Yanvar ayının 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı, publisist, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin “Xan” nəşriyyatında işıq üzü görən külliyatından “Bu gündən dünənə” (şeirlər toplusu), “Nostalji” (hekayə və povestlər), “Sən kimsən, Səfəvi?” (publisistik yazılar toplusu), “Son reportaj” (pyeslər toplusu) kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Ulduz” dərgisinin baş redaktoru Qulu Ağsəs İlqar Fəhmini “öz dünyasını yaradıb, içinə qapanan insan” kimi xarakterizə edib, onun yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “İlqar Fəhmi elə xoşbəxt yazıçılardandır ki, bu gün biz onun əsərlərinin təqdimatını deyil, hətta müzakirəsini də keçirə bilərik, çünki onun əsərlərini hamı oxuyub. O, həm elitar, həm də kütlə üçün yazır, bütün təbəqələrə sirayət etməyə çalışır. İlqar Fəhmi qəzəli hamının anladığı dilə gətirib. O, öz həyatından daha çox qələmə aldığı obrazların həyatı ilə yaşayır”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca məhsuldar yazıçı İlqar Fəhminin uğurlarına sevindiyini, onunla fəxr etdiyini dilə gətirib:
“Əgər yazıçı yazmağı bacarırsa, istənilən şəraitdə yazacaq. İş görrmək istəyən adam üçün işdə var, vaxtda var. Qırx yaşında bu qədər kitab yazmaq onun işləməyə həvəsi olmasından xəbər verir. Mən İlqara yaradıcılığına görə təşəkkür edirəm”.
İlqar Fəhmini fenomenal, zamanımız üçün çox məhsuldar yazıçı kimi dəyərləndirən dramaturq Əli Əmirli onun teatr səhnəsində də parlayacağına ümid etdiyini söyləyib: “İlqar Fəhminin yaradıcılığında Şərq təfəkkürü ilə Qərb təfəkkürü çox gözəl uzlaşır. O, köhnə qəzəl janrında yeni fikir deyir. Onun yaradıcılığında yazıya virtuoz yanaşma var”.
Filologiya elmləri doktoru Vaqif Yusifli çıxışında İlqar Fəhminin yaradıcılığından, həmçinin televiziyada aparıcısı olduğu “Məclisi-Üns” verilişindən söz açıb: “İlqar Fəhmi Əliağa Vahiddən sonra yeni üslubda qəzəl yazan şairlərdən biridir. O, qəzəllərində ərəb, fars sözlərindən daha çox azəri türkcəsinə üstünlük verir. “Məclisi-Üns” adəbi verilişində Qərb ədəbi cərəyanlarını klassik poeziya ilə vəhdətdə tamaşaçılara təqdim edir”. Çıxışının sonunda V.Yusifli yazara müasir həyatımızdan daha çox yazmağı tövsiyə edib.
Təqbirdə kitabların naşiri Şəmil Sadiq çıxış edərək İlqar Fəhminin müasir yazarlar arasında yaradıcılığının çoxşaxəli olması ilə seçildiyini vurğulayıb, kitablarının çapı üçün məhz “Xan” nəşriyyatını seçdiyi üçün ona təşəkkür edib.
İlqar Fəhmini cəmiyyətdə bədii-fəlsəfi, estetik-sosial suallara bir ziyalı, vətəndaş, yazıçı kimi söz deməyə haqqı çatan bir insan kimi qiymətləndirən tənqidçi Əsəd Cahangir çıxışında yazarın ədəbiyyatın müxtəlif sahələrdə qələmini uğurla sınadığını iştirakçıların nəzərinə çatdırıb: “Çox zəngin yaradıcılığa malik İlqar Fəhmi təvazökar insandır O, Bakı ədəbi mühitinin Azərbaycan Yazıçılar Birliyinə bəxş etdiyi ən böyük imzadı. İlqar Fəhmi milli köklərə bağlıdır, eyni zamanda Avropa ədəbiyyatının ənənələrini bilir, Şərqnən Qərbi sintez edir”.
Təqdimat mərasimində filologiya elmləri doktoru Asif Rüstəmli, Hacı Sabir, şair Oktay Rza, Şəhla Ağbulud şıxış edərək İlqar Fəhminin çoxcəhətli yaradıcılığından, kitablarının məziyyətlərindən söz açıblar, müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış edən İlqar Fəhmi yaradıcılığına verilən dəyərə görə toplaşanlara təəşəkkür edib, kitablarını imzalayaraq oxuculara təqdim edib.
Məlahət Qənbərova