SONRA SƏRİNLƏYİR ÜRƏYİN ODU
Sonra sərinləyir ürəyin odu,
Sonra ruhdan düşür adam hər şeyə.
Gözlərini bağlayırsan hamıya,
Bir də yaşanmasın yaşanan deyə.
Sonra birdən qəribsəyir əllərin,
...Tale yaman yerdə ayırdı bizi.
Heç bilmirsən yerin-yurdun hardadı,
Evin içidimi, ya çölün düzü?
Sonra səsin gəlir gecədən – həzin,
...Keçməyən nə var ki? – bu da keçəndi.
Amma ürəyimin dərin yerində
Bir həsrət var, o keçməyir haçandı.
AYRILAQ DA, SƏNƏ NECƏ XOŞDUSA
Öyrəndim ki, nə ilk, nə son kəs deyil,
Bu dünyada heç nə dözülməz deyil.
Ürəyimi sındırmağın bəs deyil?
Olan-qalan inamın da qaçdısa?..
Mən də səni dağ bilmişdim, eh, çətin,
İlk fürsətdə tükəndi cəsarətin.
Bu bədəni, boy-buxunu nə edim?
Əgər için cılızdısa, boşdusa.
Yarı yolda qırıldı ki ruh bağı,
Uzaq dayan, görünmə heç, ha baxım.
Əl altında saxladım ayrılığı,
Ayrılaq də, sənə necə xoşdusa.
ELƏ QƏRİBƏYDİ DUYĞULAR ONDA
Elə qəribəydi duyğular onda,
Nə heç nə yox idi, nə də var idi.
Məni birdəfəyə məğlub eyləmək
Tək sənə verilmiş ixtiyar idi.
Onda anlamadın, indi anlasan...
İndi anlasan da, nə fərqi var ki?
Nə qədər ki aramızda məsafə,
Anlaşmazlıq, uzaqlıq nə qədər ki...
Barı heç olmasa təsəlli üçün
Bir qırıq xoş söz de, könlünü yumma.
"Hər şey düzələcək, yaxşı olacaq", –
Desən, inanardım, demədin, amma.
İNNƏN BELƏ SƏN DƏ LAZIM DEYİLSƏN
İnnən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm, qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm.
Nəyin var ki? Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin.
Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur.
Salamımız, sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur.
MƏN İNDİ HƏR ŞEYİ UNUDUM GƏRƏK
Mən indi hər şeyi unudum gərək,
Geriyə qayıdım o boyda yolu.
Bu da taleyimin məndən aldığı,
Bu da taleyimin quru "sağ" olu.
Özümdən yüz dəfə üzr istəyim,
Özümü son dəfə bağışlayımmı?
Mən heç həyatımda bu qədər kinli,
Bu qədər amansız olmadım amma.
Mənim yerimdimi bu yer, İlahi?
Hər şeyə, hamıya naşı düşmüşəm.
Ah, mənim əvvəlki ağılsızlığım...
Hər şeyi sonradan başa düşmüşəm.
XƏYALIM XATİRƏNİ DOLANDI, GƏZDİ, KEÇDİ
Xəyalım xatirəni dolandı, gəzdi, keçdi,
Yenə gözü açıq görüldü yuxum.
Sevgimdən aldığın o həzz də keçdi,
Mənim hamıdan çox peşman olduğum.
Heç nə danışmıram sənin haqqında,
Amma susmağım da yaxşı hal deyil.
Saat geridədi, vaxt geridədi,
Bu da ömür deyil, eh, yığval deyil.
İçim üzümdədi, əlim dizimdə,
Hələ üstü açıq qalıbdı yaram.
Zamanla bitəcək, amma hələ ki
Ən pis hisslər ilə xatırlayıram.
GƏRƏK DARIXMAYAYDIM
Yaşadığım nə varsa,
Davam edən keçmişdi –
Təzəsi yox günlərin.
Elə bir yerdəyəm ki,
Nə dayazam, nə dərin.
Susub içimi çəkdim –
Ağırdı içimin yükü,
Tale məni nə saydı?
Mənim də səhvim az deyil,
Gərək darıxmayaydım.
Doğmayam, yadam özümə?
Bu ruh bədənin nəyidi?
Məni anlamadılar!
Hamıdan uzaq gəzmək də
Sevilmək istəyidi.
SƏNİ ÇOX XATIRLADIRDI
Səni çox xatırladırdı,
Yatıb öldürdüm gecəni.
Dağıtdım fikrimin səliqəsini
Ki, düşünməyim heç səni.
Nə yeridi,
Nə vaxtıdı həsrətin.
İndi səni düşünməyə
Bəs axı nə gərək var?
Fikirli gəzirəm,
Qəmgin gəzirəm
Görən deyir,
Bu işdə bir ürək var.
Ümid bitir,
Təsəllilər başlayır:
Qoy getsin gedənlər,
Nə olacaq ki?
Özümə də yer qalsın
Ömrümün sıxlığında.
Mən varam,
Həmişə öz yanımdayam
Hamının yoxluğunda...
TUT ƏLİNDƏN ÜRƏYİNİN
Tut əlindən ürəyinin,
Gözündən uzağa qoyma.
Bir az təkliyə düşsə,
Yadına düşəsiyəm.
Xatirəm əziz qonağın,
Keçib yuxarı başa
Nələr danışacaq sənə.
Gör necə?
Tanış gələcək
Bu od sənə, ocaq sənə?
Tut əlindən ürəyinin,
Gözündən uzağa qoyma.
Bilirəm unutmamısan.
Demişdin ki, unudacam,
Hansı sözünü tutdun ki,
Heç bunu da tutmamısan.