Modern türk ədəbiyyatının ən istedadlı yazıçılarındandır. O, qələmindən bir sehrbaz çubuğu kimi istifadə edir. Rəngarəng duyğularıyla süslənmiş hekayələri oxucunu bir anda heyrətləndirir. Bunları təkrar-təkrar oxumaq istəyi oyanır oxucuda və tez-tələsik növbəti bir hekayəyə keçmək olmur.
Yalçın TOSUN
DAMDAKI
... Sonra, bax, sən gəldin. Ulduzların altında yatdıq. Anam marağına boğulub gəlməzdən, ulduzlar başımıza ələnməzdən öncə yatdıq. Yenidən bir xəyal qurar kimi, heç oyanmayacaqmış kimi yuxuladıq. Mən öncə özümü yatmış kimi göstərib sənin yatmağını gözlədim. Sonra uzun-uzadı yatışına tamaşa etdim. Başqa vaxt doya-doya baxa bilmirdim, doyana qədər baxdım. Bir kişi deyildin, artıq bir qadın da deyildin. Uşaq demək istəsəm də, deyə bilmərəm. Yatmış birisi idin, bütün uyuyanlar kimi bir məxluq idin. Üzünə tamaşa edib durdum, sonra çiyinlərinə, məmələrinin sivri uclarına baxdım. Dərsim idin, barmaqlarının uclarına qədər əzbərlədim səni. Bəlkə, əlin əlimə dəyərdi sən yatarkən, ayaqların ayaqlarıma toxunardı bir az. Sevincdən havalanmış kimi oldum. Saçlarını, boynunu, qollarını qoxladım. Necə zərif, necə gözəl qoxuyurdu! Mandarin qoxularına qarışırdı sənin qoxun. Onları sıxır, utandırırdı. Anam çöldə idi, biz yatdıq. Qapıdan çıxarkən çox mənalı baxdı anam, görməməzliyə vurdum özümü. Dili “Oğlum, dolabda ayran aşı var” desə də, gözlərində həmin ağrılı baxışlar idi: “Mən bu oğlanla neyləyəcəm, Ya Rəbbim?”
Nənəm evdə deyinirdi biz ehtiyatla dama çıxarkən. Ulduzlar vardı, heç olmadıqları qədər. Başımız üstündə sayrışırdılar. O soyuq qış günü məktəbin bufetində isinərkən sözləşərək: “Yayda evin damına yataq sərərik” deyincə necə həyəcanlanmışdın! Gözlərin parlamışdı! “Bu yay bizə gəlsənə” dedim. “Gələrəm, yahu” dedin. “Yahu, mahu” deyincə sən anladım ki, sevinmisən. Səni gözləyirdim, evdəki ətirşahlar təlaşdaydı. Atamın yırtıq başmaqları belə gözlərimə gözəl görünürdü, düşün. Qəfildən nənəmin baxışları məni yaxaladı. Fürsətdən istifadə edib məni öz yanında oturtdu, gəncliyindən danışmağa başladı. Bir Yanyalı çavuş varmış, mərhum babamla savaşıbmış onun üstündə, bilmirəm daha nələr. Dinləmədim ki, mən, fikrim ancaq sənin yanındaydı. Nənəm bir zamanlar gənc olubmuş, utanmadan söyləyir. Yadımda qalan bircə budur. Sən bunları eşitsən, ”Bu nə işdir, yahu” deyər, gülərdin. Sən, onsuz da, mən nə desəm, gülərsən. Bundan cəsarətlənib ümidlə “Gəl” dedim.. Yıxılacaqdım durduğum yerdə, “Gələrəm, yahu” deyincə. Sonra... Ətirşahlar haqqında sənə danışmışdımmı? Danışmışdım. Yaxşı, taxtapuşdakı köhnə kilim? Ah, bax, o da birdən-birə rəngbərəng oldu; al, çəhrayı, qızılı, bənövşəyi rəng aldı bu gözləmə zamanında. Anamgilə, söz arasında “Dostum gələcək” dedim. Qəhvəaltındaydıq. Atam, ağzı yeməklə dolu halda “Lap yaxşı, gəlsin” dedi. Dodağının qırağında bir pomidor parçası qalmışdı. Anamsa yenə həmin baxışlarla baxırdı: Kimdir, nədir, niyə gələcək? Heç nə soruşmadı. Bilirdi ki, cavab ala bilməyəcək. Soruşmaz. Ancaq baxsın o cür, az sonra öləcəkmiş kimi. Mənimsə fikrim damdakı yataqda, küləyin necə əsəcəyindədir. Bəlkə, ay da doğar, çiyinlərini yaxşıca parladardı. Sonra zəng etdin, “Gəlirəm” dedin. Sevincdən göbəknənəmə sarılmışdım. O, yenə üz alıb danışmağa başladı, bəzəkli-düzəkli. O dəqiqə qaçıb dama çıxdım. Səni yatıracağım yatağı oxşadım. Heç danışmadıq sən gələndə. Elə hey susduq. İçimdə qəribə suallar axıb dayandı. Sifətimdə gizləyə bilməyəcəyim heyranlıq vardı. Ah, necə uyuyursan indi sən, yol yorğunu olan göz qapaqların tir-tir titrəyir. Mən səni qoxlayıram. Mandarinlər hələ də utanırlar. Yavaşca sənə yaxınlaşıram. Toxunmadım amma. Bir az tərpənsən, yuxunda toxunacaqsan mənə. Qaçmağın yoxdur. O an yetişənə qədər yatmaq istəmirəm. Niyə gəldiyin önəmli deyil, bəlkə, bir az, sadəcə havanı dəyişmək, ulduzlar altında yatmaq istədin. Bəlkə də... Eynimə belə gəlmir. Sonra birdən qolunu üstümə atırsan. Heç düşünmədən mən də qolumu sənə dolayıram. Düşünsəm, bunu edə bilərəmmi heç? Yuxuda gülümsəyirsənmiş kimi gəlir mənə, dodaqlarının qırağı qaranlıqda parlayır. Nə külək əsir, nə ay doğub, ancaq ulduzlar sayrışır. Hər şey necə olmalıdırsa, o cürdür. Yavaş-yavaş silinməyə başlayan təbəssümünə baxaraq yuxuya gedirəm. Yay gecəsi yumalanmış iki yuxulu pişiyik, ulduzlu damda. Bir az sonra anamgil qayıdacaq. Anam dayanmayıb çıxacaq dama. Bizi biri-birimizə sarılmış görüncə yaxınlaşacaq, heç nə deməyəcək. Dayanıb duracaq başımız ucunda. Ölürmüş kimi baxışları üstümüzdə, deyəcək: “Ah,.. mən bu oğlanla...” Rahatlığımızı pozan varlığını duyub, diksinərək oyanacağam. Daha da bərk sarılacağam sənə, yuxuluymuşam kimi. Sonra sən də, anamı başımız üstündə dayanmış görərkən qımıldanıb açacaqsan gözlərini. Bir-birimizə sarılarkən ulduzlar utanaraq sönəcək. Mandarinlər gizlənəcək. Tək sənin qoxun qalacaq. Sən yavaşca kənara çəkiləcəksən. Qoxun da arxanca. Mən tərpənməyəcəyəm. Yataqda doğruldacaqsan özünü. Yuxulu gözlərini yerə dikəcəksən. Gözlərim yarıaçıq halda gözləyəcəyəm. Anam bir şey demədən, gecikmiş hirslə evə girəcək. Baxışlarını da özüylə aparacaq. Bir müddət tərpənməyəcəksən. Məndə hələ səs-səmir yoxdur. Vaxtı unutmaq üçün başqa şeylər düşünməyə çalışacağam, amma hədərdir. Sonra özünə gəlib əlini boynuna qoyacaq, bu dəfə “Bu da belə” deyəcəksən. Dünya üstümdən götürüləcək bir anda. Dərindən nəfəs alacağam. Ətirşahların sevinc dolu qışqırtılarına, göbəknənəmin açıq pəncərədən uçub bizə qədər gələn xorultuları qarışacaq. Əlin hələ boynunda qumral saçlarını yavaşca qarışdırarkən, yuxulu gözlərini mənə tərəf çevirəcək, birdən kirpiklərini qırparaq gülümsəyəcəksən. Ulduzlar yenidən parlayana qədər gülümsəyəcəksən. Biz o xəyalı yenidən qurana qədər gülümsəyəcəksən..
Tərcümə edəni: Zəka Vilayətoğlu
"Ulduz" jurnalı 2015 il