Fəxr edirəm ki, mən Azərbaycanda anadan olmuşam.
Abbasqulu Ağa Bakıxanov
Köhnə Tiflisin Şeytanbazar meydanında dərzi Mövludun dükanı. Dükanın açıq qapısından qələbəliyin səsi eşidilir. Hardasa şarmanka çalınır. Kilsə zənglərinin səsi azan səsinə qovuşmuşdur. Mövlud tikişlə məşğuldur. Veysəl arxasında heybəsi daxil olur. Veysəl - Salam əleyküm, Əmioğlu. Mövlud - Yalla, yalla xoş gəldin, Veysəl. Nə vaxt gəlmisən? Veysəl - Bir az olar, karvansarada ləngidim ki, dükan-bazar açılsın. Mövlud - Qubada sağ-səlamətlikdir. Bizimkilər nə eyləyir? Veysəl - Canına duaçıdırlar. Xəlil əmioğlu bir az xəstə düşmüşdü, indi o da yaxşıdır. Mövlud - Nə əcəb biz tərəfləri yad eləmisən? Veysəl - Heç, gəldim uşaqlara bir az ayın-oyun alım. Mövlud - Qubada nə var, nə yox? Veysəl - Qubanı daha demə. Zülm ərşə dirənib. Komendantın əlindən göz açmaq mümkün deyil. Axırıncı yorğanımızı da üstümüzdən çəkib aparır. Mövlud - Bəs naiblər sizinlə necə rəftar eyləyir? Veysəl - Naiblər komendantdan da pis. Dilbir olub, camaatı soyurlar. Zülm daha ərşə dayanıb. (Heybəsindən məktub çıxarıb, Mövluda verir.) Bu naməni də sənə Xəlil əmioğlu göndərib. Mövlud - Çox sağ ol, gətirən qolların var olsun. Veysəl - Dil cavabı da mənə tapşırdı sənə deyim ki, yığışıb gələsən Qubaya. Dərzilikdir əyər, deyir, burada da eyləyə bilər. Nə var oturub, orada xaçpərəstlərin içində?! Mövlud - Yox, Veysəl, qayıda bilmərəm. Öyrəşmişəm burada, müştərilərim də var ki, məndən başqa heç kəsə paltar tikdirmirlər. (Bayırda azan səsi eşidilir.) Veysəl - Mövlud əmioğlu, vallahi qəribə şəhərdir. Bir tərəfdə azan verilir, o biri tərəfdə kilsə zəngləri çalınır. Şəhərdə də birinin dediyini o biri başa düşmür. Mövlud - Düz deyirsən, bu saat Tiflis dönüb olub həftəbecər. Hər millətdən desən, burada adam var. Avropadan gələnlər də buradan gəlib keçir. Hindistandan gələnlər də. Şəhərdə hansı millətdən desən tacir tapmaq olar. Veysəl - Şəhər qoşunla doludur. Mövlud - Qoşunu daha demə. Ruslarla İran arasında təzədən dava başlayıb. Ona görə də bu qədər qoşunu töküblər şəhərə. Veysəl - (Heybəsindən bir məktub da çıxarır.) Bunu da Abbasqulu ağaya çat-dırmalıyam. Arvadı Səkinə xanımdandır. Ancaq heç bilmirəm ki, işlədiyi yeri necə tapım? Mövlud - Tapsan da səni oraya buraxmazlar. O, baş hakim Yermolovun oturduğu binada olur. Özü indilərdə mənim yanıma gəlməlidir. Frençinin düymələrini tikmişəm. Harda olsa gəlib çıxar. Veysəl - Deyirsən məni buraxmazlar yanına? Axı ona deyiləsi sözüm də var. Mövlud - Baş hakimin qapısında da həmişə saldat durur. Hər adamı onun yanına buraxmırlar. (Bakıxanov görünür.) Bu du ha, özü də gəldi. Nə sözün varsa, burada deyərsən ona. Abbasqulu - (gəlir.) Salaməleyküm. (Mövlud və Veysəl ayağa qalxırlar.) Mövlud - Ay əleyküm salam. İndicə elə sənin söhbətini eləyirdik, Abbasqulu ağa! Abbasqulu - O nə söhbətdir elə? Mövlud - (Veysəli göstərir.) Bizim bu elli Veysəl indicə Qubadan gəlib. Sənə də məktub gətirib. Abbasqulu - Doğrudan? Nə yaxşı oldu. Çoxdandır evdən məktub almıram. Veysəl - (Məktubu verir.) Buyurun. (Bakıxanov məktubu oradaca açıb oxuyur.) Mövlud - Evdə səlamətlikdirmi? Abbasqulu - Sağ-səlamətlikdir. Mövlud - Allaha şükür. Abbasqulu - (Veysələ.) Danış görək, Qubada nə var, nə yox? Veysəl - Quba həmən Qubadır, naiblərin zülmü olmaya. Mövlud - O gün də Qubadan biri gəlmişdi. Balam, komendantdan bərk danışırdı. Yazıq kəndlilərin başına bir oyun açır ki, gəl görəsən. Abbasqulu - Əlyarı deyirsən, mənim də yanıma gəlmişdi. Usta Mövlud, mən nə edə bilərəm? Əlim heç yerə çatmır. Bu paqonlar ağır daş kimi çiyinlərimdən sallanır. Mövlud - Başa düşürəm. Divan adamısan. Abbasqulu - Ancaq onlar məndən nə isə umurlar. Hey yazırlar ki, yuxarıda divan idarələrində onların tərəfini saxlayım. Ayağa verməyim. Mən nankor deyiləm, usta. Mən onlara xəyanət etsəm, yediyim çörək gözlərimi tutar. Di gəl, əlim-qolum bağlanıb. Mövlud - Qəm yemə, Abbasqulu, Allah bilir ki, sən elədiyini eləyirsən. Aşkarı aşkar, gizlini gizlin. Bundan savayı əlindən daha nə gələr? Abbasqulu - Axır zamanlar Baş hakimin mənə münasibətində nə isə bir iltifatsızlıq hiss edirəm. Mənə elə gəlir ki, nə isə hərəkətlərimdən şübhələnir. Adamlarla görüşəndə elə bil, arxamda məni izləyənlər var. Mən rus zabitlərini demirəm. Onlar Rusiyanın ən münəvvər adamlarıdır. Baş hakimin xarici işlər üzrə katibliyində işləyən Aleksandr Sergeyeviç Qriboyedov çox nəcib və müdrik bir adamdır. Onunla işləmək mənim üçün xoşdur. Di gəl, ətrafında dolaşan satqın adamlar Baş hakimin gözünə yaxşı görünmək üçün haqqımda hər cür şayiələr uydura bilərlər. Onun qılığına girib, aramızda nifaq da törədərlər. Mən belələrindən qorxuram. Mövlud - Əlbəttə, ehtiyatlı və tədbirli olmalısan. Biz kiçik millətik, özü də məğlub edilmiş. Bizi şərə salmağa nə var ki. Abbasqulu - (Uzaqdan gedən bir zabiti görüb onu səsləyir.) Vilhelm Karloviç. (Zabit onlara tərəf gəlir.) Bu, Yermolovun dəftərxanasında işləyirdi. Adı Küxelbekerdir. İndi isə xidmətdən azad olunub, vətəninə qayıdır. (Zabit yaxınlaşır.) Vilhelm Karloviç, sən hələ də Tiflisdəsən? Mən elə bilirdim yola düşmüsən. Küxelbeker - Yox, Abbasqulu, işlərimi qurtara bilmədim. Bu gün yola düşürəm. Abbasqulu - Biz də sabah səfərə çıxırıq. Düz axşam altıda. Abbas Mirzə Şuşadan çıxıb, 120 min qoşunla Tiflisə tərəf gəlir. Küxelbeker - Sizə uğurlu səfər. Güman eləyirəm ki, bu dəfə İran qoşunları silahlarını birdəfəlik yerə qoyacaqlar. Abbasqulu - Amin. Demək, yollarımız ayrılır. Küxelbeker - Mən şadam ki, yollarımız məhz burada - Qafqazda ayrılır. Bu gözəl diyarın xatirələri əbədi mənimlə yaşayacaq. Qafqazda yeni dostlar qazandım. Bu cəhətdən taleyimdən çox razıyam. Abbasqulu - Əlbəttə, bu xatirələr tez-tez bizim də qəlbimizi isidəcəkdir. Mən doğma vətənimdə qalsam da, qəlbim uzaq diyarlarda yaşayan dostlarımın yanında olacaq. Küxelbeker - Di yaxşı yol. Özünü qoru, Abbasqulu. Sənə ünvan vermişəm, məktubunu gözləyəcəyəm. Abbasqulu - Arxayın ol, yazacağam. Sənə də yaxşı yol. (Onlar qucaqlaşırlar. Küxelbeker gedir.) Veysəl - Abbasqulu ağa, sizə bir sözüm də vardı. Abbasqulu - Desənə. Veysəl - İkilikdədir söhbətim. Mövlud - Mən namaz qılacağam. Siz söhbətinizi eləyin. (Çıxır.) Veysəl - Abbasqulu ağa, vallah deməyə də çəkinirəm. Ancaq sizi tanıyanların iltimasıdır. Dedilər ki, sizə çatdırım. Abbasqulu - De, de, çəkinmə. Veysəl - Qardaşınız Cəfərqulu ağa barəsində deyəcəyəm. Abbasqulu - Ona nə olub ki? Veysəl - Ona heç bir şey olmayıb. Camaat ondan narazıdır. Abbasqulu - Deyirsən yəni camaatı incidir? Veysəl - Bəli, Abbasqulu ağa. Onun nahiyəsində bir adam tapılmaz ki, ondan razı qalsın. Bir naib kimi adamlara çox əzab verir. Camaatın boynuna əlavə vergilər qoyur. Camaat o biri naiblərə min şükür deyir. Abbasqulu - Sən nə danışırsan? Bəs atamın xəbəri yoxdur? Veysəl - Atanız xəstə adamdır. Evdən bayıra çıxa bilmir. O da ki, atanızı çox gec-gec yoluxur. Abbasqulu - Mən heç gözləməzdim. O nə üçün belə etsin? Bütün Quba əhli Mirzə Məhəmməd xanın başına and içir, oğlu isə belə işlərlə məşğuldur. Yox, yox, belə namərdlik bizə yaramaz. (Əsəbi halda gəzişir.) Bəs nə üçün Əliyar mənim yanımda olanda bu barədə deməyib. Veysəl - Abbasqulu ağa, əslində, o, Tiflisə bunu sizə çatdırmaq üçün gəlmişdi. Ancaq çəkinib, sizinlə danışa bilməyib. Abbasqulu - Nə üçün, nə üçün çəkinib? Bunu mənə də deməsəydi, kimə deyəcəkdi? Veysəl - Qayıdıb gələndən sonra camaat da onun üzünü danladı. Abbasqulu - Bu səfər olmasaydı, günü elə bu gün Qubaya yola düşərdim. İndi nə edə bilərəm? Sən nə vaxt Qubaya qayıdacaqsan? Veysəl - Sabah. Abbasqulu - Mən ona da, evə də məktub yazacağam. Bu gün axşam buraya gəlib, məktubları götürərsən. Cəfərquluya məktubu özün əlbəəl verərsən, bizim evə də deyərsən ki, nigaran qalmasınlar. Səfər bəlkə uzun çəkdi. (Mövlud gəlir.) Mövlud kişi, mən bu axşam sənə məktub göndərəcə yəm. Onları Veysələ verərsən. Mövlud - Bəs frençin? Hazırdır, apara bilərsən. Abbasqulu - Onu məktub göndərdiyim adama verərsən. Məni daha bağışla. Gürcü dostlarımdan Çavçavadze və Barataşvili ilə vidalaşmalıyam. Sağ ol. Başıma bir iş gələrsə, məni halal eylə. Bu dünyanın işini bilmək olmaz. Mövlud - Siz nə danışırsınız, Abbasqulu ağa? Elm və ürfan adamlarını allah özü həmişə hifz edir. Gedin, allah əmanətində. (Bakıxanov gedir.) (Onun arxasınca baxıb, köks ötürür.) Bu müharibələr camaatı çapıbtaladı. İndi Abbas Mirzənin qoşunları qarışqa kimi canımıza daraşacaq. Onların qabağını ala bilməsələr, Şuşanın heyfini Tiflisdən çıxacaq. Bizi çalıb-çapacaqlar. Veysəl - Əmioğlu, deyirsən yəni kazaklardan da çox çalıb-çapacaqlar? Axırımıza çıxıblar, bir quru canımız qalıb. Mövlud - (Köksünü ötürür.) Onu da düz deyirsən, Veysəl. Veysəl - Siz Tiflisdə oturub, çox şeyi görmürsünüz. Gəlin bir kəndlərə baxın. Mövlud - Bilirəm, bilirəm, hər gün də eşidirəm. Veysəl - Bəs bu işlərin axırı necə olacaq? Mövlud - Nə deyim, vallah. Fələyin işini bilmək olmaz. Veysəl - Deyirsiniz, yəni oturub gözləyək? Mövlud - (Əllərini göyə qaldırır.) Allaha təvəkkül. Titr: " 1826- cı ildə İranla Rusiya arasında təzədən hərbi əməliyyat başladı və iki il sürdü. Bu illərdə Qafqaz Baş hakimi Yermolovu general Paskeviç əvəz etmişdi. Müharibə qurtarandan sonra 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında məşhur "Türkmənçay müqaviləsi"nin bağlanmasında iştirak edən komissiyanın tərkibində Qriboyedovla Abbasqulu ağa Bakıxanov da vardı. Bu, tarixin böyük səhvi idi. O vaxtdan doğma Azərbaycan torpağı iki hissəyə bölünmüşdür." (Paskeviçin dəftərxanasında Bakıxanovun kabineti. Divardan xəritə asılmışdır. Orada Araz çayının Azərbaycanı iki hissəyə ayırması aydın görünür. Abbasqulu təkdir. ) Rüstəmbəy - (Daxil olur.) Salam. Abbasqulu - Salam, Rüstəmbəy. Buyurunuz əyləşin. Süvari polkunuz nə haldadır, hazırdır? Rüstəmbəy - Hər şey hazırdır, cənab kapitan. Çoxusu ona görə gəlmişəm ki, sizi təbrik edim, təzə rütbə almanızla. Abbasqulu - Çox razıyam. Ancaq sevindirici heç bir şey yoxdu. Rüstəmbəy - Sizi başa düşürəm. Abbasqulu - Yox, məni heç kəs özüm kimi başa düşməz. Rüstəmbəy - Əlbəttə, orası elədir. Ancaq bu hamımızın dərdidir. Abbasqulu - Bir var ki, dərd barəsində eşidəsən, bir də var ki, özün onun içində olasan. Ona görə mənim dərdim göründüyündən daha böyükdür. Sən bircə göreydin ki, Azərbaycanın iki yerə parçalandığını eşidən kimi Marağada, sərhəd kəndlərdə yaşayanlar nə fəğan qoparmışdılar. Onların fəryadlarına ürək lazımdı dözə bilsin. Rüstəmbəy - Elə bu tayda qalanlar da göz yaşı tökürdülər. Abbasqulu - Deyirdilər ki, heç belə şey olarmı, atamız, anamız Arazın o tayında qalsın, biz bu tayında. Allah heç götürərmi ki, qohum-əqrəbamızın üzünə həsrət qalaq?! Rüstəmbəy. Bəs nə üçün müqavilənin bağlanması bu qədər uzun çəkdi? Abbasqulu - Qriboyedov və mən bir mövqedə idik, başqaları o biri mövqedə. Mübahisə uzun çəkdi. Qriboyedovla mən tələb edirdik ki, sərhəd xətti çox aşağıdan keçsin. Təbriz, Marağa, Xoy və Urmiya xanlıqları Şimal tərəfdə qalsın. Di gəl, səsimiz heç yerə çatmadı. Daxili işlər naziri də bizə tərəfdar çıxmadı. Qriboyedov Cənubda yaşayan azərbaycanlılardan aldığı yığın-yığın məktubları Abbas Mirzəyə göstərərək deyirdi ki, bütün bu adamlar sənin hakimiyyətindən narazıdırlar. Bizim ixtiyarımız yoxdur ki, bu ərizələrə laqeyd qalaq. Di gəl, bizi müdafiə edən olmadı. (O xəritənin qabağına gəlib, göstərir.) Görürsənmi, bizim təklifimizlə sərhəd xətti, bax, buralardan, aşağıdan keçməli idi. (Köksünü ötürür.) Tarix bunu bizə bağışlamayacaq. İranın kiçik Türkmənçay kəndində ürəyimi iki yerə parçalamış bu xətt ömrüm boyu məni göynədəcək. Rüstəmbəy - Darılma, Abbasqulu ağa. Sən bacardığını etmişsən. Çərxi - fələyin üzü dönük çıxıb. Abbasqulu - Yox, yox, burada fələyin heç bir günahı yoxdu. Günah insanlarda idi, ürəyi daşa dönmüş insanlarda. Nə üçün biz onları yumşalda bilmədik! Rayevski - (Sağ qapıdan içəri daxil olur. Abbasqulu və Rüstəmbəy ayağa qalxırlar.) Kapitan Bakıxanov. Abbasqulu - Mən sizi eşidirəm, general Rayevski. Rayevski - Sizin general Paskeviçə verdiyiniz təklif xoşuma gəldi. Dörd Qafqaz süvari polkunu qəbul etməyə hazıram. Ancaq deyin görüm hansı polklardır? Abbasqulu - General, dörd polkdur. Qarabağ, Şirvan-Şəki, Qazax-Borçalı və bir də erməni oblastının müsəlman atlılarından təşkil edilmiş polk. Kapitan Rüstəmbəy də Qarabağ süvari polkunun komandir müavinidir. Onun atlıları bütün döyüşlərdə qəhrəmanlıqla vuruşmuşlar. Rayevski - Baş komandanın dediyinə görə, siz özünüz də əməliyyatda bilavasitə iştirak edəcəksiniz. Bakıxanov - Bəli, əmr belədir. Görünür ki, birinci polka daxil ediləcəyəm. Rayevski - Mən səfərə çıxmamışdan əvvəl polkların hərbi hazırlığını nəzərdən keçirmək istərdim. (Rüstəmbəyə). Elə isə bu işi sizə tapşırıram. Bütün komandirlərə xəbər verin ki, iki saata bütün polklar məşq meydanında olsunlar. Rüstəmbəy - Oldu, cənab general. (Rayevski gedir.) Rüstəmbəy - Kapitan Abbasqulu, xəbəriniz varmı, Sibirdən Qafqaza paqonları çıxarılmış zabitlər sürgün olunublar? Abbasqulu - Onlar 1825-ci ilin dekabrında Peterburqun Senat meydanında üsyan etmiş zabitlərdir. Beş nəfər asılmış, qalanları isə Sibirə sürgün edilmişlər. İndi bəzilərini Sibirdən buraya döyüşən orduya sürgün eləyirlər. Rüstəmbəy - Görəsən içərilərində süvari varmı? Abbasqulu - Hələ məlum deyil. Rüstəmbəy - Yaxşı, mən gedim polk komandirlərinə xəbər verim. Bu müharibələrin də ucu-bucağı görünmür. Birindən yenicə qurtarmışdıq ki, ikincisinə başlayırıq. Atlılarımız İran müharibəsində bərk yorulublar. Onlara istirahət vermək əvəzinə, Ərzurum dağlarına göndəririk. Xudahafiz. (Gedir). (Bir neçə zabit, Marlinski ilə birlikdə içəri daxil olur. Hamının qoltuğunda içki şüşəsi var.) Muravyov - Kapitana eşq olsun. Bakıxanov - Salam, dostlar. Bu nədir? Muravyov - Gəldik əvvəla səni təbrik edək. Təzə rütbə almağın münasibətilə. İkincisi, sabah hamımız Tiflisi tərk edirik. Allah bilir Ərzurum döyüşlərində bizi nə gözləyir. Ona görə qərara gəldik ki, bu günü birlikdə keçirək. Əvvəla, kapitan Bakıxanov, icazə ver səni Qafqaza sürgün edilmiş təzə bir dostumuzla tanış edim. Bestujev-Marlinski. Vaxtı ilə o da çiyinlərində bizim kimi paqon gəzdirib. İndi sıravi saldatdır. Sibirdən təzə gəlib. Tanış olun. Marlinski - (Əlini uzadır.) Aleksandr Aleksandroviç. Abbasqulu - Bakıxanov Abbasqulu. Muravyov - Aleksandr, indi də icazə ver, bizim Abbasqulunu sənə təqdim edim. Şair və alim. Qafqazda ərəb və fars dillərini onun kimi mükəmməl bilən ikinci bir adam tanımıram. Həm də tarixçidir. Biz onu hamımız Qriboyedovun dili ilə "Bizim Abbasqulu" çağırırıq. Rus-İran müharibəsindəki xidmətinə görə kapitan rütbəsinə layiq görülmüşdür. Doldurun bakalları. (Bakallar doldurulur.)