Noyabr ayının 20-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Fikrət Sadığın 85 illik yubileyi keçirilib.
Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Dövlət Mükafatı laureatı Fikrət Sadıq ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının “Aprel çiçəkləri” almanaxında dərc olunan “Ana əli” şeiri ilə başlamışdır. Fikrət Sadıq 25-dən çox şeir kitabının müəllifidir.
Yubiley mərasimini giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar cağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Fikrət Sadığı anadan olmasının 85 illiyi münasibətilə təbrik edib, yubilyara Azərbaycan Yazıçılar Birliyinin Fəxri Fərmanını, hədiyyə və gül dəstəsini təqdim edib: “Fikrət Sadığın 85 yaşı tamam olub. Bu, yetkinlik və müdriklik çağıdır. Fikrət Sadığın yaradıcılığı otuz-qırx il bundan əvvəlki kimi təzədir, təravətlidir, şeirləri bu gün də oxucular tərəfindən sevilir”. Tədbirdə çıxış edən xalq şairi Sabir Rüstəmxanlı Fikrət Sadığı çağdaş Azərbaycan poeziyasında bənzərsiz yeri olan, ən görkəmli yaradıcılarından biri kimi dəyərləndirib: “İlhamı, ruhu qocalmayan şair cavanlıq ruhu ilə şeirlər yazır. Həqiqi ilhamın yaşı olmur, heç vaxt qocalmır. Fikrət Sadıq bütövlükdə Şirvan ədəbi məktəbini bizə sevdirib. Fikrət Sadıq ədəbiyyatımızın son dərəcə bənzərsiz, yaddaqalan nümayəndələrindən biridir. Onun yaradıcılığının qeyri-adi, orijinal stilistikası var”.
“Ədəbiyyatın dostları” klubunun rəhbəri yazar Pərvin Fikrət Sadıq yaradıcılığının gənclərə təsirindən söz açıb: “Fikrət Sadığın poeziyası ilə tanış olanda müdrik yaşa çatan sənətkarın şeirlərinin nə qədər müasir olduğunu görürük. Şair qısa, yığcam şeirləri ilə dərin mətləbləri bizə çatdırır, çox incə yumoru, gəncliyə xas zarafatları ilə reaksiyasını bildirir”.
Filologiya elmləri doktoru Vaqif Yusifli yubilyarın yaradıcılığı haqqında öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb: “Fikrət Sadıq poeziyası olmadan XX, XXI əsr Azərbaycan poeziyasını təsəvvür etmək mümkün deyil. 50-60-cı illərdə poeziyada tanınan Fikrət Sadığın novatorliuğunu ilk olaraq böyük şair Rəsul Rza kəşf etmişdi. Əruz, sərbəst, heca vəznlərində şedevr nümunələr qələmə alan şairin yaradıcılığında Şamaxı ədəbi mühitindən gələn təsir görünür. Fikrət Sadıq Azərbaycan modern şeirinin, assosiativ şeirin ilk nümunələrini yaradıb”.
Mərasimdə çıxış edən Hafiz Rüstəm hər şeyi olduğu kimi, göründüyü kimi göstərməyə çalışan Fikrət Sadığın poeziyası haqqında fikir və düşüncələrini söyləyib: “Zahirən də, daxilən də Dədə Qorquda bənzətdiyim, haqqında kitab yazdığım, ağsaqqal, ustad şairimiz Fikrət Sadıq yaradıcılığında forma və məzmunun, ənənə ilə novatorluğun, milliliklə beynəlmiləlçiliyin sintezini yarada bilib”.
Tədbirdə xalq şairi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, Nazim İbrahimov, Ramiz Məmmədzadə, Əkrəm Məmmədov, Gülxani Pənah çıxış edərək poeziyası Azərbaycan klassik ədəbiyyatı ənənələri ilə, həmçinin xalq ədəbiyyatı ruhunda köklənən, zəmanəsinə bənzər, Dədə Qorqud görkəmli Fikrət Sadığı anadan olmasının 85 illiyi münasibətilə təbrik ediblər, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar
Mərasimdə “Ədəbiyyatın dostları” klubunun üzvləri yubilyarın yaradıcılığından bəhs ediblər, poeziyasından bəzi nümunələri səsləndiriblər.
Sonda çıxış edən Fikrət Sadıq ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.
Oxucularımıza Fikrət Sadığın son şeirlərini təqdim edirik.
Məlahət QƏNBƏROVA
ŞEİRİN TOZU
* * *
Hardandı bu qədər – toz?!
Tutub düzü-dünyanı.
Bu hər gün gördüyümüz,
Dost-doğma tozdur, yəni?
* * *
Döşəmə də, tavan da,
Yaxşı baxsan hər yan – toz!
O ağır, uca dağın,
O məğrur, sərt qayan – toz!
* * *
O çökmüş imarətlər,
O batmış şəhərlər – toz!
Ölüb dirilmiş günlər,
Axşamlar, səhərlər – toz!
* * *
Zəlzələlər, yanğınlar,
Cəm döyüşlərin – izi.
Qalanıb tarix olmuş,
Bütün işlərin – izi.
* * *
Bağların tül örtüsü,
Dağların çəni, sisi,
Ulduzların həsrəti,
Günün, ayın haləsi.
* * *
Torpağa səpələnib,
Yay tozu, qış tozu da.
Daşda naxış-naxışdı,
Külək, yağış tozu da.
* * *
Evin künc-bucaqları,
Şəkillər, kitablar – toz!
Xatirələr, sevgilər,
Çəkilən əzablar – toz!
* * *
Nə qədər bükük, qırış,
Ümman qapı-pəncərə.
Çox gizli arakəsmə,
Xeyli palaz-xəlçələr.
* * *
Zərrə, buta, yarpaqlar,
Güllər, çiçəklər tozdur.
Qumlu, daşlı torpaqlar,
Əsən küləklər tozdur.
* * *
Fikrimiz, sözümüz də,
Lap səsimiz də – tozdur!
Sərasər özümüz də,
Nəfəsimiz də tozdur!
* * *
Bu toz – mürur-zamanla
Ələnmiş kainatdır,
Yer kürəsi, təbiət,
Bir kəlmə söz – həyatdır!
* * *
Tozdan bezib yorulmaq,
Bəlkə də hələ tezdir.
Belə yaşayırıq – biz!
Yaşamaq özü tozdur.
Bakı, sentyabr, 2015
DÜNYANIN SONU
I
* * *
Dərd tənimdə od püskürür,
Qövr eləyir yaram bir-bir.
Zülmət içrə közərirəm,
Nə yaxşı, insan daş deyil.
* * *
Dağ-dağ qəlbim – əyməz qəddim!
Yanmaqdı mənim son həddim.
Zülmə əyilən çoxalıb,
Şaxdır qüruri-fikrətim.
* * *
Haqqdır yalnız işim, qəsdim.
Nahaqda da mən haqq gəzdim.
Haqq məni səbrə öyrətdi,
Səbrə tapındım ki, dözdüm.
* * *
Boş quyuya daş atdım – mən,
Quyuda səs yaşatdım – mən.
Tamarzı qaldım doğruya,
Hər gün yalan eşitdim – mən.
* * *
Dünyanı bilə bilməzdim,
Dünyanı belə bilməzdim.
Bu hərc-mərcliyi görüb,
Dünyaya gələ bilməzdim.
* * *
Dünya qəvi – insan aciz,
Dünya səhra – zərrə-qum biz!
Hər zərrənin öz küləyi,
Əsir-yesir hər birimiz.
* * *
Bir daşı – ağ, biri – qara,
Kiçiyi – ağ – iri qara.
Daş-daş oynamağa gəldik,
Ümidləri qıra-qıra.
* * *
Zaman da sürünüb keçir,
Taleyə bürünüb keçir.
İki daşın arasından,
Ömür də görünüb keçir.
* * *
II
Görən deyir, ciddiləşib bət-bənizim,
Çox çoxüzlü üzlər görüb mənim üzüm.
Çox yerlərə getmirəm ki, görünməyim!
Qarış-qarış güdülür hər yerdə izim.
* * *
Başqa aləm varmı görən, kainatda?!
Görən onlar nə görüblər bu həyatda.
Orda da var zülm, yəqin, amma başqa!
Başqa əda, başqa qayda, başqa adda.
* * *
Yerdə insan sayı qədər, qəza-qədər!
Amma, yenə insan, yenə gələr-gedər.
Bu dəfəki dünya, demə, çıxdaş oldu,
Çıxdaş olan səltənətdə həyat – hədər!
* * *
Gəl, al sındır gör nədir bir bu kor-çıxdaş?
Daşlaşaraq bu, daşa da daş atır daş!
Göydən yerə göndərilən bəla imiş,
Yaşamalı yer deyilmiş bu Yer qardaş!
* * *
Bakı, avqust, 2015
SOYUQ ADAM
Soyuq, soyuq, daşdan soyuq!
Durub, ta obaşdan soyuq!
Adam sonra soyuq olur,
Bu – bəri başdan soyuq.
* * *
Biz şimalda yaşamırıq,
Bu soyuq hardandı, bəs?!
Ürəkdəki qandan deyil,
Ürəkdəki qardandı, bəs?!
* * *
Əvvəl, belə deyildik biz.
Hanı o mehr, o qılıq?
Pislik – ayaq tutub gəzir,
Yoxa çıxıbdı – yaxşılıq.
Payız, 2015
YALANÇI
Bu aydı, bu da Günəş!
Aya Günəş deyirsə,
Bu küldü, bu da atəş!
Külə atəş deyirsə,
Üz-gözlərinə baxıb,
Çexə həbəş deyirsə,
Koreyanı göstərib,
Banqladeş deyirsə,
Gülənə “əşşi bəsdi”,
Ölənə “qəşş” deyirsə.
* * *
Yalançıdı, görürəm,
Təzə çıxıb qəlibdən.
Amma onu bu qədər
Küt adam bilmirdim, mən.
Həmin nadana, mənim
İki kəlmə sözüm var.
Kitab oxu! Sonra, lap,
Yalanla tufan qopar!
Payız, 2015
MAHNIYA MAHNI
* * *
Saman hərdən görünür,
Zərə bürünmüş kimi.
Gəlir qulağımıza,
Ağlamaq gülüş kimi.
* * *
Ümidimiz – əlçatmaz,
Dərdimiz sevincdən çox!
Az olsa da, ruzimiz,
Oynayıb oxuyuruq.
* * *
Nağıldan gəlmişik biz
Məşhuruq dastan kimi.
Mahnıyla yaşayırıq,
Uzaq Hindistan kimi.
Payız, 2015
HƏRFLƏR
* * *
Hərflər kərpic kimi,
Gərək hamar olsunlar.
Hərflər hüsn-xəttlə
Gərək tumarlansınlar.
* * *
Hərflər sadə, aydın,
Asan yazılsın, asan.
Hərfləri düzgün yaz,
Savadsız olmayasan.
* * *
Hərfdə nöqtə, quyruq
Olmasa yaxşı olar!
Yazanın dəsti-xətti,
Yazının naxışı var.
* * *
Tələsəndə qarışır,
Burda, tək-cüt nöqtələr.
Yaman yorur adamı,
Bu – təkməcüt nöqtələr.
* * *
Hərf balıq deyildir
Hərfdə quyruq olmasın!
Sözə qulp qoysalar da
Hərfə qulp qoyulmasın!
* * *
Hərf – göz yaşı kimi,
Duru ləkəsiz gərək!
Bütöv hərflər ilə
Yazılsın hər söz gərək!
* * *
Əlifba – ayna kimi,
Hər hərf – bir inci, zər,
Yazı yazan incisə
Oxuyanda inciyər.
Payız, 2015
SÖZ – YALAN
(uzundərya)
Füzuli babam deyib,
“Şair sözü yalandır”.
Yalan qoşub şeir yaz,
Xalq yalana aldanır.
Böyük Nizami – yalan.
Nəhəng Füzuli – yalan.
Sonra gələnlər çoxdur,
Çör-çöpdü yerdə qalan.
Çör-çöp olmaz ki, şair,
Şeir çör-çöpdən gəlir.
Doğruya bənzədəndə
Yalan da lapdan gəlir.
Neyləyəsən dünyada,
Yalanlar doğrudursa,
Təkrar-təkrar oxu gör
Yalanlar doğrulursa,
Onda göydən düşübdü,
Onda Allahdan gəlir.
Heyrətdən, təəccübdən,
Qəlbdəki “ah”-dan gəlir.
Dağ boyda – mübaliğə,
Yerin qum zərrəsindən,
Səma boyda – təşbeh də
Göyün cazibəsindən,
Nəşvu-numa tapıbdı,
&