YERİ-YERİ
Bu hikkənlə, bu acıqla
yer üzündə bəlkə təksən,
Dünən səndən olmayıbdır,
bəlkə sabah, gələcəksən.
Bir gün şimşək inadınla
Sən üzümə güləcəksən.
Yeri-yeri daşım yeri,
Bu zirvəni aşım yeri!
Xislətində bağışlamaq,
barış salmaq yoxdu, deyən…
Bir sözümü o birindən
daldalamaq yoxdu, deyən…
Yaxşı nə var, yaman nə var
sadalamaq yoxdu deyən.
Yeri-yeri daşım yeri,
Nələr çəkir başım yeri.
Bu vəzifə başımıza
dəyən qızıl qapaz deyil,
hər gördüyün çay olsa da,
o Kür deyil, Araz deyil.
Nə olsun ki, işlərimiz
hələ dümdüz, taraz deyil.
Yeri-yeri daşım yeri,
Gözlərimdə yaşım yeri.
Ciliklənmə hədər yerə
düşmən bilmə yan-yörəni,
Qiblə bilmə, mehrab bilmə
hər sənə yol göstərəni.
Bir daş sanma bu qayanı,
aşiq bilmə hər sevəni.
Yeri-yeri daşım yeri,
Sirdaşım, sirdaşım yeri.
Kimə neylər bu hikkən de,
bir özünü yandıracaq.
Yoxluğum da çox mətləbi
bir gün sənə qaldıracaq.
Sən yolunla yeri yenə,
qarşıdadır son duracaq.
Yeri-yeri daşım yeri,
Sənə nəğmə qoşum yeri.
ADSIZ ŞEİR
Çox baha gələcək
bu bəxşiş mənə
Çox baha gələcək
bu alqış mənə.
Öz sözünü dedi
ötən qış mənə, -
Daha təsir etməz
bu yağış mənə.
Mənim də yağmalı
vədəm ötübdü.
Kimi səslədimsə
hayıma çatdı,
Allahım mürgüdən
məni oyatdı.
Yaxşı da, yaman da
elə həyatdı.
Sevmək mənə təzə,
sənə boyatdı,
Səndən belə nisgil,
o qəm ötübdü.
İçimdə həsrətin
acı göz yaşı
Gözümlə görmüşəm
içimdə qışı.
Daha məhəbbətdə
deyiləm naşı.
İçimə tökülən, ay
qış yağışı
Mənə elədiyin
sitəm ötübdü.
BİR YANA
Üyündü bu dünya vaxt qıtlığından,
Samanı bir yana, dəni bir yana.
Saldı öz taxtında, ucalığından
Səni bir tərəfə, məni bir yana.
Zirvəni haqladı bu gürşad bulud,
Papaqsız kişiyə döndü köhnə yurd.
İndi ha gözünün yaşını qurut,
Ha çək bu dumanı, çəni bir yana.
Elman haqq deyənin haqqından tutub,
Hər şeyi buraxıb xalqından tutub.
Tutub, ürəyini qızıl qan tutub,
Zülməti bir yana, danı bir yana.
GENİŞLİK
Ustad Rəsul Rzaya
Rəsul Rza keyf sürüb həyatda:
Nə onu vəzn sıxıb,
nə qafiyə, nə heca.
Torpaqları şumlayınca
Topanlayıb kalasını, bıtrağını.
Eləyib poeziyanın
vəznli, qafiyəli, hecalı alağını.
Seçib söz üyüdən ürəklərin
yaltağını, yalağını.
Nə qaraciyəri serroz olmaq
qorxusunu keçirib.
Nə altına saldığı
xalq toxuyan
kilim su keçirib.
Nə dalağı şişib,
nə ödü öskürəkli olub,
Nə ağ ciyərlərində hava seyrəkliyi olub
Bir sözlə ölçüdən-biçidən,
qoruqdan, qadağadan uzaq.
Bəzən bərk, bəzən yumuşaq,
bir ömür yaşayıb Rəsul Rza.
Nə kiminsə vəzifəsində gözü olub…
İçində bir Kərbəla düzü olub.
Başqaları mövzu axtaranda
düzüm-düzüm sözü olub.
Namərdlər ürəyini daşlayana qədər,
Bir kimsəyə çor demədi.
Daşlandı yenə demədi.
O, dənizi sevirdi,
Bakının dəniz havasını,
Bakı bağlarının qumunu,
Göyçayın çinarını,
narını,
Nigartək yarını sevirdi.
Rəsul Rza nə gəmiyə sığmırdı,
nə qayığa.
Onun qolları arasına
sığırdı dəniz də,
gəmi də, dalğa da,
qağayı da.
Rəsul Rza genişlikdi,
Nə vəznə sığır, nə qafiyəyə sığır
nə də hecaya.
Bu gün həm uşağa yoldaşdı,
həm cavana qardaşdı,
həm də həmfikirdi qocaya.
İstər cavanlıqdan
qocalığını boynuna alan,
Rəsul Rzanın "Həbəşistan"
poemasından doğulan,
yazıçılar ittifaqının
katibi Fikrət Qoca gəlsin.
İstər sərhəd dirəklərini
yıxmaq istəyən
"AT"lı Fikrət Sadıq gəlsin,
İstər yetmişinci illərdən bəri
öz ürəyini başının altına qoyan
30 ildir nə yatan, nə uyuyan
xalq şairi Məmməd Araz gəlsin;
Rəsul Rza onlardan nə vəzifə istəyəcək,
nə də çap olunmaq imkanı.
Göy gözləri ilə üfüqə baxacaq,
Bakının açılan sabahına
Və ötən günlərə baxa-baxa
gələn günləri
xatırlayacaq.
“Ulduz “ jurnalı