***
Sökülməsə Gün gizlədən,
qara danlar,
çox vicdanlar buz bağlayıb,
hökm edəcək qar adamlar.
Tunc heykəllər töküləcək,
daşlar üstə.
Zərif güllər səriləcək,
daşdan olan döşlər üstə.
Qarabağdan qarı bağban,
itilməsə ilim-ilim,
Vətənsizdir məhəbbətim!
Bu da sözün bitdiyi yer.
Günəşin gizləndiyi yer,
qara danlar.
Açılmağa qoyun onu,
qar adamlar..
DÖNMƏRƏM
Ta dönmərəm səmtinə,
Ha harayla,ha çağır.
Bizim görüş yerinə,
Göydən ayrılıq yağır.
Almasız bitdi əfsus,
Sevgimizin nağılı.
Məhəbbətin saçına,
Həsrət çəkdi sığalı.
Zaman çarə etmədi,
Sən adlı bu ağrıma.
Daha adını silib,
Daş basmışam bağrıma.
Qəlbimdə bir kədər var,
Üzüm güllər açsa da.
Ürəyim gəlməz sənə,
Ayaqlarım qaçsa da.
***
Hər səhər Günəşin eşqindən doğa,
Bir sevgi qalası tikilə bilə.
Göydən ümid dolu arzular yağa,
Həsrətin hasarı sökülə bilə.
Eşqin bağçasında qulluq edəsən,
Solan bağçalarda tağ göyərdəsən.
Gedəndə torpağa elə gedəsən,
Sinəndə bir Vətən əkilə bilə.
Yolçu bürünməyə yolarda aha,
Şərlə cızılmaya alınlar daha.
Yaşı yaşayasan,səndən sabaha,
Barı insan şəkli çəkilə bilə.
***
Şair çəmən-çəmən uçan kəpənək,
Güldən şirə əmən bal arısıdır.
Kim deyir,sözünün əri ol ərtək,
Şairlər sözünün lal qarısıdır.
Əlində deyil ki, taleyi sözün,
Sən onu yazmırsan,o yazır səni.
Bəzən unudursan,özünü özün,
Özündə olmasan,o tapır səni.
Ünvanın soruşsan,sor haralıqdan,
Sakindir,sükunət deyildir yeri.
Bir də görürsən ki,qanqaralıqdan,
Doğulur dünyanın ən gözəl şeri.
Hikməti bilinmir,hikmətsiz deyil,
Nədir hallandıran qəlbimdə sözü?
Nəticə vardırsa,səbəbsiz deyil,
Elə nəticədir,səbəbin özü.
Bunu dərk edirəm,o mənlik deyil,
O mənim mənimin qışqırtısıdır.
Şairi eşqinin yol yoldaşı bil,
Şeirsə, Allahın pıçıltısıdır
***
Sanki akvarium,
balığıyam bu gün,
suda can verirəm,
susuzluq üçün.
Dənizlər axtarıram,
qulaqlarımı açıb,
suyun səsini içməyə,
bir qapı istəyirəm,
sığdırıldığım çərçivəyə.
Bu qapı dənizə açıla,
Ordan da könlün istəyən,
sulara üzmək oa.
Yosunlara bürüyüb bədənimi,
təkcə özüm kimi,
yaşatmaq istərəm mənimi.
Kardır bu dar havada,
qəlsəmələrim,
heç olmasa,Rəbbim!
insaf et,
çək göylərin kürəyinə,
şimşək qırmanclarını,
silkələ buludlarını,
axıt üstümə öz tərimdən,
hamilə səmanın,
doğuş sancılarını.
sancı-sancı ütüləsin,
alnımın qırışlarını bu göz yaşları.
Bəlkə,bəxtimin də payına,
Bir damla düşə,
Hazıram ölməyə bu görüşə.
Mən ölsəm,deməyin səsi batıbdır,
Sağ ikən o qədər səsi batan var.
Deməyin torpağın altda yatıbdır,
Torpağın üstündə azmı yatan var?
Mən ölsəm,deməyin nədən ölübdür?
Bütün ölümlərin nədəni yoxkən.
Bilin bu səbəbə bir ölü gülür,
Gülüşün ruhu var,bədəni yoxkən.
Baxıram,dörd yanda heykəllər gəzir,
Bədənim süst düşür,ruhum daşlaşır.
Ağlı zəncirlidir,ruhu bir əsir,
İlahi, bu bədən necə dolaşır?
Bu soyuq addıma,çovğun izlərə,
Qucaq açdığına utanır Yer də.
Getmək istəyirəm,getmək bir kərə,
Gəzən heykəllərə yer varsa yerdə.
***
Otağın bir küncündə qaralır,
atılmış daraq dişlərinin tənhalığı.
Divarlar üşüyür bu şahidliyə.
Vaxtın tellərini darayır,
dişlərində saçlarınla,
didişmək hissi göynəyə-göynəyə.
səninsə saçlarını,
yad qapının dəstəyindəki əllər,
çeynəyə - çeynəyə,
doğrayır vaxtı əqrəblər.
Daha zaman susub,
Günəşin batdığını,
gecənin nələr yaratdığını,
anlamır darağın dişlərindəki qəriblik.
Bu darağın dişlərindən ,
vaxt da keçmir,
xıncım - xıncım olur, gözlərində.
vaxt vardı,
dişlərində əllər gəzirdi,
Açdığı izlər,
bir kişi sığalıyla əzizlənirdi.
İndi vaxtın yetimliyidir,
qranit üzlü yalvarışlar.
və bir də tənhalığın qoynunda,
asılmış baxışlar,
daraya bilmir daha,
bu otağın sükutunu,
Açın qapıları,açın,
havası sıxılır bu otağın.
***
Bu gün başqadır dəniz,
sahil kimsəsiz.
Baxışlarımda yellənən ləpələr,
dənizin qoynunda nənni,
qa səsli qağayı müğənni.
Oxuyur sevdasını dənizə,
ah,necə də qərib kimsəsizəm.
Sıxıb ağuşuna baxışlarımı dəniz,
sahildə yeriyir adımlarım,
ürəyimdən iznsiz.
Hər addım dirənir boşluğa,
sənsizlik keçir ayağım altından,
utanıram...
Qumların sinəsini deşən addımlarımdan.
Xırçıldayan qumların sinəsində,
doğranır sevgimin səsi.
Eynən göy üzünü döyən,
bir qağayı zümzüməsidir,
göylə yerin arasında yeriyən sevginin,
bu qumlaşan kölgəsi.
Bu gün...
Gün deyil mənim üçün,
dəniz də həmin,
mən də həminəm,
Tək sən yoxsan,
buna olmadığın qədər əminəm.
Yoxluğun yoxsulluğudur sahilin,
Bəlkə,bu sakitlik ondandır,
eh,bilsəydim dənizin dilin...
Kükrəmir dənizin hissi,
sükutu boğa halqalar,
bu anımı dəfn edə,
qumların altında dalğalar.
Gəl,seyr et,
dənizin qarşılıqsız sevgisini,
duy,yalnızlığın faciəsini.
Anla kimsəsizliyini ömrün,
heç olmasa,bircə anlıq,
dənizi öz yerinə,
sahili mənim yerimə qoy,gülüm!!!
***
Bu gün sülh yaralı göyərçin,
Bir pişik pəncəsində çırpınır,
havasızlığını yarmaq üçün.
Axır qanı səmasından,
Qarabağın qara bağrına.
Vətən üfüqlərində,
dan qapısının cırıltısına,
açıla bilmir yorğunluğundan,
sübhün gözü də.
Hər vaxt yetişəndə,
ağrına-ağrına, yenə də?
bu sualı verir özünə.
Buzlaşan vicdanlar,
ədalət kürsülərində,
hakim hökmləri qədər sərt,
döyülən zindan qədər ağır.
Bu gün sülh dağıdılmış,
bir göyərçin yuvasıdır,
və sınmış yumurtalar.
Ədalət ağlayır,
bir quş qanadında.
Bir pişik pəncəsində sevinir,
bu günü təqviminin.
Allahsızlaşıbdı dünya,
siz nə deyirsiniz,deyin!!!