***
bir çiçək sorağında
bir gül arzusundayam
nəğməmi səsləndirən
bülbül arzusundayam...
gecəmi gündüz edən
odumu külsüz edən
sevgimi dilsiz edən
bir dil arzusundayam...
baş vurmadan dərinə
olanların yerinə
sənlə birgə qərinə -
bir il arzusundayam...
***
ağrıdır çiçək məni
hamıdan göyçək məni
nə olar göy, çək məni -
sən öz dərinliyinə...
od-ocağa at məni
qala məni, çat məni
götür apar qat məni
sən öz sərinliyinə...
bax, barışdır göy üzü
al qarışdır, göy üzü -
bu sarışın göygözü
sən öz şirinliyinə...
***
məni uzaqlara çəkən xəyallar
qəfil öz içimdən alıb apardı.
mənə yuxu kimi gələn o anlar
ruhumu quş kimi çalıb apardı.
dırmaşdım qayaya, sarıldım kola
əyildim dumantək cığıra, yola
şimşəklər ruhumla tutub qol-qola
qəlbimi sinəmdən dəlib apardı.
sakitcə min oyun oynadı fələk
bilmədim doğrudu, ya gəlir kələk
ruhumu canına köçürən mələk
bir gün də canımı gəlib apardı.
***
tez unudulan yuxuyam
göz açıb - yumduqca yoxam
nəyi itirəcəm, qorxam -
təkliyimdən savayı...
görünüb itən işıq tək
məni sonuncu ümid çək...
hər şey günahdı, aşiq tək -
çəkdiyimdən savayı...
coşub, kükrəyib əsdim də...
durmadı heç vaxt qəsdimdə
özümü yolu üstündə -
əkdiyimdən savayı...
***
asılıb başım üstdən
alatoran buludlar
ruhumu, ürəyimi
sıxıb, baxan buludlar...
dönüb qansız cuvara
yağmır, yeri suvara...
qısnayıb lap divara
sorğu soran buludlar...
qoşalaşan yol kimi
çataqlaşan qol kimi
ölüm kimi, “ol!” kimi
qəfil vuran buludlar...
ağrım - acım içimdə
bir boyda, bir biçimdə
bir gün sənin üçün də -
qopar boran, buludlar...
***
bir çimdik duz götür, sonra fırlat, at -
yansın od içində başın ağrısı...
həmişə, hər yerdə göstərir inad -
qurunun ağrısı, yaşın ağrısı...
qurtulmaq çətindi dərddən, acıdan
hər addım başında durur üzünə...
hətta önə keçir qardaş-bacıdan -
nəyi bacarırsa, vurur üzünə...
bütün olanların günah yuvası -
bilmirsən zamandı, yoxsa cəmiyyət?!
vurub halallıqdan salır insanı -
mənasız, gərəksiz artan kəmiyyət!
***
açıq pəncərəmdən şığıyan külək
cilovsuz at kimi otaqda çapır.
tüstüsü özünü kor qoyan ürək -
dərdlilər gəzəndə tək səni tapır!
hərə bir ünvandan gəlsə də belə
hamının yolunun üstündə sənsən.
qurbanı olduğun az imiş hələ -
gərək hamını da sən isidəsən!
heç kim sığal çəkmir, heç kim oxşamır
boyuna biçilib yanmaq, ay ürək!
heç kim bircə gün də qonaq saxlamır -
tükənib anılmaq, anmaq, ay ürək?!
açıq pəncərəmdən dolan külək tək
bəlkə buraxasan dərdlərin başın!
daha sevilməkdən sən gözünü çək -
yandıqca əriyib, tükənir yaşın...
qalıb dörd divarın arasında tək
qurduğun xəyala xətt çəkir külək.
sən özün yolunu əzəldən gərək
ürəklə seçəydin, ürək, ay ürək!
***
ovub qoydun ortaya
dərdimi sünbül kimi
fırlanıram başına
havalı bülbül kimi.
dilim çat-çat, dodağım -
od püskürən oddağım.
məhəbbət can ortağım -
soluxşuyur gül kimi...
hər gün yolun kəsdiyim,
ürəyini kəs, dilim...
ver, özümlə gəzdirim
ağzımda dilim kimi...
***
yumub saxla bir anlıq,
qoyma gözlər danışsın!
alatoran, qaramat -
qorxunc sözlər danışsın.
unut, qoşa bir cismi
qoşalaşan cüt ismi...
dumanmıdı, ya sismi -
sönən közlər danışsın.
sən ömürdə bir həyat
eşqi təzədən oyat!
bizdən başlayan soyad
nələr gözlər - danışsın!
***
öpüb bulaqların gözündən bir an
sayını itirdim, dadın unutdum...
ayna baxışlarda əriyib, inan
bu qız bulaqların adın unutdum.
hər qaya dibində, hər daş ovcunda
dodaq sızıldadan sular qaynayır.
həzin zümzüməsi isti bir nəğmə
axıb dərə boyu bizi haylayır.
nə çiçək yad gəlir, nə çəmən burda
nə varsa qolların açıb üzümə.
xəyalda dönürəm yenə o yurda -
dağlar ucalığı səpir üzümə...
***
gəldi daha bir payız
dayandıra bilmədim.
xəzəlləri yaşıla
boyandıra bilmədim.
ruhuma bir çən endi
nəyim varsa sənindi.
yatmayanı mən indi -
oyandıra bilmədim.
şığıdı lap üstümə
su çilədi istimə...
duydum durub qəsdimə -
yayındıra bilmədim.
tək-tək düşən yarpağın
qucaq açmış torpağın -
mən bu şair ortağın
ovundura bilmədim...
***
yataqda qovruluram
səhərə bir səhər var.
gözlərimi yummağa
qoymayan bir qəhər var.
halım sanki hallanır
öz - özünə allanır
ilan kimi yalmanır -
tək dişində zəhər var.
dünya böyük, dünya dar
bir üzü gün, biri - qar...
məni soraqlayan yar,
biz yaşayan şəhər var.
***
gözümdə bu dünyanı
heç elədin - tulladın
məni bitməz bir işin
arxasınca yolladın -
bacarmadın, deyəsən...
ruha simsar olanı
qapı ardında qoydun
ruhumu Nəsimi tək
ayaqdan başa soydun -
bac almadın deyəsən...
zaman cilov tanımır
gecəm gündüzə calaq
baxıb mənə, hazırsan
vurub bir tərs şapalaq -
baş açmadın! - deyəsən...
***
mən kədəri hərdənbir
gülən görmək istədim.
baş qoyub dizim üstə -
ölən görmək istədim.
qat - qat olan acını
qoyma yolsun saçını...
qəlbin sevgi tacını
bölən görmək istədim.
dünya yanır istimə
baxıb buna, pis!- demə.
kor olub qəm tüstümə -
gələn görmək istədim.
***
qayğı içindəyəm, dərd içindəyəm.
gözümü açmağa imkanım yoxdu.
elə bil ən ağır şərt içindəyəm -
harayıma çatan həyanım yoxdu.
anların caynağı didir içimi
zaman amansızdı, güzəşt yerim yox.
qarşıma qoyubdu iki seçimi -
almaq hökmü güclü, daha verim yox!
tanrı ətəyinə uzanan əlim
saralır son bahar yarpağı kimi
oxşa gəl, ruhumu, ay gözəl ölüm -
vətənin bir ovuc torpağı kimi.
***
bir ömrüm var - uduzduğum, udduğum
günlərini saymaq indi nağıldı.
ay diz çöküb, ətəyindən tutduğum,
niyə mənim yurdum - yuvam dağıldı?..
keçdiyim yol zəhmət uman dağ, dərə
dizin - dizin dırmanmışam yuxarı
mən batdıqca bu ömürdə qan - tərə
əl isidib nəfəsimin buxarı.
min şırım var dirsəyimdə, dizimdə
toxunduqca sızıldayır, qanayır
nə çəkdiyim yazılıbdı üzümdə
bəlkə hələ Tanrım məni sınayır?..
baş açmıram olanlardan, hələ də
bu ömürə yükəm, yoxsa yükümdü?!.
ağırlaşıb yük çəkən də, şələ də
ona görə belim vaxtsız büküldü.
***
köçüb mən getdiyim yer də,
dönüb yerimi tapmadım.
hamıya yazdığım şeirdə
mən öz şeirimi tapmadım.
günüm düyülən düyünçə
keçdi, dizimə döyüncə
bu sevgi sirdi, deyincə
dildə sirrimi tapmadım.
dünya geniş, dünya dar
istədiyin alar, udar...
hərənin qutsal yeri var -
mən öz pirimi tapmadım.
***
gülüş dondu üzündə
başlı - başına qaldı
ümid, çölün düzündə
bir göz yaşına qaldı.
dərd doğradı, budadı
susub, dedi - butadı!
damağının bu dadı
gələn yaşına qaldı.
bir möcüzə olması
bulud kimi dolması
halal haqqın alması
məhək daşına qaldı.
***
nə çətin oldu sevmək
məni bu yaşda, gülüm
düşmür bizə sevinmək
məni bağışla, gülüm.
çiçək qönçəsində şeh
didədə yaş kimidir.
mənə yük olan ürək
üzüksüz qaş kimidir...
dağa qalxan duman tək
sevinc ötür üstümdən...
daşa dönüb bu ürək
gəlib götür üstümdən...
qoyma qalsın ortada
gözü yaşlı bir bəndə
ilahi eşq dünyada -
bir səndədi, bir məndə!
***
nə çox susdu, dinmədi -
səssiz qaldı bu ürək.
heç nəylə isinmədi -
sənsiz qaldı bu ürək...
keçən gündən xəbərsiz
qadağasız, çəpərsiz
bilinməyən səbəbsiz -
mənsiz qaldı bu ürək.
xəbər dolaşdı simsiz
kədər danışdı dilsiz...
bilən olmadı kimsiz -
nəsiz qaldı bu ürək?!.
***
gün axşamdı, ya səhər
fərq eləmir, bu şəhər
yola verib birtəhər
mənsiz darıxacaqdır...
günün yükü duz, ya daş
günə səpələnir yaş...
məndən kim açıbsa baş -
mənsiz darıxacaqdır...
günə günəş doğacaq
qaranlığı boğacaq
o qız hara baxacaq -
mənsiz darıxacaqdır...
***
hələ yaşayıram, hələ ki varam
hələ daşıyıram min illik qəmi.
mən elə həminki, köhnə adamam -
nə dərya dəyişib, nə də ki, gəmi.
hələ sabahlara neçə sabah var
hələ neçə - neçə dan olmalıdı.
hələ neçə günah, neçə savab var -
yaşanıb bir ürək, can olmalıdı.
hələ bilmirəm ki, neçə hələ var
neçəsi oyundu, neçəsi gerçək.
bizi də gözləyən neçə tələ var -
Allahım, kömək ol, sovuşub keçək!
***
mən çəkilib gedəcəyim yerlər var
o yerlərə atılanlar üz tutur.
dərdlə olub can bir qəlbdə bəxtiyar -
lap qanına qatılanlar üz tutur.
baxışlarım bir gileyə himdisə
duyğularım mizrabına simdisə
bu sevginin alıcısı kimdisə -
bircə dəfə satılanlar üz tutur.
bildiyini kimdi deyən, bunu dan! -
axşam- səhər bölgüsünü unudan
o yerlərə özün baxıb bil, inan -
ocaq kimi çatılanlar üz tutur.
***
bir az duman içində
bir az güman içində
bir az, uman üçün də -
çalışdım..
bir az bulud tək doldum
bir az unutdum, soldum...
bir az qığılcım oldum -
alışdım..
bir az ocaq közümlə
bir az baxan gözümlə
bir az da öz - özümlə
danışdım...
bir azların içində
bir az sənin üçün də,
bir az mənim üçün də
qalmışdım...
***
nə deyə bilərəm ki
əslində heç nə...
deyilməli sözlərin
artıq zamanı keçib...
gedən qatar dalınca
baxmaq acı təsəlli...
görünür bu
tale də
məni qəmlə, kədərlə
susdurmaq
üçün seçib!..
susum, dinməyim
hətta yumum gözümü
gözümlə isinməyim...
əlim də toxunmasın
nəfəsim də
buz olsun
arada işlədilən -
tək ikicə söz olsun -
“yox!” və “hə!”
razısansa, bu sadə
sözlər olsun bəhanə
danışmaq üçün -
ürəyinlə!...
***
arzum göz qamaşdırır
büllur çilçıraq kimi
səni mən necə tutum -
özümdən qıraq kimi!
gözümdən yol asılır
sinəmə od basılır.
hər gün başdan yazılır -
həsrətim varaq kimi...
qapımı bağlamadım
ağrıdım, ağlamadım!
ürəyi saxlamadım -
dar günə yaraq kimi!
***
öpüb gözümün üstə
saxlamaq istəyirəm
öpdüyüm o əllərlə
bağlamaq istəyirəm -
gözümü...
tellərini oxşayıb
sayım, sonra da hörüm
o tellərə dolaşmış -
istəyirəm ki, görüm
özümü...
nəfəsinlə isinib
nazınla bədirlənim
qucağına sığınıb
səninçün sətirləyim
sözümü...
***
yuxunmu şirinləşir,
ya yuxuna gəlirəm?..
həsrətmi dərinləşir -
ya yaxına gəlirəm?..
baş açmaq çətin olur
mürgü vuran telefondan.
niyə yubanır axı -
niyə gəlmir tel ondan?
min suala min cavab
yetmir həsrət anında.
sığırsanmı dünyaya -
olmayanda yanımda?
mən gecəni gündüzə
calayıram, hörürəm
yuxum gəlmir ki, yatıb
deyim, səni görürəm...
... yuxuna iradım yox
yat, yuxuna al məni...
həsrətə göz dağı ver -
al, qoynuna sal məni!..
***
pəncərəmin önünə
qonan cüt göyərçinə
elə həsədlə baxdım -
uçdular...
dən səpdim dönmədilər
fit çaldım - dinmədilər
nə çəkdim, bilmədilər
uçdular...
bilməzdim qısqancdılar
baxışı qısqandılar
bir həsəd qazandılar -
uçdular...
***
unut, bu dünyada nə qədər qəm var
unut, rahat olsun ruhun bir anlıq.
özün öz içində bir sorğu apar -
seçimin təkrarla Nuhun bir anlıq!
məlhəm sevgilərə aç ürəyini
üzünə, gözünə təbəssüm çilə!
sevgiyə yavanlıq et çörəyini
onda bal olacaq, vallah, hər gilə!
“Ulduz “ jurnalı