Söz adamları yəqin ki, yaddaşlarında axtarış versələr mütləq «Sənsiz» adı ilə nələrsə çıxacaq qarşılarına. Bu nələrsə xatirələr də ola bilər, şeir də, məktub da, məqalə də, film də, əsər də… Şəxsən mən «Sənsiz» barədə düşünəndə yadıma mövzunu əhatə edən bir neçə əsər düşür. Onlardan ən birincisi Şeyx Nizaminin " Sənsiz"-idi. İkincisi Müşviqin ömür-gün yoldaşı Dilbər xanımın yazdığı xatirələrdi. Üçüncüsü Anarın ata və anası barədə, yəni, Rəsul Rza və Nigar Rəfibəyli barədə çox monomentual əsəridir… Oxuyanda həmin illərə, həmin günlərə qayıtmamaq mümkün deyil. Və elə indi barəsində fikirlərimi bölüşəcəyim bir «Sənsiz» də var. Onun müəllifi şair-publisist, əsl Azərbaycan xanımı, gözəl pedaqoq və həm də ailəsinə, sevgisinə bütün varlığı ilə bağlı olan Sona Çərkəzdi.
Mən bu cümləni bilgisayara diktə edəndə özüm də bilmədən xəyalən tələbəlik illərinə qayıtdım. Həmin illərdən tanıyıram Sona xanımı. Universitet auditoriyasında görmüşəm və bilmişəm ki, universitet müəllimləri arasında şəxsiyyəti və insanlığı ilə həmişə diqqət mərkəzində olan Çərkəz müəllimin ömür-gün yoldaşıdı... hamımızın sevgisini qazanan Sona xanım. İnanın ki, mübaliğəsiz deyirəm və yazıram. Bir həsəd vardı onların qoşa yerişinə…onların bir-biri ilə üz-üzə dayanıb nəyisə müzakirə etməsinə…Elə bil ki, əsl azərbaycanlı ailəsi dolaşırdı universitetdə, auditoriyalarda. Hətta hərdən mən düşünürdüm ki, Allah onları bir-biriləri üçün yaradıb. Və bir-biriləri üçün yaradılan bu insanlardan birinin adının Sona olması ürəyimin hansısa bir guşəsində nigarançılıq toxumunu cücərdirdi. Bu da səbəbsiz deyildi. Çünki həmin illərdə ikinci ya da üçüncü dəfə idi ki, Cəfər Cabbarlının ömür-gün yoldaşı Sona xanımın xatirələrini oxumuşdum. Cəfərin Sonası məndə sədaqətin, sevginin rəmzi kimi bir qəribə assosiasiya yaratmışdı. Ona görə də Çərkəz müəllimlə Sona müəllimənin gözümün önündə hər gün görünən, daha doğrusu, gördüyüm simaları həmin o içimdəki narahatlığa sanki yağ damızdırırdı və hər dəfə də bir Allah şahiddir ki, içimdə dua edirdim:
- Allah sevənləri qorusun! Allah bu cütlüyü bədnəzərdən uzaq tutsun!
Bəli, bax, indi əlimdə tutduğum bu kitab «Sənsiz ötən otuz il və ya Sən dözməzdin mənim dözdüklərimə…» adlanır. Kitabın müəllifi də Sona Çərkəzdir. Kitabda təqdim olunan fotolar xəyalən gəzib dolaşdığım univesitet illərimin sanki təsdiqidi. Bu fotoda Sona xanımla Çərkəz müəllim yanaşı dayanıblar. Hər ikisinin də çöhrəsindən nur və sevgi tökülür. Adam heç gözlərini çəkmək istəmir bu fotodan. Çünki duruşda da, görkəmin özündə də bir doğmalıq, bir səmimiyyət,bir sevgi, bir azərbaycançılıq var...
Mən bu kitabdakı bütün yazıların və şeirlərin demək olar ki, hamısını oxumuşam. Əvvəllər də, elə bu kitabın özündə də. Çünki Sona xanım Çərkəz müəllimdən sonrakı 30 ildə özünü sözə həsr etdi. O sözə ki, onun işığı iki ürəkdən mənbə götürdü. Onun hərarəti iki ürəkdən qidalandı - Cənnətə köç etmiş Çərkəz müəllimlə Sona xanımın ruhundan və varlıqlarından. Kitabı vərəqlədikcə bədii bir filmə baxırmış kimi özümü o senarinin içərisində görürəm. Hadisələr ətrafımda cərəyan edir. İzləyirəm, baxıram, düşünürəm və inana bilmirəm ki, bu boyda sevginin yarısı, yəni tam yarı hissəsi indi həyatda yoxdu. Ağlıma sığışdıra bilmirəm ki, bu boyda sevgini təkbaşına yaşamaq və yaşatmaq necə mümkün olubdu? Bax, onda elə bil ki, hardansa mənə bir vəh gəlir. O vəh mənə pıçıldayır ki, Sona xanım tək deyil. Sona Çərkəzlə birlikdədir. Adlar qoşalaşdığı kimi ruhlar da qoşalaşır. Bu qoşalaşan imza sadəcə Sona xanımın qələmi ilə sözləri kağıza köçürür... fikirlər vərəqlərə naxışlayır. Bu da o deməkdir ki, cismani ayrılıq bu sevginin qarşısında acizdir. Və bu həm də onu göstərir ki, Sona xanım hər bir yazısında təkcə imzası ilə yox, həm də fikirləri ilə, ruhu ilə Çərkəz müəllimin onunla birlikdə olduğunu oxucuya çatdırır. Görmək istəyənlərə təqdim edir.
Bu kitab çapa hazırlanarkən Sona xanım bildirdi ki, ona dəyər verənlərin israrı ilə otuz illik həsrətin kitabını oxuculara təqdim etmək istəyi var. Təbii ki, mən də sevindim bu istəyə. Və günlərin birində kitabı onun yazdığı «Əziz qardaşıma! Müəllifdən Sona» avtoqrafı ilə qəbul edəndə daxilən bir məmnunluq yaşadım. Bilmirəm, Sona xanım onu hiss etdi yoxsa yox, amma mən içimdə bu kitabın otuz illik həsrətə abidə olduğunu düşündüm. Və bir də Allaha şükür etdim ki, Sona Çərkəz imzası sözün, mətbuatın, ümumiyyətlə, bədii yaradıcılığın sevilən müstəvisindədi. Yəni, onu oxumaq, onu mütaliə etmək yormur adamı... küsdürmür adamı...incitmir adamı. Sadəcə bir gerçəklik kimi , bir həyat reallığının özü kimi tutur oxucu əlindən. Özü getdiyi hər yerə oxucunu da aparır. Yəqin ki, bu kitabı oxuyan hər kəs mənimlə müəyyən mənada razılaşacaq. Çünki bu kitabda müxtəlif illərdə qələmə alınan özəl xatirələr, eləcə də Sona xanımın nəvəsi Sonanın yazdıqları və bir də Çərkəz müəllimlə, Sona xanımla bağlı kövrək dost xatirələri, onlara həsr edilmiş şeirlər yer alıbdır. Müxtəlif müəlliflərin ürək sözləri bu kitabda Sona Çərkəz qoşalığını təkcə tərənnüm və təqdim etməyib , həm də bu ali nümunəni Azərbaycan cəmiyyətinə təbliğ edir, ünvanlayır, göstərir. Və bu da o deməkdir ki, bizim xüsusilə gəncliyin nümunə götürəcəyi gerçəkliklər hələ var. O var olanlardan biri də indi barəsində ilk isti qeydlərimi qələmə aldığım bu kitabdır. Yəni bu kitabdakı sevgidir.
Mənim üçün şərəfdir ki, kitabda «Sözlə sirdaş olan Sona Çərkəz» adlı yazım da yer alıbdır. Buna görə kitabın məsləhətçisinə və redaktorlarına təbii ki, həm də Sona xanıma təşəkkürümü bildirirəm. Və indiki məqamda son olaraq vurğulamaq istəyirəm ki, Sona xanım, siz yəqin ki, «Sənsiz» deyəndə, yazanda sənsiz, yəni Çərkəz müəllimsiz olmadığınız qənaətini yaddan çıxarmırsınız, çünki siz onsuz deyilsiz!
https://www.yenises.az/az/posts/detail/ebulfet-medetoglu-sensiz-1732291754