Ayrılığın və ağrının rəngləri
Rənglər xatirələr oyadır,
duyğular oyadır.
Gördüklərimizdən artıq görmək istəməsək
hər rəng adicə boyadır.
Rəsul Rza
“Rənglər” silsiləsindən
Hər dəfə əlimə qələm götürüb Anarın Təhminə və Zaurundan (“Beşmərtəbəli evin altıncı mətbəsi”) yazmaq istəmişəm və hər dəfə də sanki dalana dirənmişəm. Fikirlər məni çəkdikcə çəkib uzaqlara aparıb. Belədə heç cürə yazdıqlarımı bir araya gətirə bilməmişəm. O üzdən bu cırmaqaralardan bir urvatlı yazı alınmayıb, arxivimin bir küncündə yatıb qalıb. Onu da deyim ki, qeydlərimin çoxunu oxuduğum kitabların üzərində (çox pis örnək) aparıram. Yaxşı tərəfi də odur ki, kitabxanamdakı kitabları bir-bir götürüb (bu artıq vərdiş halındadır, “bəzmi-istirahətdir”) vərəqləyəndə adi, qırıq-qırıq xətlər, sözlər, işarələr və s. məni nəsə yazmağa vadar edir.
Bir təsadüf (bəlkə də təsadüflər) Təhminə və Zaurun yanına qayıtmağa təkan oldu, məni həvəsləndirdi...
Romanı vərəqləyə-vərəqləyə fikirləşirəm, yaşasaydılar indi necə görünərdilər? Heyhat, Təhminə həyata bir dəfə gəlib, (Zaur üçün) daha ondan yoxdur, olmayacaq, doğulmayacaq! Doğulsa da ondan Təhminə çıxmaz-şıltaqlığıyla, cəsarətiylə və əlbəttə dəli sevgisiylə.
Təhminə bizim çağdaş Leylamızdır. Cəmiyyətin marağından (məişət adət-ənənəsi) kənara çıxması, başqa həyat arzulaması və düşünməsi Leylaların başına həmişə bəla açıb. Yəqin hər şey Allahın iradəsincə olur-min il əvvəl də belə idi, indi də belədir. Qəbilə başçısının qızı ölməsəydi nələr ola bilərdi? Təhminə də elə-ömür boyu əzab çəkə-çəkə yaşayardı. Heç onu Anar qələminin ecazkar qüdrəti də qoruya bilməzdi. Nə gözəl, nə xoş ki, müəllif bu istəkdə bulunmayıb, cəhd də etməyib.
Bəs Zaur necə, onu bizim “zəmanəmizin qəhrəmanı” Məcnunu saymaq olarmı? O vaxt (qeydlərimdə) yazmışdım-yox, olmaz! Fəqət, indi içimdən bir səs baş qaldırır: elə bizim Məcnunumuz belə olar də! Axı, başqa cür Məcnun bizdən necə çıxa bilər ki?!
Sualların Cırtdan kimi yorulub yatmaqla arası yox. Yazı masamın arxasında vurnuxuram.
“Olum, ya ölüm”?! Bu Şekspir nə gic sual ünvanlayıb bəşəriyyətə?
Cavab müşkülə çevrilib. Necə ki, “bir dəli bir quyuya daş atıb, yüz ağıllı yığışıb çıxarammır ”...
Başımı masanın üstünə qoyub öz-özümə təkrarlayıram... Təhminə... Zaur...Təhminə...
Və beləcə mürgüləyirəm .
Gecənin bir aləmi məni oyadırlar:
-Təhminə kimdir?
-Nə bilim, o kimdir elə?
Qırmızı-qırmızı xanımımın boynuna qoyuram ki, Təhminə-zad tanımıram. Sonra da yatağıma girib gözlərimi yumuram...
Səhər çayının arxasınca zəng gəlir:
-Qonşumuz Təhminə xala dünyasını dəyişib! Dəfn mərasimi saat.... gecikmə....
...Dəfn yerinə tələsirik. Küçədə bizə yaxınlaşan qonşum salamlaşır:
-Təhminə xala yadındamı? Bu qoca yaşında da yanaqlarının qırmızısı solmadı...
Razılıqla başımı tərpədirəm. Xəyal məni çəkib yenə arxasınca aparır. Gecə məni yatmağa qoymayan Təhminənin-Anarın sevə-sevə canlandırdığı Təhminənin yanına qayıdıram. Lap elə buradaca yaddaşımızı təzələyək: “Leyli və Məcnun” poemasında (kiçik bir müqayisə caizsə) əhvalat müəllifin öz dilindən danışılır, anladılır. Anarın müraciət etdiyimiz romanında isə hadisələr rənglərin diliylə açılır, istiqamətləndirilir, bəyan edilir: “Görəsən aşağıda, otelin qarşısındakı eyvanda neçə dənə gün çətiri var? Qırmızı, sarı, yaşıl, göy, mavi, çəhrayı...”
Qəribədir, onların həyatı elə bil yuxuda keçir, özü də rəngli yuxuda. “...budur bax, bu saat ekran işıqlanacaq, yuxu rənglərə boyanacaq”.
Ayrılığın öz rəngi olurmu? Olursa hansı rəngdə olur? Qəhrəmanların həyatında daha çox qara rəng üstünlük təşkil edir: “... aeroportda ilk gördüyü adamlar da, göyümtülə çalan zil qara zəncilər də...”
Yenə də qara rəng: “... qu desən qulaq tutulan cingiltili sükutdan sonra otaq həm də qaranlığa qərq oldu; ... Zaur örtülü göz qapaqları arasından qaranlığın müxtəlif mərhələlərini duyurdu-əvvəlcə otaq alaqaranlıq oldu... otağa güclə sezilən gecə çırağının zəif şöləsi yayıldı. Firəngiz bu çırağı da söndürdü və o zaman ətraf qaranlıq içində həll oldu.”
Görən, eşidən varmı heç, uğurlamalarda yolun qaranlıq olsun, qaranlığa tuş gələsən-deyilsin?!
Əlbəttə, bütün uğurlar işıqla bağlıdır-yolun işıqlı olsun deyilir. Qaranlıq bizi qorxudur, içimizdə xof yaradır. Məlikməmməd nağıllarımızda işığa can atırdı...
Nə böyük faciədir, dəhşətdir-günlərin bir günü şirin yuxudan, nağıl yuxudan ayılıb yanında-yatağında sevmədiyin qadın görəsən! Lap belə təpədən dırnağacan o pakdır, məsumdur, həm də günahsızdır-amma nə edəsən ki, o yaddır!
İkinci dəfə sevməkmi olar? İnana bilmirəm, inanmaq azdır-məndə ikrah doğurur “ikinci” (telekanallardan hər gün eşitdiyimiz) sözü. Sən olsa-olsa alışa bilərsən, fəqət sevə bilməzsən. Çünki gözün başqasındadır. Hara baxsan həsrət doğuracaq, nə görsən onu xatırladacaq-“... Təhminənin nəvazişləri, sığalları, beyin dumanlandıran oxşamaları, çılğın pıçıltıları, deyilməmiş gileyləri...”
Anarda həsrətin də, nisgilin də, gileyin də öz rəngi var. “... Bir də qapqara, uzun sıx kirpikləri... Təhminənin sifətinin tən yarısına kölgə salırdı”.
Xatirələrdə yaşanan-göz alabildiyi qədər görünən hər bir şeyin-adi daşın, evin, eyvanın, hətta otağın içindəki əşyaların belə yaddaşa hopmuş öz rəngi, hər rəngin öz çaları var. “.... nahamvar boz daşlardan hörülmüş uca barının arxasında..əyri-köndələn eyvanlı bir ev vardı. Eyvan bulanıq yaşıl rəngə boyanmışdı... valideynləri ev-eşiklərini tünd mixəyi köhnə mebellə doldurmuşdular...”
Bu dünya belədir. Adama yalançı təsəlliləriylə xatirələr, bir də “rəngli göz yaşları” (Paşa Qəlbinur) qalır.
Xatirələr heç də həmişə təsəlli deyil, - olur ki, adama elə şiddətli ağrılar verir ki, qarşına çıxan ağaclar, quşlar, lap elə adi paltar da, ayaqqabı da, uzaq bir qoxu da bədbin əhval-ruhiyyə, təlx ovqat yaradır: ”Ağ düyməli qırmızı paltar geymiş Təhminə qəfilcən onu arxadan səsləmişdi”
Anarı, başqa müəlliflərdən fərqləndirən bir özəlliyi də var. Onun obrazları ömrün-həyatın ən ağır anlarında belə öz müvazinətini itirmir. Onları əhatə edən aləmi olduğu kimi qavramasıyla-duyumu və zövqüylə seçilir. “... otağın divarlarına baxırdı, oboylar çox zərif idi-mavi fonda ağ narın çiçəklər...
Təhminə qayıtdı:
- Nə belə diqqətlə baxırsan divarlara?
-Qəşəng oboylardır. Çiçəklər çox zərifdir...”
Onların həyatında hər şey qaranlığa qərq olub. Gündəlik qayğıları, yaşam tərzi, sevgiləri və yuxuları. “Torpağın altından, yerin dərinliyindən işığa can atan ot kimi, bitki kimi Zaur da yuxunun qaranlıq və qatı zəminindən səhərə doğru boylanırdı...”
Qaranlıq onlar üçün bir meydandır, səhnədir-insan talelərinin oynanıldığı səhnə və məkan.
“Sən gərək məni qısqanmayasan, Zaurik,-qaranlıqda onun pıçıltıları sanki sözlərə xüsusi bir siqlət verir, həqiqət aşılayırdı... Mən istəyirəm sən hamıdan güclü olasan, Zaurik, hamıdan güclü. ... Özünə inanasan... Bir də mənə inanasan...”
Qaranlıq ayrılığın rəngidir: “... Görüşlərinin ilk günündən gələcək ayrılıqları da onlarla birgə yaşayırdı, gündən-günə böyüyərək, gündən-günə onlara yaxınlaşırdı”.
Hərdən tünd rənglər yerini əlvan, parlaq boyalara verir. Amma o parlaq boyalardan kədər damcılayır və ağrılı-ağrılı ətrafdakılara sirayət edir.
İlk dəfə nişanlı qızı adaxlıya, özü də qoca və yad adaxlıya təqdim etmək-kədərli mənzərədir-elə deyilmi? Mənə klassik rus rəssamlarından birinin məşhur bir tablosunu xatırladır. Sanki ölüm səhnəsidir-şadlıq məclisi olsa da-bir az ironik şəkildə
“Bir azdan Alya Firəngizi otağa gətirdi. Firəngiz qıpqırmızı qızarmışdı və dümağ paltarı yanağının, çəhrayı saçlarının, göz-qaşının zil qara rənglərini daha da parlaq göstərirdi.”
“Qara xəbərin atı yüyrək olur”-deyirlər. Qara xəbər ayrılıq xəbəridir. Hərəyə bir cür təsir edir. Adamı həyəcanlandırır, kövrəldib ağladır.
Sən bir işə bax, təsadüfdürmü görən? İnsanların axırına çıxan qorxunc, müalicəsi tapılmayan xəstəlik-xəstə bədən üzvi də özünün (nə qədər kinayəli səslənsə də ) spesifik rəngi ilə tanınır!
“- Bilirsən, Zaur...- dedi. –Sənə demək istəyirdim... Təhminə...ölüb...
...-Sirroz... Qara ciyəri... İyirmi günün içində yandı getdi yazıq!”
Hərdən fikirləşirəm (inşallah belə köntöy sözlərə görə Anar müəllim mənim təqsirimdən keçər) ağıllı başnan belə sətirləri yazmaq olmaz. Belə sətirlər vallah, bir də vallah ilahi gücün diktəsiylə yazılır...
İnsanı canlıların, yaradılmışların əşrəfi sayırlar. Bilməm, kimsə mənimlə höcətləşərmi-başkəsənlər, qaniçənlərdəmi Tanrının sevgisindən yaranan bəndələrdi? Heç inanmıram. Hərgah sevgidən yaranmışlarsa-elə bəndəniz də buna sidq-ürəkdən inanır, elə tarix də şahidlik edir və soraq verir real insanlar olduqlarına-Məcnun (lar) və Leyli (lər) di!
Beləliklə, o ilahi gücün diktəsi və istəyi olmasaydı, belə şövq və məhəbbətlə Təhminə obrazı yaradılardımı?! Sonra da bizim hamımızı vadar edərdimi (oxucuları və tamaşaçıları) vida səhnəsində telefonda oxudulan xalq mahnısına göz yaşı tökək.
Və mən-yenə də təkrar edirəm-sidq ürəkdən ona da inanıram ki, sözün böyük mənasında bizim qüdrətli nəsr ustamız Anar özü də Təhminə obrazı üzərində işləyərkən gecələr necə kövrəlib. Necə ki, dahi dramaturqumuz Cəfər Cabbarlı öz yaratdığı ədəbi qəhrəmanının ölüm səhnəsində ağlayırmış. Düzdür artıq neçənci dəfə Anarın yerinə danışıram-qəbahətimin fərqindəyəm (illah da Anar nəhənglikdə sənətkarın) və zorundayam. Vallah buna elə inanmaq istəyirəm ki!
Böyük şairimiz Ramiz Rövşən unudulmaz sələfi Səməd Vurğunun “Komsomol poeması”nı Fizulinin “Leyli və Məcnun”undan sonra ən gözəl sevgi poeması adlandırır. Bizim nəsrimizdə də ən gözəl sevgi romanını, (“Beşmərtəbəli evin altıncı mərtəbəsi”) yazmaq, mənim düşüncəmə görə Anarın bəxtinə düşüb...
Anarın yaradıcılığı haqda düşünəndə gözlərimin qarşısında çoxsəsli nəhəng orqan zalı canlanır, qulaqlarımda həzin orqan musiqisi səslənir.
Bir anlıq siz də təsəvvürünüzə qaranlıq bir səhnə gətirin. Mən artıq o səhnəni görürəm. Səhnənin dərinliklərindən güclü işıq seli sürünür və get-gedə ən qaranlıq künclərinəcən səhnəni bürüyür.
Anar yaradıcılığında işıq-kölgə-rəng elementləri olduqca qabarıq görsənir. Rənglərin dili ilə danışan əsərlərinin milli kinomuza (həm də kinomuzda) açdığı cığırlar və onların uğurlu səhnə həlli elə buradan qaynaqlanır.
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı üç sənətkarın əlindən çıxıb: -nasir Anar, şair Anar və (bunu cəsarətlə deyirəm) rəssam Anar...
P.S. Hər dəfə beşmərtəbəli evlərin qarşısından keçəndə gözlərim istər-istəməz yuxarı qata dikilir:-görüm altıncı mərtəbəsi varmı?
Siz də baxırsınızmı beşmərtəbəli evlərin altıncı mərtəbəsinə?
Orada nakam sevgilər yaşanır...
Pəncərələrdən ayrılıqlar və ağrılar boylanır...
16 aprel 2016