SƏSBÖYÜDƏN
(və ya mikrofon şeiri)
Səhnəyə çıxırsan, söz yeyənəcən
baxışlar sənədi, ümidlər sənə.
Sözə bələyirlər yerdən göyəcən,
Dönürsən səslərin dilənçisinə.
Əyilib qalxırsan... bilək qədrini
Az səsi artırıb yüz eləyirsən.
Dərdi olmayanın "girov" dərdini,
Qışqıra - qışqıra "söz" eləyirsən.
Kim idi, əl atıb "çənəndən" tutan ,
Kim idi, boyunu uzadan o kəs.
Səninlə səsini artıran, atam,
Sözünün ömrünü uzada bilməz.
Səs qalxıb, söz enib, bəlkə min kərə,
Dağa dırmananlar bir dizə çıxmaz.
Ömrünü- gününü həzinliklərə,
Qurban eləməyən Dənizə çıxmaz.
Toyda da yerin var, yasda da yerin,
Qəmi olmayanlar hələ yatır ki...
Mənasız, məzmunsuz sənəti, şeiri,
"Böyütmək" bir köhnə bayatıdır ki.
Kim bilir, nə kefdə nə həvəsdəsən,
Yersiz qondarmalar kəlam göndərir.
Şöhrət "yeyənlərə" səs böyüdənsən,
İçini yeyənlər salam göndərir!
Bir tƏzƏ misranı qoymuşam evdƏ
Hər gecə metroya növbəyə gedərkən
bir yarımçıq yazım qalır
Hər gecə "qaçıram" dan yerinəcən,
Qovuram zamanı, istəməsəm də.
Divarı nəmlənmiş soyuq otaqda,-
Bir kimsə yolumu gözləməsə də.
Torpağın altından çıxır çörəyim,
Axşamlar "itirəm" , səhər çıxıram.
Yuxumu səpirəm yerin altına -
Yuxudan doymamış şəhər, çıxıram.
Bir təzə misranı qoymuşam evdə,
Qələmi, kağızı tez unutmuşam.
İçimin dərdini göyərtmək üçün
"Qovduğum" axşamı çətin tutmuşam.
Dayanır zamanın daş qədəmləri,
Göylərin buludu dama-damadı.
Sinəmin əlçatmaz üzüntüləri
Gecəyə yazdığım qaralamadı.
Vaxt ötüb getmir ki, ölüb elə bil,
Adamlar evlərə çəkilib susub.
Hər səhər -- yox olan gecələr deyil,
Növbədən gələnlər bir gün uduzub.
GÖZ ƏYIRDIN, SÖZ SUVARDIN BOYUNU SEVƏ
Unudulmaz M.Araza
Zildə, bəmdə oxudurmuş söz, duyan canı,
Həsrətini "Daş harayla" daşa çəkmisən.
Son anacan tən bölünmüş Azərbaycanı,
Araz üstə qucaqlayıb başa çəkmisən.
Baş əydin ki, ucaldasan azman palıdı,
Yarpaqların pıçıltısı əl çalmaq deyil.
Adın gəldi, köhlən şimşək səni tanıdı.
Bulağına diz qatlamaq alçalmaq deyil.
Nə qəm idi içindəki, sirrin dağıymış.
Sirr verdiyin sirr aldığın adam oldumu?
Çatmadığın arzuların dar ağacıymış,
Ömrün boyu dadmadığın edam oldumu?
Söz suvardın, söz əyirdin boyunu sevə,
Alnıaçıq, üzüağmış gözdən uzaqlar.
Min illərin nakamıymış xalqını sevən
Adı alqış görməyənlər sözü qucaqlar.
Külək oldu, yağış oldu dərdinə həyan
Duyğuların nənnisində qəm zilin oldu.
Hayqırtıdan çox titrədi anamız cahan,
"Gündoğandan-günbatana" mənzilin oldu.
Qayıdırmış çox uzaqlar yaxın olmağa,
Bayraq-bayraq buludların nur yolu qalır.
Balaların girə bilməz dalğın otağa
İş otağın, yazı masan qurulu qaldı.
Söz ordunun səfəri var dünya uzunu,
Sözdən uzaq, qəmdən ayrı qəlbi usandır.
Bu torpağın daş dilini bilən ozanı,
Daş heykəldən aşağı düş tilsimi sındır.
ÖZÜMƏ MƏKTUB
Mən yolu getmirəm,
Yol məndən gedir.
Bir arzu sınıxır, bir kam darıxır.
Neçə görmədiyim gün ildən gedir,
Yanından keçdiyim axşam darıxır.
Səsini itirir ayaq səslərim,
Bu əlin, o əldə havası qalmır.
Gənclikdən o yana çıxıb getmişəm,
Özümün -özümlə davası qalmır.
Mən deyən talemi- itirdiyim ah?!
Nə vaxtsa şəkliynən taparam onu.
Bu yoldan ötən qız o imiş Allah,
Getsə, subaylığa aparram onu.
Qulaq kəsilirəm kölgə adama,
Adını dəyişib, daş ada gəlib.
Mən onu baharda görüb gəlmişdim -
Adlayıb gördüm ki, qışa da gəlib.
Günü ay elədim, uyudu masam,
Hər gün eyni hava, hər gün eyni səs.
Arabir özümə divan tutmuşam,
Tüstülü günlərim yerinə gəlməz!
Yox, daha səsimi hər dalğa tutmaz,
Deyəsən gözümə tanış üz dəyir.
İçimin boşluğu məni unutsun,
Alışan ürəyim məni gözləyir.
AXŞAMDAN SƏHƏRƏ
Döyür qulağımı səhərin səsi,
Qələm mürgüdədir, masa mürgüdə.
Görən, nə gəzirəm yuxu əvəzi,
Özümə baxıram nəsə güzgüdə.
Qonub pəncərəmə bir topa zülmət,
Sükutu kim qovub çöldən içəri?
Gecələr bu dünya mənə qoşulub,
Bir az dəli olur, bir az sərsəri.
Ulduzlar səsini içinə salır,
Yanır ürək-ürək, yanır canbacan.
Kaman naləsidir, qalxıb ucalır,
Külək "Zəmin-xarə" oxuyanacan.
Yaralı varaqdan təpə qurmuşam,
Tənha gecələrin əzabı kimi.
Masaya söykənib, susub durmuşam,
"Sürgün"dən yorulan külqabı kimi.
İtlərin hürüşü səs salır çölə,
Bu da bir sədadı, bu da bir ündü.
Başımın üstündə közərib ölən,
Axıb heçə dönən ulduz göründü.
Dünya həzin-həzin sübhü gözləyir,
Bu yaxın taladı, o uzaq bağdı.
Girləyib üzünü qaçmaq istəyir
Gecə, al səhərin qayıdan vaxtı.
SƏNI QARŞILAYIRAM
Uzaqdan gəlir qatar,
Bilir intizarımı.
Axşamdan yol gəlirsən,
Təkərlərin üsyanı
pozub yuxularımı,
Səni qarşılayıram.
Dünya təzə başlayır,
Bir günü yaşamağa,
Şəkillər - əldən çıxan
Nadinc uşaqlar kimi
Məndən tez yüyürürlər
Səni qarşılamağa,
Səni qarşılayıram.
İçimdəki günəşin
Göydə görüntüsü yox,
Sənsiz keçən günlərin
Vağzalda tüstüsü yox.
Səni qarşılayıram.
Sən səfərdən gəlirsən,
Mən qoyub ayrıldığım,
Yaşıl xiyabandakı
Bürkülü bir gecədən
Bax indicə səsləsən
Hay verrəm o küçədən.
Səni qarşılayıram.
Əllərin əlimdədir,
Dünya dünənki deyil.
Sevincindən duyuram,
Dünən qoyub getdiyin,
Şəhər səninki deyil.
Səni qarşılayıram.
“Azərbaycan “jurnalı