İyun ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə həsr olunmuş “Milli ədəbi-bədii, ictimai-siyasi təfəkkür” kitabının təqdimetmə mərasimi keçirilib. Kitabda AYB-nin 90 illik mövcud olduğu dövr ərzində keçdiyi böyük ictimai-siyasi, ədəbi yol geniş işıqlandırılıb. Kitabın məsləhətçisi Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, tərtibçilər filologiya üzrə elmlər doktoru, dosent Gülxani Pənah, filologiya üzrə elmlər doktoru, dosent Salatın Əhmədova, elmi redaktorları filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova və hüquq üzrə fəlsəfə doktoru Rasim Raufoğlu, redaktoru Məlahət Qənbərovadır.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev çıxış edərək Gülxani Pənaha AYB rəhbərliyi adından təşəkkür etdi, qonaqları salamladı: “Mən 1988-ci ildən katib, 2021-ci ildən isə birinci katib vəzifəsində çalışıram. Bu illər ərzində Yazıçılar Birliyi tarixdə iz qoyan əlamətdar günlərə şahidlik edib. Yazıçılar Birliyi hər zaman ədəbiyyatımızın, mədəniyyətimizin, dilimizin, mənəvi dəyərlərimizin keşiyində durub, öz haqq səsini ucaldıb. 1990-1991-ci illərdə Xalq hərəkatının önündə yazıçılar gedib. Azərbaycan xalqının milli düşüncəsinin formalaşmasında ədəbiyyatımızın danılmaz rolu olub. 1990-cı ilin Qanlı 20 yanvar hadisələri, Xocalı faciəsi zamanı dünyaya haqq səsimizi ucaldan da Yazıçılar Birliyi olub. Qarabağ məsələləri başlanan zaman ilk səsini qaldıran ictimai təşkilat Yazıçılar Birliyi oldu. Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Yazıçılar Birliyi ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar da yaşadı. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. 11 yazıçının övladı Qarabağ müharibəsində şəhid olmuşdur. Vətənin ərazi bütövlüyü və azadlığı uğrunda haqq savaşında bir çox jurnalist, gənc yazıçı və şairlərimiz şəhidlik zirvəsinə ucalmışdır”.
Azərbaycan Yazıçılar Birliyi Həmkarlar Komitəsinin sədri şairə Firuzə Məmmədli öz çıxışında “Milli ədəbi-bədii, ictimai-siyasi təfəkkür” kitabından zəngin təəssürat aldığını söylədi, kitabı tərtib etdiyinə görə Gülxani Pənaha təşəkkür etdi.
Təqdimat mərasimində çıxış edən Asif Rüstəmli, Gülxani Pənah, Aygün Bağırlı, Səhər Orucova, Salatın Əhmədli, İntiqam Qasımzadə, Vaqif Yusifli, Təyyar Salamoğlu, Lütfiyə Əsgərzadə, Gülnarə Cəmaləddin, Zərəngiz Dəmirçi Qayalı, Mirvari Xəlilzadə təqdim olunan kitabın məziyyətlərindən danışdılar, 1934-cü ildə təsis olunan Azərbaycan Yazıçılar Birliyinin 90 il ərzində keçdiyi keşməkeşli yollardan, tarixi mərhələlərdən, repressiya qurbanlarından, Qarabağ müharibəsindən, şanlı qələbəmizdən söz açdılar.
Kitabın yüksək şəkildə tərtibatı, AYB-nin fəaliyyətinin fəsillər üzrə geniş şəkildə işıqlandırılması maraq doğurub.
Çıxış edənlərin hamısı tədbirin səmimi ab-havada keçdiyini qeyd etdilər, tədbirdən çox məmnun olduqlarını söylədilər. Məlahət Qənbərova