Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan, sözün əsl mənasında, iki böyük insan - Əziz Şərif və Abbas Zamanovdan, onların dostluğundan söz açmaq istəyirəm. Mayası yurd sevgisi ilə yoğrulmuş, çoxlarının qəlbində öz əzəmətli heykəllərini ucaldan bu insanları qoşa çinara deyil, bütün varlığı ilə torpağa bənd olan bir cüt nadir narbəndə bənzətmək istəyirəm. Yurd yiyəsi olan Abbas Zamanov və "özündən asılı olmayan obyektiv səbəblərdən" qərib olan Əziz Şərif bu torpaqdan güc almış, kök atmış və bütün varlıqları ilə Vətən notları üzərində köklənmişdilər.
Onlar istər əbədi-elmi, istərsə də ictimai fəaliyyətləri ilə millətimizə və məmləkətimizə layiqli övlad olmuşlar. Bu insanların çoxşaxəli elmi araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimiz zənginləşmiş, bir çox qaranlıq səhifələrə aydınlıq gətirilmişdir. Müasir ədəbi prosesin tədqiqində də onların əvəzsiz xidmətləri danılmazdır. Bu xidmətlərin qayəsini Azərbaycançılıq ideyası təşkil etmişdir. Hər an Azərbaycanı təbliğ etmək, tanıtmaq, yurd uğrunda çarpışmaq - bu idi hər ikisinin amalı. Bu müdriklərin təkcə ədəbi-elmi fəaliyyətləri deyil, dostluqları da hamıya örnək ola biləcək bir səviyyədə idi.
Onların məktublaşması təkcə dostluğun qüdrətindən, gücündən deyil, yaradıcılıq xüsusiyyətlərini, yaradıcılıq planlarını paylaşmaq baxımından da çox qiymətlidir.
Məktublarının birində Əziz Şərif yazırdı: "... Hər halda səndən bunu da xahiş edirəm ki, bu məktublarımı atma, sonra arxivə verərsən. Qoy gələcək nəslimiz bizim necə yaşayıb, necə düşündüyümüzü, bir-birimizlə rəftarımızı bilsin..." Bunun nəticəsidir ki, bu gün istər Abbas Zamanovun, istərsə də Əziz Şərifin şəxsi fondlarında qiymətli mənbələrdən birini də məhz bu məktublar təşkil edir. Bu məktublaşma düz 47 il sürüb.
1939-cu ildən başlayan bu yazışma 1987-ci ilədək davam etmişdir. Abbas Zamanov Əziz Şərif üçün informator rolunu oynayırdı. O, Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında baş verən əhəmiyyətli hadisələr barədə dostuna müfəssəl məlumat verirdi. Özü də istəmədən doğma elindən uzaqda yaşamağa məcbur olmuş, Moskvada, özünün yazdığı kimi, "mühacir, daha doğrusu, qaçqın" kimi yaşayan, lakin hər bir əməli ilə Azərbaycanı təbliğ edən, ürəyi daima Vətən həsrəti ilə göynəyən Əziz Şərif məktublarının birində yazırdı: "...Bəzən fikirləşirəm ki, bəlkə anan səni doğmayaydı, onda mən necə yaşar, necə dolanar, bu əyyamda necə baş saxlardım. Hələ orasını demirəm ki, sən təkcə mənim yox, bir çoxlarının yaşayışını yüngülləşdirirsən, hətta ölənlərin də xatirəsini əbədiləşdirməyə çalışırsan...".
Lakin düz 20 ildir ki, bu məktublaşmaya xitam verilmişdir. Artıq 20 ildir ki, Əziz müəllim, 15 ildir ki, Abbas müəllim köç karvanına qoşulub bizləri tərk etmişlər.
Ömrünün düz beş ilini Abbas müəllim qəlbindən keçənləri, sevincini bölüşən, kədərini paylaşan Əziz Şərifsiz keçirdi. Bəlkə də dərdlərinin, sözlərinin ağırlığını daşıyan vərəqlər, onları sıralayan qələm də, bu məktubları daşıyan poçt da qəribsədi, darıxdı, sıxıldı onlarsız. Lakin özünün həmişə titulsuz, fəxri adsız, "sadəcə Əziz Şərif" kimi tanınmasını istəyən Əziz müəllimin və onun silahdaşı, sirdaşı, qardaşı Abbas müəllimin qəlbləri titrədən, böyük, sanballı dostluqları tarixə düşdü, onların yaradıcılıqlarında ayrıca bir qola çevrildi, memuar ədəbiyyatımıza layiqli töhfə oldu.
Qeyd etdik ki, Abbas Zamanov-Əziz Şərif məktublaşması həm möhtəşəm dostluğa nümunədir, həm də ədəbi irsimizin tədqiqini izləmək baxımından böyük əhəmiyyət daşıyır. XIX-XX əsr Azərbaycan ədəbiyyatını tədqiq edənlər bu məktublarda iki görkəmli şəxsin fikirləri, mübahisələri, tövsiyələri ilə qarşılaşır. Burada istər klassik, istərsə də müasir ədəbi irsimiz müzakirə obyektinə çevrilmiş, fikir mübadiləsi edilmiş, ümumi bir fikir, ümumi bir rəy söylənmişdir.
Bu məktublarda kimlərdən, nələrdən bəhs olunmur? Hələ 1969- cu ildə Abbas Zamanovun Hüseyn Cavidin qəbrini tapmaq üçün adam göndərdiyini eşidən Əziz Şərif öz minnətdarlığını bildirmiş, özünün də bu təşəbbüsdə bulunduğunu, material topladığını vurğulamışdır. Cəlil Məmmədquluzadənin anadan olduğu yerin dəqiqləşdirilməsindən başlayaraq, onun əsərlərinin nəşri, Mirzə Cəlil irsinin təbliği yolları da bu məktubların mövzusu olmuşdur.
İstər Abbas Zamanov, istərsə də Əziz Şərif ədəbi irsimizə diqqətlə yanaşmağı, onu təhrif etməməyi tələb edirdilər. Məktublarının birində Əziz Şərif yazırdı:
"...Mənim əzizim, hər bir tarixi hadisəni və tarixi şəxsiyyəti olduğu kimi öyrənmək və qiymətləndirmək lazımdır, rəhmətlik Sabir dediyi kimi, "Gəci gəc, əyrini-əyri, düzü həmvar yazım!" Məmmədağa ziddiyyətli sima idi, hərdən qabaqcıl fikirli, çox zaman irtica fikirli şəxsiyyət idi. Bunu gizləməklə heç nə qazanmaq olmaz. Çünki sabah birisi bu adama aid materialları tapıb qoyar qabağına və keçmişdə ört-basdır edilmiş həqiqəti açar və elan edər. Buna görə də keçmişdə fəaliyyət göstərmiş adamlarımızı hərtərəfli öyrənmək, mənfi və müsbət cəhətlərini açmaq və izah etmək lazımdır. Elmin əsl yolu budur. Istər Məmmədağa Şaxtaxtinski, istər Firudin bəy, istər Eynəli bəy, istər Qənizadə və başqaları yaşadıqları ziddiyyətli dövrün yetirmələridir, onları öz dövrlərindən ayırmaq olmaz. Biz isə çox zaman bu kimi şəxsiyyətləri ya sırf qara, ya sırf ağ rənglə boyayırıq. Burada elmi obyektivlik yeganə doğru yoldur. Elmi obyektivlik də tədqiqatçının səviyyəsindən asılıdır. Obyektiv olmağı bacarmaq lazımdır..."
Bu insanların hər ikisini dövrün salnaməçiləri hesab etmək olar. Yaşadıqları uzun ömür, ictimai-siyasi həyatdakı, ədəbi mühitdəki bütün gedişatları izləmək bacarıqları ilə birləşərək xalqa xidmət üçün istiqamətlənmişdi. Müasir ədəbi prosesi də dərindən izləyirdilər. Məktublarının birində Əziz Şərif yazırdı: "Gözümün işığı”!
Bir neçə gün əvvəl məktubunu, bu gün də Əli Sultanlının kitabını aldım. Çox sağ ol, çox var ol! Allah səni bizim kimi qərib ellərdə can çürüdənlərə, gözləri yollarda qalanlara çox görməsin! Sənin hər bir məktubun sanki mənə Vətənin havasını gətirir. Ona görə də məktubların arası kəsiləndə mən özümü oksigensiz kimi hiss edir, darıxmağa başlayıram.
Keçən məktubumun cavabı yubanmışdı, yəqin ki, buna bir səbəb var. Sən də belə yazırsan, amma üstdən keçib, səbəbini bildirmirsən. Yenə nə olub? Bəlalı başında yenə nə qəzavü-qədər vardır? Bəlkə mən də işə yarayar, kömək edə bilərəm? Bizim aramızda oxu atıb yayı gizlətmək düz olmaz. Gərək hər şey bulaq suyu kimi aydın və şəffaf ola.
Əli Sultanlının kitabına yazdığın müqəddimə çox şirin və səmimi yazılmışdır (sənin o biri yazıların kimi!). Çox sağ ol, heç bir ədəbiyyat sənin kimi fədakar mücahidsiz ötüşə bilməz. Vay o ədəbiyyatın halına ki, onun Abbas Zamanovu olmasın!"
Başqa bir məktubda isə yazırdı: "...Sənin varlığın mənim üçün həm dayaq, həm də böyük təsəllidir. Dostluqda, sədaqətdə sənin mislin yoxdur. Sənin bu keyfiyyətin mənə keçmiş kişiləri (əsl kişiləri) - mənim atamı, Sidqini, Sabiri, Mirzə Cəlili xatırladır."
Əziz Şərifin bütün məktublarında Vətən həsrəti, səngiməz bir nisgil insanı qarsalayır. Sanki hər bir sətir "Vətən, sən nə şirinsən!" - deyir. Onu da qeyd edək ki, ömrünün çox böyük bir hissəsini Rusiyada keçirməsinə baxmayaraq, məktublarının hamısını doğma Azərbaycan dilində yazmış, kiçik bir səhvə belə yol verməmişdir. Və bunu başqalarından da tələb etmişdir. 23 iyul 1968-ci il tarixli məktubunda yazır:
"...Çalış, əzizim. Bizə nə qalsa, vicdanla çalışmaqdan qalacaq, bizi də çox yaşadacaq. Mədəniyyətimizin divarına qoyduğumuz hər bir kərpiç bizə fərəh verəcək ki, bu da ömrümüzü uzadacaq. Bir mülahizə elə gör ki, yüz yaşına qədər biz nə qədər iş görə biləcəyik ...Biz çalışmalıyıq ki, bu günkü fəaliyyətimizdə gözüaçıq olaq, elə hərəkət edək ki, bizdən sonra gələnlər illər uzunu bizi yada salıb ha deməsinlər: Ölülər, ölülər!
Bəli, əzizim!
Sən akademiya prezidumunun qərarını mənə göndərmişdin. Azərbaycanın Nizami muzeyi haqqında qərarını. Bu qərar hansı dildə yazılmışdır?
...Gürcü akademiyası, erməni, Ukrayna, belarus, Litva, Latviya və sair milli akademiyalarının heç biri öz qərarını başqa dildə, hətta Puşkin və Lenin dilində yazmazdı, çünki hər millətin öz dili var, xalq dili var...
...Bu gün biz öz mənliyimizi anlamamışıqsa, Füzulidən tutmuş Səməd Vurğuna qədər bütün parlaq keçmişimiz bizə haram olsun. Biz onlara layiq övlad deyilik. Çünki heç kəs bizi öz dilimizi unutmağa məcbur eləmir. Biz özümüz, öz xoşluğumuzla, öz iradəmizlə mənliyimizi heçə veririk. Çünki biz "ölülərik!" Dərd burasındadır. Milli faciə burasındadır.
Azərbaycan ədəbiyyatının tanınması, dünya arenasına çıxması və təbliği qayğısına qalan Əziz Şərif var gücü ilə çalışmaqla yanaşı, bu işə Azərbaycandakı alimləri, ziyalıları da qoşmağa çalışır, vətəndaş qeyrəti göstərməyə çağırırdı. Çağırışlarına dəstək görməyəndə, yaxud iş ürəkdən, can yanğısı, millət sevgisi ilə görülmədikdə bütün hirsini, öfkəsini Abbas müəllimə ünvanlayırdı:
"Biz hələ Hacı Həsən donundan çıxmamışıq, aramızda zırramalar istədiyin qədərdir, bir sürü doktor və namizədimiz olduğu halda alimimiz az, çox azdır. Bu həqiqətdir. Bunu anlamayınca, biz ayılmayacaq, gözümüzü açmayacaq, irəli bir addım da atmayacağıq. Mən mübaliğə etmirəm. Bu həqiqətən belədir. Bircə misalla səni inandıra bilərəm, çoxmillətli sovet ədəbiyyatının Moskvada çap olunan tarixindəki səhifələrə bax. Bu tarixin 1932- 1941- ci illərə aid səhifələrini hesabla. Bu dövrdə Azərbaycan ədəbiyyatı qaynar həyat keçirirdi: Cabbarlı, Cavid, Mir Cəlal, Süleyman Rüstəm, Vurğun, Mirzə, Mehdi, S. Rəhimov, S. Rəhman, Əbulhəsən..."
Bu dövrə tarixdə 15- cə səhifə verilmişdir. Erməni ədəbiyyatına isə (yenə bu dövrə)- 45 (üç qat artıq:) və gürcü ədəbiyyatına 51 səhifə verilmişdir. Niyə belə olub? Ona görə ki, Nizami adına Ədəbiyyat Institutu 15 səhifədən artıq yazmaq istəməyib. Tənbəlləşib. Nəticədə isə bizim zəngin ədəbiyyatımız yoxsul göstərilib”.
Əziz Şərifin məktublarının demək olar ki, hamısında tövsiyələr, məsləhətlər üstünlük təşkil edir, Abbas Zamanovun ona yazdığı məktublar isə Vətən həsrətini unutdurmaq üçün verilən şad xəbərlərlə, yeni məlumatlarla zəngindir.
Əgər Əziz Şərif bütün məktublarını "Qardaşım Abbas, gözümün işığı!" ifadəsi ilə başlayırdısa, Abbas Zamanov isə ona "Əzizim, iki gözüm, qardaşım, müəllimim Əziz!"- deyə müraciət edirdi və hər məktubunda onu doğma diyarın yeni bir uğuru ilə sevindirməyə çalışırdı. 8 aprel 1987-ci il tarixli məktubunda yazır:
"...Sənə şad xəbər vermək, səni sevindirmək istəyirəm. Bildiyin kimi, Mirzə Cəlil Nehrəmə gəlməzdən əvvəl Şərur qəzasının Baş Noraşen - "indiki Cəlilkənd" məktəbində müəllimlik etmiş, "Çay dəstgahı" alleqorik pyesini qələmə almışdır. Məktəbin yerləşdiyi köhnə bina dağılırdı. H.Cavidin 100 illiyi münasibətilə Naxçıvanda olanda Şərura getdim. Həmin uçub-dağılan binanı rayon partiya komitəsinin birinci katibinə göstərdim. Katib söz verdi ki, binanı bərpa edib muzeyə çevirəcəyəm...
...Martın 29-da muzeyin rəsmi açılışı oldu. Şərur camaatı ayağa qalxmışdı. Naxçıvan şəhəri də axışıb gəlmişdi. Muzeyin açılışı ümumxalq bayramına çevrildi...
...İnan mənə, bu muzey Nizami muzeyindən sonra Respublikada ikinci ədəbiyyat muzeyidir.
Əslində, Mirzə Cəlilin Tiflisdə, Bakıda, Naxçıvanda, Nehrəmdə, Şuşada, Kəhrizlidə, hətta Təbrizdə belə xatirə muzeyi olmalıydı. Lakin indiyədək yoxdur. Demək, bu Mirzə Cəlilin birinci xatirə muzeyidir. Özü də ədibin adına layiq muzeydir. Inşallah, yolun Naxçıvana düşəndə gedib baxarıq. Bütün bunları səni sevindirmək üçün yazdım. Yazdım biləsən ki, el bir olsa, dağ oynadar yerindən..."
Vətən həsrəti ilə qovrulan Əziz Şərif isə öz hisslərini sirdaşı ilə bölüşməklə bərabər, həmişə həsrətini çəkdiyi doğma Naxçıvana olan biganəlikdən, laqeydlikdən gileylənirdi. Hələ 1968- ci ildə yazırdı: "Bilmirəm Nalçikdə olmusan, ya yox. Amma nə qədər desən səfalı yerdir. Ağaclar çiçəkləyir, ancaq günəşsiz hər şey öz təravətini itirir. Geniş küçələr, meydançalar , yaşıllıq, təzə uca evlər şəhəri xeyli gözəlləşdirir. Fikir edirəm ki, kaş bizim Naxçıvan (axı o da, Nalçik kimi, MR-nın paytaxtıdır!) belə abad ediləydi ki, adam baxanda ürəyi açılaydı! Təbiətcə Naxçıvan Nalçık kimi səfalı yerdir, ancaq mədəniyyət və qayğı etibarilə yetim, sahibsiz ölkədir. Nalçikə xərclənən vəsait Naxçıvana xərclənsəydi, o da bura kimi adamı valeh edərdi..."
Ruhun şad olsun, Əziz baba! Əgər gözlərini bir anlığa aça bilsəydin, görərdin ki, arzuların çin olub. Bu gün Naxçıvan özünün intibah dövrünü yaşayır. Bu gün o, Avropanın bir çox şəhərləri ilə müqayisə edilə biləcək gözəlliyə malikdir. Qədim Naxçıvan həm də gəncləşib. Yeni memarlıq üslubu ilə tikilmiş obyektlər, geniş, işıqlı küçələr ürəyin istəyən kimidir.
Ruhun həmişə Vətən yanğısı ilə yaşamış, cismin də torpağında, özün kimi çox sadə bir məzarda, ən başlıcası isə, "müqəddəs qəbirlərin" yanında uyuyur. Bunu sən özün istəmişdin. Hələ 1973- cü ildə əzizlərinin uyuduğu məzarlığı ziyarət etdikdən sonra könlündən onlara qovuşmağı keçirib yazırdın:
"Bir şeyə diqqət etdim. Üçlüyə. Qardaşım Cavad 3 yaşında, Atam Qurbanəli 63 yaşında, anam Nazlı 83 yaşında. Qaldı 4-cü 3. Görəsən bu kimə qismət olacaq". Bu sənə qismət oldu. 93 yaşında öz axirət dünyana qovuşdun. İstəyin oldu.
Məktubları vərəqlədıkcə sanki sehrli bir aləmə düşürsən. Odlu sətirlərdən, bu böyük insanlarla həmsöhbət olmaqdan usanmırsan, doymursan.Sətirlərdən onların isti nəfəsini, Vətən məhəbbəti ilə qaynayan gözlərinin və əllərinin hərarətini duyursan. Kövrək və ifallı baxışlar qulaqlarına sakitcə, hec kəsin eşidə bilməyəcəyi bir şəkildə fəxrlə pıçıldayır: "Biz belə bir ömür yaşadıq".
“Azərbaycan “ jurnalı