...İndi hər şey hazır idi: kəndir də, kətil də, tavandakı tir də...
Bura – nənəsigilin damında özünü asmağa gələndə yolda qabağına kəndin ayağında yaşayan balıqçı Həşimin çilli qızı çıxdı. Bu qızı çoxdan görmüşdü -əsgərliyə getməmişdən əvvəl. Körpəlikdə sarışın, bir az da duzsuz uşaq idi. Qarşılaşanda suyundan tanıdı ki, bu, o qızdı. Qız onu görəndə iri, qonur gözləri birdən-birə böyüyüb az qala sifətinin yarısını tutdu. Gülümsədi. Çiyələk rəngli dodaqlarının arasından qənd kimi ağ, sağlam dişləri göründü. Salamsız-kəlamsız soruşdu:
- Axşam toya gələcəksən?
- Yox az, nə toy! – boz-boz cavab verdi.
- Niyə ki? – qız əl çəkmədi.
- Sənnik deyil.
Qız başını çiyninə qoyub yazıqlaşdı. Xına rəngli buruq saçlarını çiynindən arxaya itələyib qəfildən dilləndi:
- Sənin şəklin bizdə var eyyy...
- Doğurdan? – qız onun kinayəsini başa düşmədi.
- Allah haqqı. Suruş da sənnən oxuyub axı, əmim qızını deyirəm.
- Var var da, nə olsun ki?
- Onun albomundan oğurlamışam.
Eşitdiyi sözlərdən qulağına kimi qızardı. Bayaqkı kimi ötkəm danışmağa çalışsa da alınmadı:
- Az, mən artist-zadam...
- Sənnən elə xoşum gəlir ki...
Günün günorta çağı, kəndin ortasında eşitdiyi sözlərdən özünü tamam itirdi. Əvvəl qulaqları qızardı. Sonra qulaqlarındakı qızartı yanaqlarına kimi uzandı.
- Xoşuna gəlirəm? – titrək səslə soruşdu.
- O qız nə qızdı ki, ondan ötürün pis olursan. Gedib cəhənnəmə getsin, elə getdiyi oğlan da onun tayıdı da...
Həyəcanını ört-basdır eləmək üçün söhbəti dəyişdi.
- Hara gedirsən?
- Nənəmgilə.
- Əlindəki nədir?
- Balıqdı, dədəm təzə tutub. İstəyirsən verim sənə, apar qızart, ye.
Qızın səmimiyyəti ürəyinə kimi işlədi.
- Bişirənim yoxdur.
Qızın gözləri elə parıldadı ki, işığı sifətinə yayıldı.
- Mən...
Tez də səsini kəsdi. Pərtliyini gizlətmək üçün:
- Mən soruşmaq istəyirdim ki, qoltuğundakı nədi?
Özünü itirdi. Deyə bilmədi ki, qoltuğumdakı kəndirdir. Bu axşam istədiyim qızın toyudur. Mən də özümü asmağa gedirəm. Bircə kəlmə dedi:
- Gedəsi yerim var.
Bu sarışın, çilli qız az qala gözləri ilə ona yalvardı.
- Balıq yemək istəsən utanma, nənəmgilə gəl. Günortaya hazır olar.
Bunu deyib köhnə qaloşlarını sürüyə-sürüyə çıxıb getdi.
Bir xeyli qızın dalınca baxdı. İnana bilmirdi ki, Həşimin xırda qızı belə tez böyüyüb. Amma içindəki intihar hissi onu nənəsigilin damınacan sürüyüb gətirdi.
İndi hər şey hazır idi. Kəndir də, kətil də, tavandakı tir də.
Kəndiri kənara atdı, kətilə karlı bir təpik ilişdirdi, yuxarıdakı tirə tərs-tərs baxıb çilli qızın nənəsigilə yollandı...