ARXİVİ YANDIRILAN YAZIÇI
“Ürəyinə dammışdı, bilirdi ki, gələcəklər. Odur ki, paltarlı idi. Qara eynəkli, uzun qara plaşlı adamlar qəfil içəri soxuldular, qolunu buraraq onu qara maşına otuzdurdular...”
İnsan dünyaya gələndə sanki taleyi də onunla bir doğulur. Şair, ədəbiyyatşünas, poliqlot alim Salman Mümtazın da taleyinə gün doğmadı.
Azərbaycan klassiklərinin əsərlərini gecə-gündüz yorulmadan səhifə-səhifə min bir əziyyətlə toplamışdı. Ağlına da gəlməzdi ki, zülmlə topladığı nadir əlyazmalar bir gün məhv ediləcək, arxivini yandıracaqlar...
Salman Mümtaz kim idi?
O, 1884-cü ildə Şəkidə Gəncəli məhəlləsində dünyaya gəlib. Atası Məmmədəmin tacir idi. Məmmədəmin atası-o dövrdə çox varlı olan Ağaələsgər kişidən qalmış qızıllarla Orta Asiyada-Türkmənistanda özünə iş qurmuşdu, karvansaray almışdı və ailəsini yanına aparmağa hazırlaşırdı. Taleyin işinə bax ki, o, 1887-ci ildə 37 yaşında ağciyər xəstəliyindən vəfat edir. O zaman balaca Salmanın 3 yaşı vardı. Anası Zəhra xanım ağıllı, uzaqgörən və güclü qadın idi. Mirzə Fətəli Axundzadə ilə qohumluq əlaqələri də vardı. Zəhra xanım qardaşlarını və iki övladı-Salmanla Əsgəri də götürüb Aşqabada köçür. Bir sandıq alır, onun içini qızılla doldurur, bu qızılları övladlarının oxuması, təhsili üçün sərf edir.
(Məlumat üçün deyim ki, Salman Mümtaz sonradan qalan xeyli qızılları əlyazma kitablarını almağa və xeyriyyə işlərinə sərf edəcəkdi).
Salman Aşqabadda qardaşı ilə birlikdə dayılarına ticarət işlərində kömək edir, qazandığı məvaciblə ailəni saxlayırdı. Oxumağa böyük həvəsi vardı. 9 yaşı olanda tale onu Aşqabadda böyük mütəfəkir şair Mirzə Ələkbər Sabirlə görüşdürür, bu isə onun ədəbiyyata marağını daha da artırır. Və bu tanışlıq onun həyatında sonradan böyük onəm daşıyacaqdı.
İlk təhsilini mollaxanada alan balaca Salman uşaqlıqdan çox zəkalı, zehinli idi, qabiliyyəti, xüsusi istedadı ilə seçilirdi. Ərəb, fars, rus, urdu, özbək, qırğız dillərini uşaqlıqdan öyrənmişdi. Çox dil bildiyinə görə onu poliqlit da adlandırmaq olar.
Salman Mümtaz daim öz üzərində çalışır, klassikləri oxuyur, onlardan öyrənirdi. Allah ona yazmaq istedadı da bəxş etmişdi. İlk qələm təcrübələri olan şeirləri hələ gənc ikən Cəlil Məmmədquluzadənin təsis etdiyi, ilk sayı 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalında “Xortdanbəy”, “Sərçəqulubəy” və sair imzalarla çap olunurdu. Elə o zaman Salman bəyin klassiklərimiz haqqında yazdığı analitik məqalələri diqqəti çəkirdi.
Bu o dövr idi ki, Bakıda və Azərbaycanın bölgələrində vəziyyət yaxşı deyildi, qatı millətçi olan ermənilər çar Rusiyasının dəstəyi ilə bolşeviklərlə birləşib yerli xalqı öz dədə-baba yurdlarından sıxışdırıb çıxarır və günahsız insanları qətlə yetirirdilər...
Məqsəd Bakını erməniləşdirmək idi.
1918-ci ildə Ənvər və Nuru paşaların başçılıq etdiyi Qafqaz İslam ordusu Azərbaycana gəlişi xalqı milləti bolşevik-erməni silahlı birləşməsinin qətliamından xilas etdi.
Xatırlatma üçün deyim ki, təkcə Baklıda on beş mindən çox insan vəhşicəsinə öldürülmüş, diri-diri yandırılmışdı...
1918-ci il mayın 28-də Azərbaycanda ilk müstəqil Cümhuriyyət qurulur. Aşqabadda yaşayan Salman Mümtaz buna çox sevinir və Bakıya köçür. Amma doğma Vətəndə taleyin ona hazırladığı oyunlardan, başının üzərində əsən soyuq küləkərdən hələ ki, xəbərsizdi. Ağlına gəlməzdi ki, o doğma Vətəndə həyatının ən acı günlərini yaşayacaq...
Salman Mümtaz Nuru paşaya şeir həsr edir. Və bununla da sonradan ona vurulacaq “panturkizm” damğasının qurbanı olacaqdı. Cəmi 23 ay yaşayan Cümhuriyyəti bolşevik hökuməti əvəz edir. Akademik Ziya Bünyadovun dediyi kimi, sonradan “qırmızı terrora” çevriləcəkdi bu hökumət.
Salman Mümtaz hələ 1919-cu ildə Cəfər Cabbarlının yaratdığı “Yaşıl yarpaqlar” adlı qurumun üzvüydü. Buraya Cabbarlıdan başqa Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad da daxil idi. NKVD onları və ardıyca gedənləri izləyirdi. O cümlədən Salman Mümtazı. Lakin hələ ki, onu tutmurdular. Onun istedadını, zəkasını, necə vətənpərvər olduğunu bilirdilər, qədim Azərbaycanın söz yadigarlarını onun necə topladığı da əlbəttə ki, M.C.Bağırova və ətrafına məlum idi. Yenə də onu izləyir, qapısına girib çıxana belə nəzarət edir, danışığını dinləyirilər. Bəzən evinin ətrafında şübhəli adamlar da dolaşmaqda idi.
Salman Mümtazın hədəfə alınmasının əsas səbəbi onun türkçü olmasıydımı?
Bəli. Türk dünyası onun üçün müqəddəs idi. Bunu da o vaxt NKVD-KQB bilirdi.
1926-cı ildə Salman Mümtaz Birinci Türkoloji qurultayda hamını heyran qoyan gözəl mənbələrlə çıxış etdi. Hətta oraya qonaq sifəti ilə dəvət olunmuş Əli bəy Hüseynzadə də Salman Mümtazın böyüklüyünə heyran qalmışdı.
Mir Cəfər Bağırov buna görə Salman Mümtaza qarşı 1935-ci ilə qədər yaxşı münasibətdə idi. Salman Mümtaza toxunulmasın deyə, ona müraciət də edilmişdi. Amma sonacan əməl olunmadı. Görünür, burda da erməni “barmağı” vardı. Nəzərə alsaq ki, Moskvada MK-da bir neçə vəzifəli erməni vardı, (Mikoyan və başqaları), üstəlik M.C.Bağırovun köməkçisi də erməni idi, (Qriqoryan) hər şey aydın olar...
Salman Mümtaz o aralarda bir müddət Azərnəşrdə, sonra Elmlər Akademiyasının tarix, dil və ədəbiyyat institutunun elmi işçisi vəzifələrində çalışdı. O ərəfədə ziyalıların repressiyasına başlanılmışdı artıq. Lakin Salman bəy ədəbiyyatşünas, şərqşünas idi və bir neçə dil bildiyinə görə, hələ ki, sadəcə izləyirdilər.
Bu izləmə 1937-ci ilə qədər davam etdi. 37-ci il repressiyanın ən qlobal kəskin, pik həddiydi. Repressiyanın dəhşətli şimal küləyi bir çox ziyalılarımız kimi, Salmanın da başı üstündə əsməyə başlayır; onu “burjua-millətçi”, “pantürkist” kimi günahlandıraraq əvvəlcə tutduğu vəzifədən uzaqlaşdırdılar, sonra isə ev dustağı etdilər.
Salman Mümtaz bilirdi ki, onu məhv edəcəklər. Ona görə də bir dəqiqə dayanmır, ev dustağı ikən nadir əlyazmaları, kitabları toplayıb araşdırmaqda davam edirdi.
Və heç şübhəsiz ki, bu onun Azərbaycan ədəbiyyatında ən böyük xidmətlərindən biriydi. Buna bütün ömrünü sərf etmişdi böyük yazıçı. O, əldə etdiyi əlyazmaları “Kitabxaneyi-Mümtaziyyə” adlı öz xüsusi kitabxanasında yerləşdirdi.
Əsl dəhşət isə hələ qabaqda idi...
“Erməni barmağı” hər yerdə özünü göstərirdi. Faktlara əsasən deyə bilərik ki, o dövrdə Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Bunu təsəvvür etmək də çətindir...
Elə buna görə də təkcə 1937-ci ildə “xalq düşməni” adı ilə 29 min ziyalımız güllələndi.
O cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları. Eləcə də Salman Mümtaz dəhşətli repressiyanın qara caynağından xilas ola bilmədi...
1937-ci il oktyabrın 8-də gecə saatlarında Salman Mümtazın yaşadığı Buynakski, 25 (indiki Şeyx Şamil küçəsi) mənzilinin qapısı döyülməyə başladı. Ürəyinə dammışdı, bilirdi ki, gələcəklər. Odur ki, paltarlı idi. Qara eynəkli, uzun qara plaşlı adamlar qəfil içəri soxuldular, qolunu buraraq qara maşına otuzdurdular. Onu siyasi dsstaq kimi həbs edirlər.
Ona çox işgəncələr verirlər. İşgəncə verənlər kimlər idi?
Baxın, Qalstyan, Avanesyan, Sinman və Borşşev. Onlar tərəfindən Salman Mümtaza düz 3 ay hər gün işgəncələr verilir. Məhkumluq şəklinə baxanda adamın ürəyi sızıldayır. Onun günahı nəydi?
“Günahı” sadəcə türkçü olması idi...
Ona sovet hökumətinə qarşı əksinqilabi -millətçi damğası vuraraq 4 maddə ilə ittiham edirdilər. Lakin Salman Mümtaz ona aid yalan ifadələri qətiyyətlə təkzib edirdi.
Buna baxmayaraq onu guya vətənə xəyanət damğasıyla barəsində ölüm hökmü çıxartdılar.
Hökm 1941-ci il dekabrın 21-də həyata keçirildi. Ədəbiyyatımızın qaymaqlarından olan yazıçını, ziyalını güllələyirlər.
Bu həmin Salman Mümtazdır ki, ədəbiyyatımızın tarixini toplayıb bizə çatdırmışdır. Təkcə 1920-1925-ci illərdə 200-ə qədər klassikimizi araşdırıb ədəbiyyatımıza təqdim etmişdi.
Nəyə görə o dövrdə bu cür ziyalıları sıxışdırırdılar? Səbəb nəydi?
Quruluşlar dəyişdikcə məmurların ədəbi sözü, poeziyanı, incəsənəti sıxışdırması idimi? Yaxud vəzifələrdə kök salmış ermənilərin türkə qarşı qəsdən hazırladıqları plan idi?
Təəssüf ki, həmin qaymaq ziyalıların bəxtinə o dövrdə yaşamaq düşmüşdü. Elə bir dövr ki, hər sözdə, hər kəlmədə pantürkçü axtarırdılar. Üstəlik çuğulçular, danos yazanların da sayı az deyildi.
O dövrdə sosializm quruluşunun mahiyyəti bu idi ki, ilk növbədə, zəkalı, yaradıcı insanları (buna “beyin axını” deyirlər) hədəfə alırdılar, onları başqa yerə getməyə qoymurdular.
Bir sözlə, düşünən beyinləri məhv edirdilər.
Bu isə qırmızı hökumətin ən pis cəhəti idi. İlk növbədə, Almas İldırım, Maqsud Şeyxzadə, Əkrəm Cəfəri, az sonra Hüseyn Cavidi və Salman Mümtazı hədəfə aldılar.
Salman Mümtaz zəkaların zirvəsində dururdu. Sözsüz ki, bu cür beyinləri aradan götürmək lazım idi. Götürdülər də. Onu güllələdilər.
Bəs Salman Mümtazın yarpaq-yarpaq, səhifə-səhifə min bir əziyyətlə topladığı əlyazmalarının taleyi necə oldu?
Ürək ağrısı ilə deyə bilərik ki, onun bir yük maşını həcmində əsərlərini yandırdılar. Zülmlə topladığı arxivini məhv etdilər. Bunu Məhəmməd Kəngərli də öz məqaləsində təsdiq etmişdi. Və təəssüf ki, “sapı özümüzdən olan baltalar” yerdə qalanlarını da iz qalmasın deyə, ya oğurladılar, ya da məhv etdilər...
Məqsəd guya quruluşa əl çalmaq, yaltaqlıq, yarınmaq və xalqı vətənpərvərlikdən uzaqlaşdırmaq idi.
Cəfər Rəmzi 21 il 2 ay həbsdə yatdı, amma əqidəsindən dönmədi; o taylı-bu taylı Azərbaycanımızın istedadları haqqında dissertasiya yazdı, şeirlər qoşdu, Bakının bağrından doğmuş bu insanları bir yerə, bir kitaba topladı. Və təbii ki, Cəfər Rəmzidən bəhrələnmiş Hüseyn Cavid, Salman Mümtaz həbsdən qorxmurdular.
Sonradan haqq-ədalət bərpa oldu. Mümtaz bəraət aldı.
Baxmayaraq ki, 1956-cı il noyabrın 16-da ölümündən sonra bəraət qazandı, haqqında olan ittihamnamə ləğv olundu, amma o və onun kimi ziyalılarımıza vurulan mənəvi zərbənin yarası tarix durduqca heç vaxt sağalmayacaq!
1996-cı il sentyabrın 17-də Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi açılır. Açılışda H.Əliyev özü iştirak edir və təklif edir ki, arxiv Salman Mümtazın adına olsun.
Beləliklə Salman Mümtaz 162 saylı şəxsi fondda əbədiləşdi. Şair, ədəbiyyatşünas, publisist, klassik əsərlərin toplanmasında danılmaz rolu olan bir şəxsiyyət nəhayət ki, qiymətini aldı.
Salman Mümtazın “Qantəmir tükün tökülməsi haqqında” məqaləsi, Şəkixanov haqqında xüsusi qeydləri, M.Ə.Sabirin ilk “Taziyanə”si, “Həqiqət”qəzetində “Təbib və ya xəstə” adlı yazısı, Azərbaycan Dövlət Nəşriyyatı ilə müqaviləsi, şeirləri, məktubları, qəbzləri bu gün onun 162 saylı şəxsi fondunda saxlanılır. Onların bir hissəsi isə Füzuli adına Əlyazmaları İnstitutundadır.
Bütün Türk dünyasında onu hörmətlə xatırlayırlar.
1999-cu ildə YUNESKO-nun xətti ilə Ankarada, İstanbulda olan yazıçı-alim Maarif Teymur danışırdı ki, orada milli kitabxana və arxivlərdə Salman Mümtazın adı çox hörmətlə çəkilir. Elaziğ, Frakya universitetlərində Salman Mümtaz deyən kimi, dərhal “Aaa… o toplayıcı?” - deyə soruşurdular. Eləcə də Almas İldırımı çox gözəl tanıyırlar.
Bu həmin Almas İldırımdır ki, sonradan Salman Mümtazın yolunun yolçusu oldu. O da klassikləri toplayaraq yığırdı. Lakin onun da taleyi uğurlu olmadı. Vətəndən ayrı yaşamaq düşdü qismətinə...
Salam desəm rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu, sərsəm gediş dursa oy...
Bu sətirləri yazanda nə düşünürdü, görəsən Almas İldırım? Ruhları şad olsun!
Bu cür dəyərli insanları heç vaxt unutmaq olmaz. Gələcək nəsli bu cür ziyalıları tanımalıdırlar. Bu gün elmi iş götürən alimlər Salman Mümtazın, eləcə də Almas İldırımın yaradıcılığına müraciət etməli, onları tədqiq etməlidirlər.
Çünki tariximizin hələ açılmamış və tədqiq olunmamış pərdəarxası çox səhifələri var.