Şəxsən kişi üçün bu çətin və ədalətsiz maneə idi, ona çox əziyyət verirdi, həm də ona görə ağır idi ki, dərdini bölüşəcəyi kimsə yox idi: həyatındakı yeganə belə insan qadının anası ola bilərdi – öz qızını nələrəsə inandıra, hətta hansısa fikirdən daşındıra biləcək qayınanası. Tərslikdən, o da təzəlikcə haqq dünyasına qovuşmuşdu.
Bayaq masa arxasında gözlərini tavana zilləyib oturduğu kimi, indi də üstü hansısa qayğıkeş qadın əliylə örtülmüş şəkildə, arvadıyla ortaq yataqlarında paltarlı uzanmışdı. Sinəsinə çökən ağırlığı hiss etdi. Pəncərə şüşəsini döyəcləyən damcıların səsinə əvvəlcə fikir verməsə də, sonradan başa düşdü ki, yağış yağır.
İndi yasla bağlı və yasdan əvvəlki bütün təlaşlar, əziyyətlər, ehsanın gecikməsinə görə keçirdiyi gərginlik, dəfn yeri və qiymətlə bağlı qəbiristandakı dünənki danışıqlar, arasıkəsilməz qohum və dost zənglərinə verilən yeknəsəq cavablar, camaatı qəbiristana aparacaq avtobusların sifarişi, digər xırda, boş, mənasız məsələlər arvadını fikirləşməkdən onu müvəqqəti olaraq yayındırmışdı və sanki bütün bunlar iki gün əvvəl yox, çoxdan olmuş, qadın öz itkisi ilə ərini təkbaşına qoyub getmişdi. O heç nə barədə düşünə bilmirdi, diqqətini nəyəsə cəmləmək istəsə də, bacarmadı. Birdən yuxuya getdi, son günlərin gərginliyi onu zorla yatızdırdı. Bu yatmaqla düz on bir saat yatdı, oyananda isə ona elə gəldi ki, heç bir tikə də yatmayıb, yan otaqda qonaqlar hələ də oturublar və ona heç bir dəxli olmayan boş söhbətlərlə yas mərasimi davam edir.
Gözlərini yumub aylardı ilk dəfə yuxu görmədiyini, sadəcə, yuxunun qara dəliyinə qərq olduğunu düşünərək qımıldanmadan uzanmışdı. Yataqdan qalxıb aralı qalmış qapıya baxdı və birdən... qapının yanında döşəməyə kölgə düşdüyünü, elə o dəqiqə də qapıda kəfən kimi ağa bürünmüş tanış fiqur gördü… heç bir qorxu hissi keçirmədən yataq otağına girib artıq çarpayısına yaxınlaşan fiqura baxdı.
– Əminə?!
Ağ fiqur yaxınlaşıb əynindəki kəfəni səssizcə çıxararaq çılpaq qaldı.
– Əminə, sənsən? Axı sən ölmüsən.
– Mənim ruhum ölümsüzdür...
Qadın elə astadan danışırdı ki, kişi onu eşitmək üçün bütün diqqətinin topladı.
– Hə, – razılıqla başını tərpətdi. – Bilirəm, oxumuşam, həm də ağıllı insanlardan dəfələrlə eşitmişəm. Bu nədir, xəstələnəndə iman gətirməyinin nəticəsidir? Yoxsa bunun bir dəxli yoxdur?
– Belə danışma, – qadın dedi. – Sən ələ salırsan, amma inanmaq lazımdır.
– Yəqin ki, haqlısan, amma inanmaq həmişə lazımdır, dinə yalnız vəziyyət pisləşəndə üz tutmaq düzgün deyil, mən belə başa düşürəm. Burda nə gəzirsən? Ölümsüz olan təkcə sənin ruhundur? Hamı ölür, hər kəs də yerində sakitcə uzanır, heç kimi narahat etmir.
– Gəldim deyəm ki, orada bizim oğlanı gördüm.
Kişi dinmədi.
– Sənin üçün fərqi yoxdur? – qadın soruşdu. – Bir söz deməyəcəksən?
– Nə deyim? – kişi əllərini təəccüblə yanlara açaraq diqqətlə qadına baxdı; qadın xəstəliyə qədərki vaxtlardakı kimi görünürdü. – Bircə onu deyə bilərəm ki, öləndən sonra əməlli-başlı səfehləmisən.
– Bir də gəlməyəcəm, – qadın dedi.
– Lap yaxşı, – kişi cavab verdi. – Xüsusən də, cümə axşamları öz yasına gəlməyi ağlından keçirmə, camaatı qorxudan öldürərsən.
– Sən heç dəyişməmisən, Səməd, elə həmin adamsan... – qadın sözünün arxasını gətirmədən qeyb oldu.
O, günlərdir vücuduna çökən yorğunluğun canından hələ də çıxmadığını hiss edib bir müddət yataqda uzandı. Ayaqları sızıldayır, kürəyi, çiyinləri ağrıyırdı, elə bil ağır yük daşımışdı. Yadına düşdü ki, bazar ertəsidir – işə getməlidir. Düzdür, iş yoldaşları, rəhbərlik – hamı dəfndə iştirak etmişdi və belə bir gündə onun işə gəlib, şirkətin məsələləri ilə məşğul olacağını heç kəs gözləmirdi, amma evdə qalmaq da dözülməz idi.
Əminənin həmin dəqiqələrdə çoxdan görmədiyi kimi, tamamilə canlı şəkildə qarşısında dayanmasına baxmayaraq, kişi onun peyda olmasına yuxugörmə – mistikanın reallığa müvəqqəti müdaxiləsi kimi yanaşdı... Arvadının illər uzunu əvvəl varlığıyla, sonradan xəstəlikdən doğan depressiya ilə doldurduğu mənzildə özünü tənha hiss etmək qeyri-adi bir duyğu idi. Düzünə qalsa, aylarla sürən xəstəlik boyu kişi ona nifrət etməyə də macal tapmışdı. Qadın dözülməz dərəcədə kaprizli olmuşdu, eqoistliyinə iki sutkadan artıq tab gətirə bilən baxıcı zorla tapılırdı, sonra əri yenisini axtarır, atıb getməsinlər deyə pulu ikiqat, üçqat ödəməli olurdu. Onda heç olmasa, işdə özünü az-çox rahat hiss edir, fikri yayınmırdı...
Yataqdan qalxdı, aşağı salladığı çılpaq ayaqlarıyla başmaqlarını tapıb hamamxanaya getdi, güzgünün aşağı rəfindəki stəkanda gözünə sataşan qadının diş fırçasını görüb zibil vedrəsinə atdı, üzünü qırxdı, zümzümə elədiyi bayağı musiqinin sədaları altında yuyunub-darandı.
Bir az gəzişmək üçün bayıra çıxdı. İşə yollanmaq fikri öz-özünə keçib getdi. Əslində, diqqət mərkəzində olmaq istəmirdi, işə getsəydi bu qaçılmaz olacaqdı. Evin yaxınlığındakı kişik, yaşıl bağa getdi. Yağışdan sonra hava təmiz idi, dalandar qadının alababat sildiyi oturacaqlardan birində əyləşib siqaret alışdırdı. Təqaüd yaşlı bir neçə kişi bağın qırağında yığışıb domino oynayır, zarafatlaşır, bir-birilərinə söz atırdılar. Yağış illər öncə vəfat etmiş yazıçının heykəlini yaxşıca yuyub təmizləmiş, heykəlin çuqun başında quş zılının izi-tozu qalmamışdı. Görkəmindən tələbəyə oxşayan iki qız gözlərini telefonlarına zilləyərək nəsə çeynəyə-çeynəyə internet xəbərləri barədə təəssüratlarını bölüşürdülər. Skamyanın arxa hissəsindəki kollardan gələn xoş rayihə ətrafı bürümüşdü. Yanından bir qız keçdi, sonra yaxınlaşıb çəkinə-çəkinə Səmədin əyləşdiyi skamyanın qırağında oturdu. Qızı gözaltı süzən Səməd onun ayağındakı kobud ayaqqabıları görəndə özündən asılı olmayaraq düşündü ki, Əminə heç vaxt beləsini geyməzdi. Təxminən iyirmi beş, iyirmi yeddi yaşlı qızın yorğun sifətində həyatının heç də asan keçmədiyinin izləri sezilirdi, əynindəki plaş beş il qabaqkı dəbdə olsa da, təmiz və səliqəli idi, çiynindən uzun kəmərli kiçik çanta asılmışdı. Qız kişinin baxışlarını üzündə hiss eləyib utana-utana, dili topuq vura-vura dedi:
– Bağışlayın, dayı, mənə metro üçün yolpulu verməzsiniz? Getməliyəm, amma pulum... başqa şey düşünməyin, burda rəfiqəmi gözləyirdim, söz vermişdi ki, pul gətirəcək, mənə borcu var, amma nə səbəbdənsə gəlib çıxmadı...
Səməd əlini cibinə saldı, neçəliyinə baxmadığı kağız pulu ona uzatdı. Qız təəccüblə pula baxırdı.
– Bu nədi, yox, mənə ancaq metro üçün pul lazımdı. Mən nə dilənçiyəm, nə də qaçqın, şəhərliyəm, burada doğulmuşam.
Səməd əlindəki pula nəzər saldı: hə, doğrudan da, bir az çoxdu. Amma qızın sözləri onu təəccübləndirdi.
– Gedək, – oturduğu yerdən qalxıb qıza dedi. – Səni plova qonaq edəcəm. Dünənki yasdan qalıb.