Dekabr ayının 16-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda xalq şairi, çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Fikrət Qocanın 80 illik yubileyinə həsr olunan “Od oğluyam, alovlardan doğuldum...” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, layihənin rəhbəri İlqar Fəhmi yubilyar haqqında ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb: “Hər birimizin içində Fikrət Qoca obrazı var. Onun poeziyası pis, yaxşı günümüzdə bizimlə olub. Kitabda toplanan müəlliflərin yazıları maraqlıdır. Hər kəs Fikrət Qoca haqqında ürək sözlərini öz rakusundan, dünyagörüşündən boylanaraq yazıb”.
Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar Fikrət Qocanı yubileyi, haqqında nəşr olunan kitab münasibətilə təbrik edib.
Fikrət Qocanı insanı qocalmağa qoymayan, nikbin şair kimi dəyərləndirən f.e.d. Vaqif Yusifli çıxışında şairin yaradıcılığı haqqında danışıb: “Azərbaycan ədəbiyyatının XX əsr mənzərəsinə baxanda hər yerdə Fikrət Qocanın adı gəlir. Azərbaycanın ictimai-siyasi mənzərəsi bütün çalarları ilə şairin yaradıcılığında əks olunur. Hər dəfə Fikrət Qoca yaradıcılığına nəzər salanda yeni sözlər, poetik ifadələr tapırsan”.
Tədbirdə “Od oğluyam, alovlardan doğuldum...” kitabının tərtibçisi Gülxani Pənah çıxış edərək kitabın ərsəyə gəlməsindən söz açıb.
Təqdimat mərasimində Ənvər Əhməd, İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Oqtay Rza, Vaqif Əlixanlı, Qəşəm Nəcəfzadə, Maarif Soltan, Həbib Əliyev, Aydın Xan və başqaları çıxış edərək alın yazısı ilə şair doğulmaq səadətini yaşayan Fikrət Qocanı 80 illik yubileyi münasibətilə təbrik ediblər, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Sonda xalq şairi Fikrət Qoca onun haqqında ürək sözlərini bölüşən müəlliflərə, tədbirdə iştirak edənlərə təşəkkür edib.
Məlahət Qənbərova