Yuxumda Həccə getmişdim,
Son arzuma çatırdım.
Əllərimdə daşlar vardı,
Şeytana daş atırdım.
Birdən ətrafa boylandım,
Daş atmaqdan daşındım.
Şirin yuxumdan oyandım,
Öz-özümə düşündüm.
Nə fərqi var, yuxu - gerçək,
Mən şeytana daş atıram.
Hardan bilim atdığım daş
Gedib kimə dəyəcək.
Bəlkə elə bir dostuma,
Əzizimə dəyəcək.
Bəlkə elə qayıdacaq
Lap özümə dəyəcək,
Öz sözümə dəyəcək.
Şeytana milyon-milyon
Burdan daş atan gəlib.
Bəzi zəvvarlar bura
İçində şeytan gəlib.
İşlətdiyi insanları
Quduz kimi dalayan,
Kimsəsizlər var-yoxunu
Çalan, çapan, talayan,
Özündən böyüklərin
Ayağını yalayan,
Hacı olmağa gəlib.
Şeytana daş atacaq,
Hara qaçsan o daşın
Gəlib sənə çatacaq.
Bu qədər hacı varsa,
Hər hacı qonşusunda
Çörək möhtacı varsa,
Bu ac-yalavacların
Səndə əlacı varsa,
Şeytana daş atmağa
Həccə niyə gedirsən?
Burda şeytana daş at!
Bir bədbəxti sən yaşat!
Sənin terror tələndə
Neçə insan ölürsə,
Günahsız insanların
Qanları tökülürsə,
Buna sevinməyinə
Şeytan baxıb gülürsə,
Daşı kimə atırsan?!
Ərəb baharı deyib
Bir-birini qıranlar,
Cavanı, ağbirçəyi
Öldürən, yandıranlar
Sonra Həccə gedəcək.
Şeytana daş atacaq,
Orda rəhmdil olub,
Bir az yavaş atacaq.
Şeytan orda deyil ki,
Şeytan bizdə, sizdədir,
Şeytan içimizdədir.
Qəzəblənib coşanda,
Hirsin aşıb-daşanda,
Elə bil ki Həcdəsən,
Öz kininə bir daş at.
Ziyafətlər verəndə
Aşıb-daşan süfrəni
Aclar gendən görəndə,
Elə bil ki Həcdəsən,
O gününə bir daş at!
Mənəmliyin coşanda,
Elə bil ki Həcdəsən,
Öz önünə bir daş at!
Dinin, dilin nə fərqi
İnsan, Allahdan çəkin!
Yaşa bir insan təkin!
Bu dünyadır rəngbərəng,
Adamlardı növbənöv,
Əsl insan tək-təkdi!
Eləsi var yanında
Yazıq şeytan mələkdi.
Həcc qismət olsa mənə,
Bir zaman getsəm əgər,
Qorxaram daş atmağa,
Bilmirəm kimə dəyər.