Azadlıq haqqında ballada
Quşların qanadında,
Göyün yeddi qatında,
Gecənin zülmətində
Adını həkk elədim.
Qızılgül tikanında,
Zanbaqların üstündə.
Kəpənək qanadında,
Yarpaqların üstündə
Adını həkk elədim.
Quran oxuyan qızın
Xınalı əllərində,
Sakit axan Arazda,
Dəli Kür sellərində
Adını həkk elədim.
Yanan lampa işığında,
Sönən lampa işığında,
Nə ki, ev var, dam-daşında
Adını həkk elədim.
Ən vəhşi heyvanların
Əyri dırnaqlarında,
Ən ürkək ceyranların
Zərif ayaqlarında
Adını həkk elədim.
Kükrəyən dənizlərdə,
Çağlayan bulaqlarda,
Ağarmış bənizlərdə,
Titrəyən dodaqlarda,
Adını həkk elədim.
Ömrüm əbədiləşdi
Adını anan gündən,
Səni yaşatdım,
Azadlıq,
Mən yaranan gündən!
Adını pak elədim.
O cənnət qucağında
Mən xoşbəxt olam dedim...
O qanlı qucağında
Ölümə “Salam! “ dedim.
Ta körpəlik yaşımdan,
Ana tanıyan gündən
Ürəyimin başında
Adını həkk elədim!..
Dünya sirlər dünyasıdır
Dünya sirlər dünyasıdır,
Çox "amma"sı, "bəlkə"si var.
Bu həyatdı, hər ormanın
Aslanı var, tülküsü var!
Haqq yazıldı "İncil" ilə,
"Quran"dakı inci ilə.
Dağ dartardım zəncir ilə,
Amma zəif həlqəsi var.
Arif olan dəfnə qazır,
Sərsəm olan yolun azır.
Pərvərdigar tale yazır –
Təbaşiri, silgisi var!
İlhamlıyam, sözüm mətin,
Dünyadan baş açmaq çətin.
Cəzası var hər qələtin,
Bir tükün də kölgəsi var.
İmadəddin, Hələb qorxub...
İmadəddin*, Hələb qorxub
Sənə “kafir” deyilməkdən!
Qəbir daşın nazikləşib
Yağış ilə yuyulmaqdan!
Haqsızlığa dözməmisən,
Çox qəzəli yazmamısan,
Yüz illərdi bezməmisən
Diri-diri soyulmaqdan!
Doyub getmir bərk gedənlər,
Bu dünyanı tərk edənlər...
Bu dünyanı dərk edənlər
Sərxoş olur ayılmaqdan!
İlhamlıyam, mum olmuşam,
Rəndələnib yonulmuşam.
Mən boyda dağ qum olmuşam
Damcı-damcı döyülməkdən!..
Hələb, Suriya, 1998-ci il.
*İmadəddin Nəsimi
Məmməd əmi *
Məmməd əmi, hava yaman bürküdü,
Sərinliyi gəlməz oldu yellərin.
Qızılgülü yoxsa xarmı apardı?
Bülbülləri gəlməz oldu güllərin...
Qoşa durna qoşa dağı aşdılar,
Güllə dəydi, pərən-pərən düşdülər.
Neçə Kürlər, Arpaçaylar daşdılar-
Saraları gəlməz oldu sellərin...
Bir olmadı Arazların parası,
Sağalmadı Məmmədlərin yarası...
İlhamlıda qalmadı göz qarası,
Ağ atlısı gəlməz oldu yolların...
Naxçıvan, 2006-cı il.
* Şeir Məmməd Araza ithaf edilir.
Ayaq saxla, ay cavanlıq, amandı !..
Cavan oğlan, hara belə gedirsən?
Ayaq saxla, ay cavanlıq, amandı!
Sübh tezdən bu nə köçdür edirsən?
Ayaq saxla, ay cavanlıq, amandı!
Ayaq saxla, sel-suların daşandı,
O bivəfa ovxaladı daş andı,
Sənin ömrün çiçək boyda yaşandı,
Ayaq saxla, ay cavanlıq, amandı!
Ayaq saxla, basım səni bağrıma,
Naxoşsansa, ovundurum, ağrıma!
Gümüş telli anam çıxdı uğruna,
Ayaq saxla, ay cavanlıq, amandı!
Ayaq saxla, görüm, hara gedirsən?
Boranlara, tufanlara gedirsən!
Bilmədiyin ünvanlara gedirsən,
Ayaq saxla, ay cavanlıq, amandı
Ay İlhamlı, bulaqsansa ax daşa,
Daşa dönsəm, dağlara çıx, bax daşa!
Götür məndən bu taleyi çax daşa,
Ayaq saxla, ay cavanlıq, amandı!
Etüd
Qartal zilə bir qıy çəkdi
Sal qayanın hündüründə.
Leysan yudu pencəyimi,
Gün qurutdu sıldırımda.
Göy üzünü bulud aldı,
Şimşəklərlə dava saldı.
Dağ kəlləri pərən qaldı
Nərə çəkən ildırımda...
İlhamlı torpağı öpdü,
Şəmkir, Tovuz, Qazax qərbdi.
Mamırtının* beli sərpdi
Yeri göyə qaldıranda...
*Mamırtı- Tovuzda sıra dağlar
Əsgər göndərirəm mən öz eşqimi.
Atılır döyüşə qəhrəman kimi,
Zəfər bayrağını almağa gedir.
Əsgər göndərirəm mən öz eşqimi,
Bir bayraq uğrunda ölməyə gedir.
Bu yolda minalar, barıt qoxusu,
Əsgərin önündə hərbilər durur.
Yoxdur bu əsgərin qandan qorxusu,
Darağa çəkilmiş mərmilər durur.
Bu sevgi əsgərdir, təlimlər keçir,
Ayrılıq adında bir karantin var.
Ya olmaq, ya ölmək – bir yolu seçir
Vətənə sevgi var, düşmənə kin var.
O, deyir andından dönsə, ar olsun,
Ölüm hökmü kəssin özü özünə!..
Sevgi məktubları səfərbər olsun –
Ona güllə verin gül əvəzinə!..
Baxıram dalınca durub daş kimi,
Eşqim çıxıb gedir, bir də gəlməyə...
Bir əsgər eylədim mən öz eşqimi,
Bir Vətən uğrunda gedir ölməyə...
Bağda oxuyan bülbül
Bağda oxuyan bülbülün
Bağı-bağçası yox imiş.
Fələk vurduğu düyünü
Kəsən qayçısı yox imiş.
Dili yoxmuş kar olanın,
Nitqi peşəkar olanın.
Azarı şəkər olanın
Bir turş alçası yox imiş.
Qorxuram göylər yıxılar,
Günəş də yanıb yox olar.
Yalanmış uçduğum yuxular –
Uçan xalçası yox imiş.
Div-Cırtdan dostum, əlbirim,
Suyu saxlamır xəlbirim...
Min cürə gözəl dilbərin
Bir tək vəfası yox imiş...
İlhamlı – özü yalanın,
Ən gerçək sözü yalanın...
Desinlər, sözü qalanın
Bir kitabçası yox imiş!..