Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli çıxış edərək bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Günü, qarşıdan gələn Novruz bayramı münasibətilə həm öz adından, həm də xalq yazıçısı Anarın, katibliyin adından ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayıb. Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. Yazar qadınların ölkəmizin ədəbi, ictimai-siyasi həyatındakı rolundan danışaraq, demokratik cəmiyyətin inkişafının təminatçısı olduqlarını, dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Yazıçı Qadınlar Şurasının sədri Gülxanı Pənah çıxışında qadınları təbrik edərək onlara xoş arzularını bildirib: “8 mart Beynəlxalq Qadınlar Günü – qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini əks etdirən, həmçinin qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır.Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc, coşqu, fərəh hissi ilə qeyd olunur”.
Tədbirdə “Qadın yazarların söz dünyasından...” adlı antologiya iştirakçılara təqdim olunub. Antologiyanın tərtibçiləri Azərbaycan Yazıçılar Birliyinin Yazıçı Qadınlar Şurasının sədri Gülxanı Pənah və sədr müavini Salatın Əhmədlidir. Kitabın məsləhətçisi Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, elmi redaktorları Səhər Orucova və Rasim Raufoğludur.
Azərbaycan Yazıçılar Birliyi çağdaş ədəbiyyatın inkişafında uğurlu fəaliyyətinə görə yazarlardan Firuzə Məmmədli, Şövkət Horovlu, Mənzər Niyarlı, Mahirə Nağıqızı, Salatın Əhmədli, Aybəniz Kəmalə, Aygün Bağırlı, Şahanə Müşfiqi Fəxri Diplomla mükafatlandırdı.
Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı, Azərbaycan Pedaqoji Universitetin prorektoru Mahirə Nağıqızı, AYB Yazıçı Qadınlar Şurasının sədr müavini Salatın Əhmədli, filologiya elmləri doktoru Vaqif Yusifli, I Qarabağ döyüşçüsü Aidə Şirinova, şair Zəminə Xınalı və başqaları çıxış edərək qadınların ədəbi, ictimai-siyasi, mədəni həyatdakı rolundan söz açdılar, onlara göstərilən diqqət və qayğıya görə AYB rəhbərliyinə, “Qadın yazarların söz dünyasından...” adlı antologiyanın araya-ərsəyə gəlməsində xidməti olanlara öz təşəkkürlərini bildirdilər.
Məlahət Qənbərova