ADİLİK
Olum da adiləşdi,
ölüm də adiləşdi...
Hər gün gedib-gəldiyim
yolum da adiləşdi.
Adiləşdi sevdiyim
gözlərin baxışları.
Adiləşdi anlımın
yazısı, naxışları.
Qurtardım, bitdim daha,
Əridim, itdim daha.
Sizlər salamat qalın, Mən çıxıb getdim daha!
ÇÜNKİ
Qanqalın da gülü var,
amma döşə taxılmır.
Çünki ona sevdalı
gözlər ilə baxılmır.
SƏNƏ GÖRƏ
Xəyalımdasan, amma
sən xəyali deyilsən.
Yəqin xəyallarından
sən də xali deyilsən.
Ürəyimdə yer salıb,
beynimdə gizlənmisən.
Mən ağrılar çəkmişəm,
sənsə əzizlənmisən.
Hər gün bir az düşmüşəm
gözlərimin gözündən.
Sənə görə təklənib
qovulmuşam özümdən.
ALLAH
Bu gözəl güldür, Allah!
Bu gülü soldurunca,
Sən məni öldür, Allah!
On sığal çəkmişəm
Gözümlə göz dolusu.
Dilim xeyir-dualar,
Ürəyim söz dolusu.
Qadasını aldığım
Mənə qan uddurubdur.
Tanıdığım gülləri
Bir-bir unutdurubdur.
Çəksəm də çəkdiyimi
Ədasından, nazından.
Üz tutub yalvarmışam
Gündə yüz yol azından.
Bu gül başdan-ayağa
Tamam ətirdir, rəngdir.
Dünən füsunkar idi,
Bu gün daha qəşəngdir.
Bu gözəl güldür, Allah!
Bu gülü soldurunca,
Sən məni öldür, Allah!
GƏZMƏ
Mənim yazılarımda
Təbaşir tozu yoxdur,
Silməyə silgi gəzmə.
Özün yaxşı bilirsən
Yazıya pozu yoxdur,
Bir ayrı bilgi gəzmə.
Alnımın lövhəsindən
Köçürmüşəm onları,
Pozma, insafın olsun!
Qəlbimin sınağından,
Beynimin qınağından
Keçirmişəm onları,
Yozma, insafın osun!
Qəbul eylə necə var.
Hər deyəndə yazılmır
Bu qədər saf yazılır.
VARSA
Sənin gözəl olduğunu
Məndən artıq bilən varsa,
Bilməz olum!
İşığına mənim kimi
Gələn varsa,
Gəlməz olum!
Səndən ötrü mənim qədər
Ölən varsa,
Ölməz olum!
Azərbaycan jurnalı