YENİ NƏSİL: TƏNQİD
Elnarə QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
POSTMODERN POETİKA: “ƏLAHƏZRƏT” MƏTN
Müasir dünyanın taleyi kimi təqdim olunan postmodernizm bəşəriyyətin kosmosla yanaşı, mikrodünyaya da nüfuz etməsi ilə öz mövqelərini daha da möhkəmləndirib. İnsan real dünyadan virtual dünyaya keçməklə postmodern mədəni-tarixi epoxaya qədəm qoymuşdur. Modernizm klassik realizmlə, ənənə ilə mübarizə fonunda meydana çıxmışdı. Postmodernizm isə reallığa qarşı informasiya texnologiyalarını, virtual dünyanı qoyur. “Bu, bütövlükdə süni, texnoloji və informasiya cəmiyyətinin – postinsan sivilizasiyasının formalaşmasıdır. Bu sivilizasiya təbii dünyanın, ənənəvi və modernist cəmiyyətin əvəzinə gəlir” (V.Kutırev). Postmodernizmin fəlsəfəsinin əsaslarını işləyən görkəmli alimlər: R. Bart, J. Batay, M. Blanşo, F. Qvattari, J.Delez, J.Derrida, F. Cemisson, S. Jijek, P. Klassovski, Y. Kristev, M. Fuko, Y. Bodriyar, S. Zenkin, İ.İlyin, M. Kolesnikov, V. Kuriçina, V. Kutıreva, M. Mojeyko, V. Podoroq, M. Rıxlin, B. Sokolov, M. Epşteyn olmuşdur. Azərbaycanda İsa Həbibbəylinin, Qorxmaz Quliyevin, Tehran Əlişanoğlunun, Elnarə Akimovanın, Cavanşir Yusiflinin, Ülvi Babayevin, Nərgiz Cabbarlının, Nərgiz İsmayılovanın, Afaq Əsədovanın, Mahirə Hacıyevanın, Pərvanə İsayevanın və başqa alimlərin bu cərəyanla bağlı araşdırmaları həm postmodernizmə Azərbaycan ədəbiyatşünaslığı kontekstindən baxışı, həm də Azərbaycan postmodernizminin nəzəri əsaslarının tədqiqini özündə ehtiva edir.
Mətnin düzgün anlaşılması və şərh olunması tarixin bütün dövrlərində aktual problem olmuşdur. Xələflər sələflərin mətninin kontekstdaxili və kontekstdən kənar anlamlarını şərh etməklə mətnlərarası əlaqənin arasıkəsilməzliyini təmin etmişlər. İlahi mətnlərin, o cümlədən Quranın şərhləri müəyyən çətinliklər və məhdudiyyətlərlə müşayiət olunsa da, bədii mətnlər bu baxımdan daha azad idi və sərbəst şərhə meydan açırdı. Adını qədim yunan allahı Hermesin adından götürən hermenevtika yarandığı dövrlərdə mətnin şərhi problemlərini praktiki baxımdan öyrənən köməkçi elm sahəsi kimi çıxış edirdi. XXI əsrdə hermenevtika aparıcı elm sahələrindən birinə çevrilərək ədəbiyyatşünaslıq üçün xüsusi əhəmiyyət kəsb edir. Tətbiqi hermenevtikanın qrammatik, stilistik, tarixi və psixoloji metodları mətnin fərqli qatlarını analizə cəlb edir. “Ədəbi mətndə əsasən ideyanın sosial-tarixi kontekstini aydınlaşdırmağa kömək edən tarixi interpretasiya metodu istifadə olunur”. (V.Çueşov)
Postmodern mətnin analizi üçün ilk növbədə onun fəlsəfi əsaslarını bilmək, məhz tarixi-fəlsəfi konteksti aydınlaşdırmaq lazımdır. Postmodern fəlsəfənin bazisini strukturalist fəlsəfə təşkil edir. Fransız ədəbiyyatşünası və semioloqu Rolan Bartın (1915-1984) araşdırmaları ilə strukturalizmin ideyaları birbaşa yazılı nitqə – mətnə tətbiq edilməyə başladı. İnsanın yaratdığı mədəniyyəti bütövlükdə “mətn” kimi təqdim edən R. Bartın əsas ideyasına görə, “aşkara çıxarılan düşüncə strukturları öz məcburilik qüvvəsini itirir və dekonstruksiyaya uğrayır”. Strukturalizmə “epistema” və “diskurs” anlayışlarını gətirən Mişel Fuko (1926-1984) antroposentrizmdən uzaqlaşaraq mədəniyyətin antibəşəriyyət və antitarix aspektlərinə üstünlük verir, “insanın ölümü”nü, insan faktorunun ikinci plana keçməsini müasir mədəniyyətin əsası kimi təqdim edir. Zamanla strukturalizmin məğzindən postmodernizm meydana çıxır: “Bart və Fukonun sonrakı görüşlərini poststrukturalizmə aid etmək olsa da, postmodernizm poststrukturalizmin yeni etapı kimi fransız mütəfəkkirləri Jak Derridanın (1930), Jül Delezin (1926) tədqiqatlarından başlayır. Sərlövhəsində postmodernizm anlayışının mövcud olduğu ilk fəlsəfi əsəri J. F. Liotar qələmə almışdır. Bu kitab “Postmodern situasiya” (1979) adlanırdı. Bu kitabda rasionalizmin, o cümlədən strukturalizmin ideyaları, hermenevtikanın rasionalizmi və Y. Xabermasın tənqid nəzəriyyəsi ilə razılaşmayan Liotar rasional sənaye təkamülünün qanunauyğun bəhərinin totalitarizm, şimal və cənubun qarşıdurması, işsizlik, Auşviçç (Osvensim) olduğunu qeyd edir. Auşviççdən (Osvensimdən) sonra əvvəlki kimi mühakimə yürütmək qeyri-mümkündür”. (V.Çueşov)
A.Duqin “Postfəlsəfə” əsərində bəşəriyyətin tarixini üç paradiqmanın: premodern-modern-postmodernin növbələşməsi kimi təqdim edir. İnsanın düşünmək və danışmaq mədəniyyətini virtuallaşdırıb yazmaq və göstərmək kimi yenidən quran postmodernizm tarixin, bəşəriyyətin tam fərqli etapıdır. Dünyanın ənənəvi qanun və kriteriyalarını dağıdan postmodernizm postreallıq yaradır. Əvvəlki dünya düzənində anormal hesab olunan məqamlar postmodern dünyada normanın fərqli bir variantı, güzgünün digər üzü kimi nəzərdən keçirilir. Məqsədsizlik və məntiqsizlik üzərində qurulan postmodernizm klassik elmin yerinə oyunabənzər postelm təklif və təqdim edir.
Postmodernizmin poetikaya gətirdiyi yeni və yeni anlamda işlənən klassik terminlər – dekonstruksiya, simulyakr, sitat, fraqmentarlıq, eklektika, relyativizm, multimədəniyyət, skeptisizm, ironiya, parodiya, pastiş və s. postmodernizmin özü kimi ambivalent xarakter daşıyır. Əşyanın, obyektin, anlamın ona bənzər alternativ ilə əvəzlənməsini xarakterizə edən simulyakr fenomeni postmodern poetikanın əsas anlayışlarındandır. Y. Bodriyar Amerikanı səhra ilə eyniləşdirərək onu postmoderni əks etdirən əsas cəmiyyət kimi təqdim edir. Müasir teleməkandakı realiti – şoular, virtual oyunlar, alkoqolsuz şərab, kofeinsiz kofe, dadlandırıcılar, aromatizatorlar, təbii materialları imitasiya edən plastik məhsullar, insanların marionetka, zombi, robot kimi təqdimi simulyakr fenomeninin təzahürüdür. Postmodernizm simulyakr vasitəsilə insanın surətə, klona çevrilməsini təbliğ edir. Postmodernizmin əsas anlayışlarından biri, dekonstruksiyanın bir hissəsi olan desentrasiyanın nəticəsi kimi mərkəzi və periferiyaları olmayan labirint meydana çıxır. Labirint həm də klassik məntiqin çöküşüdür. İnternet şəbəkəsi də mərkəzdən məhrum dünyanın simvolu və yaradıcısıdır. Modernistlər ədəbiyyatda təmiz mətn axtarışında idilər. Tarixi, bioqrafik, emosional, fəlsəfi yükdən azad mətn “təmiz mətn” hesab olunurdu.
Postmodernizm isə mətni, ümumiyyətlə, azad və hüdudsuz, müəllifsiz elan edir. Postmodern mətn hipertekstualdır. Postmodern estetikada mətn anlamı geniş, sonsuz, müxtəlif çıxıntılarla bir-birinə birləşən, dolaşıq bir labirint kim təqdim olunur. Postmodern poetikada mətnin əsas xüsusiyyətlərindən biri onun dekonstruksiyaya məruz qalmasıdır. V.Çueşov strukturtalizmdəki dekonstruksiya anlayışı ilə postmodernizmdə irəli sürülən dekonstruksiya anlayışının fərqini bu şəkildə izah edir: “Postmodernizmin dekonstruksiyası bu mətnin eyni zamanlı yazılış-oxunuş prosesidir. Mətn isə statik işarələr toplusu deyil, prosesidir. Postmodernistlərə görə, mətn artıq ədəbiyyatın deyil, mətnşünaslığın elementidir”.
Əsasında urbanizmin, texnologizmin, primitivizmin, dehumanizmin dayandığı modernizmin əksi, opponenti kimi meydana gələn postmodernizm kosmizm, ekologizm, posthumanizm prinsiplərini təqdim edir, dünyada baş verən qlobal dəyişikliklərə reaksiya kimi meydana çıxır. “Ədəbi cərəyanların nəzərə alınması eyni zamanda dünyada baş verən obyektiv gerçəkliklərin, elmi-texniki yeniliklərin, qlobal dəyişikliklərin ədəbi prosesə təsirini nəzərə almaq baxımından da vacibdir. XX əsrdə dünya ədəbiyyatı və ictimai fikrində yaranan modemizm və postmodernizm cərəyanları həmin qlobal dəyişikliklərin nəticəsində meydana çıxmışdır”. (İ.Həbibbəyli)
Narrativ toplusu kimi baxılan mətn anlayışı yeni – postmodern ontologiya anlayışını meydana gətirir. Dekonstruksiyanın, desentrasiyanın, simulyakrların, müəllifin ölümünün reallaşdığı postmodern dünyada ironiya, sarkazm, sitat əsasında yeni mədəniyyət tipi yaranır. “Hər kəsin öz həqiqəti” şüarını təbliğ edən postmodernizm ikili həqiqət prinsipini dünya düzəninə daxil edir. Postmodern insan ikili həqiqətlərin əhatəsində eynizamanlı iki fərqli dünyada – real və irreal dünyada yaşayır. Reallığın itməsini simvollaşdıran postmodernizm yeni ontologiya (varlıq haqqında elm) – postontologiya yaradır. İlkin dövrlərdə insanın ontoloji görüşləri miflə bağlı idi və varlıq ilahların, allahların bir hissəsi hesab edilirdi. Hər varlığın özündə ilahi element, nur daşıdığına inanıldığı etapda dünya da təmiz və sakral bir məkan hesab edilirdi. Təkallahlı dinlərin meydana gəldiyi dövrdən etibarən insanla ilahi varlıq, Allah arasında sədd yarandı. Möcüzə əvvəlki dövrün insanının həyatını bütövlükdə əhatə edirdi. Monoteizmin hökmran olduğu dünyada isə möcüzə ancaq Allahın izni ilə gerçəkləşə bilər. Modernizmin gəlişi ilə möcüzə tamamilə inkar olunur. Dünya yaradansız qalır və öz-özünə, müstəqil şəkildə mövcud olmağı seçir. Yalnız materiallığı, real olanları varlıq kimi qəbul edən modernizm realizmdən nihilizmə qədər bütöv fəlsəfi realilər toplusunu özündə ehtiva edir. Postmodern modernizmin ontoloji görüşlərini daha da dərinləşdirir, nəinki möcüzə və ilahi varlıqla əlaqə itir, ümumiyyətlə, varlığın özü reallıqdan məhrum olur, virtual dünyanın içərisində əriyir. “İşarələrdən kənarda olan hər hansı reallıq haqqında təsəvvürlər postmodernizm tərəfindən “son illuziya”, metafizikanın qalığı kimi tənqid olunur”. (M.Epşteyn) Postmodernin virtual dünyası modernin real dünyasını darmadağın edir. Kafkanın təmsil etdiyi modernizmdə insan böcəyə çevrilə bilərdi. Modern estetikaya görə, insan böcəyə çevrildikdən sonra nacaq böcək kimi var olmalı idi, metamorfozanın geridönüşü mümkün deyildi. Postmodern poetikada isə bu çevrilmə virtual plastda gerçəkləşir. Postmodern estetikada metamorfoza ilkin obraza çevrilmə, eyni zamanlı mövcud olma kimi effektlər qazanır. Belə ki, postmodern estetikanın obrazı olan hörümçək – adam (Spiderman) həm adi insan, həm də super güclərə malik varlıq kimi eyni zaman çərçivəsində mövcud ola bilir. Yaxud postmodernin digər simulyakrı olan Supermen obrazı öz fövqəlgücünü itirib həyatına adi bir insan kimi davam edə bilər. Beləliklə, nümunələrdən də göründüyü kimi, metamorfozanın geriyə dönüşünün, ləğvinin mümkünlüyü, ikili obrazın eyni zaman kəsimində mövcudluğu postmodern ontologiyanın əsas, fərqləndirici xüsusiyyətlərindəndir.
Postmodern əsərlər ilk baxışdan irreal və absurd təsiri bağışlayır. Lakin postmodern mətn bizim öyrəşdiyimiz real dünyanı, maddi aləmi əks etdirmir. Postmodernizmin virtual dünyanın fəlsəfəsi olduğunu və virtual dünyanın realilərini əks etdirdiyini nəzərə aldıqda postmodern ədəbiyyatı anlamaq və təhlil etmək namümkünlükdən və naməlumluqdan xilas olur.
QULU AĞSƏS NƏSRİ: TƏZADLARIN HARMONİYASI
Çağdaş Azərbaycan ədəbi prosesi Qulu Ağsəsi şair kimi tanıyır, fərqli poetik nümunələrin yaradıcısı kimi təqdim edir. Qulu Ağsəsin poetik yaradıcılığı dekadentizm, realizm və modernizmin sintezi olaraq ədəbiyyatımızda özünə mövqe qazanmağa nail olmuşdur. Yazıçının poetik kimliyi ədəbiyyatşünaslığımızın araşdırma predmetinə çevrilsə də, nəsr yaradıcılığı nisbətən kölgədə qalmışdır.
Qulu Ağsəsin poetik yaradıcılığını sinkretik elementlərin, cərəyanların çulğalaşma nöqtəsi kimi xarakterizə etmək olar. Yazıçının nəsr yaradıcılığı isə daha çox realist motivlər üzərində qurulmuşdur. Lakin bu nəsrdəki realizm klassik realizm deyil. Qulu Ağsəsin nəsri nağılvari təhkiyənin, simvolik elementlərin, lirik məqamların da yer aldığı neorealistik bir nəsrdir.
Qulu Ağsəsin hekayələrinin əsas qəhrəmanları sənət adamlarıdır. Yazıçı “Qədir gecəsi” hekayəsində xanəndə Qədir Rüstəmovun, “Dörd sim” hekayəsində kamança ustası Habil Əliyevin, “Solo konsert” hekayəsində tarzən Möhlət Müslümovun, “Bəbiş kişinin qızı” hekayəsində Sara Qədimovanın, “Peyğəmbərin məqbərəsində qətl” hekayəsində Abdal Qasımın, “Qarğış” hekayəsində xanəndə Süleyman Abdullayevin obrazını fərqli rakursdan yaratmağa nail olmuşdur. Bu hekayələrin hər biri öz üslubuna, obrazın təqdim üsuluna görə fərqlənir. Habil Əliyevə həsr edilmiş “Dörd sim” və Möhlət Müslümovun obrazının yaradıldığı “Solo konsert” hekayələri monoloq kimi qələmə alınmışdır. Bu hekayələrdə müəllifin varlığı, dialoq elementləri hekayənin əsasında duran monoloqun müəyyən məqamlarında çox cüzi hiss edilir. “Solo konsert” hekayəsində Qulu Ağsəs Möhlət Müslümovun dilindən yazır: “Deyəsən, çox danışdım. Solo konsert belədi də; bir də görürsən, çalanın ürəyi ağrıyır, eşidənin başı... Özü də birinci dəfədi kitabda tar çalıram. Mən bilən, pis alınmadı. Qulağıma alqış səsləri gəlir...” Yazıçı obrazın dilindən verdiyi bu cümlələrdə hekayələrinin əsas məğzinin, çətinliyinin – mətndə sənət adamının obrazını yaratmağın elə “kitabda tar çalmaq” kimi olduğunu bildirir. Fikrimizcə, Qulu Ağsəs bu çətin missiyanı adı çəkilən hekayələrdə layiqincə yerinə yetirə bilib.
Qulu Ağsəsin Xanəndə Qədir Rüstəmovla müsahibədən bəhs edən “Qədir gecəsi” və Sara Qədimova ilə görüşü işıqlandıran “Bəbiş kişinin qızı” hekayələri yuxarıda qeyd olunan hekayələrdən fərqli olaraq, monoloq yox, dialoq üzərində qurulub. Lakin bu hekayələr dialoq üzərində qurulsa da, iki nəfərin söhbəti ilə məhdudlaşmır, digər real şəxslərin bədii obrazı da mətnə daxil edilir, məhz həmin şəxslərin fəal iştirakı ilə dövrün, sənətkarın dolğun obrazı yaradılır.
Abdal Qasımın bədii obrazının yaradıldığı “Peyğəmbərin məqbərəsində qətl” hekayəsində yazıçı nəqletməni əhvalat, xatirə, əfsanə effektləri üzərində qurmaqla yanaşı, prospeksiyadan da istifadə edərək mətni müasir dövrə yaxınlaşdırmağa nail olur.
“Qaynaqçı” hekayəsi isə sənət, musiqi xiridarı olan sadə bir qaynaqçı Aydın Əliyevdən bəhs edir. Qulu Ağsəs bu obrazın vasitəsilə sənət aləminə bu dəfə tam fərqli bucaqdan nəzər salır. Bu hekayədə digər hekayələrdən fərqli olaraq, sənətkarın sənətə baxışı yox, dinləyicinin sənətə, sənətkara baxışı mətnə gətirilir. Yazıçının sənət xiridarına baxışı, sənət xiridarı obrazı isə bu mətnin bir başqa aspektidir.
Qulu Ağsəsin sənət adamlarına həsr olunmuş hekayələri içində “Qarğış” əsəri özəlliklə seçilir. Xanəndə Süleyman Abdullayevə həsr olunmuş hekayənin təhkiyəsi fəlsəfi aura ilə realist notların vəhdətindən ibarətdir. Bu kiçik nəsr əsərində yalnız Süleyman Abdullayevin deyil, həm də Qarabağ musiqi irsinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin bədii portreti yaradılmışdır. Əsərdə əsas xətt məhz Qarabağla bağlıdır. Hekayə Süleyman Abdullayevin obrazı vasitəsilə Qarabağın taleyinə, itkilərimizə, torpaq ağrısına işıq tutur: “Nağıl dili yüyrək olar. Ay ötdü, il dolandı, Süleyman hər telin bir xeyir işə yandırdı, hər gecəsin gözünün oduyla aydınlatdı, zülməti əliynən qova-qova gəlib Dədə yaşına çatdı. Bir də gözün açıb sağına baxdı – ustadların görmədi, soluna baxdı – dostların. Qayıdıb kəndində ölüncə baş girələmək fikrinə düşdü, dönüb yurduna baxdı, Qoçəhmədli nə gəzirdi...”. Hekayədə Qarabağ həm səsin, həm də doğma yurdun simvolu kimi bədii obraza çevrilir. Əsərdə Qarabağın səsinin simvoluna çevrilən Dədə Süleyman Qarabağın əsirlikdə qalan səsinin harayını duyur, aləmi heyran edən ecazkar səsinin kökündə duran, azad olmaq istəyən, çırpınan Vətən Səsinin qarğışını, söyüşünü eşidir: “Torpaq Dədə Süleymanı söyürdü... Dədə əyilib torpaqdan söyüşü götürdü, öpüb gözünün üstünə qoydu, maşının ağzın geri çevirdi.
– Dədəm mənə kənddən nə gətirib?
Nəvəsinin səsiydi.
– Söyüş gətirib.
Qarabağın səsiydi...”.
“Nabran novellası” Qulu Ağsəs yaradıcılığının fərqli nümunəsi kimi diqqəti cəlb edir. Bu əsər Qulu Ağsəs mətninin əsas fərqləndirici keyfiyyətinin – adilikdə qeyri-adiliyin, carilikdə əbədiliyin təsviri cəhdinin belə demək mümkünsə, retrospeksiyasıdır. Əgər digər mətnlərində Qulu Ağsəs adi hadisələrin məcrasını fəlsəfi, yüksək bədii ideyalar aləminə yönəldirsə, “Nabran novellası”nda bu tendensiyanın tam əksi müşahidə edilir. Nabranda dincələrkən suyun üzərində uzanıb, saatlarla göyə baxıb düşüncələrə dalan insanı görən yazıçı öz aləmində həmin şəxslə bağlı fərqli situativ ssenarilər qurur. Naməlum şəxsi dahi, qeyri-adi idrak sahibi, filosof, sufi qismində təsəvvür edən yazıçının marağına yenilib, cəsarətlənib əldə etdiyi məlumatla bütün bu ilahi-estetik-fəlsəfi örtüyün altındakı məişət elementi ortaya çıxır: “Sən demə, bu “nacins mujik”in (İ.Bunin) gözünün ağı-qarası beş baş inəyi varmış, hər gün onları dəniz kənarına otlamağa gətirirmiş, göyə-zada baxmırmış, buludları güdmürmüş, Allahla kəlmə kəsməyi ağlına belə gətirmirmiş, Sokratın adını belə eşitməyibmiş, sadəcə, nabranlı peşəkarlığıyla suyun dalğa tutmayan hissəsində uzanıb heyvanlara göz qoyurmuş ki, başına gün vurmasın...”. Qulu Ağsəs bu dəfə cariliyi fəlsəfi örtüyə bürümür, əksinə, fəlsəfi örtüyün altındakı cariliyi üzə çıxarır. Fikrimizcə, “Nabran novellası” Qulu Ağsəsin bədii üslubuna yenilik gətirməklə yanaşı, həm də ədəbi camiyə sarkastik baxış siqləti ilə seçilən əsərdir. “Nabran novellası” ədəbi mühitdə hər süjeti, hər qəhrəmanı süni fəlsəfi-bədii boyalarla təqdim etmə, mövzunun açılışı üçün gərək olmayanda belə süni altmətn yaratma cəhdlərinə parodiyadır.
Qulu Ağsəsin poeziyasında da, nəsrində də, publisistikasında da cari, adi, hətta bəzən məişət söhbəti effektli təhkiyə qəflətən fəlsəfi örtüyə bürünərək, yaxud əksinə – fəlsəfi təhkiyəli mətn məişət səciyyəli mətnə çevrilərək əsərin gedişatını, məğzini, ideyasını dəyişir və mətnin daxilindən yeni bir mətn yaranır. Qeyd etməliyik ki, bu carilikdən əbədi mövzuya və əksinə keçid Qulu Ağsəs imzalı mətnlərdə anidən baş versə də, kəskinliyi ilə səciyyələnmir. Əksinə, müəllif bu keçidi çox təbii, qanunauyğun şəkildə, ustalıqla həyata keçirdiyindən mətn bütövlüyünü və harmonikliyini qoruyub saxlaya bilir.
"ULDUZ"yanvar, 2024
http://www.azyb.az/admin/media/files/1711030734-ULDUZ%20YANVAR%202024++++++.pdf