Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Türk dünyası “Onur” və “Altın yıldız” medallı,
Humay Milli Mükafatı laureatı,
"Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Türkiyə Yazarlar Birliyinin üzvü
Xocalı harayım
O gecə Xocalı qana boyandı,
O gecə vətənin ürəyi yandı,
O gecə haqq da öz haqqını dandı,
İçimi qanla yedim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı Xocalım laylay...
Körpə süngülərin körpə harayı,
Oxladı sinəmi neçə min sayı,
Can verdi bir anda illərim, ayım,
Mən də bir qurban idim
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı Xocalım laylay...
Qan içdi torpağım, qana boyandı,
O gecə Xocalı alışdı, yandı,
O gecə elə bil həyat dayandı,
Bilmədim yerdəmi, ya göydə idim?!
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı Xocalım laylay...
İnlədi yaralı bir aslan kimi,
Zaman ömrümüzün qəddar hakimi,
Gözünü sığadı əcəl qan kimi,
Mən dərdə boyanıb,
mən kədər dindim,
Laylay Xocalım dedim,
Laylay Xocalım laylay...
Qanlı Xocalım laylay...
Laylay Xocalım laylay,
Başı bəlalım laylay,
Dünyan qana boyandı,
Qaldı nə halım, laylay...
Qanlı Xocalım laylay..
Şəhidlər xiyabanı
Şəhidlər xiyabanı...
Hər yer sükut içində...
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə.
Uzaqdan bir səs gəlir...
Bir ana layla deyir
Ürək yandıran ahla.
Salamlayır gecəni
Açılmayan sabahla...
Gah coşğun, gah da həzin,
gah da harayla deyir.
Bir ana xiyabanda
oğluna layla deyir…
Oğlunun baş daşını
öpərək qucaqlayır.
Ana elə göynəyir,
ana elə ağlayır....
Deyir hardasan oğul,
niyə geri dönmədin?
Sənsiz sönüb ocağım,
Boş qalıbdı qucağım.
Məzarına gəlmişəm
deyiləsi sözüm çox,
Bura son ümid yerim,
Gediləsi yerim yox...
Ana boynunu büküb
için-için sızlayır.
Oğlunun baş daşını
həsrətlə qucaqlayır.
Birdən ah cəkib susur,
Şəhid oğul önündə
sanki səcdəyə durur...
Ahı göyü yandırır,
ahı yeri yandırır...
Oğulun səsi gəlir…
Ana bir an dincəlir,
ilmə-ilmə sökülür,
ilmə-ilmə incəlir...
Ağlama, can ay ana,
Şəhid anasısan sən!
Bu torpağın, bu yurdun
enməz Qalasısan sən!
Oğlun şəhiddir ana,
şəhidlər ölməz axı!
Onların cənnətidir
yaradanın dərgahı.
Bir başını qaldır sən,
vətən göylərinə bax.
Şəhidin gülümsəyir,
ordan sənə baxaraq
Sevinclə o göylərdən
səni müjdələyəcək
Son nəfəsində səni
cənnətə götürəcək...
Şəhidlər xiyabanı...
hər yer sükut içində.
Sanki burda məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə…
Uzaqdan bir səs gəlir,
Bir ana layla deyir,
gah coşğun, gah da həzin
Gah da harayla deyir.
Vətən adlı şəhidlər
“Şəhidlər ölməzdilər
Şəhidi ağlamazlar”.
Bu sözün arxasında
Milyon qəhrəmanımın
Tükənməyən taqəti,
Bitməz cəsarəti var.
Şəhidin ölməzliyi,
İgidin dönməzliyi,
Mərmi-mərmi ucalan
Oğul mübarizliyi
Bir də vətən sevgisi
Onun sönməzliyi var.
Vətən ağrılarından,
Vətən sancılarından
Doğulan oğulların,
Şəhidlik zirvəsində
Qeyrəti var, adı var..
O ad ki, əbədidir,
O ad ki, müqəddəsdir.
O ad Vətənlə birgə
Çəkilən qoşa səsdir.
Vətən adlı oğullar,
Vətən adlı şəhidlər,
Vətən adlı zirvənin
Yenilən nəfəsidir.