Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırırıq ki, 2025-ci il fevral ayının 5-dən fevral ayının 20-ə qədər üzvlük üçün tələb olunan aşağıdakı sənədləri AYB Qəbul komissiyasına təqdim edə bilərlər:
– Geniş tərcümeyi-hal (yaradıcı məqamlar ətraflı göstərilməklə);
– Çap olunmuş kitablar (hərəsindən 1 nüsxə);
– Mətbu nəşrləri də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı;
– AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (bildiririk ki, zəımanət verən
şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimai statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalı, il ərzində üç nəfərdən artıq yazara zəmanət verməməlidirlər);
– Üzvlüyə qəbulla bağlı ərizə;
– AYB üzvünün qeydiyyat vərəqəsi;
– Şəxsiyyət vəsiqəsinin surəti;
– 3x4 ölçüdə 4 ədəd rəngli fotoşəkil;
Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəyən şəxslər, əgər nəsrlə
məşğuldurlarsa, minimum 15 çap vərəqi, əgər poeziya ilə məşğuldurlarsa, minimum 5 müəllif vərəqi həcmində mətni əhatə edən nəşr edilmiş kitablarını təqdim etməlidirlər. Dramaturqlar və nəsr tərcüməçiləri də minimum 15 çap vərəqi çap olunmuş mətnlərini, kitablarını təqdim etməli, yaxud Birliyin mətbu orqanlarında çap olunmuş, dövlət teatrlarında tamaşaya qoyulmuş əsərlərini (mətn və ya kserokopiya şəklində) təqdim etməlidirlər.
Bildiririk ki, 30 yaşa qədər gənclər qəbul üçün 2 zəmanət təqdim edə bilərlər.
Eyni zamanda, bölgələrdə yaşayan və üzv olmaq istəyən şəxslərin üzvlüyü üçün AYB-ni müvafiq filial və bölmələrindən təqdimatın olması vacibdir.
AYB nəşrlərində əsərləri çap olunan şəxslərə qəbul zamanı üstünlük veriləcəkdir.
AYB üzvünün qeydiyyat vərəqəsi və ərizə forması Qəbul komissiyasından götürülməli, yaxud sənədlər təqdim edilən zaman doldurulmalıdır.
Təqdim edilən sənədlərə sıra sayına müvafiq olaraq növbəti ilin qəbul tarixinə qədərki müddətdə (18 ay ərzində baxılacaq) və son qərar müraciət etmiş şəxslərə bildiriləcəkdir.
Komissiya üzvlərinin rəyi müraciət edən şəxslərə təqdim edilmir.
Təqdim edilən sənədlər və kitablar geri qaytarılmır.
Mənfi rəy alacaq şəxslərin sənədlərinə növbəti iki il ərzində yeni kitabları və publikasiyalar olmadığı təqdirdə təkrar baxıla bilməz.
Əlavə məlumat almaq istəyən şəxslər (+99412)493-74-81 telefonuna zəng edə, Qəbul komissiyasının katibi Məlahət Qənbərova ilə əlaqə saxlaya bilərlər.
Qəbul komissiyası