Rəsul Rzanın, Əli Kərimin və Xəlil Rzanın unudulmaz xatirələrinə
Bayılda yaşayıram. Hər axşam qaranlıq dar bir cığırla, neft gölməçələrinin ortasına atdığım daşların üstünə ayaqlarımı qoya - qoya gəlib evimə çatıram. Bir otaqlı ev. Cəmi bir pəncərə. Cırıldayan qapı. İçəridə həyata yeni göz açmış körpəmin səsi. Qapının cırıltısı ilə həmqafiyə. Qadınımın üzü tutqun və kədərli. Sürətlə əsən külək evimi sarı sim kimi oxudur. Adətim üzrə evə girməmiş əlimdəki qəzet və kitabları içəri verib ayaqqabılarımın mazutunu təmizləyirəm.
Ucadan sorusuram:
-İşıq yanmır?
-Səhərdən, sən gedəndən yanmır, - qadınım deyir.
Kəndimizdə yüz elçisindən məni seçmişdi bu qadın. Guya şair olacaqdım, özü də xalq şairi. Mənə ev verəcəkdilər, 16 mərtəbədən. İndi bir mərtəbəmiz var, düz 15 mərtəbəsi kəm. Adına bir dəfə də şeir yazmamışam, heç mən də adam deyiləm.
Çıraq yandırmışıq evdə. Yoldaşım deyir, neftimiz də qurtarıb. Küçədəki reklamlar qəhqəhə çəkib gülür sozala-sozala yanan çırağımıza. Füzuli demişkən, "ah çəksək, yıxılacaq şam".
Evimin yanında bir buruq var. Tənha, zəhmətkeş bir buruq. Zamanın amansız küləklərinə sinə gərmiş bir buruq. Üst-başı tamam mazut. Boyu elə mən boyda. Gecə səhərə qədər dayanmadan işləyir. Hərdən dəmir dəmirə dəyir elə bil. Səsinə elə öyrəşmişik ki, bir dəfə dayansa, yuxudan oyanarıq. Heç kəsdən, heç nə gözləmədən aramsız işləyir buruq. Çıxardığı neft hara gedir, necə gedir, bilmirəm. Nəyimizə lazım. Elə bil evimiz qatarın arxasına qoşulmuş bir vaqondur, buruğun səsi də qatarın təkərlərinin səsi kimi. Dayanmadan yol gedirik ömrümüzün sonuna...
Buruq yüz ilin buruğudu. Çox sirlər gizlənib onda. Gecələr həyətdə oturub tez-tez ona tamaşa eləyirəm. Onunla danışmaq istəyirəm.
- Salam, buruq.
- Salam, qardaş.
- Niyə belə aramsız işləyirsən, bir dincəl.
- Yox, dayanmaq olmaz, mərkəzdə 20 mərtəbə tikirəm.
- Sən tikirsən?
- Hə, hələ neçəsini tikib təhvil vermişəm.
- Bir otağını mənə ver, buruq, vəziyyətimi görürsən də...
- Qonşu canı, verə bilmərəm. Hamısının hesab-kitabı var. Heç bilirsən, nə qədər "zakazlar" gəlir?!.
- Onda işığından mənə ver.
- Qardaş canı, o da olmaz, sayğac yazır.
-Onda, bir çıraq nöyüt ver.
-Nətər verə bilərəm, hər litrimin haqq - hesabı var. Ölkələr bu gün neft üstündə əlbəyaxadır, verə bilmərəm.
-Axı, mən də səninəm, buruq qardaş, adi şair babayam.
-Mənim üçün "sən", "mən" söhbəti yoxdur. İnan, şair, imkan eləyib özümə bir əyin-baş ala bilmirəm. Görürsən, nə gündəyəm? Paslı dəmirlərim Nikolaydan qalmadır. Min dəfə demişəm, mənə təzə qol verin, ayaq verin, vermirlər. Elə gəlib qırılan yerlərimi sarıyıb gedirlər.
-Sənə şeir yazaram.
-Sənin şeirin mənə lazım deyil. 3 günə min dənə "JEEP" almalıyam.
-Kimin üçün?
-Eyy!!! Sənə nə var, kimin üçün alıram, anket doldurursan? Balalarımız üçün, doğma Bakımız üçün...
-Mən də sənin balanam da, buruq qardaş!
- Mən səni tanımıram. Adını eşitməmişəm. Sən kimsən, kimin nəyisən? Nə olsun, üç ildir qonşuyuq.
-Azərbaycanlıyam.
- Gözüm aydın! İndi millət söhbəti getmir. İndi dolların, avronun milləti var.
-Kimsəsizəm, axı...
-Get xaricə. Sən öl, qonşu, mən göndərdiyim neft xaricdə kef çəkir, təmiz, əntiqə maşınlara doldururlar. Avropa uşaqlarının əyin-başı olmaq, heç bilirsən, nə deməkdir? Ayə, bizim nefti xaricdə sürmə kimi gözə yaxırlar. O gün Almaniyadan neftim mənə yazır ki, sənə buradan əyin-baş alıb göndərəcəyik. İlk dəfədir ki, bala barı yeyirəm. Qonşu, sənə deyirəm, get xaricə.
-Səndən, sənin qoxundan ayrıla bilmirəm, buruq qardaş..
-Məni neynirsən, çıx get. Mənim neftim burda sənə yaramadığına baxma. Xaricdə hayına çatacaq.
...Susuram. Güclü külək buruğu tar kimi, evimin qırıq şiferlərini isə saz kimi oxudur. Səslər necə də bir-birinə uyğundur. Təbiət insan saxalayır (səxavətlidir). Sevinirəm, nə yaxşı, ölüm var. Biz orada bərabər insanlarıq. Ölüm olmasaydi, fəlakət dünyanı başına götürərdi.
...Başımı səsə qoyub yatıram....
“Azərbaycan “ jurnalı