RETRO
Gecə səhərə kimi sancılanıb
Uladı qapımda külək.
Manitor isığında,
Klaviatura üstündə səhnəyə çıxdı barmaqlarım.
Xatirələrin qışqırığını
Hərf-hərf pıçıldadı barmaqlarım
kompüterin qulağına.
“Bir axşam taksidən düşüb payıza”
oxudu Flora.
Sən hələ də,
Həyətdəki, axsaq velosipedə söykənib
İllərin arxasından gülümsəyirdin.
Ayaqlarını gizlədirdin taykeş çəkmələrində.
Donmuş əllərinlə üşənə-üşənə
əyninə kiçik gələn köynəyini dartışdırırdın
açılmış göbəyinin üstünə.
Uşaqlığıma yaxınlaşdıqca
Böyüməyim qocaltdı-
budağına nərdivan söykəyib
asdığın yelləncəyimin.
Kiçik ovcumuzun xəritəsində
ərköyüncə oynadı taleyimiz.
Anamın hörüklərimə bağladığı
film lenti idi, hər yağış yağanda
xəyallarımın kinoteatırında dönə-dönə baxdığım .
Bu axşam,
Sənə yazdığım bütün şeirlərimi
Bircə düyməylə silib,
Düymələdi və monitoru söndürüb
səhnədən endi barmaqlarım.
Amma sən
Hələ də əyni nazik dayanmısan
Xəyallarımın ən istı yerində.
BIR BOŞQAB ÜMÜDSÜZLÜK VƏ BIR DİLİM ŞEİR
Heç nə bildiyin kimi deyil.
Bu səhər də sükuta acıldı.
Televizorda yemək bişirən qadından başqa
heç kim danışdırmadı bu evdəki sükutu.
Bir boşqab ümüdsüzlük
və bir dilim şeirlə
rahatladım əzilmiş yastığımı.
Mətbəxdə çayı soyuyan oğlumun ilk sevgisini,
Süd dişlərinin çürüyündən utanan
Cəsarətsizliyi girov götürmüşdü.
Heç nə bildiyin kimi deyil…
Avqust günəşinin şüalari
Pəncərədən süzülüb
Meşin kürkünün qucağında üşüyürdü.
Masanın üstündəki varağın
Fikirli sətirləri
İllərdi yazib qurtara bilmirdi səni.
Heç nə bildiyin kimi deyil.
Qonşu qızı
Qıvırcıq Leyla
Xəzərin sularında üzüb,
Üzdü hamımızı bu yay.
Minib getdi Əzrailin qayığında.
İndi məhləmizin tən ortasında
Yekə bir mağar qurulub-
Uşaqlığımızın öldüyü yerdə.
Heç nə bildiyin kimi deyil.
Dəhlizdəki güzgüylə də
Aram çox pisdi bu aralar.
Saçlarımın ağını
Daha böyük planda xatırladır mənə hər gün.
Daha gözlərim eynəyimin pəncərəsindən
torlu baxır dünənə.
Köhnə şəkillərdə
Təzə nəsə axtarmaq vərdişi
Mənə atamdan keçib.
Şəkillərində,
Bütün xatirələrindən ən canlısıdır ,
canındakı döymədə
Adımın baş hərfi.
Heç nə bildiyin kimi deyil.
Bu səhər də sükuta açıldı.
Bu səhər də
Otağımın qapısından
Divardakı saatı göstərib
Başını yellədi anamın gileyi…
REMARKA
Pərdə qalxır ,
tamaşa dəhlizdən başlayır.
Cərgəylə düzülmüş qarışqaların
hələ də umüdləri yedirə bilməyən bu evdə
yemək axtarması
əclaf inamı dipdiri saxlayib…
Güzgudə özünü görməyən oğlumun
Doqquz yaşlı barmaqları,
gülən uz cəkir güzgünün
toz basmış mısmırığına…
Rəfdəki kitabları qarışdırır
qızımın uç yaşlı sevinci..
Hörümçək torunda
can verən ağcaqanadların
tamaşasına yığışıb evdəki səssizlik.
Çöldə damla-damla dolan gölməçələr
yağışdan yox,
bu evin şüşə gözlərindən səpilib.
Sən demə,düz otuz ildi
kuncdə tək ayaq üstə duran usaqlığımı
bu evin taleyi qocaldıbmış…
Sən demə, otaq soyuq olanda
ev daha geniş olurmuş…
Növbəti tamaşanın
afişasını yazır
divardakı saatın qələm əqrəbləri…
Sonra qızımın etiraz dolu səsi gəlir qulagıma:
“ana bu kitablarda şəkil yazılmayıb”.
Qızımın əlindən yapışıb ,çıxarıram uşaqları
bu şəkilsiz, boş çərçivədən.
Bir topa açar alqışlayır cingiltiylə
bu müqəvva evin kədərli tamaşasını.
İsıqlar sönür…
Qaranlığı çəkib üstünə gözlərini yumur pəncərələr…
arxamızca qəh-qəh çəkir ,
güzgüdəki gulən üz…
YUXU YOZUMU
Yaman solaxaydı urək ağrısı,
Sancısı şeirdən tutub yeridi.
Taleyi ovucdan oxuyan şair,
Əllərim bir ovuc sığal yeridi.
İçimdə bu soyuq nədir, donuram,
Yaman üşüyürəm ürək əsəndə.
Daha dindirmirəm xəyallarımı,
Dilimi kəsmişəm kəlmə kəsəndə.
Duamın əlləri göyə uzanıb,
Hey dartır tanrının ətəyin yerə.
Bir şeir canı var ağrılarımın,
Çəkmişəm qələmin tətiyin yenə.
Elə yorulmuşam, bu yolsuzluğum
Yerisəm, bir addım zamandı, şair.
Dərd təzə dəmləyib goz yaşlarımı,
Gəl içək, soyutma, amandı, şair...
FILM
Qollar zəyiflədikcə,
Ürək daha cox yük qaldırırmış.
Ey… güzgüdəki!
Yalın ayağına yapışan addımların
son nəfəsi sızıldayır dabanlarında.
Bayaqdan bəri
Baxdığın kadrlarda tətiyin ucu qədər
kiçik dəlikdə gözləyir ölüm.
Gizləndiyi qaranlıq yetir,
Əsgərin dünyasını qara boyamağa...
Onunsa gücü, bircə əlinə catır
Sinəsinə dayamağa...
Sonra o əsgərin açıq qalmış gözləri ,
Son gördüyü mənzərənin şəklini çəkib
Tullayır ekranın şüşəsindən döşəmənə.
Həyətdəki, əhənglənmiş
Daş divarın yaddaşında
Vərəqə şeir pıçıldayan şairin əlləri
Yenə sətirlərin üşüdüyündən gileylənib
Çəkir kibriti, isitmək üçün yandırır şeri…
Retro xəyallarının
Bir küncündə ilişib qalan,
Pəncərədən süzülən işıqla
sevişən insan kölgəsi...
Və poçtolyonun gətirdiyi
şabalıd qoxulu məktublar
bihuş edir xəyallarını.
Həyat albomu səhfələndikcə
öldüyünü yəqin edirsən.
Anlaya bilmirsən əməl dəftərinin
Hansı əlinə verildiyini...
Qapı döyülür,
xəyalların bayaqdan bəri evini doldurduğu
bütün dekorasiyanı yığışdırır.
Əlinə sığışdırılmış işıq qəbziylə
Hələ də həyatda olduğunu anlayırsan.
Əlin cibində üşüyür, ürəyin içində…
Göz yaşların axdıqca azan səsinin ətəyinə
Şairin əlləri kibriti yerə atıb,
Döşəmədən, əsgərin tulladığı şəkilləri qaldırır.
Muğam avazlı dualar dəyişir otağın havasını.
Əməl dəftərinin son səhifəsinə
əriyib damcı-damcı süzülür güzgüdəki.
Düşür bütün pərdələr…
film bitir!
SƏN ÜŞÜYƏN ADAM DEYILSƏN.
İkimizi də eyni yerə,
Əlimizdən tutub
Taleyimiz gətirmişdi dost.
Danışmağı, yeriməyi öyrətmədən bizə
Dünyanın bir küncünə tullayıb getmişdi…
Şansımızın alnına da
“Bəxtinizi bir daha sınayın”
Yazıb, gizlətmişdi tum poketlərində.
Elə ilk gündən
Dünyaya borcla başlamışdıq dostum…
Allah borcu, ana borcu, ata borcu,
Vətən borcu, övlad borcu…və…və…
Sonra, cibimizdəki bank siçanları
Bütün sevincimizi gəmirdi…
Bizə, hərəkət etməyi, yeriməyi
borclarımız öyrətdi.
Bizə danişmağı dərd öyrətdi dost…
Niyə oturmusan sönmüş sobanın dizi altında?
Qaldır başını dostum,
Sən üşüyən adam deyilsən.
Hələ çöldə Novruz tonqalı yanır,
Ümüdlərimizə bayram arzuları geyindirmişik,
Qismətimizin qapısına hələ papaq atacağıq.
Hələ xəyallarımız bayram sovqatı gətirəcək bizə…
Gileylənmə ki, pulun işiği azaldıqca
işıqpulu qaranlıqda qoyacaq bizi.
Eybi yox, biz romantik insanlarıq dost.
Kasıblıq daha romantik görünür şam işığında
Qaldır başını dostum,
Artıq nahar vaxtıdı,
Gel oturaq, iki qismət söz yeyək.