Başa düşmürdü, adamlar niyə ora-bura qaçırlar. Sahibi niyə onun zəncirindən açıb buraxdı. Axı gündüzlər onu hələ-hələ açmazdı.
Onu buraxıb getdilər. Niyə? Neyləmişdi onlara? Amma bax, gedirlər! Darvazaya sarı gedirlər. İndi çıxacaqlar qapıdan.
Qısıla-qısıla arxalarıyca getdi. Bax, bu darvazada sahibini qarşılayar, sahibi atdan enər, oysa onun ayaqlarına sarılıb yavaşca zingildəyərdi. O da əyilib onun başını sığallayardı. İndi başqa cürdür. Elə bil onu görmürdülər. Çıxdılar qapıdan. O da onların dalıyca çıxdı. Yolda sahibindən başqa da çoxlu adamlar vardı. Əllərində bağlama təlaşla, qorxu içində dar, əyri-üyrü kənd yoluyla tələsik harayasa gedirdilər. Haraya? Anlaya bilmirdi köpək.
Birdən onları itirdi. Camaatın ayaqlarının arasından sıyrılıb sürətlə irəliyə tullandı. Aha. Ordadılar. Yeyin-yeyin gedirlər.
Niskilli baxışlarıyla onları təqib edir, sanki "getməyin!"-deyə qışqırırdı. Onun səsini eşitmirdilər. Sahibigil eşitməsin deyə səsini udurdu. Xeyli aralandılar ondan. Arxalarıyca qaçdı. Birdən geri çevrildilər. Gördülər onu.
-Sən hara gəlmisən? –Sahibi çımxırdı üstünə. Çıx get! Qayıt evə!
Getmədi. Quyruğunu bulayıb qapqara işıltılı gözləriylə onlara baxırdı. Sahibi yerdən balaca daş götürüb qovdu onu. Ah! Nədən? Neyləmişdi onlara? O ki heç vaxt vəfasızlıq etməmiş, illərlə həyət-bacanı çaqqal-çuqqaldan, tülkülərdən, yad insanlardan, oğrulardan qorumuşdu. Bəs niyə daşlayır sahibi onu?
Küsdü. Qulaqlarını sallayıb oturdu. Az qalırdı gözlərindən yaş gəlsin. Bu vaxt sahibgil insanlara qarışıb görünməz oldular.
Onları gözdən itməyə qoymamalıdır!
Köpək irəliyə atıldı. Kəsə, əyri-üyrü yolla götürüldü. Uzaqdan yamyaşıl dağlar görünürdü. Bu yerlər tanışdı ona. Evin xanımı və balaca qızcığazla tez-tez bu dağlara qalxırdılar. Xanım nə isə toplayıb bağlama edərdi. Sonra oturub yemək yeyərdilər. Onun üçün ayrıca dadlı yeməklər götürərdilər. O da ləzzətlə yeyərdi. Sonra quyruğunu bulayıb minnətdarlıqla üzlərinə baxardı. Lal baxışlarıyla "sag olun, qarnımı doyuzdurdunuz"-deyərdi. Balaca qız Gülzar onu qucağına götürüb öpərdi. O da nəvazişdən xoşallanıb gözlərini yumardı. Ah. nə gözəl günlər idi...
Ah! Haradasınız?
Hə…ordadırlar. Gördüm. Bax, dağa sarı gedirlər. Bir-birlərinin əlindən tutub təngnəfəs dağa sarı qaçırdılar? Kimdən qaçırlar? Heç cür anlaya bilmirdi.
Yavaşca arxalarıyca gedirdi. Onlar arxaya çevriləndə qaçıb gizlənirdi. Birdən yenə daşlayıb qovarlar onu.
Qovsalar da gedəcək!
-Taq-taraq! Taq-taraq!
Hardansa, əli silahlı, üz-gözü tüklü dörd saqqallı adam çıxdı. Bunlar kimdir? Yaddılar. Bu torpaqdan deyildilər. Yadları qoxusundan tanıyırdı. Yadellilər sahibiylə, xanımla çox sərt danışırdılar. Deyəsən söyürdülər, təhqir edirdilər. Hə. Hə. Belə söyüşləri bir dəfə küçədə eşitmişdi. Anlamışdı ki, çox pis sözlərdir. Bunlar deyəsən daha pis söyürdülər. Yadellilər sahibini və xanımı döyməyə başladılar. Biri əlindəki avtomatın qundağıyla balaca qızcığazı vurdu.
Köpək istədi irəli sıçrasın, bu çaqqal oğlu çaqqalın saqqalından yapışıb sürüsün, boğazından yapışıb boğsun.
-Taq-taraq!
Qəfil açılan atəş səsindən diksindi. Ay Allah! Sahibinin xanımı yerə sərilmişdi. Çabalayırdı. Sahibi də əlindəki tapança ilə o ikisini öldürdü. “Gözünə dönüm!”-köpək dedi. Amma ikisini öldürə bilmədi. Bu vaxt yadelli avtomatın qundağıyla sahibinin başından vurub yerə sərdi. Sahibi qışqıraraq yadellilərə nəsə deyirdi. Hə. Az-çox anladı. İt də olsa, adamların dilini çox gözəl bilirdi. Sahibi deyirdi ki, çıxın gedin bizim torpaqdan.
Torpağını tanıyırdı. Sevirdi köpək. O da bu torpaqda doğulmuşdu. Anası onu o həyətdə, dünyaya gətirmişdi. Çox qəşəngdir. O birilərindən seçilirdi. Qulaqları qara, bədəni ağ, dərisi hamhamardı. Sahibi onu heç kimə vermədi. Orda böyüdü köpək. Torpağın ətrini çox sevirdi. O qədər fınxıra-fınxıra, ləzzətlə qoxulamışdı ki... Amma dünyaya gələndən atəş səsləri eşidirdi.
Hərdən ona çatmırdı, adamlar niyə bir-birini didirlər, öldürürlər? Onlar ki, heyvan deyillər. Danışa bilirlər. Düşünə bilirlər. Dili olsaydı, "bəsdir!"-deyərdi. Deyə bilmirdi.
Sahibi yaralanmışdı. Yadellinin biri sahibini yerə yıxıb təpikləməyə başladı, o biri qızcığaza tərəf gedirdi. Qız qışqırırdı. Deyəsən, nəsə pis hadisə olacaqdı.
Köpək qızın qışqırtısına dözməyib qəflətən irəli atıldı. İri dişlərini quldurun boğazına keçirib gəmirməyə başladı. Adamın bağırtısı hər tərəfi bürüdü. Boğazından qan fışqırırdı. Səsi gəlmirdi. Aha. Öldürdüm onu. Quldur. Sən mənim sahibimin qızına hücum edirsən?
Sahibi ölənin silahını götürdü.
Eyni anda iki atəş açıldı. İkinci quldur da ölmüşdü. Sahibi isə ağır yaralanmışdı. Xanımının intiqamını almışdı sahibi.
Sürünə-sürünə köpəyin yanına gəldi. Diz çökmüşdü onun qabağında.
-Sağ ol, mənim ağıllı itim. Canım-gözüm, oğlum...-Sahibi ağlayırdı. İlk dəfəydi ona oğlum deyirdi.
-Sən bu alçaq dığanı məhv elədin. Yoxsa Allah bilir, nələr olacaqdı.
"Dığa!" Bu sözü çox eşitmişdi. Mənasını anlamasa da, bilirdi ki, yaxşı söz deyil, düşmən deməkdir. Sahibi elə deyirdi həmişə. "Qapıya dığa-mığa gələr, ehtiyatlı ol. Bizə xəbər ver!"
-Mənsə səni qovurdum. Daşlayırdım. Həmişə insana sadiq olmusan. Bu vəhşiləri görəndə heyvanları daha çox sevirəm.
Onu bağrına basıb öpməyə başladı.
Çox şeyi anlamasa da, bilirdi sahibi onu qovduğuna peşmandır. İndi könlünü alır, onu oxşayır. Köpək işıltılı gözləriylə sahibinə baxır, quyruğunu bulayırdı. Bəs niyə onun üzü-gözü qandır?
-Mən başıboş səni qovurdum. -Sahibi ağlayırdı. Gəlmə deyirdim. Bağışla məni, gözəl köpəyim. Gülzarım sənə əmanət. Onu qoru…qo..ru
Sahibi huşsuz halda yerə yıxıldı. Qan onu aparırdı. Köpək anladı ki, sahibi ölür. Zarıdı. Əlindən heç nə gəlmirdi. Başını sahibinin sinəsi üstünə qoyub yavaşca zingildədi.
Haradansa qıy-qışqırıq, hay-küy eşitdi. Köpək huşsuz halda yerə yıxılan balaca qırmızı donlu, sarı ipəksaçlı, ağ bantlı qızcığazın- Gülzarın paltarından tutub yaxınlıqdakı daşın dalınacan sürüdü. Axsayırdı. Deyəsən ayağına güllə dəymişdi. Yalayaraq axan qanı təmizlədi. Ağzında ot-ələf gətirib qızcığazın yan-yörəsini bürüdü, tamamilə görünməz etdi.
Bir azdan yenə oraya silahlı, saqqalı yad adamlar gəlib ona tanış olmayan qəribə dildə nəsə danışır, qışqırır-bağırır, atırdılar.
-Taq-taraq!! Taq-taraq!
Bu qorxunc səsi eşitmək istəmirdi köpək. Heç istəmirdi. Heyvan da olsa, bezmişdi bu səsdən. İllərdi ki, hər gün atəş, hər gün taq-taraq! Adamlara mat qalırdı. Niyə belə edirlər? Nədən başqasının torpağına zorla soxulub onları evlərindən qovur, adamları, balaca uşaqları öldürürdülər? Niyə? Çatmırdı köpəyə.
"Atmayın, ay adamlar! Qoyun rahat yaşayaq", –deyirdi ürəyində.
Sabaha qədər yatmayıb qızcığazı qorudu.
İki gün keçdi. Hənirti eşitdi. Qulağını torpağa dayadı. Kimlərsə ona tərəf gəlirdilər. Yavaşca boylandı. Yenə tanımadığı adamlar. Bunlar da silahlı idilər. Yəqin indi atacaqlar. Eşitməsin deyə, başını torpağa soxdu.
Səs yox idi. Atmırdılar. Amma ordaydılar. Bunlar deyəsən axşamkılar kimi rəhmsiz deyildilər. Hə. Elədir. Əsgərlərdir. Həm də qərib əsgərlərə oxşayırdılar. Gəlmişdilər dığaları qovmağa. Əsgərlər sahibinin, xanımın yerə sərilmiş cansız bədənlərinin qabağında diz çökmüşdülər. Ağlayırdılar.
-Baxın, arkadaşlar! -Əsgərlərdən biri dedi. Düşmənin birini köpək boğub öldürüb. Hardadır görəsən o mərhəmətli köpək? Gəl, ağıllı köpək! Hardasan, çıx gəl.
Anladı ki, söhbət ondan gedir. Onu çağırırlar.
-Gəl, hardasan? Gəl yanımıza. Gəl, yavrum.
Daşın dalından çıxıb onlara sarı gəldi.
-Ay canım...bu sənsən? Bu alçaq ermənilər səni də yaralayıblar?
"Erməni?" O kimdir? O da dığadır görəsən? Hə...hə...eşitmişdi bu sözü sahibindən".
-Gəl, gəl. Ay Allah! Sən nə qəşəngsən...
Onu qucaqlarına aldılar. Oysa zingildəyib Gülzarın yerini onlara bəlli etmək istəyirdi.
-Ah, yavrum! Zingildəmə. Bu saat səni baytar həkiminə götürəcəyik.
Cəsədləri maşına daşıdılar. Onu da qucaqlarına alıb maşına mindilər.
"Gedə bilmərəm! Qız ordadır!" Fəqət danışa bilmədiyi üçün öz səsini yalnız özü eşidirdi. Az qalırdı gözlərindən yaş axsın.
Maşın təzəcə yola düşmüşdü ki, cəld yerə atıldı. Axsaya-axsaya harayasa qaçırdı. Maşını saxladılar. Köpək hara gedir?
Hamını bu sual düşündürürdü.
Çıxdığı daşa sarı qaçırdı. Bir azdan onlar qəribə bir mənzərəylə qarşıladılar. Köpək qırmız donlu, qoşa hörüyünə ağ bant vurulmuş 5-6 yaşlarında huşsuz balaca bir qızı dişləriylə darta -darta onlara sarı gətirirdi.
Əsgərlər heyrətə gəlmişdilər. Hamısı ağlayırdı. Köpəyi bağırlarına basıb öpürdülər.
İyul, 2018