Azərbaycan Yazıçılar Birliyinin üzvü Reyhanə Sabir qızı Hacıyevanın (Reyhanə Qəbələli) “Axirət məhkəməsi” romanı “Mücrü” nəşriyyatında nəşr olunub.
Kitaba ön sözü Xalq yazıçısı Çingiz Abdullayev yazıb.
Kitabın naşıri Müşfiq Xan, redaktoru Məlahət Qənbərovadır.
“Axirət məhkəməsi” romanında müəllif uzun illər düşmən tapdağında olan tarixi torpaqlarımızda baş verən və sonu faciələrə səbəb olan hadisələrlə bədxah qonşularımızın iç üzünü bir daha açmağa çalışıb, vətənin bütövlüyü uğrunda canlarından keçən mərd insanlarla yanaşı bizləri daxildən məhv etməyə çalışan qüvvələrin və satqınların xain xislətlərini üzə çıxarıb.
Azərbaycanın tarixi torpağı olan Qarabağ tarix boyu dəfələrlə düşmən işğalına məruz qalıb, ancaq hər dəfə xalqın fədakarlığı, döyüş əzmi nəticəsində yadellilərin hücumu dəf edilib. Ancaq Sovet imperiyası dağılan ərəfədə erməni qəsbkarlarının əlilə bu qədim mədəniyyət beşiyi işğal olunub. Ermənilər bu torpaqları işğal etməklə kifayətlənməyib, bölgədəki tarixi və mədəniyyət abidələrini darmadağın edib, bir milyondan artıq soydaşımızı əsrlər boyu yaşadıqları tarixi torpağından didərgin salıblar.
Erməni vəhşiliyinin iç üzünün ifşası “Axirət məhkəməsi” romanının əsas leytmotividir. Romanda hadisələr maraqlı süjet xətti üzərində gedir. Axirət məhkəməsində insanların öz əməllərini etiraf etməsi, personajlar arasında dialoqlar, həqiqətlərin açılması, müxtəlif məkan və zamanların təsviri oxucunu yormur, əksinə məzmun və mənanın, yazıçı qayəsinin açılmasına xidmət edir. Əsərdə Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr bədii lövhələrlə təsvir olunub.
Müəllif iki qonşu xalqın illər öncə yaşadıqlarını, duyduqlarını özünün istedad süzgəcindən keçirərək səmimi, sadə qələmi ilə nizama düzüb, o dövrün kəşməkəşlərini təhlil edib, bədiiləşdirib, oxunaqlı bir romanı oxuculara təqdim edib.
Reyhanə xanımın qələmə aldığı “Axirət məhkəməsi” romanı gənclərimizə yüksək vətənpərvərlik hisslərini aşılayır. Əsərdə işğalçı ermənilərin barbarlığı, dağılan, talan olan yurd yerlərinin düşməndən azad edilməsi uğrunda can qoyan insanların vətən, torpaq sevgisi, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda hər bir vətən övladının necə mücadilə aparması, onların döyüşlərdə göstərdikləri hünər, şəhadətə ucalanların şücaəti bədii lövhələrlə təsvir olunub.
Yazıçı Reyhanə Qəbələlinin Qarabağ mövzusunda qələmə aldığı “Axirət məhkəməsi” əsəri müəllifin həyəcan və düşüncələrinin, dünya haqqında narahatçılığının bədii ifadəsidir. Əsərin qəhrəmanları öz dövrlərinin bu və ya digər mənada təzyiqlərinə məruz qalmış insanlardır. Yazıçı baş verən hadisələri duyğusal biri kimi öz təxəyyülündən keçirərək, onları xalqa tanıtmaq istəyir.
Məlahət Qənbərova