SƏNSIZ ÜŞÜDÜM, KƏLBƏCƏR
Hara getdim, gözlərimdə
Səni daşıdım, Kəlbəcər.
Dərdindən tamam qocaldım,
Oldum yaşıdın, Kəlbəcər.
Gəlmədim – məni dara çək,
Adımı üzüqara çək.
Orda elə bir nərə çək –
Burda eşidim, Kəlbəcər.
Nə bir dərdindən halıyam,
Nə dərdindən aralıyam...
Arsız aşıq misalıyam –
Elsiz yaşadım, Kəlbəcər...
Bəxtimiz dərd hörgüsündə,
Gözümüz vəd mürgüsündə...
Bakının bu bürküsündə
Sənsiz üşüdüm, Kəlbəcər.
GILEY
Sənnən qurtarmışam, dünya,
Heç nəyin gəlmir eynimə.
Səndən əl çəkməkdən başqa
Bir fikir batmır beynimə.
Elə yanımdan keçmisən,
Nə saymısan, nə seçmisən.
Qəmindən libas biçmisən
Mənim bu yalın əynimə.
Ha özünü qızıla tut,
İlkin beşik...
sonun tabut...
Dünya, məni bir yolluq ud,
Məni bir belə çeynəmə.
Bağrımı köz üstə qoydum,
Ömrümü söz üstə qoydum.
Dərd verdin – göz üstə qoydum,
Niyə çıxartdın çiynimə?..
ARZU
Ölüm də özünə yem gəzir hər gün –
Ölüm də istəyir
yavan olmasın.
Dünyada hər nə var,
cavan olsa da –
qəbiristanlıq cavan olmasın.
ATƏŞKƏS DÖVRÜNÜN ƏSGƏRI
Atəşkəs dövrünün
əsgəri olmaq
yazıldı alnıma –
Nə qazi olmaq
şansım var,
Nə şəhid olmaq
xoşbəxtliyim...
Elini, obasını
itirmiş biri üçün
atəşkəs dövrünün əsgəri olmaqdan
böyük dərd yoxdur,
qardaşım.
ATA, QƏBIRISTANLIQ YAMAN BÖYÜYÜB
Ata, qəbiristanlıq yaman böyüyüb,
Səni dəfn edəndə beş-on məzardı.
Ölüm sudan ucuz, amma məzarın
Üstündə növbədi, giley-güzardı.
Vallah, qayğılarım başımdan aşıb,
Sınıq ürəyimi dur bağla görək.
Ata, qəbiristanlıq yaman sıxlaşıb,
Yanında yerimi bərk saxla görək.
Sevincdən qismətim o qədər kəm ki,
Kədər çalışır ki, qəsdimdə olsun.
Qəbrinin səmtində ev tikmişəm ki,
Qoy gözün hər zaman üstümdə olsun.
Ata, qəbiristanlıq yaman böyüyüb,
Yaman çoxalıblar, qoşun olublar.
Allah behişt versin – kənd qonşuların
Gəlib şəhərdə də qonşun olublar.
Ruhuna yazmışam bu sətirləri,
Bir az ağı olsun, şeir olsun bir az.
Bir az da ağlayım qəlbim boşalsın,
Qoy təzə dərdlərə yer olsun bir az.
“Ulduz” jurnalı