Gözlərininiçindəkihiylənigizlətməyibacarır, bunagörə də ondanheç kim şübhələnmir, üzünə gülə-gülə bağacaqoyduqları, hələ bir, onu özlərinə dostbilir, işləriniəyənbuadama «dərin» təşəkküredibgedirlər. Onunarıq, sərvkimitarıya çörəkaparanboyunaaşağıdanyuxarı boylanıbcanınaduaeləyənlərdə olurdu, etmədiyiyaxşılığagörə nə qədərbelə «sağollar» almışdı, əlini öpmüşdülər, nə qədərqarşısındabaş əymişdilər… Boynunuyanaəyibfağırgörkəmalar, təşəkkürə «Borcumuzdur» deyərdi. Üzünə güldüyü adambirazaralanankimiyağlı söyüşləriqarasıncadaş kimiatar, haqqındabildiyiəniyrəncsözləriətrafdakılaraeşitdirməkdənqalmazdı. Bu onun iş metodu idi: üzünə gül, şənqərəsini bəzə. Tanıyanlar ehtiyatlanırdılar, çəkinirdilər ki, gözünə pis dəyib güdaza gedərlər. Biri deyirdi ki, kaftarkısı var, adamları tilsimləyir, o biri deyirdi ki, zəmanə adamıdı, girib-çıxmağı bacarır, kimə timənmək, kimə təpinmək lazım olduğunu yaxşı bilir. Gözəgəlimli adam deyildi, işinə görə baş girləyir, külfətini saxlayırdı. Yorğun baxışları, sakit təbiəti, qız səsi kimi məlahətli danışığı onu tabeçiliyində olanlara sevdirə bilmiş, işgüzar adam təəssüratı yaratmışdı. Ona etibar edənlərdən yaxşı bəhrələnirdi, ustalıqla adamı dolaşdırır, istədiyini əldə edib bağladığı düyünü özü açırdı. Kimsədə şübhə yeri qoymurdu. Yan-yörəsində işləyənlər deyirdilər ki, zalımın adını da bəndə deyil, tarı qoyub. Doğrudan da şahanə addır: Məlik. Orta yüzilliklərdə məliklər yarımmüstəqil hakimiyyətə malik idilər, böyük dövlətlərin yedəyində olsalar da, hökmləri çatan oylaqlarda camaatın başında qoz sındırır, şum vururdular. Bizim Məliyin də buna oxşar bir səlahiyyəti var, bu kiçik dağətəyi rayonda icra başçısının köməkçisi işləyir, bəxtindən köməkçisi olduğu başçılar havalı olur, rahat kresloda gün ərzində bir-iki saat oturmağa hövsələ tapmır, obyektlərə baş çəkmək adıyla aradan çıxırlar, Məliyin əlinə girəvə düşür, başçının adından rayonu əməlli-başlı idarə edir. Məliyin adına layiq soyadı da var, babası Şəkər əməli saleh adammış, nəvəsinin onun şirin-şəkər adına şöhrət gətirəcəyi gün uzaqda deyilmiş, indi rayonda pəpə yeyəndən məmə deyənədək hamı Şəkərli soyadını yaddaşına birdəfəlik yazıb. Məlik Şəkərli rayonda elə əməl sahibi olmayıb ki, onu asanlıqla unutsunlar, o, hamının taleyinə soxulub, evinə dürtülüb, süfrəsinə əl gəzdirib, cibini qurdalayıb. Bunu elə eləyib, kimsənin ruhu inciməyib, əksinə, baş əyə-əyə qulluğunda dayanıblar.
Məlik Şəkərlinin qaraçuxası ayaq üstə imiş, işlədiyi 25 ildə bu rayona ağlı başında olan bir başçı göndərilməyib, göndərilənlər ya öz başlarının hayında olublar, ya da tənbəllikdə ad çıxarıblar. Məlik Şəkərli onların ayıblarını ört-basdır etmiş, örtüb basdıra-basdıra 7-8 belə «rəhbəri» yola salmışdı, ancaq öz Məlik adına və Şəkərli soyadına xələl gətirməmiş, yalançı nüfuzunu qoruyub saxlamışdı. İcra başçılarından biri atdım-tutdum adam idi, bir yerdə duruş gətirə bilmirdi, sənəti qəzetçilik idi, ancaq nə qəzetçilikdən, nə də idarəçilikdən xəbəri vardı, onun başçılığı hökumətin pis vaxtına düşdü, İranla sərhəd söküldü, bu tayda mal-qara qalmadı keçirildi o taya, o taydan saqqız, bəkuş, təsbeh, cır-cındır gətirib camaata sırıyırdılar. Məlik Şəkərli həmin maygülünün başçılığından o ki var, faydalandı, aranı qatıb, başçının başını tovladı, özünə Bakıda ev aldı, qohum-əqrəbasını ağ günə çıxardı. Məlik qəzetçi icra başçısının axırına asanlıqla çıxdı, onun yerinə keçmiş icrakomun sədri, qız kimi ətirlənməyi sevən, yeniyetmə vaxtlarından ara vurub faydalanmağı özünə peşə eləmiş tarix müəllimi dişini qıcıtmışdı, o da Məliklə iki ay işlədi, çıxarıb atdılar, amma Məliyə dəymədilər. Tarix müəlliminin yerinə ibtidai sinif müəllimi göndərdilər, cəbhəçiydi, rayonda hay-küy qopartmış cəbhəçilərin əli ətə çatmadı, vəzifə bölgüsündən onlara pay düşmədi, buna görə də şaiyə yaydılar ki, ət iylənib, yəni cəbhəçi icra başçısı kommunistlərə satılıb. Təzə başçı kol-kos dibində gizlənmiş qoca qurdları üzə çıxardı, onların gözünə bir-iki cəbhəçi vurdu, nədi, nədi, deməsinlər haqq-hesab itib, bununla da özünü yuxarılardan sığortaladı. Yenə də Məliyin məlikliyinə dəyən olmadı, kişi anadangəlmə köməkçi doğulubmuş, onunçün kimin icra başçısı olmasının fərqi yoxdu, dünən kommunistlərə aftafa gəzdirirdi, bu gün cəbhəçilərə, sabaha da Allah kərimdi… Uğunub getməlisi isə bu oldu ki, rayona Əlikramın talış respublikasının nümayəndəsi başçılıq edəndə də Məlik köməkçi olaraq qaldı, cəbhəçi icra başçısını gizlicə dal qapıdan yola salıb, lüləsini giriş qapısına söykəmiş tankın üstündə gələnləri çiçək dəstələri ilə qarşıladı, bu yol-yolaq bilməyənlərə yol-yolaq göstərdi, zəng eləyib icra nümayəndələrini topladı, «yeni» icra başçısının təqdimat mərasimi keçirməsinə şərait yaratdı. İki ay sonra bu sərəncamsız icra başçısının kəmərini qurşayıb yola saldı, kabinetin açarlarını təzədən tarix müəlliminin qədəmlərinə atdı, düz on il rayonu tarix müəlliminin adından idarə elədi. Tarix müəllimi yerli adamdı, hamıyla ünsiyyət saxlayır, ancaq şikayətləri qəsdən yarıtmırdı ki, adamlar icra hakimiyyətindən əllərini üzsünlər. Məlik onun bürokratik idarə üsulunu xoşlayırdı, belə yaxşıdı, deyirdi, adamlar gəlib-getməkdən bezir, nıxtları vurulur, daha gəlmirlər, nə sənin başını ağrıdırlar, nə də sən baş ağrıdırsan. Tarix müəllimindən öyrənməli çox şey vardı, üzünə güldüklərinin ipini çəkmək də onun xasiyyətiydi. Müəllim rayonda olmayanda onun ağ Nivasında Məlik gəzərdi, özünü müəllim kimi dartıb oturar, stəkan-nəlbəki çayxanasının yanından Məşədi Məhəmməd bağınadək bir neçə dövrə vurandan sonra maşını icra hakimiyyətinə sürdürər, keçib başçının kreslosunda oturardı, televizoru açıb kresloda yırğalana-yırğalana son xəbərləri dinlərdi. Arabir dəstəyi qaldırıb kimlərəsə zəng edib başçının adından tapşırıqlar verərdi. On illik kef sürətlə gəlib keçdi. Son bir neçə ildə rayona göndərilən başçılar Məliyin ürəyindən olmasa da, Məlik onların ürəyinə yatırdı. Onun bir göz qırpımında rayonun möhür gəzdirənlərini bir yerə yığması başçıların xoşuna gəlirdi.
Rayona göndərilən bütün başçılarda bir ziyalı görkəmi, ziyalı davranışı vardı. Axırıncı icra başçısını isə, elə bil, cəngəllikdən tutub gətirmişdilər, nə mədəniyyəti, nə ağıllı-başlı görkəmi, nə də insan kimi danışığı vardı, bazarda böyümüş adamdı, yazı-pozuynan arası yoxdu, latın əlifbasını heç cür öyrənə bilmirdi; atası ilə birlikdə rayondan Bakıya noxud daşıyıb satan bu alverçinin ayağı daşa dəymiş, daşın altından küp çıxmışdı- imkanlı bir tacirin şirkətinə soxulub özünü tutmuşdu, himayədarı da hökumətdə möhkəm mövqeyi olan bir tacir idi. Məlik əvvəl başçıdan çəkinirdi, qorxurdu ki, öz şirkətinin işçilərindən ipləmənin birini köməkçi gətirib, onun təlağını verər, ancaq belə olmadı, tacir başçı idarəetməni bilmədiyi üçün Məliyə möhtac idi. İcra hakimiyyətinin yazılmış qanunları ilə yanaşı, yazılmamış qanunları da var, yazılmış qanunları öyrənmək asandır, yazılmamış qanunları bilmədən başçı işləmək çətindir. Hər tində başçıyla dil tapan Məlik Şəkərli nahaq yerə baş ağartmamışdı, tacirin boş damarını tutub qılığına girdi, dişinə vurub lax olduğunu gördü, yerini bərkitdi, az keçmədi ki, icra hakimiyyətində nüfuzlu şəxsə çevrildi, başçını ovsununa salıb öz istədiyi kimi durğuzub-otuzdurdu, şəxsi düşmənlərini ona hökumətin düşmənləri kimi tanıtdı, aşnalarını canıyanan, dövlətsevər kimi qələmə verdi. Rayon yenə Məliyin məlikliyinə çevrildi, hər şeyin altı alt, üstü üst qaldı, yəni altdakılar üstdəkilərə həsrətlə boylana-boylana yaşadılar, üsdəkilər isə şah divanı qurdular. Tacir başçının başı rayonda öz biznesini qurmağa qarışdı, Məlik siçovul kimi kisə dibi deşməyində oldu, yavaş-yavaş topdağıtmaz əmlaka yiyələndi, əndazəni aşdı. Get-gedə sözünün qabağına söz qoyan olmur, prokuror, polis rəisi onun qabağında ştık-noj kimi dayanırdı, kimi asdırmaq lazımdı asdırır, kimi basdırmaq lazımdı basdırırdı.
Məliyin atının şahə qalxdığı vaxtda Doktor Məzlumun quzusu ölmüşdü, əslində Məzlumun quzusu-zadı yoxdu, ölən onun ruhuydu, adına cəbhəçi damğası vurub hər şeydən məhrum eləmişdilər, bir qalmışdı həkim diplomunu əlindən almaq… Doktor Məzlum da az aşın duzu deyildi, yuxarılara şikayət məktubunu necə yazmağı öyrədirdi, Məlik demişkən, demaqoqluq kursu açmışdı, yuxarılar onun ərizələrini icra hakimiyyətinə göndərir, icra hakimiyyətində Məlik bu ərizələri dəstələyib oxumaq üçün tualetə gedir, qayıdanda mürdarlayıb oradakı zibil yeşiyinə atırdı, başçının kabinetinə qalxanda mizin üstündə Məzlumun acı bağırsaq kimi uzun-uzadı cümlələrlə yazılmış yeni məktublarını görüb qəzəblənirdi. Yuxarıda sanki tutuquşu oturmuşdu, Məzlumun məktubunu alan kimi üzərinə əzbərlədiyi bir cümləni muncuq kimi düzürdü: «Tədbir görülmək üçün rayon icra hakimiyyətinə göndərilir». Məzlumun məktubunu yuxarılarda heç kim oxumurdu, bu şərəfli vəzifəni rayonun başçısına həvalə edirdilər. Rayonda isə bütün kağız-kuğuz əməliyyatı Məliyin əlinin altından keçirdi. Məliyin əlinin altındakı sənədin göyərməsi üçün onun olmayan bığının altından keçmək lazımdı. Məzlum Məliyin bığına da, saqqalına da tüpürmüşdü, gedib bu tüpürcəyi yalamaq istəmirdi. Qərəz, Məzlumun məktub əhvalatı uzun bir hekayənin mövzusudur. Əvvəl ondan başlamaq lazımdır ki, Məzlum yuxarılardan nə istəyir və niyə cavabı məlum olan məktubları yazmağından qalmır?!
Məzlumu tanıyanlar ona «cəbhəçi» deyirdilər. Məzlum isə özünü hərəkatçı sayırdı. Bu sözləri qarışdıranlara səbrlə izah edirdi ki, hərəkatçılıq 90-cı illərdə qaldı, cəbhə isə partiyadır, atam balası, mən bu partiyada yoxam… Amma kimsə Doktor Məzlumun dinlə təriqəti ayıran bu izahına əhəmiyyət vermir, yenə onu cəbhəçi çağırırdılar.
- Meydanda yaxanı yırtan sən deyildin?- Son anda Məzlumu guya fakt qarşısında qoyan həmsöhbəti qalibiyyət təntənəsi ilə soruşur, ətrafdakılara da nümayişkaranə bir göz basırdı.
Hər nə idisə, Məzlumun qara günləri də elə bu meydandan başlamışdı, tutub damladılar, buraxılandan sonra isə dinc qoymadılar. Dəfənbədəfən polisə, prokurorluğa çağırıb profilaktik tədbir adıyla, hədə-qorxu gəldilər, o ki, var təpindilər. Ağlamalı günlər seçkiqabağı başlayırdı, seçki günü səsverməyə getməsə də, müxalifəti dəstəkləməsi haqqında icra hakimiyyətinə «təkzibedilməz» faktlar daxil olurdu. Məzlum and-aman edirdi ki, vallah-billah, evdən çölə çıxmamışam, deyirdilər ki, evində gizli fəaliyyət göstərmisən. Yazıq kişidən qondarma bir düşmən obrazı yaratmışdılar, rayonda hansı qarışıq hadisə olurdusa, bir ucunu gətirib Məzlumun ayağına bağlayır, çağırıb sorğu-sual eləyir, qorxuzur, gözümçıxdıya salırdılar.
Məzlum bu izləmələrdən, nahaq qınamalardan bezmişdi, onsuz da şikayətinə baxmırdılar, adını qara siyahıya salmışdılar, bəlkə də haqqında anket-filan tərtib edib, hüquqi terminlə desək, «dosye» açmışdılar. Bütün bu işlərdə Məlik Şəkərlinin xidmətləri danılmazdı, o kişinin bir prinsipi vardı: Əyilən düzəlməz! Şüuru «korlanmış» adamın islahı mümkün deyil, necə deyərlər, qozbeli qəbir düzəldər. Doktor Məzlum isə bunun əksini düşünürdü, yəni təmiz adam olduğu üçün onu ləkələməyə, gözdən salmağa çalışırlar. Məzlumu ləkələyənlər onun təmizliyindən qorxurlar. Məzlumun əyalət axtarışına baş qoşan yox idi, Məliyin iftirası isə ayaq tutur, hətta yeriyirdi. Məzlumu da yandıran bu idi.
Alverçi rayona icra başçısı göndəriləndən bir neçə həftə sonra Məzlumu polisə çağırdılar, getmək istəmədi, sahə müvəkkili başının üstünü kəsdirib and-aman elədi ki, qorxulu bir şey yoxdu, söhbət eləyib buraxacaqlar. Məzlum əlacsız qalıb paltarını dəyişdi, necə deyərlər, olan-qalan bəyliyinə doldu, nimdaş qalstukunu taxıb islahatdan düşmüş köhnə tuflilərini geydi, evdən çıxanda hər ehtimala qarşı arvadını çağırıb xəbərdarlıq etdi ki, gəlib-eləməsə, özünü çaşdırmasın, bu gün-sabah aylığı verəcəklər, gedib baş həkimdən onun maaşını götürər ki, çətinliyi olmasın. Hərəkat vaxtı da onu elə-belə, səssiz-səmirsiz aparmışdılar, dalıyca gələn olmamışdı, tərs kimi pulu da cibində getmişdi, alıb seyfə qoymuşdular,sənədlərini-filanını öz cib dəsmalına büküb akt tərtib eləmişdilər. Məzlum həbsdən çıxanda sənədləriylə bir yerdə pulunu da qaytardılar, evdə isə arvadı olmazın çətinliyini çəkmiş, qənd-çay üçün qonşulara möhtac olmuşdu. Məzlum indi bu səhvi təkrarlamaq istəmirdi, hər şeyi yerbəyer tapşırandan sonra dedi ki, işi çətinliyə düşsə yazıçı Məmmədoğluna zəng elətdirib, vəziyyəti ona danışarsan, başqa heç kimə heç nəyə görə ağız açmazsan. Məmmədoğlu hərəkat vaxtı rayona tez-tez gələrdi, mitinqlərdə çıxış eləyib gedərdi. Məzlum yazıçı ilə o zaman tanış olmuşdu, dostları naxələf çıxanda, Məmmədoğlundan etibar görmüş, ona ürək qızdırmışdı.
Məzlum sahə müvəkkilinin jiqulisinə oturanda arvadının gözləri yaşla doldu, dilucu, xətrinə dəyməsin deyə pıçıltıyla dedi: «Sənə dedim axı, qurtar bu yazmağı…» Sonra qulplucanı götürüb suyla doldurdu, istədi jiqulinin dalıyca atsın, əl saxladı, fikirləşdi ki, görəsən, polisə gedənin dalıyca su atırlar, yoxsa yox?! Əlindəki qulpluca əyildi, su ayağını islatdı, arvadı Məzlumun gözlərinin içinə baxa-baxa qaldı, ona elə gəldi ki, jiquli uzaqlaşdıqca Məzlumun gözləri böyüyür.
Polis rəisi Doktoru xeyli gözlətdi, kimlərsə rəisin yanına girib-çıxır, kağız aparıb-kağız gətirirdilər. Rəisin köməkçisi içəri məlumat verdi ki, bəs Doktor Məzlumu gətiriblər, rəis prokuroru çağırmağı tapşırdı, köməkçi prokurora zəng çalıb, «Doktoru gətiriblər» dedi. Xeyli sükutdan sonra arıq vücudlu, qartal baxışlı, ikilik taxta kimi qamətini şax tutub yeriyən prokuror gəlib çıxdı, sonra iki mülki geyimdə olan silahlı adam gəlib gözləmə otağında Məzlumun sağında və solunda oturdular. Məzlum ayağa durub sahə müvəkkilinə «Sənə sözüm var» deyib gözləmə otağından çıxmaq istədi, köməkçi onu saxladı:
- Bayıra çıxmaq olmaz, indi sizi qəbul edəcəklər, sözünüzü burada deyin.
Məzlum, sahə müvəkkilini küncə çəkib dedi:
- Səndən bir xahişim var, əgər məni tutacaqlarsa, kişi kimi tutsunlar, cibimə şey atmasınlar. Mən həkiməm, nə siqaret çəkirəm, nə içki içirəm… Bu şeylər mənə yamaq olacaq…