KAKTUS ÇİÇƏYİ
İlk dəfə gəlin getdiyim evin eyvanındakı kaktus çiçəklərindən anladım: gəlin getmək, əslində, çox yad bir duyğuymuş. İnsan da özü öz ayağıyla doğma evindən, sevdiklərindən çıxıb gedərmi? Hara qədər? Qəti bunu qəbul etmədən ilk gündən içimdəki üsyanı qıraqdan izləməyə başladım. Gəlin getməyin ilk dəfə şəxsiyyət ikiləşməyini yaradan psixoloji xəstəlik yaratdığını başa düşdüm.
İlk dəfə üstümə gələn, məni anlamayan, başqa duyğuları daşıyan insanları öyrənməyə başladıqca anladım; əməlli-başlı həyatın dibinə yuvarlanıram, ətrafda bir saman çöpü belə yoxdur. Gəl, – deyə haradasa uzaqdan bir doğma səs mənə kəndir uzatdı. Kəndirə sarılıb yuxarı qalxırdım ki, yuxudan qapı döyülməyinə oyandım. Qapının arxasında bir sürü adam saat səkkizi keçmədən ayağa qalxmalı olduğumu sübut etdilər. Baxışlarıyla qapını göstərib, nəyəsə eyham vurdular. Çox keçmədən əlimdə bir sürü əşya həyətdə donub qalmışdım. Ətrafda bir yığın toyuq-cücə kəsiləcəklərini gözə alıb həyata sığınırdılar. Sonra gözlərimə inanmadım; çox keçmədi, qonşu evlərdən mənim kimi ayaqlarını sürüyə-sürüyə gəlinlər çıxdı. Əyinlərindəki geyimin mənə nəyisə xatırlatdığını yəqin etdim. Sonra bir özümə, bir də onlara baxdım. Eynisi idi. Qapıdan bizi izləyirdilər. Heç kim özünü itirmirdi, hamı bir nəfər kimi xalçaçırpanı xalçaya çırpırdı. Hər çırpanda sanki burada hədər gedən boş günləri kötəkləyirdilər. Anladım ki, gəlinlik hərbi vəzifədir – öz geyimi, öz qanunu olan.
Yaşasın azadlıq! İlk evdən çıxdığım günü heç unutmaram. Günəşli bir gün idi. Adını bilmədiyim xalalar, bibilər... Hamısını bir-bir qucaqlayıb öpmək istəyirdim. Poçt idarəsinə ərimdən gələn məktubu almağa getmişdim. Sən demə, bu məhəllədə bütün qadınlar ərlərini toy səhəri köçəri quş kimi göyə uçurdub yazda yolunu gözləyirlərmiş…
Bu məhəllədə toylar payızda olur. Hər gün səhər o gəlinlərin geyimlərindən tutmuş, göz yaşlarına qədər eyniləşdiyini görüb ağlımın yerindən oynayacağından çox qorxurdum. Onlardan bir damla belə fərqlənmirdim. Nə yaxşı ki, bir kimsə bir kimsənin beyninin içinə girmir. Mənim fərqim içimdə idi. Hər an özümü ayıldırdım – yox, sən eyniləşmə, – deyirdim, nə edirsən-et, bu axına düşüb getmə. Gözümün önünə məni yola salarkən atamın göz yaşları gəlirdi. Gəlin köçmək bu dünyadan köçməyə bənzəyirdi: sən gedər-gəlməzə gedirsən. Öz evinə dönüş yoxdur. Artıq sənin xəyalınla yaşayırlar. Hamı səni unudur, xatırlamır.
Qız uşağı qurbanlıq kimi bir şeydir. Dönüşü yoxdur. Hərdən o qadınların əri gəlirdi. Məhəllənin səssizliyi pozulurdu; haradasa biri arvadını döyürdü. Mən də xəyalımda o qadını zalım ərinin əlindən alırdım. Onu öldürürdüm. Heç düşünməzdim ki, insanlıqdan uzaq, qəddar, qorxulu hisslərin hamısını burada öyrənəcəyəm.
Mənə sevgi haqqında bir sürü yalan demişdilər. İlk dəfə “sevirəm” sözünü məhkəmə zalında eşitdim. Boşanma kürsüsündə ərimi beşinci dəfə idi görürdüm. Hakim mənə sual verdi:
– Boşanma səbəbiniz?
Uzun bir danışıqdan sonra: həyatıyla barışan qadınları ordan qurtarın, - dedim. Hamı mənə gülürdü, hakim də:
– Bu nə düşüncədir?
– Xanım, ailə qurmaq sevgidən doğulan və insanlar üçün önəmli olan bir dönəmdir. Siz nə ilə mübarizə aparırsınız?
– Bir kimsə evlənməsinmi? Əgər sizin uğursuz evliliyiniz olubsa, hamı boşansınmı?
Azadlığıma qovuşduğum gün bərk soyuq idi. Hər tərəf ağappaq qar... Evimizə qədər qaçdım. Saatlarca qapımıza baxdım. Sonra yavaşca qapını döydüm. Qapını mənə açan elə özüm idim. Gözlərində sevinci itməmiş halımla gülümsünürdüm. Əllərimi saçlarıma çəkib bağışla, – dedim. Gözləri dolmuşdu, sevinirdi. Üzümü çevirib getdim...
Yol həmişə ümid verir. İnsanın heç bir yerdə yeri olmayanda yol getmək istəyir. Nə qədər yol getdimsə, ardımca əl edən o qadınları unuda bilmədim. Onlar mənim içimdə böyüdülər, oğul-uşaq sahibi oldular, qocaldılar, öldülər. Əsla unudulmadılar. Elə indi də dediyim o məhəllə var. Orada qadınlar payız nübarından dadıb arzularından əl çəkirlər. Onların hamısının pəncərəsində kaktus çiçəyi olur.
MƏSCİDİN DƏLİSİ
Allahın tanımadığı evi olmaz. Yerin özü də Onun evidi. Bax sənin də, mənim də nə etdiyimizi, harda olduğumuzu bir o Yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən, mələk qızımın nə günahı var idi ki, onun uşağının dili lal ola. Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, Sənə sözü var”. Güllü yorğanlardan gələn gülab iyinin gözəlliyində böyümüşdü Abdulla. Bir gün də tezdən oyanıb “Nənə” – demişdi Abdulla. "Ay nənə..."
Abdullanın dilinin açıldığı gün nənəsi o dünyaya köç etdi. Abdulla ölümün nə olduğunu görməmişdi. Saatlarca nənəsinin yanında oturub onu oyandırmaq üçün səslər çıxarmışdı. Abdulla özü də anlamadan sözlər deyirdi. Ac idi, susuz idi. Qonşu Zibeydə gəlməsə, bəlkə də, Abdulla da ölüb gedəcəkdi. Qonşunun hay-küyünə adamlar yığıldı. Abdullanın nənəsini harasa apardılar. Abdulla nənəsiylə dua etməyə getdiyi evin ta yanında torpaq qazıldı. Abdulla nənəsinin torpağa əkilməsini gözüylə gördü. Onda onun gözləri böyüyüb dünyanı aşdı. Abdulla bu dünyanı hələ bu günə qədər belə aydın görməmişdi.
Nənəsinin dua etmək üçün onu gətirdiyi məscid adamla dolu olardı. İsti idi. Yerə xalçalar, yorğanlar döşənmişdi. Nənəsi tez-tez Abdullaya “Gözlərini yum, bala, yat. Yuxuda sənə şəfa verilər”, – deyərdi. Abdulla çox yorulmuşdu. Adamların arasından qaçıb məscidin içində bir sakit yer tapıb uzandı. Gülab ətri verən yorğanı üstünə örtüb nənəsinin sözlərini bir də düşünüb yatdı.
Kəndin adamları onu məsciddə tapanda çox kövrəldilər. Bu gecə ona dəymədilər. Səhər azan səsinə oyanan Abdulla bir daha evinə getmək istəmədi.
Hər gün obaşdan oyanıb ətrafı səliqəyə saldı. Su daşıdı. Nənəsinin qəbrinin yanına su tökdü. Hər dəfə su tökdükcə bir az böyüdü Abdulla. Axırda böyüyüb 19 yaşında bir gənc oldu. Kənddə hamı sevərdi Abdullanı. Təkcə Ağgüldən başqa. Uşaqlıqdan bəri gözünün tutduğu bu qız Abdullanın onun üçün dərdiyi gülləri yolun düzünə səpələyib “məscidin dəlisi” deyib qaçmışdı bir dəfə.
O gündən Abdulla heç ağıllı olub bir kəlmə deyə bilmədi. Lal baxışlarla, ağzından çıxan bir-iki sözü də içində susdurdu.
Abdulla nənəsindən sonra sığındığı Allahdan, bir də Ağgüldən başqa bir həqiqət tanımırdı.
Məscidə baxan Hüseyn kişi də deyirdi, ay kişi, Abdulla olmasa, bu məscidin halı necə olar. Abdulla səhər durub həyətin bütün işlərini görərdi. Darvazanı açar, insanlara yardım edərdi. Dua üçün gələn xəstələri əlində daşıyar, qocalara su verərdi. Abdullanın başqa yönü yox idi. Abdulla üzü Allaha böyümüşdü. Dua vaxtı minbərin altında oyuq kimi bir yer tapıb gizlənərdi. İnsanların diləklərini Allahla bir eşidərdi Abdulla.
Heç kimin onu görməyəcəyindən əmin olub yerini rahatlardı. O, qonşu Zərbəlinin Allaha pənah gətirib, “Ay Allah, sən günahımdan keç” deməsinə xeyli gülmüşdü. Zərbəli bu kəndin mal-qarasını, kasıbını talayan qumarbazın biri idi. Abdulla gülür, gülür, səsini içinə qısa bilmirdi. Zöhrəbəyim qarının “Allah, bilmirəm bu insanlar mənim lal canımdan, dilsiz-ağızsız canımdan nə istəyir” deməsinə lap qəşş etmişdi. Çünki bu məhəllənin uşaqları, böyükləri Zöhrəbəyimin davalarıyla böyümüşdü.
Abdulla burda nələr görmüşdü, nələr... Dostunun malını yeyib iman istəyəni, ev dağıdıb aman istəyəni... Hərdən Abdulla ağlardı, Pakizə ananın xəstə canına, qonşusu Ağcanın itkin oğluna, Qasımın evsiz-eşiksiz, küçədə qalmağına.
Hərdən də qəzəblənirdi sələmçinin, imansızın bura gəlişinə. Onda Abdulla əlində olan xırda daşları göydən atardı. Günahlılar onun məscidində çox qalmasın deyə.
Gecələr nənəsinin qəbrinin daşını öpüb, qoxlayıb yenə məsciddə yatardı. Bu minvalla Abdullanın gülüşü, göz yaşı da insan diləyi idi.
O günə qədər ki Ağgül məscidə gəldi...
O gün Abdulla məscidin həyətindəki gülləri suvarırdı. Qapıda Ağgülü görüb yerində dondu. Əlində satılı, ayağının altında daşı hiss etməyib yıxıldı. Üst-başı su içində, Ağgüldən qaçıb oyuqda gizləndi. Ağgül yaxasından bir məktub çıxardı. Gözəl sinəsində tövşüyən ürəyinin sanki səsi eşidilə-eşidilə “Ay Allah, – dedi, – məni bu məktubla aldatdılar. İndi mənə ölüm yaraşar”.
“Bu məktubda o qədər gözəl sözlər var idi. Məni aldatdılar, – deyib dizlərini yerə qoyub ağladı. – Mən kirləndim. Mən sevginin belə eybəcər olduğunu, o yaraşıqlı oğlanın gözlərinin belə iyrənc olduğunu bilmirdim. Bilmirdim, ay Allah. Ölməliyəm, bilirəm. Yalnız Sən məni bağışla. Keç günahımdan”.
Abdulla heç nə anlamasa da, Ağgülün göz yaşlarına dözmürdü. Ona qoşulub xeyli ağladı. Ağgül hıçqırıq səsi eşidib qaçdı. O gecə qardaşı Ağgülü ölüncə döydü. Ağgülün səsi, naləsi bütün kəndi bürümüşdü. Onu aldadan oğlan da çoxdan qaçıb getmişdi. Ağgül qaçıb gedəndə Allahın evində unutduğu məktubu oxuya bilməsə də, Abdulla onu bir dərd kimi qorudu. Abdulla özü də bilmədiyi bir ürpəntinin ona verdiyi "daha Ağgülü sevə bilməzsən" acısında üşüyürdü... Amma onu sevməyə bilmirdi. Abdulla bir səhər oyanıb nənəsinin qəbrini bağrına basıb getdi... Danışa bilməsə də, son dəfə Allahın dərgahında azan çəkdi. Var səsiylə üzü göyə inildədi. Ürəyində bir söz gizləmişdi, onu heç vaxt demədi... Bir gün də nə su vedrələri, nə ağaclar, nə qəbirlər, nə minbər sevindi. Allahın lütfü düşən bu evdə Abdulla qədər işıq azaldı. Abdulla getdi. Allahın tanımadığı evi olmaz. Yerin özü də onun evidi. Bax, sənin də, mənim də nə etdiyimizi, harda olduğumuzu bir o Yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən mələk qızımın nə günahı var idi ki, onun uşağının dili lal ola? Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, sənə sözü var”.