VƏTƏN HƏSRƏTİ
AZƏRBAYCAN
Eşqin mənim ürəyimdə,
Əksin mənim bəbəyimdə.
Xoş günlərin diləyimdə
Azərbaycan, Azərbaycan.
Göydə ulduzum, ayımsan,
Yerdə ilahi payımsan.
Xəzərimsən, Kür çayımsan
Azərbaycan, Azərbaycan.
Yadellilər, zülüm edib,
Kəndin, şəhərlərin gedib...
Bu ağrı ömrümü didib,
Azərbaycan, Azərbaycan.
Bu haqsızlıq bitər bir an,
Gülər Şuşa, həm İrəvan...
Bu yolda mən olum qurban,
Azərbaycan, Azərbaycan!
Ruhum mənim, canım mənim,
Ay şöhrətim, şanım mənim...
Müqəddəs ünvanım mənim
Azərbaycan, Azərbaycan.
Cənnət məkan təbiətin,
Hər sərvətin, hər nemətin...
Haqq vergisi bərəkətin
Azərbaycan, Azərbaycan.
Hər xoş sədan can dərmanım,
Sənsən ümidim, gümanım.
Durum başına dolanım
Azərbaycan, Azərbaycan.
Yaşa milyon illər yaşa,
Millətimlə qal baş- başa..
Təbriz, Bakı dursun qoşa
Azərbaycan, Azərbaycan.
GÖYÇƏNİN
Bir dünyadı hər ocağı, hər daşı
Hər qayadan süzülən su göz yaşı.
Bu yerləri necə anlasın naşı
Belə dürlü yerləri var Göyçənin.
Ozan Heydər saz əlində bir çıraq,
Sevgilidən söhbət açaq, söz salaq.
Gəl Alıdan, Ələsgərdən söz alaq
Aslanları, şirləri var Göyçənin.
Misgin Abdal hörmət ilə ad aldı,
Şeir sənət dünyasında ucaldı.
O dünyanı dərk eyləyib qocaldı
Ocaqları, pirləri var Göyçənin.
Dədə Qorqud dövran qurdu, yurd saldı
Göyçə gölü ətrafında dolandı.
Məclis qurdu qopuz çalıb söz aldı
Açılmamış sirləri var Göyçənin.
Növrəs İman əzbər oldu dillərdə,
O sevildi hər obada, hər eldə.
Hər qayada, hər çəməndə, hər güldə
İman kimi zərləri var Göyçənin.
Ustadları uca tutub xidməti,
Yer üzünə yayılıbdı şöhrəti.
Əsəd kimi, Nəcəf kimi hikməti,
Məbədi var, minbəri var Göyçənin.
Alahverdi Məmmədsöyün de hanı,
Onlar idi sazın-sözün sultanı.
Səmənd ağa dolanardı dünyanı
Qalası var, səngəri var Göyçənin.
Müseyiblə Hacı gələ dinləyək,
Mən bunları yer üzündə ünləyəm.
Qismət ola gül dəstəsi çinləyəm
Görələr ki, ləngəri var Göyçənin.
İmran hanı, gələ girə meydana,
Koroğlutək haray çəkə cahana.
Aşıq Mahmud birdən dönə tərlana
Duyalar ki, gövhəri var Göyçənin.
Fətullah sənətkar, böyük bir ustad,
Hər könlü eləyibdi o abad.
Ələ düşməz o cah-cəlal, o həyat
Hər kəs bilsin nələri var Göyçənin.
Müzahiməm, sazlı-sözlü həyatım,
Sizə dəymir Göyçə adı baratım.
Vətən anam, Vətən eşqim, ovqatım
Yaddan çıxmaz dəyəri var Göyçənin.
TOXLUCAM YADA DÜŞDÜ
Bu axşam külək əsdi,
Əsib səbrimi kəsdi.
Bu məndə nə həvəsdi
Toxlucam yada düşdü.
Bu kənd mənə anadı,
Sular-sellər oynadı.
Qanım yaman qaynadı
Toxlucam yada düşdü.
Göy dənizə boylandım,
Camalına bağlandım.
Dalğalarla yaylandım,
Toxlucam yada düşdü.
Bərə gördüm, bənd gördüm
Yanında sərhəd gördüm.
Harda gözəl kənd gördüm
Toxlucam yada düşdü.
Müzahim heyrətində,
Qaçqınlıq töhmətində...
Ağsaqqal söhbətində
Toxlucam yada düşdü.