“12 yaşım vardı. Qapı qəflətən döyüldü. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi...”
Nə qədər acı da olsa, faktdır ki, 1937-ci il repressiyasının ilk ili ərzində yetmiş minə yaxın ziyalımız həbs edilib güllələnmişdi. Repressiya dalğası əsasən ədəbiyyat sahəsində daha çox olsa da, musiqi sahəsində kütləvi hal almamışdı.
Mənbələrə görə, musiqiçilər arasında bizə məlum olan iki musiqiçi var: Xədicə xanım Qayıbova və Sergey Paniyev. Bu yazıda Azərbaycanın ilk peşəkar qadın pianoçusu, fortepianoda muğamların ilk mahir ifaçısı Xədicə xanım Qayıbova və onun faciəli taleyi haqqında söhbət açacağıq. Az yaşadı, amma Azərbaycan milli musiqisinə xidmətiylə yaddaşlarda qaldı...
Əvvəlcə onun ömür yoluna nəzər salaq.
Xədicə Osman qızı Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Ana tərəfdən Xədicə xanım Terequlovlar nəslindən idi.
Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusundaydı. Və qızının bu arzusunu yerinə yetirmək üçün ata Qafqaz canişinliyinə ərizə yazır. O vaxt püşkatma üsulu da tətbiq olunurdu və püşkatmaya əsasən gənc Xədicə Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbinə daxil olur. Hələ uşaq yaşlarından Xədicədə olan xüsusi istedadı burda onun köməyinə gəlir. Digər qızlardan fərqlənən Xədicə elementar musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənir. Əslində fortepianoda çalmaq onun ən böyük arzusuydu. Deyir, niyyətin hara, mənzilin ora.
Xədicə Qayıbova bu məktəbdə böyük musiqiçilərdən dərs alır. Özünün yazdığına görə, onun müəllimləri Knini və Truskovski olmuşdur. Bu müəllimlər o vaxt musiqi savadıyla məşhur idilər.
Xədicə xanım 1911-ci ildə məktəbi bitirir.
O, həddindən artıq gözəl, cazibədar qız idi. Üstəlik də pianistdi, musiqiçiydi. Və buna görə elçi düşənləri çox idi. Gənc qız qəlbini Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu – mühəndis Nadir Qayıbova verir və onlar ailə həyatı qururlar.
Qeyd edək ki, Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dördcildlik toplunun müəllifidir. O, həmçinin məşhur Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub.
Elə öz nəsillərindən Qayıbzadə soyadlı 20 gənc bu seminariyada təhsil alıb. Və sonradan onların içindən məşhur insanlar çıxacaqdı.
İstər Müftizadələrin, istərsə də Qayıbzadələrin Xədicə xanımın dünyagörüşünün və şəxsiyyətinin formalaşmasında böyük rolları olub. Xədicə xanım evləndikdən sonra Tiflisdə qalır və bir müddət orda tatar-Azərbaycan məktəbində dərs deyir.
1919-cu ildə Xədicə xanım əri Nadir Qayıbovla Bakıya köçür. Və Xədicə xanım artıq Bakıda konsertlərdə çıxış etməyə başlayır. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edirdi. Onun qeyri-adi istedadı vardı. Xədicə xanım Bakının, Azərbaycanın musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra maarifçilik proyektləriylə çıxış edirdi. Onun əməyini yüksək qiymətləndirirlər. Xədicə xanım Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur.
Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. “Şərq musiqi kursları” ləğv edildikdən sonra 1927-ci ildə ali musiqi təhsili almaq üçün Xədicə xanım Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə və bəstəkarlıqdan professor L.Abdan dərs alır.
Bəli. Xədicə xanımda həm də mahnı bəstələmək qabiliyyəti vardı.
Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən Xədicə xanım sadəcə, bir musiqiçi olaraq qalmır, eyni zamanda dövrünün ictimai xadimi və görkəmli ziyalısı kimi də fəaliyyət göstərirdi.
Və buna görə onu izləyirdilər. Xədicənin isə bundan xəbəri yoxuydu...
Xədicə xanım 1933-cü ildə sovet hüquq mühafizə orqanları tərəfindən saxlanılır. Onu şübhəli şəxs kimi casusluqda ittiham edərək 3 ay müddətinə həbs edirlər. Qayıbovanı əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.
Lakin sən saydığını say, gör fələk nə sayır. Ey zalım zəmanə!
Xədicə xanım başının üzərində dolaşan qara buludlardan hələ ki xəbərsizdi...
Xədicə Qayıbovanın məqsədi ancaq Azərbaycan-türk musiqisinə xidmət etmək, onu yaymaq, gənclərin musiqi təhsilinə cəlb olunması idi. Bu yolda həyat yoldaşı Nadir Qayıbov da ona dəstək olur.
İstedadlı musiqiçinin əsas professional fəaliyyəti 1934-cü ildən başlayır. O vaxtkı Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi Tədqiqat Musiqi kabinetinin rəhbəri kimi Xədicə xanım xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur.
Lakin çox keçmir ki, həyat yoldaşı Nadir Qayıbov vəfat edir. Xədicə xanım bir neçə il sonra onun qohumu Rəşid bəy Qayıbovla ailə qurur.
Xədicə xanım çox enerjili, nikbin və təşəbbüskar bir qadın idi. Onun evi əsl musiqi ocağıydı. Burada mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. Musiqi salonunun sahibi kimi o, ziyalıları – musiqiçiləri, şair və yazıçıları, elm xadimlərini, aktyorları buraya toplayardı. Salonun qonaqları arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, müxtəlif tədbirlərdə iştirak edən xarici qonaqlar, xususilə Türkiyədən gələn alimlər, şairlər vardı.
Bunu xüsusi qeyd edək ki, bu musiqi axşamlarına dahi Üzeyir bəy Hacıbəyli də təşrif buyururdu. Üzeyir bəy Xədicə xanımda olan istedadı görür və onu yüksək qiymətləndirirdi. Daha sonra R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski, Bülbül, M.Qorovits, N.Milşteyn, F.Köprülüzadə kimi ziyalılar, korifey sənətkarlar məclisdə iştirak edirdilər.
Lakin NKVD güclü işləyirdi. Onun hər addımını, evinə girib-çıxanları izləyirdilər.
Və 1937-ci ildə Xədicə xanım Qayıbova “xalq düşməni” kimi yenidən tutulur. Həmin ərəfədə ikinci həyat yoldaşı Rəşid Qayıbov da satqın kimi həbs edilir.
Bəs Xədicə xanımı nədə ittiham edirdilər?
Türkiyənin xeyrinə casusluqda, müsavatçılara rəğbət bəsləməkdə. Bir çox yalançı şahidlər üzünə dururlar. Ancaq onun həbsinə rəvac verən bəhanə (səbəb deyil, bəhanə!) XDİK-də saxlanılan, döyülərək neçə-neçə insanın cinayətkar kimi adına imza atmağa məcbur edilən Ə.Fərəczadənin ifadələri olur...
Buradan isə qəribə “zəncir” başlanır:
Ə.Fərəczadə X.Qayıbovanın adını artıq həbs edilmiş Dadaş Bünyadzadədən eşitdiyini söyləyir. Dadaş Bünyadzadə isə heç bir dindirilmədə musiqiçinin adını çəkməmişdi. Bütün bunlara baxmayaraq 1937-ci ildə Xədicə Qayıbova satqın və casus ovunda ideal hədəf idi.
Onun əleyhinə tanınmış insanların adından yalançı şahidlərin ifadələriylə artqı xeyli “materiallar” toplanmışd. X.Qayıbovanın adı müstəntiqlərin diktəsi ilə başqa tutulanların da “yadına düşür”.
Bir “şahidin” dedikləri:
“Zeynallı mənə həm də deyirdi: əksinqilabi, millətçi təşkilat Xədicə Qayıbovanın türk əlaqələrindən də istifadə edir. “İttihadi-tərəqqi” partiyasının lideri Şükrü bəy Azərbaycan SSR-dən yolüstü keçərkən Qayıbova ilə görüşmüşdür”.
Və...
1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant TEVOSYAN belə bir arayış tərtib edir:
“Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat Partiyasının başçılarından olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatın üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən, Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən, istintaqa cəlb edilməlidir!”.
Məhz erməni Tevosyanın bu arayışına əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 №-li orderinə əsasən həbs edilir.
Qızı Alanqu xanımın xatirələrindən:
“12 yaşım vardı. Qapı qəflətən döyüldü. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı.Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər…”
1938-ci il aprelin 28-dək artıq Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir. Xədicə xanım istintaq zamanı xeyli arıqlamış, solmuşdu.
1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edilir. İttihamnaməyə əsasən, Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.
Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızı Türkiyə Konsulluğu ilə əlaqələrinə və “casusluq fəaliyyətinə” görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir.
Əlbəttə, Xədicə xanım ona qarşı sürülən bütün bu qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi. Amma heç ağlına da gəlməzdi ki, onu güllələyəcəklər. Sonradan bu barədə “Xalq düşməni”nin arvadı kimi tutulmuş Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva belə yazacaqdı:
“Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: «Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər…”. Amma nə yazıq ki, Xədicə Qayıbovanın məhkəməsi cəmi 15 dəqiqə çəkdi və güllələnmə hökmü verildi
Hökm 1938-ci il oktyabrın 27-də icra edildi.
Aradan illər keçdi.
Bu hökmə rəvac verənlər özləri məhkəmə qarşısına çıxarıldılar. Zaman öz ədalətli hökmünü verdi. 1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunması və güllələnməsi haqda Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsi xüsusi şöbəsinin müstəntiqi Menyayev Alanqu Sultanovanın ərizəsi ilə bağlı bunları bildirir: “Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilmişdir. Qərar ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır”.
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir. İttihamnamədə yazıldığı kimi, iradəcə möhkəm Xədicə Qayıbova özünü “casusluqda” günahkar hesab etməmişdir.
(Dövlət Təhlükəsizlik Xidmətində X.Qayıbovanın istintaq işi saxlanılır).
CƏMİ 45 YAŞI VARDI.
Azərbaycan musiqsi üçün çox işlər görmüşdü: uşaq xoru yaratmış, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edirdi. Nə qədər tələbələr yetişdirmişdi. Musiq sahəsində qeyri-adi istedadı olan bu xanıma dahi Üzeyir bəy də yüksək qiymət vermişdi.
Bəs milli dəyərlərimiz olan bu istedadlı insanları məhv etməkdə rejimin məqsədi nəydi?
Bu suala mərhum akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında cavab verilir:
”Milli kadrları tamamilə məhv etmək, ilk növbədə dünyaca məşhur, daim düşünən, mütaliə edən yenifikirlu alimləri, mütəfəkkir və intellektləri aradan götürmək!”
Bəli. 37-ci ildə qara əllərin məram və məqsədi düşünə bilən beyinləri məhv etməkdi...
Onlardan biri də istedadlı musiqiçi Xədicə Qayıbova idi.
Ruhu şad olsun.
SÜDABƏ SƏRVİ