mən öz röyalarımdan gəlmiş
bir adam kimiyəm bu gün
dörd yol ayrıcında durub
yanıqlı nəğmələr oxuyuram səninçün
bir birinə qarışıb bu gün olum və ölüm
iki röya arasında ağlama gülüm
uzaqlarda bir liman var bir liman
bütün yolçular sonunda peşman
uzaqlarda bir liman var orda həmişə bahar
gəmiləri qürbətə üzər
yelkənlərdə rüzgar
buludlar qanad açar
gəmilərin dalınca qaçar
mən öz röyalarımdan çıxmış bir adam kimi
yaşayıram ömrümü
yuxumda səsini eşitdim sənin
gözlərini görmədim amma
iki röya arasında tale güzgüsü
iki röya arasında bir qızıl alma
qırmızı bir xətt var bu gün
ölüm mələyimlə mənim armada
bir qərib durna uçur qırmızı xəttin üstündən
mən nə dedim bilmirəm yuxuda ağladın sən
yuxular tərsinə yozulur yenə
alnımıza qara yazı yazılır yenə
könlümlə baş başa qaldım hey hey hey
könlümü kamantək çaldım hey hey hey
mən kiməm nəçiyəm nə önəmi var
dörd bəyaz qapıdı dörd bəyaz divar
avqust yuxusundan ayılmayıb hələ
yuxuda gülümsəyən yaşıl zeytun ağacı
pikassonun rəsmlərində gördüyüm pişik
sərçələri pusur həyətdə
zeytun ağacı gülümsəyir
sərçələr boz pişik qara
xatirələr zeytun rəngində
pəncərədən asdığım kağız zıınqırovun səsi
yeknəsəq bürkü nəğməsi
divarlara dəyib sınıb tökülür
amorf tənhalığın dibinə
qırmızı şərab içirəm avqust bürküsündə
yanıqlı türk nəğmələriylə
nar çiçəyi umudlarla qarışıq
belə gündə dəniz qulduru olsan belə
gözlərin yaşarar birdən
ayağın üzülər yerdən
uzaqlarda ilğım kimi bir yelkən ağarınca
mən öz röyalarımdan çıxmışam adam kimi
yaşayıram ömrümü
* * *
deyirlər insanın qiyməti hümməti qədərdi
nə çilələr çəkdim tanrıma bəlli
bəlkə bütün dualarım hədərdi
bəlkə sürüşüb alnımdan taleyin əli
ağdaşda əncir ağacının altında
dua oxuyuram avqust bürküsündə
xəbərin varmı dünya dağılır
mən şanssız adamam hər şeyi unut
gecə disko barlarında özünü satır indi
bir vaxtlar dəlicəsinə sevdiyimiz
gözəlim göyçəyim çiçəyim umud
mənim həyat mücadiləsindən sağ qalmaq
və bir gün Parisdə lövbər salmaq
şansım yoxdu daha
dörd dildə dörd dəfə dua elədim
buddaya krişnaya isaya məhəmmədə
və bütün dinlərdə bir olan allaha
bilirsənmi dünya dağılır deyir şair
içimi didir çözülməz bir sir
insan gözüylə görünməyən
başqa bir dünyayam mən
ən məsud anlarımda birdən
ölümü düşünürəm həmən
burda başqa bir zaman içindəyəm
mənim vaxtım sizin vaxtla uzlaşmır
burda ulduz uçurumları olur hər gecə
içimdə bir yaşıl yarpaq solur hər gecə
bu dəfə də sağ qalmışam bir ulduz uçurumundan
bir zamanlar orda sizin dünyada
yaşadığıma peşman deyiləm
mən əfv etmişəm size
heç kimə düşman deyiləm
burda nə zalım nə zülm var
burda nə ayrılıq nə də ölüm var
burda yalnız gerçəkləri göstərir aynalar
öz rəsmlərimdən çıxmış bir adam kimi
yaşayıram ömrümü
yazdığım şeirlərə görə utanıram özümdən
amma bəzən bir damla umud bir damla sevda
sürüşüb sürüşüb düşür gözümdən
bir avqust röyasında
bir əlçim buluda büküb ömrümü
uzun illər qürbətdə yaşayan
dostuma göndərirəm yenə
o da şam şəhərindən bir bulud yollayacaq mənə
bir gün qürbət yollarında rastlaşanda buludlar
könlümüzün budağında çiçəkləyər umudlar
indi ağdaşda əncir ağacının altında
avqust bürküsündə huşum dağınıq
günəş damda oturub tütəkdə nəğmələr çalır
bu avqust röyasında mənə qol götürüb oynamaq qalır
bu gün sənin gözlərin
dəniz dalğası rəngindədi gülüm
dəniz dalğası rəngində
dəniz pıçıldayır sanki səsinin ahəngində
və bu avqust axşamı saçlarında dəniz qoxusu
dodaqlarında dəniz tamı
məni qürbət yolçuluğu gözləyir gülüm
məni qara qurşun izləyir gülüm
heç ölməyəcək kimi hürr bir ömür yaşadım
tanrıdan bir ərməğandı mənə bu dünya
bir zamanlar inanmışdım aynadakı xəyalıma
şeirlərim dünyanı dəyişməyəcəkdi guya
* * *
gecələri ay görmüş boz qurd kimi
ulayır içimdə divanə umud
ürəyim parçalanır məmləkət sevdasından
sən elə baxma mənə
hıçqırıqlarımı və göz yaşımı unut
uzun ömür yaşadım ay işığı altında
qəzaya uğramadım təyyarədə gəmidə
dostlarla böldüm hər zaman son tikəmi
rəssamlarla araq içdim çardaqda zirzəmidə
son romantik şairiyəm mən iyirminci əsrin
bir suçlu mələyəm mən dünyayla aram sərin
nə cavan ölmək istərəm
nə də yüz il yaşamaq gələr ağlıma
eşitsən ölmüşəm bir hava çaldır
qol götür oyna mənim havama
yenə yalquzağa döndüm bu bürkülü gecədə
yenə pəncərədə bədirlənmiş ay
yaşam çox zülüm ölüm çox qolay
ay təbəssümündə bir sirr saxlayır
bilirsənmi bilirsənmi umud necə ağlayır
yel dəyirmanları gəlir üstümə
hardasan dostum sanço
hardasan qardaşım rosinant
dözülməz oldu həyat
hardasan çıldırdım mən qələm düşdü əlimdən
yenə yalquzağa döndüm bu gecə
tut ağacı və ay rəsmi çəkdim
bəs tanrı dağlarında ulayan boz qurd hanı
yalquzaq səsi gəlir aynadan
hər gecə ay doğunca mən yalquzaq oluram
hər gecə aynalardan yalquzaq qanı axır
aya baxıb ulayan yaralı yalquzaq qanı
hər gecə bir yarpaq düşür könlümün budağından
hər gecə bir müjdə gözləyirəm uzaq tanrı dağından
ah ölümdən qaçdım hər gün
qanad açıb uçdum hər gün
bir badə almaq keçir könlümdən
qara sevda mələyinin əlindən
son eşq badəsi içmək
içib də candan keçmək
bu dünya məni yıxacaq bir gün
şirin can bədəndən çıxacaq bir gün
hər gecə ümidlər bir az daha solğun daha ufaq
hər gecə ay məndən bir az daha uzaq
ağ kətanda tut ağacı
qara sevda solğun ay və yalquzaq
hər gecə yanğın yeridi mənim ürəyim
hardasan yağmur mələyim
gəl məni burdan apar
hər gün köhnə dost kimi
kepkamı çıxarıb salamlayıram
afrikadan geri dönən qaranquşları
allahım allahım gerçək olsun
gecələr ürəyi ovucunda uyuyan şairlərin duaları
mavi sarı bəyaz yaşıl çəhrayı ilmələrlə toxunmuş
uzaq bir yaz axşamı qatardan düşüb kövrəldim
qucaqlayıb bağrıma basdım
vağzalda uğuruma çıxan qərib adamı
kölgələr dolaşırdı vitrinlər arasında
mən səadət aradım iki din arasında
mən köhnə dostlar kimi
uçan quşlara açdım qəlbimi
burnumun ucunda kardeiamin qoxusu
içimdə bir daha məmləkətin lacivərd göylərini
görmədən ölmək qorxusu
hara tələsirsiz insanlara hara
açıldı içimdə qanlı bir yara
pous nvons plus acmour
que pour nous-memes enfin*
kölgəm məni buraxıb getdi
tək tənha qaldım yer üzündə tək tənha
ölüm tor toxuyur qaranlıqlarda
ulduzlarla yozulur yenə qərib röyalar
səhərlər umudsuz axşamlar məhzun
bütün cəhdlər boşuna bütün sevdalar çarəsiz
yenə röyalarda çağırır məni ulduzlardan gələn bir səs
eşq tanrıdan öncəydi eşqdən öncə nə vardı bəs
kölgəm məni buraxıb getdi
gözlərimin aydınlığı soldu bir anda
yalnız ölüm hər adamı olduğu kimi görür cahanda
* * *
gəncliyimi aradım vağzallarda
qatarlar keçirdi avqust gecəsindən
xatirələr diksinirdi qatarların səsindən
mən gələcəyi olmayan bir adamam
təkcə mövlam bilir bunu
amma hər adamın bir keçmişi olur
siz fani dediyiniz bu dünyada
ömür adlı bir qarışıq röyada
bir zamanlar ləki vağzalından
mən yola salmışdım öz gəncliyimi
bax o gündən itirmişəm yollarda dincliyimi
nə bir məktub nə bir xəbər
hər yolçuluğun sonunda bir türlü kədər
xəyalımda bir hücrə
ay işığı dörd divar və pəncərə
bir kabus dolaşır burda hər gecə
yenə ləki vağzalında bədirlənmiş ay
vağzal qələbəliyi içində vurnuxur yay
daha ölüm yoxdu mənə
tənha bir ulduza uçuram yenə
niyə qüssələnir insane
hər axşam üfüqdə gün batan zaman
baltik dənizinin sahillərində
uzun sürən sarı qürüb çağları
necə vardısa eləcə qalıb gözlərimin yaddaşında
yağmur mələyi kimi
heyva çiçəyi kimi
bir qız vardı orda
bir də qərib şair vardı iyirmi bir yaşında
qara sevdaların ən gözəli dolaşırdı başında
damarlarında qurd qanı axırdı
ürəyi tumurcuqlayırdı ovcunda
yaşıl tumurcuğun içindən bir mavi umud çıxırdı
hər mavi umudun içindən bir bəyaz sevda
hər bəyaz sevdanın içindən bir ayrılıq
niyə qüssələnir insane
gün batımına baxdığı zaman
tallin bir röya idi yağıntılı gecələrdə
maşınları işıqları sürüşürdü küçələrdə
iyirmi bir yaşımın başı havalı
yuxuma girirdi ləki vağzalı
yadımdadı tallində ilk bahardı
yadımdadı tallində bir vana tomas vardı
yadımdadı yuxularımı danışardım ona
o da özü bildiyitək anlardı
ob-ra-di ob -la -da life qoes on bra-la-la
bu o uzaq illərin musiqisidi
hələ də içimdə səslənir mənim
insanları tanıdıqca quşları daha çox sevdim
ağaclara qardaş oldum
quşlara yoldaş oldum
uzun sevda yollarında dəli könlümü yordum
bu gün yenə ağaclara buludlara quşlara sordum
söyləyin niyə qüssədən ölür insane
gün batımına baxdığı zaman
mənim dinim imanım vətənim məmləkətim
cənnətim və qürbətim
mən ölümdən dönmüşəm bir röyadan dönən kimi
ağ gün qara gün bəlli olmaz bizimçün
hələ ölməmişəm ağalar bəylər
hələ ölməmişəm sağam diriyəm bəlkə də bu gözəlim məmləkətin
sonuncu qara sevdalı romantik şairiyəm
gecələr ay doğub bədirlənəndə
elə bilirəm ki dünya mənimdi
elə bilirəm ki indicə qapımı döyəcək
illər uzunu gözlədiyim səadət
zatən qapım da açıq ürəyim də süfrəm də
zamanını durdurdum mən
bu dünyanın bütün saatlarında
siz səadət aramayın mən aradım bulmadım
xəyanətlər gördüm xain olmadım
bu zamansız dünyada umud yoxmu sabaha
heç nə olmamış kimi baxır göyüzündən ay
lütf eləyin ölüləri öldürməyin bir daha
niyə kədərlənir insane
gün batımına baxdığı zaman
mən bir çöl göyərçini kimi yaşadım
başımın nələr çəkdiyi tanrıma bəlli
bu qədəri yaşamayan bizi anlamaz
qardaşlar zatən belədi bəli
bu umudsuz günlərdə bu avqust bürküsündə
ölmək istəmirəm mən bir kamança səsində
ən gözəl anılarımın çiçəkləri tökülür
mən bir dua oxuyunca
qolumdakı qandalları qırıram
könlümü çarmıxa çəkib hıçqırdım
mən bütün dünyaya düşmənəm bu gün
özümə qənim oldum günahlardan keçə keçə
bəzən bulud oluram boşalıram doluram
sevdiyim adamların gözünə görünürəm
sonra bir xəyal kimi çəkilirəm aynalara
* * *
coğrafiya xəritələrindən
öyrəndim məmləkətin tarixini
kiçik vağzallar kimi kədərlidi məmləkət
kiçik vağzalların gözləmə zallarında
gecə gündüz oyaqdı dəli həsrət
kiçik vağzallarda köçəri quşlar
gülümsəmir artıq doğan günəşə
kiçik vağzalarda umud qatarları
hardasa uzaqlarda gecikir həmişə
gecə qatarlarının səsi diksindirir xatirələri
ölüm xofu tor toxuyur divarda
aynada bir çiçək solur
həyatla vuruşur insan sonda ölümə təslim olur
olmuşları unut demə olacaqları düşün bu anda
son sevda gözləyir bizi son vağzalda son limanda
hardasa umud yelkənləri
hardasa dənizdən əsən rüzgar
gəl bir nəğmə oxuyaq uçan quşlarla
son limana hələ çox var
son səfərdən öncə anladaq uçan quşlara
ömrümüzün öyküsünü
olmuşları unut demə
olacaqları düşün bu anda
son sevda gözləyir bizi son vağzalda
son sevda izləyir bizi son limanda
umuram bir gün sən məni əfv edərsən
dünən dünəndə qalmır
dünənimiz bizimlədir hər zaman
hərdən yuxuma girir gedəcəyimiz son liman
puçur puçur çatlayır içimdəki həyat tumurcuqları
bir misra yazıb bitirməmiş
həmən başqa bir misra gəlir ağlıma
bu arada dağlar düşür yadıma xınalı dağlar
dağ çayının səsindın titrəyən bir mavilik
göyəm dadı var bu mavilikdə
indi o dağları xatırlayıram sarı ağdaş bürküsündə
xatirələrin uçurumuna yuvarlanıram birdən
ay üzür buludlar arasında
daha məni gözləməyin rüzgarların kölgəsində
ay üzür buludlar arasında
mən çox gec qayıdacağam
çox gec dönəcəyəm bura
kim bilir bəlkə sabah
bəlkə də yüz ildən sonar
ağac koğuşunda yuva quran quş
gözəl yuxular görür ürəyi dimdiyində
* * *
avqust gecəsində xarizmatik ay
gülümsəyir aynadan gülümsəyir
bir daha izləməyi bulduq
sürəti aynaya düşən zamanı
yum gözünü yum gözünü aynaya baxma aynada şair qanı
sürəti aynaya düşən zamanın içindəyəm
home homine loopus est
çıldırmaqdan qorxmuram amma
şeirlərim olmasaydı çoxdan çıldırmışdım bəlkə
əyri aynalar məmləkətdi
ağaclarıyla quşlarıyla adamlarıyla
buludlarıyla umudlarıyla bu ölkə
bəlkə parisə getməliyəm bəlkə intihar etməliyəm
başlanğıcıyla son arasında
bir yolçuluq sevdası qədərimizdədi bizim
nə dünyaya asi oldu nə də usandı ürək
qara sevda və ölüm içimizdə böyüdüyümüz çiçək
göyüzündən ay baxır ay baxır dəli dəli
bir şair var aynada alnında tanrının əli
minarələrin üstündə ay parıltısı bəzən insan birdən birə dəli olmaq üçün öz özünə oxunan şeirlər yazır
amma ürək hər zaman dəli olmağa hazır
qobustan qayalarından meqapolis cəngəlliyinə düşmüş
qədim insan kimiyəm bu gün
bəzən insan dəli olmamaq üçün
öz özünə oxunan şeirlər yazır
amma insan hər zaman bulud olmağa hazır
xuan qrisin mücərrəd rəsmlərini
alfred şnitkenin musiqisini sevdim
bir zamanlar qobustanda
ov ovlayan quş quşlayan bir devdim
qara sevdalı bir şairəm indi
hər günüm yaşamaq uğrunda bir savaş
bu savaşdan sağ çıxmaq umuduyla
ölüm qoxusu arasında
gülməli bir kəndirbazam arxadaş
xoşbəxtlikdən hər gecə
ay doğur minarələrin üstündə
gecələr ay doğur qoruyur məni
səsim yoxdu amma
nəğmələr oxuyuram dəli divanə kimi
yalnız ay eşidir mənim səsimi...